Səttar Bəhlulzadə çox böyük, dəyərli və qiymətli
əsərlər yaratmışdır.Səttar Bəhlulzadə Azərbaycan
deməkdir. Onun əsərləri Azərbaycanı təsvir edir,
göstərir, əks etdirir. Bu, rəssamın öz
torpağına, öz Vətəninə və xalqına nə qədər bağlı
olduğunu göstərir. O, elə bir böyük sənətkardır
ki, istənilən mövzuda və süjetdə əsər yarada
bilərdi. Ancaq onun əsərlərinin demək olar ki,
hamısı Azərbaycanı təsvir edir.
Heydər ƏLİYEV
Emalatxanasında
bir gənc rəssam ondan soruşur:
- Səttar müəllim, neçənci ildə və harada anadan
olmusunuz ?
Sənətkar bu suala elə həmin anda cavab verir:
- Mən iki dəfə doğulmuşam. Biri budur ki, əlim
fırça tutan, ağlım rəngləri seçən, gözüm
gözəlliyi görə bilən gündən rəssam Səttar
doğulub. Bu tarixin gününü, ayını, ilini
bilmirəm. Amma onu bilirəm ki, belə bir doğum
günüm olub. Qaldı pasport tarixinə, deyim-bilin:
mən, Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il
dekabrın 15-də Bakının Əmircan kəndində anadan
olmuşam...
Səttar Bəhlulzadə rəsm çəkməyə hələ uşaqlıqdan
meyil salmışdı. Bu həvəs onu Bakıdakı rəssamlıq
məktəbinə gətirib. Burada dörd il təhsil
aldıqdan sonra müxtəlif yerlərdə rəssam işləyib.
1933-cü ildə Bəhlulzadə Moskvaya gedib və Vasili
İvanoviç Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunun qrafika şöbəsinə daxil olub.
Sonralar o, rəngkarlıq fakültəsinə dəyişib.
Tələbə Səttar təhsil illərində B.Favorski,
L.Bruni, Q.Şeqal kimi sənətkarlardan dərs
almışdı. 1940-cı ildə təhsilini başa çatdırıb
Bakıya qayıtdıqdan sonra yaradıcılıqla yanaşı,
Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində dərs
demişdi. S.Bəhlulzadə ilk yaradıcılıq illərindən
mənzərə janrına böyük maraq göstərmiş və ömrünün
sonuna kimi bu istiqamətdə misilsiz sənət
inciləri yaratmışdı. Onun yaradıcılığını
Azərbaycanın təbiət tablosuna bənzətmək olar.
Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı
laureatı Səttar Bəhlulzadənin adı təkcə
Azərbaycanda deyil, ondan kənarda da yaxşı
tanınır. S.Bəhlulzadənin YUNESKO kimi nüfuzlu
beynəlxalq təşkilat tərəfindən 100 illik
yubileyinin keçirilməsi də Azərbaycan
mədəniyyətinə verilən yüksək qiymətdir. Rəngkar
və qrafik Səttar Bəhlulzadə Azərbaycan təsviri
incəsənətində lirik mənzərə janrının banisidir.
Dahi sənətkar 1974-cü ildə 65 yaşında həyata
əlvida deyib...
Bu yazıda məqsədimiz Səttar Bəhlulzadə
yaradıcılığından bəhs etmək deyil. Məqsədimiz bu
böyük sənətkarı yaxından tanıyan insanların
danışdığı unudulmaz xatirələri qəzetimizin
oxucularının da diqqətinə çatdırmaqdır.
***
Mən, Səttar Bəhlulzadənin şagirdi olmuş,
Azərbaycan Rəssamlar İttifaqının üzvü Əbdülağa
Kazımlı ilə S. Bəhlulzadə adına Xarici Dillər
Təmayüllü Gimnaziyada ötən il tanış olmuşdum. O,
sevimli müəllimi Səttar haqqında bir neçə
maraqlı xatirə danışdı. Bu yaxınlarda Əbdülağa
müəllimlə yenidən görüşmək, müəllimi haqqında
danışmış olduğu xatirələrin sayını artırmaq
istədim. Amma onun xəstə olduğunu eşidəndə
təəssüfləndim... Ancaq o vaxt Əbdülağa
müəllimdən eşidib dəftərimə qeyd etdiyim
xatirələr karıma gəldi:
"Səttar nəcib qəlbə malik bir insan idi"
1942-ci ilin qışı yaxınlaşırdı. Səttar
paltosunun boyunluğunu qaldırıb boğazına
bürüdü.Başında da süni dəridən olan tükləri
seyrəlmiş papaq var idi. Küçə ilə söhbət edə-edə
gedirdik. Birdən soruşdum:
- Hara gedirik, Səttar?
- Gedək İncəsənət idarəsinə. Mühasibatda işim
var...
İdarəyə çatdıq. Səttar dedi:
- 5-10 dəqiqə məni burada gözlə, gəlirəm.
Mühasibin otağından ucadan danışıq səsləri
gəlməyə başladı. Səttar əsəbi halda mühasibə
deyirdi:
- Yoldaş Cəfərov! Siz mənim pulumun ağası
deyilsiniz! Mən dedim, qurtardı getdi! Pulumu
keçirin Azdiviziya fonduna!
Qapı azca aralı idi, mülayim bir səs məsləhət
verirdi:
- Ay Səttar, axı sənin zərərüvə demirik ki, heç
olmasa 5-6 mini götür, bir alababat palto al
özünə, qalan 10 mini də keçir fonda.
Səttar qətiyyətlə:
- Qurtardıq! Orada oğullar şaxtada, qarda
canlarından keçir, biz də burada paltodan dəm
vururuq,-dedi.
Mən onda bildim ki, Səttar necə nəcib bir qəlbə
malik insandır.
***
Tanınmış jurnalist həmkarım Möhbəddin Səmədin
dünya şöhrətli rəssam Səttar Bəhlulzadə ilə uzun
illər dostluq etdiyini, sənətinə vurğunluğunu,
haqqında irihəcmli yazılar yazdığını yaxşı
bildiyimdən bu günlərdə onunla görüşdüm.
Möhbəddin müəllim mənə S.Bəhlulzadə ilə bağlı
bir neçə maraqlı xatirə danışdı. Onlardan
ikisini oxucuların da nəzərinə çatdırmaq
istəyirəm.
"Kəpəzin göz yaşları" tablosu belə yaranıb
Səttar Göygölə, Maralgölə tez-tez gedərmiş.
Rəssam bu yerlərin yaxınlığındakı Çaykənd
kəndində Kərim adlı bir müəllımlə tanış olub
dostlaşır. Elə onlarin evində də qonaq qalıbmış.
Kərim müəllimin həyat yoldaşı Tükəzban xanım
gecənin bir aləmi itin aramsız hürdüyünü, həyət
qapısının açılıb-örtüldüyünü eşidib, yuxudan
oyanıb görür ki, qonaq yoxdur.Tez Kərim kişini
səsləyir:
- Ay kişi, Səttar harasa gedib. Qorxuram başına
bir iş gələ.
Kərim kişi də paltarını geyinə-geyinə arvadını
sakitləşdirərək:
- Ay arvad, qorxub eləmə, yəqin rəssamlığı
tutub, gedib Göygölə tərəf. Narahat olma, bu
saat gedib taparam.
Kərim müəllim Səttarı səhərə kimi axtarır.
Nəhayət, rəssamı Günəş Kəpəzin üzərində bərq
vuranda tapır. Amma rəssamın dərin hissə
qapıldığını görəndə ona yaxınlaşmağa cəsarət
etmir. Bir xeyli gözləyir, axırda məcbur olub
onu səsləyir:
- Səttar!.. A kişi, bizim başımıza nə oyun
açırsan?..
Rəssam səs sahibini tanıyır:
- Kərim, sənə and verirəm, mənə mane olma... Qoy
işimi görüm, yoxsa başladığım bu iş həmişəlik
yarımçıq qalacaq...
Kərim müəllim bu sözdən sonra səssiz-səmirsiz
dayanır. Səttarın kətan üzərində yaratdığı
ikinci bir mənzərəyə valeh olur. Bu, "Kəpəzin
göz yaşları" adlı mənzərə tablosu idi.
"Səttarın belə məcnunluğunu görməmişdim"
Möhbəddin müəllim deyir ki, Səttar haqqında olan
bu xatirəni mənə Azərbaycanın xalq rəssamı,
Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov
danışıb. O deyir ki, ilini unutmuşam , ancaq o
yadımdadır ki, bahar idi. Etüd üçün Şuşaya
getmişdim. Qayıdan kimi emalatxanama baş çəkdim.
Başım işə o qədər qarışmışdı ki, bir də ayılıb
gördüm ki, gecə saat üçdür. Elə bu vaxt qəfil
zəng oldu. Telefonun dəstəyini götürdüm. Səttar
idi. Salamlaşıb hal-əhval tutdum. Səsindən
duydum ki, qanı bərk qaradır. Kefini açmaq üçün
zarafata keçdim:
- Füzuli nəvəsi, yenə nə olub belə, qanın
qaradır?
Səs-səmir çıxmadı. Haçandan-haçana:
- Toğrul, yaman sıxılıram. Mənə elə gəlir ki, bu
gecə şəhərdən çıxmasam, ürəyim partlayacaq.
Sərxoş olduğunu zənn edib yenə zarafata keçdim:
- Füzuli nəvəsi, narahat olma, səhərə kimi hər
şey keçib gedəcək.
- Yox. Toğrul, keçib gedən deyil. Yaxşısı budur
Bakı Sovetinin yanında səninlə görüşək.
- Daha niyə orda, Səttar, elə emalatxanaya gəl
də... Oturub dərdləşək, dədə Füzulini yad edək.
- Əgər məni istəyirsənsə, dediyim yerə gəl...
Bilirdim ki, getməsəm, ömürlük məndən küsəcək.
Ona görə də yorğunluğumu unudub şərtləşdiyimiz
yerə getdim. Gördüm taksi saxlayıb məni
gözləyir. Əl verib görüşdük. Nə hadisə baş
verdiyi ilə maraqlandım. Maşına əyləşə- əyləşə
bircə onu dedi:
- Könlümə Qızbənövşə düşüb, Toğrul. İndi
səfərimiz oradır...
- Elə gecənin bu vaxtı?! Bəlkə yatıb dincələk,
səhər tezdən yola düşək?
- Yox, Toğrul, elə indi gedəcəyik. Səhər tezdən
orada olacağıq.
Elə də oldu. Günəş Şahdağın arxasından boy
göstərəndə Qizbənövşəyə çatdıq. Maşından düşən
kimi o, özünü şehli otların üstünə atıb torpağı
qucaqladı...
Doğrusu, Səttarın böyük təbiət aşiqi olduğunu
yaxşı bilirdim. Dəfələrlə Qızbənövşədə, Kəpəzdə,
Qarayazıda, Göygöldə, Cıdır düzündə, Batabatda,
Qızılağacda günlərimiz bir keçmişdi. Amma düzünü
deyim, o vaxta qədər belə məcnunluğunu
görməmişdim. Axır ki, görüb heyrətləndim və bu
heyrətdən sonra rəssam dostum Səttar
Bəhlulzadənin portreti doğuldu...
***
Bu günlər S.Bəhlulzadə adına Xarici Dillər
Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi
İradə Məlikovadan redaksiyamiza bir məktub
gəlmişdi. Həmin məktubda Səttar Bəhlulzadə
haqqında kiçik bir xatirə yazılmışdı:
"Səttar Bəhlulzadə mənim rəsm albomuma şəkil
çəkib"
...İndiki kimi yadımdadır. 1973-cü il idi.
Birinci sinifdə oxuyurdum. Müəllimimiz bizə
tapşırmışdı ki, qırx vərəqli rəsm albomu alın.
İstirahət günü anamla şəhərə getdik. Albomu alıb
qayıdanda bizim Şağan kəndinə gedən 36 nömrəli
marşrut avtobusuna mindik. Mən anamdan bir qədər
aralıdakı oturacaqlardan birində əyləşmişdim.
Birdən arxadan kimsə əlini mənim çiynimə
toxunduraraq albomumu istədi. Yarıkönül albomu
verdim. Az sonra çevrilib arxaya baxdım. Gördüm
ki, lap arxa küncdə ağ saçları çiyninə tökülmüş,
arıq bir kişi mənim albomuma nə isə çəkir. Sözün
düzü, qanım bərk qaraldı. Fikirləşdim ki, yəqin
albomum korlandı. Çox çəkmədi ki, albomumu mənə
qaytardılar. Elə həmin andaca açıb baxdım.
Gözlərimə inanmadım. Flamasterlə çəkilmiş rəsm
elə möcüzəli idi ki, arxa planda dağ
silsilələri, ağaclar, axan çay... hamısı da göy
rəngdə. Rəsmin yuxarı hissəsində "S" və "B"
hərfləri ilə başlanan ad da yazılmışdı. Çox
sonralar öyrəndim ki, bu, dünya şöhrətli rəssam
Səttar Bəhlulzadə imiş. Hər dəfə bu dahi rəssam
haqqında söhbət düşəndə və elə indi dərs dediyim
şagirdlərimə də bu barədə fəxrlə deyirəm ki,
Səttar Bəhlulzadə mənim rəsm albomuma şəkil
çəkib...
***
Bütün bu deyilənlərə onu da əlavə edək ki,
Bəhlulzadə sənətinin saf, büllur nəğmələr
çeşməsinin gözünü arayıb-axtarsaq, onu xalqla,
təbiətlə bağlılıqda taparıq. Rəssam Azərbaycanın
təbiəti ilə o dərəcədə bağlı idi ki, özünü bir
an belə bu gözəllikdən ayrı təsəvvür edə
bilmirdi. Təbiəti Səttarsız, Səttarı təbiətsiz
təsəvvür etmək mümkün deyil. O, vurğunu olduğu
Azərbaycan təbiətinin məcnunu, qeyri-adi rənglər
dünyasının sultanı idi.
Ədalət DAŞDƏMİRLİ |