"Akademik Şəfaət Mehdiyev böyük alim, böyük
ziyalı, böyük şəxsiyyət olmaqla yanaşı, yaxşı
kişi idi. O zamanlar isə yaxşı kişi olmaq çox
çətin idi".
Heydər ƏLİYEV
Bioqrafiyasında
o tay-bu tay Azərbaycanı yaşadan görkəmli
şəxsiyyətlərin həyat yolu ilə tanışlıq heyrət
doğurur. Onlar Güney Azərbaycanda doğulub Quzey
Azərbaycanda böyümüş, elm və sənət sahələrində
uğurları ilə bütöv Azərbaycanı dünyaya
tanıtmışlar. Belə tarixi şəxsiyyətlərin
sırasında Şəfaət Fərhad oğlu Mehdiyevin öz yeri
var.
Şərəfli ömür yolundan sətirlər
1910-cu ilin 15 dekabrında Sərab mahalının
Şalqun qəzasında kəndli ailəsində anadan olmuş
Şəfaət 4 yaşında ikən atasını itirmiş, ana
qayğısı ilə böyümüşdür. Uşaqlıq illəri Sabunçu
kəndində (Abşeron) keçən Ş.Mehdiyev bir dərəcəli
məktəbdə oxumuş, sonralar təhsil almaqla yanaşı,
həm də işləmişdir.
Həyatın ağrı-acısını erkən dadmış Ş.Mehdiyev
elmə böyük meyil göstərmiş, Azərbaycan Sənaye
İnstitutunda (indiki ADNA) tələbəlik illərindən
öz bilik və bacarığını göstərə bilmişdir. Belə
ki, geoloji kəşfiyyat fakültəsinin tələbəsi ikən
o, professor P.P.Şuşinskinin "Kristaloqrafiya
kursu" dərsliyini Azərbaycan dilinə çevirmişdir.
Bu kitab sonralar 25 il ali məktəblərin
geologiya fakültələrinin Azərbaycan şöbələrində
təhsil alanlar üçün başlıca tədris ədəbiyyatı
kimi istifadə olunmuşdur.
***
Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyəti
başlanmışdır. Pirsaat və Neftçala neft
mədənlərində böyük geoloq kimi çalışan
Ş.Mehdiyev baş geoloq kimi Azərbaycan
Elmi-Tədqiqat İnstitutuna dəvət olunmuş, sonra
Geologiya İnstitutunun aspiranturasına daxil
olmuşdur. Buradakı fəaliyyət müddətində o,
elmi-təşkilati sahəyə lazım olan keyfiyyətlər
qazanmışdır.
***
Ş.Mehdiyev müharibə illərində zabit kimi döyüşən
ordu sıralarında olmuş, 1944-cü ildə
neftçi-geoloq kimi arxa cəbhəyə göndərilmişdir.
Yenidən Geologiya İnstitutuna qayıdan Şəfaət
Mehdiyev elmi fəaliyyətini genişləndirmiş,
tədqiqat işlərini davam etdirərək 1945-ci ildə
Abşeron yarımadasının neft yataqlarının
geotermikasına həsr olunmuş namizədlik
dissertasiyasını müdafiə etmişdir.
1950-ci ildə Ş.Mehdiyev "Lənkəran vilayətinin
geoloji quruluşu və neftlilik perspektivi"
mövzusunda doktorluq dissertasiyasına görə
geologiya-mineralogiya elmləri doktoru alimlik
dərəcəsini almışdı.
Elmi araşdırmalar: dəyərli nəzəriyyələr.
Monoqrafiya və dərsliklər müəllifi
Azərbaycan EA-nın Geologiya İnstitutunun neft
yataqlarının geokimyası laboratoriyasına rəhbər
təyin olunduqdan sonra Şəfaət müəllim
Azərbaycanın neft-qaz rayonlarının çökmə
süxurlarındakı üzvi maddələrin kompleks tədqiqi
ilə maraqlanmışdır. Çoxillik tədqiqatlar və
araşdırmalar bu sahədə elmi-nəzəri məlumatların
ümumiləşdirilib sistemləşdirilməsi zərurətini
doğururdu. Professor Ş.Mehdiyev 1956-1969-cu
illər ərzində "Azərbaycanın neft yataqlarının
formalaşması və neftlərin mənşəyi problemləri",
"Azərbaycanın çökmə süxurlarının üzvi
komponentləri", "Cənub-Şərqi Azərbaycanın üçüncü
dövr kompleksinin bitiminologiyasına dair", "Kür
çökəkliyi Şərq hissəsinin üst pliosen
çöküntülərinin geoloji-geokimyəvi
xüsusiyyətləri" E əsərlərini yazaraq bu sahədəki
boşluğu doldurmuşdur. Mütəxəssislərin də qeyd
etdikləri kimi, bu əsərlər indiyədək
aktuallığını saxlamışdır.
Akademik A.Əlizadə, professor A.Əliyev "Görkəmli
alim, neftçi-geoloq" adlı məqalələrində akademik
Ş.Mehdiyevin araşdırma və nəzəriyyələrinə
çağdaş elmin rakursunda qiymət verərək yazırlar:
XX əsrin 50-60-cı illərində onun
karbohidrogenlərin generasiyasının mənşəyi
barədə irəli sürdüyü ideyaları çökmə
süxurlarının üzvi maddələrinin geokimyəvi
tədqiqinin nəticələri, həmçinin paleogen-miosen
çöküntülərinin neft-qaz generasiya etmək
xüsusiyyətləri haqqında mülahizələri əsasında
püxtələşmişdir. Bu ideya Şərqi Azərbaycanın və
Xəzərin akvatoriyasının məhsuldar qatında
təmərküzləşmiş neft-qaz yataqlarının
formalaşmasını aydınlaşdırır. Sonralar,
1993-1999-cu illərdə AMEA-nın Geologiya
İnstitutunun bir qrup aliminin xarici neft
şirkətləri (bp, "Statoil", "Exxon" və s.) və
elmi mərkəzləri ilə apardıqları müştərək
geokimyəvi tədqiqatlar alimin fikirlərini
təsdiqləmişdir.
Faktiki geoloji-geokimyəvi materialların tədqiqi
analizi və laboratoriya tədqiqatları əsasında
60-cı illərdə neftin mənşəyi barədə mövcud olan
təsəvvürlərin fonunda akademik Ş.Mehdiyev
1966-cı ildə yeni - "Neftin dərinlik-biogen
genezisi" nəzəriyyəsini irəli sürür. Nəzəriyyə
iki diametral zidd fərziyyənin - neftin üzvi və
qeyri-üzvi mənşəyi nəzəriyyəsinin sintezi idi.
Bu nəzəriyyədə, alimin fikrincə,
karbohidrogenlərin formalaşma prosesində
vəziyyəti və onların tələlərə tərəf hərəkəti,
xüsusilə çökmə mənşəli süxurların neft və qazla
qidalanması vacib əhəmiyyət kəsb edir. Bundan
əlavə, karbohidrogen yığımlarının hifz olunması
və dağılması şəraiti nəzərdən keçirilmişdir.
"Neftin genezisi və neft-qaz yataqlarının
formalaşması" monoqrafiyasında (1969) neftin
dərinlik-biogen nəzəriyyəsi və Azərbaycanın
neft-qaz yataqlarının formalaşma müddəası
baxımından Cənubi Xəzər hövzəsinin, Azərbaycan
və Türkmənistan ərazisinin mezokaynozoy
çöküntülərinin neft-qazlılığının gələcək
perspektivliyinin praktiki məsələləri öz əksini
tapıb. Neftin dərinlik-biogen mənşəyi
nəzəriyyəsi bu gün də tədqiqatçıların diqqət
mərkəzindədir və həmin konsepsiyanın alimlər
arasında tərəfdarlarının sayı artır. Qeyd
olunanları şərtləndirən amil, təbii olaraq,
alimin fikrinin elmi cəhətdən sanballı şəkildə
əsaslandırılması, dərin məntiqiliyi ilə
bağlıdır.
Neft yataqlarının geometriyası sahəsində
tədqiqatlarda da öz töhfəsi olan alimin
həmkarları ilə birlikdə hazırladıqları "Neft və
qaz yataqlarının geometriyası" kitabı (1971)
Moskvada nəşr olunmuşdur.
"Azərbaycanın və Türkmənistanın neft-qaz
vilayətlərinin geotermiyası" adlı monoqrafiya
isə 1972-ci ildə işıq üzü görmüşdür.
Araşdırıcılar yazırlar: Keçən əsrin 80-ci
illərinin ikinci yarısı alimin yeni böyük
nailiyyətləri ilə səciyyələnir. Bu illərdə
Ş.Mehdiyev Cənubi Xəzər hövzəsində 9 kilometrə
qədər dərinlikdə sənaye əhəmiyyətli neft
yığımlarının mövcud olması ehtimalını ilk dəfə
nəzəri cəhətdən əsaslandırır. Xüsusi olaraq qeyd
edilməlidir ki, akademik Ş.Mehdiyevin böyük
dərinliklərdə karbohidrogen yığımlarının
mümkünlüyü fikri Meksika körfəzində 10-10,5
kilometr dərinlikdə neft yataqlarının aşkar
edilməsində öz faktiki təsdiqini tapmışdır.
1985-ci ildə Şəfaət Mehdiyevin redaktorluğu ilə
Azərbaycanın neft-qaz yataqlarının və
perspektivli strukturlarının 1:500000 miqyasda
xəritəsi izahat kitabçası ilə birlikdə dərc
olunmuşdur. 1988-ci ildə alimin təklifinə əsasən
Geologiya İnstitutunun bir qrup mütəxəssisi
Cənubi Xəzər hövzəsinin dərində (5 kilometrdən
aşağı) yerləşən çöküntülərinin neft-qazlılıq
baxımından rayonlaşdırılması hazırlanmış və ilk
dəfə ifrat dərin (7-9 kilometr) stratiqrafik
komplekslərinin karbohidrogen resurslarının
qiymətləndirilməsi həyata keçirilmişdir.
Nəhayət, son illərin elmi tədqiqatlarının ən
vacib nəticələri Azərbaycanda birinci elmi kəşf
kimi təsdiq olunmuşdur. Elmi kəşf 2003-cü il
oktyabrın 15-də təsdiq olunmuş və "Vulkanların
məkan-zaman paylanmasının qanunauyğunluğu" adı
ilə beynəlxalq reyestrə daxil edilmişdir.
***
Neft-qaz geologiyası və geokimyası sahəsində
bütün dünyada məşhur olan akademik Ş.Mehdiyev az
qala yarım əsrlik bir zamanda beynəlxalq
konqreslərdə, simpozium və konfranslarda iştirak
etmişdir. Onun Meksika, Hindistan, Kanada, ABŞ,
Fransa, Almaniya, Türkiyə, Macarıstan və s.
ölkələrdə keçirilmiş elmi məclislərdəki
məruzələri diqqəti cəlb etmişdir.
Böyük alim nəinki təkcə Azərbaycan, eləcə də
Türkmənistan, GürcüstanE respublikaları üçün
elmi kadr və mütəxəssis hazırlanmasında əmək
sərf etmişdir. Akademik Ş.Mehdiyev 10 nəfər
elmlər doktoru, 60-a yaxın elmlər namizədi
hazırlamışdır.
Pedaqoji fəaliyyəti
Pedaqoji iş bu sahəyə qədəm basan şəxsdən, ilk
növbədə, ixtisas üzrə dərin bilik, geniş
dünyagörüşü, səbr və təmkin, üstəlik pedaqoji
ustalıq tələb edir.
Hələ tələbə ikən ali məktəb tələbələrinin
ehtiyacını ödəmək üçün professorun müəllifi
olduğu dərsliyi Azərbaycan dilinə tərcümə
etməklə bərabər, Şəfaət Mehdiyev yuxarı kursda
oxuyarkən kristalloqrafiyadan dərs demişdir. O
dövrdə elmin bu sahəsində kadrlar -
azərbaycanlı mütəxəssislər yox idi. Hələ gənc
ikən belə bir işin öhdəsindən gələn Ş.Mehdiyev
sonralar elmi işlə yanaşı, pedaqoji fəaliyyətini
də davam etdirmişdir.
Akademik Şəfaət Mehdiyev səmərəli elmi işlə
yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də
məşğul olmuş, "Neft və qaz geologiyasının
əsasları", "Ümumi geologiya" fənlərindən
mühazirələr oxumuşdur. 1953-1965-ci illərdə o,
Azərbaycan Dövlət Universitetinin geologiya
fakültəsində kafedra müdiri olmuşdur. 1967-ci
ildən sonra Azərbaycan Neft və Kimya
İnstitutunda (ADNA) Geologiya və neft-qaz
yataqlarının kəşfiyyatı kafedrasına rəhbərlik
etmişdir.
Müəllimə obyektiv qiyməti, onun pedaqoji
ustalığı ilə öyrətmə bacarığına dəyəri
yetirmələri verirlər.
AMEA-nın vitse-prezidenti, Geologiya
İnstitutunun direktoru, akademik Akif Əlizadə və
Geologiya İnstitutunun şöbə müdiri,
geologiya-mineralogiya elmləri doktoru,
professor Afiq Əliyevin mətbu yazısında onun
mühazirələri, bir alim mühazirəçi kimi
xüsusiyyətləri belə ümumiləşdirilib:
...Şəfaət müəllim mahir mühazirəçi idi. Onun
mühazirələri lakonikliyi ilə tələbələrin,
həmçinin auditoriyada iştirak edən
mütəxəssislərin böyük marağına səbəb olurdu.
Akademik Ş.Mehdiyev bir müddət (1958-1965-ci
illər) elmi-pedaqoji fəaliyyətin qaynar
məkanlarından olan Azərbaycan Dövlət
Universitetinin rektoru kimi milli kadrların
hazırlanmasına rəhbərlik etmişdir.
***
Həyatı zəngin, fəaliyyət dairəsi əhatəli
olanlar, hər şeydən əvvəl, universal
şəxsiyyətlər sayılırlar. Şəfaət Mehdiyev
Azərbaycan Sənaye İnstitutunun "Neft kadrları
uğrunda" qəzetinə redaktorluq etmişdir. Bu
sahədə qazandığı bacarıq və peşəkarlıq sonralar
müvafiq elmi jurnalların, geoloji xəritələrin,
çoxcildli "Azərbaycan geologiyası"
monoqrafiyasının redaktoru kimi gərək olmuşdur.
Söz sənətinə bağlı alim
Müasirlərinin yaddaşında, elm tariximizdə,
yazılı mənbələrdə ensiklopedik bilikli,
qeyri-adi istedadlı insan, xeyirxah, humanist,
xalqına, Vətənə bağlı təvazökar şəxs kimi
yaşayan, təsdiqlənən, tanınan akademik Şəfaət
Mehdiyev həm də ictimai şüurun xüsusi bir növü
olan ədəbiyyatı sevmiş, onu daim mütaliə etmiş
və... özü də bədii əsərlər qələmə almışdır.
Qüdrətli sənətkar M.F.Axundovun həyatı və irsinə
olan maraq və məhəbbətin nəticəsi olaraq
yazılmış "Mirzə Fətəli" dramı, eləcə də
"Səttarxan", "Sabir", "Ərk qalası", "Rüşvət
ustası", "Su pərisi" və s. əsərlər, miniatür,
hekayə və şeirlər onun bədii təxəyyülünün
məhsulu kimi bu gün də öz tarixi-ədəbi,
mədəni-estetik dəyərini saxlayır.
Elmi və bədii yaradıcılıq sahələrində dəyərli
əsərlər müəllifi kimi tanınmış alim demişdir:
"Həyat xalq üçün yazıb-yaradan, heç bir fəxri
adda, yüksək mükafatda gözü olmayan
şəxsiyyətləri sevir, onlara yenilməz bir heykəl
qoyur. Bu heykəlin adı Xalq Məhəbbətidir".
Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə anadan olmasının 100 illiyi qeyd olunan
xoşrəftarlı, ünsiyyətcil, prinsipial, amalına
sadiq, sözübütöv və mərd şəxsiyyət, akademik,
əməkdar elm xadimi, Dövlət mükafatı laureatı
Şəfaət Mehdiyevlə bağlı qələm məhsulunun sonunda
onu tanıyanların ürək sözlərini oxuculara təqdim
edirik.
Müseyib Müseyibov, BDU-nun Coğrafiya
fakültəsinin dekanı, coğrafiya elmləri doktoru,
professor, əməkdar elm xadimi
- Akademik Şəfaət Mehdiyevlə ötən əsrin 40-cı
illərində tanış olmuşam. Geologiya-coğrafiya
fakültəsi təzə təşkil olunmuşdu. Azərbaycanın
tanınmış geoloqları, bir neçə coğrafiyaçı (o
zaman hələ məşhur coğrafiyaçılar yox idi)
fakültədə çalışırdılar. Həmin dövrdə tanınmış
geoloqlar var idi, çünki Azərbaycan neft ölkəsi
olduğu üçün bu sahə çox inkişaf etmişdi,
mütəxəssislər yetişmişdilər. Keçmiş İttifaqda,
hətta dünyada tanınmış alimlər vardı. Onlardan
biri Şəfaət Fərhad oğlu Mehdiyev idi. O zaman
Ş.Mehdiyev həm coğrafiya, həm də geologiya
şöbələrində dərs deyirdi. Coğrafiyaçı
tələbələrə geomorfologiyadan mühazirələr
oxuyurdu. Dərs deyən müəllimlər arasında Şəfaət
Mehdiyev Azərbaycan dilini çox gözəl, dilçilər
səviyyəsində bilən bir alim idi. O vaxtlar
alimlər dissertasiyalarını rus dilində
yazırdılar, rusca danışırdılar. Azərbaycanca
səlis danışan elmlər namizədləri, elmlər
doktorları, hətta professor, akademiklər az idi.
Şəfaət müəllim çoxlarından bu cəhətdən
fərqlənirdi; Azərbaycan dilində çox səlis və
təmiz danışırdı.
Onunla yanaşı dərs deyənlərdən Heydər Əfəndiyev
də bu baxımdan seçilirdi. O da geologiyadan dərs
deyirdi. Olduqca ziyalı və bilikli insanlardan
biri idi.
O dövrdə qonşu respublikaların heç birində
Azərbaycanda olduğu qədər yüksək səviyyəli
geoloqlar yox idi. Yer elmləri sahəsində Şəfaət
Mehdiyev və Heydər Əfəndiyevə, eləcə də adlarını
çəkmədiyim alimlərə bərabər mütəxəssislər
yetişməmişdi.
Yeri gəlmişkən, həmin dövrdə elmi-pedaqoji
sahədə çalışmış alimlərin bir neçəsinin
ad-soyadlarını qeyd etməyi özümə fəxr bilirəm.
Məsələn, Əlövsət Əlizadə (əvvəllər Azərbaycan KP
MK-nın katibi olmuşdu), Şamil Əzizbəyov
geologiya, mineralogiya sahəsində tanınmış
mütəxəssislər idi.
Şəfaət müəllim bu alimlər içərisində xüsusilə
fərqlənirdi. O, bütün tələbələrə öz övladları
kimi, cavan müəllimlərə yaxınları, doğmaları tək
yanaşırdı. Bunu şəxsi həyatımdan bir epizodla
təsdiqləmək istərdim.
Ali məktəbi bitirib aspiranturaya daxil oldum.
Aspiranturanın I kursunu bitirən zaman
Ermənistandan Arzumanyan soyadlı bir qatı daşnak
Azərbaycan Dövlət Universitetinin elmi işlər
üzrə prorektoru təyin edildi. O, ilk üç-dörd
ayda universitetdən 15 nəfərə yaxın aspirantı
"xalq düşmənləri"nin övladları kimi çıxartdırdı,
o cümlədən mən də xaric edildim. Çox keçmədi
xeyirxah adamların köməyi ilə geoloji kəşfiyyat
şöbəsinə rəis təyin olundum. Çətin bir iş idi.
Bu vəzifədə çalışmaqla yanaşı, namizədlik
dissertasiyası üzərində çalışırdım.
1954-cü ilin əvvəlində dissertasiyam müzakirə
olundu və iş müdafiəyə buraxıldı. Birinci
opponent professor Şəfaət Mehdiyev təyin edildi.
Şəfaət Mehdiyev, Səttar Süleymanov, Qasım Gül,
Hadı Əliyev və başqaları mənim "xalq düşməni"
oğlu olduğumu bilirdilər. Lakin bununla belə,
onlar mənə qayğı və diqqətlə yanaşırdılar.
Şəfaət müəllimin qayğı və diqqəti daha çox idi.
O vaxtlar müdafiələrlə bağlı qəzetdə elan
verilirdi. Orta Asiyadan gəlmiş bir nəfər əvvəl
müdafiə etməli idi. İclas başlayanda məlum oldu
ki, əvvəlcə mən müdafiə etməliyəm. Bunun bir
qurğu olduğundan həyəcanlandım. Rəyasət
heyətində əyləşmiş professor Şəfaət Mehdiyev
işarə ilə məni çağırıb, təşvişə düşməyimin
səbəbini soruşdu. Mən bunun qəsdən edildiyini
söylədim. Sən demə, bu, Şəfaət müəllimin təkidi
imiş: əvvəlcə Müseyib müdafiə etməlidir.
Mən xalq düşməni məsələsinin burada ortaya
çıxarılacağından qorxduğumu dedim. - Kim belə
sual versə, onu zaldan çıxartdıraram, - deyən
professorun qətiyyətli sözləri varlığıma bir
rahatlıq gətirdi. Onun bu sözlərini zaldakıların
hamısı eşitdi. Şəfaət Mehdiyev belə cəsarətli və
qətiyyətli bir insan idi.
Müdafiə uğurla keçdi
Mən 22 kəşfiyyat dəstəsinə nəzarət edirdim. Daha
təcrübəli işçilərə rəhbərlik çətin idi.
Azərbaycanın birinci Xəzərşünas alimi Qasım Gül
və Səttar Süleymanov məni universitetə dəvət
etdilər.
Bir haşiyə çıxmaq istərdim. Universitetdə
işləyərkən yarımzirzəmi bir evdə yaşayırdım.
Rektor akademik Yusif Məmmədəliyev idi. Ədalət
naminə deyim ki, Yusif Məmmədəliyev kimi alim
bütün sovet məkanında bir-iki nəfər olardı, ya
olmazdı. Müharibə vaxtı onun elmi rəhbərliyi ilə
dünyada ən yüksək oktanlı benzin alındı. Belə
məşhur alim həm də humanist və qayğıkeş idi;
mənə 4 otaqlı mənzil verilməsini təmin etdi.
Fakültənin professor-müəllim heyətinin üzvləri,
o cümlədən professor Ş.Mehdiyev məni təbrik
etdilər.
1960-cı ildə kafedra müdiri təyin edildim. Artıq
iki il idi ki, professor Ş.Mehdiyev ADU-nun
rektoru işləyirdi.
...Doktorluq dissertasiyamı bitirib Moskvaya
getdim. İttifaqda tanınmış alimlər işlə tanış
olub müsbət rəydə oldular. 1963-cü ilin may
ayında doktorluq işimi müdafiə etdim.
SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi
nəzdindəki AAK-dan müdafiəni təşkil edib
keçirməyin icazəsini ADU-nun rektoru Ş.Mehdiyev
şəxsən zəng edib aldı.
O vaxtlar ADU-da nəşr olunan elmi xəbərlərin
məsul katibi idim. Bir gün rektor Ş.Mehdiyevlə
növbəti nömrənin materiallarını seçirdik. Katibə
kabinetə girib dedi ki, Şəfaət müəllim, Xəlil
Əlimirzəyev qəbula gəlib. X.Əlimirzəyev əvvəlcə
gəlişinin məqsədini demədi. Professor Mehdiyev:
- Xəlil müəllim, mənim Müseyibdən gizlin sözüm
yoxdur, - deyəndən sonra o, problemini söylədi:
neçə vaxt imiş ki, X.Əlimirzəyevin
dissertasiyasının təsdiqi ləngiyirmiş.
Şəfaət müəllim katibəyə AAK-ın sədri Yelyutinlə
telefon əlaqəsi yaratmasını tapşırdı. Mən
professor Ş.Mehdiyevin necə böyük nüfuz, hörmət
sahibi olduğunu onda dərk etdim. Az keçmədi ki,
Xəlil müəllim təsdiqini aldı.
1972-ci ildə Amerikada elmi ezamiyyətdə idim.
Nyu-Yorkda küçədən keçərkən adımın çağırıldığını
eşidəndə boylandım. Küçənin o tayında iki
nəfərlə (Viktor Yefimoviç Xain - dünya şöhrətli
alim idi və "Azneft"in baş mühəndisi) dayanmış
akademik Ş.Mehdiyevi görəndə küçəni necə
keçdiyimi bilmədim. Sözarası Şəfaət müəllim
problemim olub-olmadığını soruşdu, pul-param
varmı, deyə maraqlandı.
...Akademik Ş.Mehdiyevlə tez-tez dənizkənarı
parkda görüşüb söhbətləşərdik. Bəzən onun
Alimlər evindəki mənzilinə gedərdim (dostlarla
getdiyimiz vaxtlar da olurdu). O, gələn
qonaqlara qarşı çox diqqətli, həssas və mehriban
idi. O, bizi öz övladlarından ayırmazdı.
O zamanlar SSRİ-dən xarici ölkələrə göndərilən
nümayəndə heyətinin tərkibinə mütləq akademik
Ş.Mehdiyev daxil edilirdi. Şəfaət müəllim
təhsil, geologiya, neft sənayesi sahəsində özünü
təsdiq etmiş humanist təbiətli, cəsarətli,
xeyirxah və dərin təfəkkür sahibi idi.
Akademik Şəfaət Mehdiyev insanpərvər bir alim
idi. Əgər böyük alim insanpərvər deyilsə, onun
dərin biliyi heç kimə lazım deyil, ondan
cəmiyyət heç bir xeyir götürə bilməz.
Böyük vətəndaş, əsl alim, xeyirxah insan, geniş
dünyagörüşlü pedaqoq Şəfaət Mehdiyevin həyatı,
sözün həqiqi mənasında, nəsillərə örnəkdir.
Adil Xasayev, BDU-nun Geologiya fakültəsinin
dekanı, geologiya-mineralogiya elmləri namizədi,
dosent
"XX əsrin məşhur alim-geoloqlarının
nümayəndələrindən" olan akademik Şəfaət
Mehdiyevin geologiya elminin inkişafına verdiyi
töhfələr böyükdür.
Akademik Şəfaət Mehdiyevin elmi tədqiqatlarının
geniş diapazonunu təsəvvür etmək üçün
aşağıdakıları sadalamaq yerinə düşər: ölkəmizin
neft-qaz geologiyası, geokimya, palçıq
vulkanizmi, tektonika, regional geologiya.
Neft yataqlarının geometriyası sahəsində elmi
istiqaməti ötən əsrin 40-cı illərində Ş.Mehdiyev
araşdırmağa başlamışdır. Ümumiyyətlə, görkəmli
alimin Azərbaycan elminin inkişafı və
tanınmasında xidmətləri böyükdür. Təbii ki,
yubiley tədbirlərində onun nəsillərə örnək olan
həyatı və geniş elmi yaradıcılığı barədə söhbət
açılacaq.
Akademik Ş.Mehdiyev 1958-1965-ci illərdə ADU-nun
(indiki BDU) rektoru olmaqla yanaşı, həm də
Ümumi geologiya və hidrogeologiya kafedrasının
müdiri kimi də fəaliyyət göstərmişdir.
1963-cü ildə birinci kursda professor Ş.Mehdiyev
bizim qrupa Ümumi geologiya fənnindən
mühazirələr oxudu. O, nadir istedadlı natiq idi,
mühazirələrinin hər biri bir məktəb təsiri
bağışlayırdı. Ş.Mehdiyevin necə alim və müəllim
olmasını bu fakt, məncə, aşkarlamaq baxımından
kifayət edər: imtahan zamanı bizim qrupun
tələbələrinin 90 faizi "əla", 10 faizi "yaxşı"
qiymətlər aldı. Bu, mühazirə oxuyan müəllim
əməyinin nəticəsi idi. Tələbə psixologiyasına
bələd olan Şəfaət müəllim imtahan verənin bilik
və bacarığını aşkara çıxarmağa, obyektiv
dəyərləndirməyə qadir olan alim-pedaqoq idi.
Yubileylə bağlı fakültənin xətti ilə
planlaşdırılmış işlər görülür. Belə ki,
fakültədə "Görkəmli alim, əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı, 1958-1965-ci illərdə
ADU-nun rektoru olmuş akademik Şəfaət Fərhad
oğlu Mehdiyev (1910-1993) adına auditoriya"
açılacaq.
Akademik Ş.Mehdiyevin elmi irsi tələbələr
tərəfindən öyrənilməkdədir. Alimin "Ümumi
geologiya" dərsliyi 2008-ci ildə "Mars-Print"
nəşriyyatında (404 səhifədir) latın qrafikalı
əlifba ilə çapdan buraxılıb. Bu əsər I kurs
tələbələri, eləcə də tədqiqatçılar üçün vacib
ədəbiyyatlardan biridir.
Yeri gəlmişkən onu da qeyd edim ki, fakültə
tələbələri arasında akademik Şəfaət Mehdiyevin
elmi-nəzəri irsinin öyrənilməsi ilə bağlı
müsabiqə keçiririk. Müsabiqənin qalibləri olacaq
tələbə-tədqiqatçılara ali məktəb rektorluğunun
Fəxri fərmanları veriləcək.
Bu gün fakültə tələbələrindən bir qismi müxtəlif
adlı təqaüdlər alır. Onların sırasında akademik
Şəfaət Mehdiyev adına təqaüdçü də var.
Hər bir ali məktəb öz yetirmələri ilə tanınır.
Hər bir fakültə öz tarixi ənənələri,
professor-müəllim heyətinin tərkibi ilə fəxr
edir. Çoxillik salnaməsi olan geologiya
fakültəsinin müəllimləri sırasında akademik
Ş.Mehdiyevin adı xüsusi yer tutur.
Ş.MƏMMƏDOV |