Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

14 Yanvar 2011 - �02

 

Tanınmış pedaqoq və alimin uğurları

 

Dəyərli insanlar haqqında  düşünəndə, göz önünə ilk gələnlərdən biri də Abbas müəllim olur. Mən bütün şüurlu həyatını elm və təhsil məbədi Bakı Dövlət Universiteti ilə bağlayan, xoş niyyəti, xeyirxah əməli, biliyi-savadı ilə tələbə və müəllimlərin ehtiramını qazanan əməkdar müəllim Abbas Abbasovu nəzərdə tuturam. On ildən artıq bir kafedrada birgə çalışdığım Abbas müəllimi həmişə öz üzərində işləyən bir alim, obyektiv müəllim, təmənnasız, sadə və təvazökar insan kimi tanımışam. İki kitabının redaktoru, bir neçə əsərinin məsləhətçisi olduğum alimin özü və çox gərəkli dərslikləri, dərs vəsaitləri və lüğətləri haqqında söz deməyə, düşünürəm ki, mənəvi haqqım vardır. Abbas müəllim otuz ildən artıqdır ki, elm və təhsil ocağı BDU-da ingilis dilindən dərs deyir. On beş ildən artıqdır ki, bu universitetdə Xarici dillər kafedrasının müdiridir. Dərslik yazmağa mənəvi haqqı olan alimlərdəndir.

Məlumdur ki, dərslik yazmaq üçün illərlə auditoriyada tələbələrlə (orta məktəbdə şagirdlərlə) ciddi məşğul olmalı, mövcud dərsliklərin müsbət və mənfi cəhətlərini dərindən bilməlisən ki,  uğurlu dərslik yaza biləsən. Əks təqdirdə yazılan dərsliyin ömrü qısa, faydası çox az olacaqdır. Abbas müəllimin müvafiq fakültələrin təsdiq olunmuş proqramları əsasında yazdığı dərsliklər tədris prosesində təcrübədən keçirilir, müvafiq fakültədə müzakirə olunur, mütəxəssislərin məsləhətləri nəzərə alınır. Həmin sahə üzrə görkəmli alimlərin rəsmi rəyindən sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Avropa dilləri və ədəbiyyatı bölməsində müzakirə və təsdiq olunur. Əlbəttə, belə dərsliyin ömrü uzun, əhəmiyyəti və faydası böyük olur.  Məsələn, alimin U.Əliyeva ilə birgə ingiliscə yazdığı "Coğrafiyaçılar üçün dərslik" (Bakı, 2008, 316 səh.) əsərində yer alan bütün materiallar BDU-nun coğrafiya fakültəsində tədris prosesində dönə-dönə yoxlanılıb, sınaqdan keçirilib və yararlılığı bir daha təsdiqlənmişdir. Dərsliyə görkəmli coğrafiyaşünas alim, coğrafiya fakültəsinin dekanı, kafedra müdiri, professor Müseyib Müseyibov rəsmi rəy vermiş və çapını tövsiyə etmişdir. Bu maraqlı dərsliyə "Günəş sistemi", "Zəlzələlər", "Vulkanlar", "İqlim", "Tropik meşələr", "Səhralar",  "Buzlaqlar", "Küləklər", "Çaylar", "Çöllər", "Okeanlar", "Avrasiya", "Afrika", "Şimali Amerika", "Cənubi Amerika", "Avstraliya", "Antarktida" və "Azərbaycan" kimi maraqlı və zəruri mövzular daxil edilmişdir. Dərslikdə, tələbələrin bilik səviyyəsinə uyğun olmaqla, hər mövzu ətrafında lazımi həcmdə materiallar verilir. Sonda mətnlərdə qarşıya çıxan nisbətən çətin ifadə və söz birləşmələrinin tərcüməsi vardır. İfadələrin ardınca çoxsaylı leksik və ya leksik-qrammatik xarakterli tapşırıqlar, şifahi nitqin inkişafına xidmət edə biləcək mövzular verilir. Dili daha yaxşı mənimsəmək üçün dərsliyin növbəti bölümündə ingilis dilində mövcud olan nitq hissələri, felin zamanları, sifət və zərfin dərəcələri, zamanların uzlaşması, modal fellər, məchul növ və s. barədə izahat verilir və tapşırıqlarla möhkəmləndirilir. Dərsliyin sonunda tələbələrə kömək məqsədi ilə nisbətən çətin tərcümə oluna biləcək söz və ifadələrin, eyni zamanda qaydasız fellərin cədvəli verilir.

Deyilənlər eyni ilə alimin Y.Mustafayeva və A.Bayramova ilə birgə yazdığı, redaktoru olduğum "Riyaziyyatçılar üçün ingilis dili dərsliyi"ndə (Bakı, 2008, 400 səh.) də vardır. Mexanika-riyaziyyat və tətbiqi riyaziyyat, eləcə də kibernetika fakültəsinin tələbələrinin ehtiyacını ödəmək naminə yazılmış bu dərslik də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasına çatana qədər, coğrafiya fakültəsinin tələbələri üçün yazılmış dərslik kimi uzun bir yol keçmişdir.

Eləcə də Abbas müəllimin professor Abdulla Qarayev və Roza Abbasova ilə şərikli yazdıqları aşağı kurs tələbələri üçün dərslik və hüquq fakültəsinin tələbələri üçün dərs vəsaiti də belə hazırlanıb. Hələ biz mətbəədə olan filoloq və psixoloqlar üçün yüksək səviyyədə yazılmış dərs vəsaitlərini qeyd etmirik.

Abbas müəllimin yaradıcılığı çoxşaxəlidir. Onun lüğətçilik sahəsindəki fəaliyyəti də təqdirəlayiqdir. Mən onun şərikli yazdığı "Rusca-ingiliscə idman terminləri lüğəti"nin (523 səh.) redaktoru kimi deyə bilərəm ki, idmanın bəzi növləri üzrə Azərbaycanda lüğətlər çıxsa da, bu lüğət idmanın bütün mövcud növlərini əhatə edən ilk təcrübədir. Otuz mindən artıq termin, söz birləşməsi və cümləni əhatə edən lüğət AMEA-nın Terminologiya Komissiyası tərəfindən çapa tövsiyə edilmişdir. Lüğətə terminologiya üzrə mütəxəssis, professor Sayalı Sadıqova və tanınmış dilçi alim, professor Əbülfəz Rəcəbli müsbət rəy vermişlər. Kitabın məsləhətçiləri karate üzrə dünya çempionu Ülvi Quliyev və sambo üzrə dünya çempionu Faiq Ağayevdir.

Belə bir unikal lüğətin yaranması  təsadüfi deyildir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, möhtərəm İlham Əliyevin davamlı qayğısı nəticəsində ölkəmizdə idmanın bütün sahələri üzrə böyük nailiyyətlər əldə edilmişdir. Bununla yanaşı, ölkəmizdə idmanın təbliği və inkişafına dəstək olan çoxsaylı elmi və publisistik kitablar da işıq üzü görmüşdür. Onlardan biri də filologiya elmləri namizədi, dosent Abbas Abbasov, M.Quliyeva və E.Cəfərovanın birgə yazdıqları "Rusca-ingiliscə idman terminləri lüğəti"dir. Lüğət idman ictimaiyyəti və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Bu əsər idmançı və məşqçilərimizin müxtəlif idman yarışları vaxtı əcnəbi idmançılarla ünsiyyətinə kömək baxımından böyük əhəmiyyət kəsb edir.

Dosent Abbas Abbasovun AMEA Rəyasət Heyətinin Terminologiya Komissiyasının tövsiyəsi ilə nəşr edilən "İngiliscə-Azərbaycanca hüquq terminləri lüğəti" (Bakı, 2007, 315 səh.) adlı sanballı və gərəkli əsərini vərəqlədikcə bir daha dərk etdim ki, lüğət üzərində işləmək,  onu hasilə gətirmək, necə deyərlər, iynə ilə gor qazmaq kimi bir şeydir. Odur ki, hər adam bu işə girişməyə cürət etmir. Bu işə o adamlar girişirlər ki, təmənnasız olaraq xalqa xidmət və elmin inkişafı barədə düşünürlər. Belə insanlardan biri, ömrünü təhsilimizin, elmimizin inkişafına həsr edən, BDU-nun Xarici dillər kafedrasının müdiri Abbas Abbasovdur. Mən on ildən artıq BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışarkən hüquq fakültəsində dərs demişəm. Tələbələr (elə müəllimlər özləri də) böyük çətinliklərlə üzləşirdilər. Hüquq terminlərini Azərbaycan dilinə çevirmək və onların mənasını anlamaq problemə çevrilmişdi. Hətta o vaxtların özündə belə Abbas müəllim asudə saatlarını hüquqşünas müəllimlərin yanında keçirər, əlində dəftər hey yazıb-pozardı.

Abbas müəllimin iyirmi minə yaxın söz-termini əhatə edən bu lüğəti ali təhsil müəssisələrində fəaliyyət göstərən hüquq fakültələrinin müəllim və tələbələrinin, diplomatlar və hüquqşünasların ehtiyacını ödəmək baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanda ilk təcrübə olan bu lüğətdən hüquq məsləhətxanalarında çalışan vəkillərin, tərcüməçilərin, hüquq ekspertlərinin, aspirant və dissertantların, jurnalistlərin, iş adamları və digər peşə  sahiblərinin də qədərincə bəhrələnəcəkləri şübhə doğurmur.

Əməkdar müəllim Abbas Abbasovun iyirmi ildən artıq üzərində çalışaraq çapına nail olduğu dəyərli əsərlərdən biri də "İngiliscə-Azərbaycanca atalar sözləri və zərbi-məsəllər lüğəti"dir (Bakı, 2009, 472 səh.). Bu sanballı əsər Təhsil Nazirliyinin Elmi-Metodik Şurası tərəfindən dərs vəsaiti kimi təsdiq edilmişdir. Əsər filoloji aspektdə aparılan tədqiqat işindən daha çox praktik məqsəd daşıyır və ingilis dilini öyrənənlər üçün nəzərdə tutulmuşdur. Məlumdur ki, insanın nitqini frazeoloji birləşmələr, atalar sözləri və məsəllərsiz təsəvvür etmək qeyri-mümkündür. Nəsillər dəyişir, lakin hər nəslin həyat dərsləri atalar sözləri və məsəllərdə gələcək nəsillərə irs olaraq qalır. O da məlum bir həqiqətdir ki, atalar sözləri və məsəllər təkcə tədris obyekti kimi qalmır, təkrarsız tədqiqat obyektinə çevrilir. Tarixçi atalar sözü və məsəlləri qədim tarixə, tarixi hadisələrə dair məlumat baxımından, hüquqşünas onları xalq həyatının yazılmamış qanunları baxımından, etnoqraf onları unudulub getmiş, adət-ənənələrin hifz olunub saxlandığı mənəvi dəyərlər mənbəyi baxımından qiymətləndirir. Filosof atalar sözü və məsəllər vasitəsi ilə xalqın düşüncə tərzini öyrənməyə, məntiq aləmində yerini dürüstləşdirməyə can atır. Dilçi isə atalar sözü və məsəllərə insan nitqinin inkişaf pillələrini, dilin leksik-qrammatik qayda-qanunlarını tədqiq etmək işində əvəzsiz mənbə nöqteyi-nəzərindən yanaşır. Məhz buna görə də biz Abbas müəllimi bu sanballı əsərini təkcə dərs vəsaiti olmaq baxımından deyil, eləcə də xalqın minillər boyu yaratdığı tükənməz mənəvi sərvətlər baxımından qiymətləndiririk.

Haqqında bəhs etdiyimiz lüğətlərdən əlavə, Abbas müəllim səriştəli mütəxəssislərlə aşağıdakı lüğətləri də hazırlayaraq çapına nail olmuşdur: "İngiliscə-rusca atalar sözləri və zərbi-məsəllər lüğəti" (490 səh.), "İngiliscə-rusca hüquq terminləri lüğəti" (435 səh.), "İngiliscə-Azərbaycanca müxtəsər hüquq terminləri lüğəti" (196 səh.). Bunlardan başqa, "İngiliscə-Azərbaycanca texniki terminlər lüğəti" (400 səh.),  "İngiliscə-rusca kimya terminləri lüğəti" (1000 səh.), "İngiliscə-rusca- Azərbaycanca riyaziyyat terminləri lüğəti" və s. çapa hazırdır. Abbas müəllimin rəhbərlik etdiyi Xarici dillər kafedrasının başlıca vəzifəsi tələbələrə xarici dilləri öyrətmək olduğu halda, məmnunluqla demək olar ki, kafedra böyük bir lüğət şöbəsinin görə biləcəyi işin də öhdəsindən gəlmişdir.

Yuxarıda dediyim kimi, Abbas müəllim çoxşaxəli yaradıcılığa malik pedaqoq və alimdir. O, orijinaldan tərcümə sahəsində də qələmini sınamış və uğur qazanmışdır. Onun "İngilis gülüşü" (Bakı, 2006, 152) kitabı deyilənlərə dayaq olur. İngilis xalq yumorunu içinə alan əsər, mərhum Ağa Laçınlının təbirincə desək, ədəbi yenilik kimi qiymətləndirilə bilər. Kitabda yığcam lətifələr, məzhəkələr, gülməcələr toplanmışdır. İnsanlara təmənnasız gülüş bəxş edən, sevilə-sevilə oxunan və söylənilən xalq müdrikliyi inciləri arasında bir çox görkəmli şəxsiyyətlərlə bağlı lətifələri oxumaq insana xüsusi məmnunluq gətirir. Tərcüməçi "İngilis gülüşü" kitabını anası Gülüş Cəlil qızına ithaf etmişdir. Onu da deyim ki, Abbas müəllim əksər əsərlərini dünyasını dəyişmiş unudulmaz insanlara həsr etmişdir. Onların arasında neçə il BDU-da bir kafedrada çalışdığım, həddən artıq ləyaqətli, tələbə və müəllimlərin sevimlisi Roza xanımın adını görəndə (Abbas müəllimin həyat yoldaşı) ürəyim sancdı. Dahi Səməd Vurğunun misrası qəlbimə hakim kəsildi:

"Nə ömrə acıyır, nə yaşa dünya".

Abbas müəllimin son zamanlar yazdığı çoxsaylı əsərləri nəzərdən keçirəndə dərk etdim ki, alim təskinliyini yazıb-yaratmaqda tapır. Qəfildən qədim Çin mütəfəkkiri Konfutsinin böyük mənalar kəsb edən kəlamı yadıma düşdü: "Elm, bilik elə bir həzz mənbəyidir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilir".

Abbas müəllimlə bağlı  bir məsələdən də söz açmaq istərdim. Yuxarıda göstərdiyim kimi, Abbas müəllim otuz ildən artıqdır ki, Bakı Dövlət Universitetində ingilis dilini tədris edir. On beş ildən artıqdır ki, Xarici dillər kafedrasının müdiridir. Neçə-neçə dərslik, dərs vəsaiti və lüğətlərin müəllifidir.

Sovet dönəmində belə alimlərə doktorluq dissertasiyası müdafiə etmədən professor adı verirdilər. İndinin özündə belə incəsənət və musiqi sahəsində xidməti olan mütəxəssislərə professor fəxri adı verilir. Bütün şüurlu həyatını təhsil və elmə həsr edən, dərslikləri Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilən, lüğətləri AMEA-nın Terminologiya Komissiyası tərəfindən dəyərləndirilərək çapa tövsiyə edilən Abbas Abbasovun da belə bir ada layiq görüləcəyinə inanırıq. 

Qəzənfər PAŞAYEV,
professor

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov