Mənalı
ömür yolu keçib həyatda öz məqsəd və amallarına
çatanlar doğrudan da xoşbəxt insanlardır.
Haqqında söhbət açacağım Şəmsəddin Ələkbər oğlu
Həsənov da belə insanlardan biridir. O, 1956-cı
ildə İmişli rayonunun Qaralar kəndində kolxozçu
ailəsində anadan olub. 1980-ci ildən doğulub
boya-başa çatdığı Namiq Abbasov adına Qaralar
kənd orta məktəbində riyaziyyat müəllimi
işləyir. Elmlərin açarı olan riyaziyyatı
şagirdlərə sevdirmək, keçdiyi mövzuların onlar
tərəfindən dərindən mənimsənilməsinə nail olmaq
üçün Şəmsəddin müəllim dərslərini maraqlı
qurmağa çalışır, tədris prosesində müasir təlim
metodlarından, yeni texnologiyalardan geniş
istifadə edir. Məhz onun nəticəsidir ki, onun
yetirmələri riyaziyyat üzrə müxtəlif bilik
yarışlarında yüksək nəticələr əldə edirlər.
Şəmsəddin
müəllimi həm kənddə, eləcə də rayonda bir
ziyalı kimi hamı tanıyır və ona inanır. Çünki o,
yaxşı müəllim olmaqla bərabər, həm də gözəl
ailə başçısıdır.
Şəmsəddin
Həsənov 2009-2010-cu dərs ilində rayon üzrə "Ən
yaxşı müəllim" adına layiq görülmüşdür. Həmçinin
pedaqoji fəaliyyətində qazandığı uğurlara görə
dəfələrlə Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı İmişli Rayon Komitəsinin
fəxri fərmanı ilə təltif edilmişdir.
Sənətinin
vurğunu olan Şəmsəddin müəllim yanvarın 21-də
ailəsi ilə birlikdə 55 yaşını qeyd etməyə
hazırlaşır. Ad günündə ona ünvanlanan çoxsaylı
təbriklərə biz də qoşularaq Şəmsəddin müəllimə
həyatda ən şirin nemət olan cansağlığı, şərəfli
və məsuliyyətli işində uğurlar diləyirik.
Şakir CƏFƏROV |