Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 Yanvar 2011 - �03

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi hesabat verdi

 

Yanvarın 18-də Təhsil Nazirliyində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin illik hesabatı dinlənildi.   

Hesabatı təqdim edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyeva öncə rəhbərlik etdiyi idarənin yaranması tarixi və strukturu haqqında məlumat verdi. Qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 mart 2006-cı il tarixli sərəncamına müvafiq olaraq Nazirlər Kabinetinin 28 iyul 2006-cı il tarixli, 189 nömrəli qərarı  ilə yaradılmışdır. Təhsil İdarəsi hazırda 13 sektor, Metodik mərkəz və onun beş bölgə üzrə metodik bölmələri, həmçinin Mərkəzləşmiş mühasibat sektorunun 5 xidmət bölməsi ilə fəaliyyət göstərir.

İdarənin fəaliyyətə başlamasından ötən dörd ildən çox vaxt ərzində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi sahəsində müəyyən nəticələrə nail olunub. Nəticədə cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilən qurumun formalaşması və özünütəsdiq mərhələsi başa çatıb, yeni fəaliyyət istiqamətləri və strategiya müəyyən olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hazırda öz fəaliyyətini dəyərləndirmək və təhlil etmək yolu ilə strateji məqsədlərini müəyyən etdiyini deyən N.Rzaquliyeva həmin məqsədlərin, ilk növbədə, yüksək keyfiyyətli təhsilə və milli dəyərlərə əsaslanan tərbiyə sisteminə yönəldiyini söylədi. Diqqətə çatdırdı ki, Təhsil İdarəsinin fəaliyyətində prioritet elan edilən sahələrdə demokratik idarəetmənin dərinləşdirilməsi prosesi diqqət mərkəzində saxlanılıb, bu sahədə əldə olunan təcrübə ümumiləşdirilməklə, yeni mexanizmlər tətbiq edilib.

Şəhərin təlim-tərbiyə müəssisələrində çalışan pedaqoji heyətin keyfiyyət tərkibi müəyyənləşdirilməklə məktəblərdə işə qəbulun  vahid normativ tələblər əsasında aparılmasına nail olunub.

Aparılmış təhlil və görülmüş tədbirlər nəticəsində yol verilən nöqsanlar aradan qaldırılıb, əsassız və subyektiv mülahizələr əsasında yeni kadrların işə götürülməsinə son qoyulub. Nəticədə Bakı şəhərinin ümumtəhsil müəssisələrində şagird-müəllim nisbətinin sabit saxlanılması təmin edilib.

N.Rzaquliyeva bildirdi ki, həmin tədbirlər nəticəsində son dörd ildə Bakı şəhərində 22 məktəbin istifadəyə verilməsinə baxmayaraq, müəllimlərin sayında ciddi azalma baş verib. Həmin azalmanı göstərən cədvəlin nümayişindən aydın oldu ki, məktəblərin və müəllimlərin sayı 2006-2007-ci tədris ilində müvafiq olaraq 298 və 33491, 2007-2008-ci tədris ilində 315 və 33689, 2008-2009-cu tədris ilində 315 və 33603 olduğu halda 2009-2010-cu tədris ilində məktəblərin sayı 314, müəllimlərin sayı isə azalaraq 32968 olub. Cari dərs ilində isə məktəblərin sayı 3 vahid azaldığı halda (311) müəllimlərin sayı 700 nəfərə qədər azalaraq 32270 nəfər təşkil edib.

Bakı şəhərində pedaqoji kadrların işə qəbulunun vahid mexanizminin tətbiq edilməsi  və bu mexanizmin daim təkmilləşdirilməsinin məktəblərin keyfiyyətli kadr təminatında mühüm rol oynadığını deyən N.Rzaquliyeva təhsil  müəssisələrini rəhbər pedaqoji kadrlarla təmin etmək məqsədilə  "Təhsil işçiləri bankı" yaradıldığını, gənc müəllimlərlə işin daha səmərəli təşkili, onlara metodik köməkliklərin göstərilməsi üçün qabaqcıl müəllimlərin köməyindən istifadə olunması işini fasiləsiz və səmərəli şəkildə təşkil etmək məqsədi ilə "Gənc müəllimlərlə iş üzrə koordinasiya şurası"nın fəaliyyətə başladığını bildirdi.

Qeyd etdi ki, Bakı şəhəri üzrə vahid idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə rəhbər pedaqoji kadrlar üçün müntəzəm olaraq bölgələr üzrə "İdarəetmə funksiyalarının yeni məzmun və formaları", "Məktəbdaxili rəhbərlik və nəzarətin səmərəli təşkili", "Məktəb pedaqoji şurasının funksiyaları və onun işinin təşkili", "Məktəb şəbəkəsinin tərtibi" və "Məktəb sənədlərinin aparılması" mövzularında  seminarlar, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri üçün  "Əmək qanunvericiliyinin yerinə yetirilməsi sahəsində təhsil müəssisəsi rəhbərlərinin vəzifələri" mövzusunda treninqlər keçirilib.

Təqdimatda qeyd olundu ki, ötən illərdə məktəbəqədər təhsil müəssisələrində də pedaqoji kadrların işə qəbulu sahəsində əsaslı dönüş yaradılmış, özünü doğrultmayan, işdə ciddi nöqsanlara yol vermiş müəssisə rəhbərləri dəyişdirilmiş və əsasən ali pedaqoji ixtisas təhsilli mütəxəssislərlə əvəz edilmişlər.

N.Rzaquliyeva daha sonra paytaxtın məktəbəqədər təhsil müəssisələri haqqında bəzi statistik göstəricilərə diqqəti yönəldərək bildirdi ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 307 məktəbəqədər təhsil müəssisəsindən 7 müəssisə istisna olmaqla  300 məktəbəqədər təhsil müəssisəsi  1387 qrupla fəaliyyət göstərir. Bu qrupların 1204-də təlim-tərbiyə  Azərbaycan dilində, 183-ündə isə rus dilində aparılır.   

300 müəssisədən 186-sı birtipli layihə əsasında tikilib, 114 müəssisə uyğunlaşdırılmış  binalarda fəaliyyət göstərir.

Təhsilin ilkin pilləsi və bünövrəsini təşkil edən məktəbəqədər təhsilin inkişafına daha çox diqqət yetirildiyini vurğulayan N.Rzaquliyeva sahənin inkişafı üçün proqram sənəd olan "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)"nın icrası istiqamətində görülmüş işlərdən də söz açdı.  Bildirdi ki, həmin proqrama uyğun olaraq Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, təmir edilməsi və şəbəkənin optimallaşdırılması sahəsində kifayət qədər işlər görülüb. 29 bağçada əsaslı, 55 müəssisədə isə cari təmir işləri aparılıb, bir sıra müəssisələrin istilik sistemləri, dam örtükləri, hasarı, mətbəxləri, sanitar qovşaqları təmir edilib, məktəbəqədər müəssisələrin bərk və yumşaq inventara olan ehtiyacı qismən ödənilib. "Bakı şəhəri kənd və qəsəbələrinin sosial-iqtisadi İnkişaf Proqramı"na müvafiq tikilmiş 11  müəssisə artıq fəaliyyət göstərir.

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2008-ci ildə eksperiment olaraq Xətai rayonunda 8 məktəbəqədər müəssisədə (8, 170, 181, 207, 217, 250, 237, 241) qısamüddətli və çevik vaxt cədvəli ilə işləyən qruplar yaradılıb. Çevik qruplarda işləyən  tərbiyəçilərlə müntəzəm treninqlər və seminarlar keçirilməsi  həmin qruplarda işin müsbət nəticə verməsinə səbəb olub.

Təqdimatda qeyd olundu ki, hesabat ilində "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması işi də yaxşılaşıb. Belə ki, 2006-2007-ci tədris ilində 4380, 2007-2008-ci tədris ilində 4480, 2008-2009-cu tədris ilində 5600, 2009-2010-cu tədris ilində 6700, 2010-2011-ci tədris ilində isə 9646 uşaq cəlb olunub.

Təqdimatda ötən il paytaxtın ümumitəhsil sistemində görülən işlər də təhlil olundu. Bildirildi ki, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi əsas götürülərək, ilk növbədə, təhsil müəssisələrində əlverişli təlim şəraitinin yaradılması, təhsilalan və təhsilverən arasında səmimi və şəffaf münasibətin qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində kifayət qədər iş görülüb.

N.Rzaquliyeva bu baxımdan 2006-2008-ci illərdə Bakı şəhərində 22 yeni məktəbin, 28 tədris korpusunun istifadəyə verilməsini dövlətin təhsilə, onun inkişafına qayğısının bariz nümunəsi kimi dəyərləndirdi. O, Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair Dövlət Proqramının icrası yönündə görülən işlərdən də söz açaraq həmin proqram əsasında Bakı şəhərinin ümumtəhsil məktəblərinə 9550 ədəd kompüter verildiyini, V-XI siniflərdə 22 şagirdə bir kompüter nisbətinin təmin edildiyini vurğuladı. 

Qeyd olundu ki, Dövlət Proqramı çərçivəsində məktəblərin genişzolaqlı İnternet şəbəkəsinə qoşulması sahəsində də səmərəli iş aparılıb.Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 264-ü  bu  şəbəkəyə, bütün məktəblər isə lokal şəbəkəyə qoşulub. 23 nömrəli məktəbdə uğurla sınaqdan çıxan "Elektron məktəb" layihəsində indi 20 və 220 nömrəli məktəb-liseylər, 7, 8, 60, 160, 245 nömrəli məktəblər də iştirak edir.

Təqdimatda ötən dərs ilində Bakı şəhəri məktəblərinin IX və XI siniflərində aparılan buraxılış imtahanlarının nəticələrindən də bəhs olundu. Bildirildi ki, imtahanlara buraxılan 22 min 353 nəfərdən 142-si imtahanlarda iştirak etməyib, 1534 nəfər isə "qeyri-kafi" qiymət alıb. İmtahanların yekunlarına əsasən 20 min 677 nəfər həmin ilin məzununa və əvvəlki illərdə attestat ala bilməyən 709 nəfərə  orta təhsil haqqında sənəd verilib.

Ötən illərlə müqayisədə 2010-2011-ci dərs ili üçün ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb, abituriyentlərin 44,83 faizi tələbə adını qazanıb.Son bir ildə abituriyentlərin orta balı 241-dən 264-ə qalxıb, başqa sözlə, 9 faiz artıb.

Təhsilin keyfiyyət göstəricisi kimi 500 və 600-dən çox bal toplayanların sayını göstərən rəqəmlər də ürəkaçandır. Belə ki, 2010-cu ildə 2009-cu ilə nisbətən  500 baldan yuxarı nəticə göstərənlərin sayının 1727-dən 2062-yə yüksəlməsi (artım 20 faiz),  600-dən yuxarı bal toplayanların sayının 159 nəfər, yaxud 40 faiz artması sevindirici haldır.

2010-cu ildə  ali məktəblərə qəbul olunanlardan 2 nəfəri maksimum - 700 bal toplamışdır; hər 15 nəfərdən biri 600-dən yuxarı, hər 4 nəfərdən biri isə 500-dən yuxarı balla tələbə adını qazanıb.

Respublika fənn olimpiadalarında paytaxt məktəblərinin uğurlarını əks etdirən rəqəmləri də diqqətə çatdıran N.Rzaquliyeva bildirdi ki, bu bilik yarışında qalib şagirdlərin sayı 2006-cı ildə 48, 2007-ci ildə 69, 2008-ci ildə 92, 2009-cu ildə 105, 2010-cu ildə isə 106 nəfər olub.

Təqdimatda qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə artıq üçüncü ildir ki,  "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir.

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin nəticələrinə görə, 2008-ci ildə Bakı şəhərinin 14, 2009-cu ildə 24, 2010-cu ildə isə 28 məktəbi qalib olub. 2008-ci ildə 42, 2009-cu ildə 41, 2010-cu ildə isə 50 müəllim "Ən yaxşı müəllim" adına layiq görülüb.

Hesabat ilində müxtəlif bilik yarışları, konkret mövzularda olimpiadalar, inşa yazı, rəsm, plakat müsabiqələri, baxış-sərgilər, idman yarışları keçirilib. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə əməkdaşlıq bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan verib.

N.Rzaquliyeva bildirdi ki, 2009-2010-cu tədris ilinin onlar üçün ən əlamətdar hadisələrdən biri Bakı təhsilinin tarixində ilk dəfə təşkil edilən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  4 illik  fəaliyyətini əks etdirən "Təhsil, zaman və biz" adlı baxış-sərginin keçirilməsi olub.

Təqdimatda qeyd olundu ki, hesabat ili ərzində məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində də uğurlar qazanılıb. Hər il olduğu kimi, ötən il də Bakı məktəbliləri "Şahin" hərbi-idman oyunlarında və "Cəsurlar" turizm yarışında qalib olub. Sevindirici haldır ki, "Şahin" hərbi-idman oyunlarının respublika turunda 3 qalib yerin hamısını Bakı məktəbliləri qazanıb. Onlar 138, 23 və 285 nömrəli məktəblərin komandalarıdır. 257 nömrəli məktəbin gənc turizm həvəskarları isə "Cəsurlar" turizm yarışının qalibi olub.

Təqdimat zamanı hesabat ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və tabeliyindəki təhsil müəssisələrinin təşkilatçısı olduğu, dəstək verdiyi və bilavasitə iştirak etdiyi layihələr haqqında da məlumat verildi. Nümayiş etdirilən slaydlardan məlum oldu ki, BŞTİ və paytaxt məktəbləri İnsan Hüquqları üzrə müvəkkilin  təşəbbüsü  ilə  18 may - 18 iyun 2010-cu il tarixlərində keçirilən insan  hüquqları   aylığında, Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada   Hüquq Təşəbbüsü Təşkilatının Təhsil Nazirliyi  ilə birgə  həyata keçirdiyi "Canlı   hüquq" layihəsi çərçivəsində 20 oktyabr - 20 noyabr 2010-cu il tarixlərində təşkil olunmuş "Uşaq  hüquqları aylığı"nda, "Futbol  həyatdır" pilot layihəsində, kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar üçün SOS-Uşaq  kəndləri Assosiasiyasının həyata  keçirdiyi "Şən avtobus" layihəsində, "Azərpoçt" Dövlət müəssisəsinin Ümumdünya Poçt  İttifaqı xətti ilə məktəblilər arasında təşkil etdiyi ənənəvi inşa müsabiqəsində, Təhsil Nazirliyi ilə "Ümidli gələcək" Gənclər Təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata  keçirilən  "Sosial və maliyyə   təhsili" proqramında, "Yerli İdarəetməyə Yardım  Təşkilatı" ilə YUNİSEF-in  birgə  müqaviləsi çərçivəsində həyata keçirilən "Məktəb uşağın dostudur"  layihəsində, Ombudsman aparatı ilə birgə həyata keçirilən  "Uşaq  hüquqları  üzrə  pilləli  tədris"  layihəsində fəal iştirak ediblər.

N.Rzaquliyeva təqdimatında daha sonra qeyd etdi ki, pedaqoji kadrların ixtisaslarının artırılması istiqamətində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu və  Azərbaycan Müəllimlər İnstitutu ilə əməkdaşlıq davam etdirilib, dərs ili ərzində 5867 müəllim ixtisasartırma kurslarını, 2014 müəllim müxtəlif tematik kursları, I-III siniflərdə dərs deyəcək 1681 müəllim isə kurikulum kurslarını bitirib.

Təhsil Nazirliyinin "Rus dilinin intensiv tədrisi üzrə layihənin tətbiqi barədə" 20 noyabr 2009-cu il tarixli, 1295 nömrəli əmrinin icrası ilə əlaqədar I və V siniflərdə rus dili intensiv tədris edilən 35 ümumtəhsil məktəbinin metodbirləşmə sədri və təcrübəli müəllimləri ilə seminar-müşavirə, I-III siniflərdə dərs deyən müəllimlərlə "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları"nın I-III siniflərdə tətbiqi mexanizmi", məktəbəqədər müəssisə tərbiyəçiləri üçün "Beşyaşlıların məktəb təliminə hazırlığının səmərəli yolları" mövzularında seminarlar keçirilib.

İl ərzində 232 təhsil müəssisəsində, o cümlədən 182 məktəbdə metodiki işlərin təşkili, fənlərin tədrisi, elektron dərsliklərdən istifadə və illik proqram materialları, yoxlama yazı, laborator və praktik iş normalarının yerinə yetirilməsi vəziyyəti öyrənilib, müzakirə edilərək nəticələrə əsasən müvafiq metodik köməklik göstərilib.

Məktəblərin dərsliklərlə təminatı sahəsində də Təhsil İdarəsi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Belə ki,  2007-2008-ci tədris ilində 155 adda 1 milyon 254 min 127 ədəd, 2008-2009-cu tədris ilində 84 adda 923 min 166 ədəd, 2009-2010-cu tədris ilində 60 adda 986572 ədəd, 2010-2011-ci tədris ilində 91 adda 1 milyon 109 min 522 ədəd dərsliyin məktəblərə çatdırılmasına, şagirdlərə paylanmasına və saxlanılmasına nəzarət təmin olunub.

Təqdim olunan hesabatda il ərzində məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə də diqqət və qayğı göstərildiyi qeyd olundu. Bildirildi ki, məktəbdənkənar təhsil müəssisələrinin tərbiyə sahəsində mühüm rolunu nəzərə alan Təhsil İdarəsi bu sahənin inkişafına yönəlmiş tədbirlər həyata keçirib. Həmin müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, idman avadanlıqları və inventarla təchizatı yaxşılaşdırılıb.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 47 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələrdəki 3508 dərnək və bölmədə    43 min 132 uşaq məşğul olur.

Məktəbli idmançılar ötən il idmanın 23 növü üzrə keçirilən respublika və beynəlxalq miqyaslı yarış və turnirlərdə, Avropa və dünya çempionatlarında ümumilikdə 648 medal (189 qızıl, 187 gümüş və 272 bürünc) qazanıblar. Gənc şahmatçıların nəticələri daha yüksək olub. Onlar Avropa və dünya çempionatlarında üç I, bir II və iki III yeri tutaraq yaxşı nəticələr göstəriblər.

Lakin məktəbdənkənar təhsil müəssisələrinin də həllini gözləyən problemlərinin olduğunu deyən N.Rzaquliyeva diqqəti onların bəzisinə yönəltdi, həmin problemlərin həllinə çalışacaqlarını bildirdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təqdimatının sonunda il ərzində idarəyə daxil olmuş ərizə və şikayətlər, müraciətlər, onların araşdırılması və tədbir görülməsi ilə bağlı fəaliyyətlər barədə də məlumat verdi, hesabatda qeyd olunan bəzi problemlərin həlli üçün təkliflərini bildirdi, idarənin gələcək fəaliyyəti ilə əlaqədar qarşıda duran vəzifələrdən söz açdı.  

H.ƏKBƏROVA,
Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov