Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Fevral 2011 - �05

 

Azərbaycanın elm korifeyləri

Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru

 

Adəti idi, hər gunorta bir stəkan çay içib, ağır, ləngərli yerişlə institutdan çıxıb Xəzər sahilinə yollanardı. Hər dəfə də yolunun sağındakı qaramtıl-qəhvəyi divarlı binanın yanından ötəndə ürəyindən elə bil daş asılardı. Yadına Müşfiq düşərdi, Hacı Kərim Sanılını xatırlardı, Çobanzadəni yad edərdi. Qəlb ağrısı ilə sahilə yetişərdi. Bir xeyli gəzişərdi, evdən çıxandan buraya gələnə kimi gördüyü hadisələrin, şahidi-iştirakçısı olduğu əhvalatların, bir də qanlı-qadalı illərin ağrı-acısını, əzab və əsəbini mavi dalğaların mehinə verərdi, unudardı xırda umu-küsüləri, kinə çevirməzdi. Sonra həmişə əyləşdiyi yerə gələrdi. Əl ağacına dayaqlanıb üfüqlə dənizin qovuşduğu nöqtəyə - Nargin adasına tərəf baxırdı. "Orada, deyilənə görə, çoxlu ilanlar yuva salmışdır. Bəlkə Müşfiqi də orada güllələyiblər? Bəlkə Hacı Kərim də orada öldürülüb?". Müşfiqi sonuncu dəfə evdə qarşılamışdı. Mikayıl Müşfiq: - Əhməd müəllim, - demişdi. - Sən pedaqoqsan. Mənim şeirlərimin tərbiyəvi dəyəri haqqında bir rəy yaz...

Müşfiqin qaynar baxışlarının lap dərinliyindən bir kədər işarırdı, qorxulu bir həyat eşqi oxunurdu. Rəy yazdı. Sonralar əlyazmasını evdəkilər, deyəsən, yandırdılar. Rəyin sədası sonra çıxdı. Bir dəfə hərbi komissarlığa çağırıb 2-3 saat ləngitdilər. Alim kimi bronda olduğu üçün əsgər getməyəcəkdi. Amma işə çatan tək institutun xüsusi şöbəsindən gəldilər: - Niyə işdə olmamısan? Proqul eləmisən! (O illər belə halda işdən çıxarardılar).

Hərbi komissarlığa getdiyini söylədi. İnanmadılar. - Get, arayış gətir, - dedilər. Getdi. Olduğu şöbədə bir neçə saat əvvəl onunla danışan hərbçi bu dəfə başını da qaldırmadı.  Arayış barədə heç eşitmək istəmədi. Çarəsiz qalıb rayon hərbi komissarının qapısını döydü. Mayor rütbəli şəxs ayağa duranda, düzü, heyrətdə qaldı.

- Əhməd müəllim, necəsiniz?

Hal-əhval sorğusuna yarıkönül cavab verdi. Deyəsən, hərbi komissar onun çıxılmaz vəziyyətdə olduğunu başa düşüb, gəlişinin məqsədini soruşdu. Az sonra Azərbaycan Pedaqoji İnstitutunun dosenti Əhməd Yusif oğlu Seyidov bir neçə saat əvvəl, doğrudan da, hərbi komissarlıqda olduğu haqqında arayışı alıb qapıdan çıxanda: - Əhməd müəllim, bəs məni tanımadınız - sualı onu otağa dönməyə məcbur elədi. Hərbi komissar bu dəfə onu qucaqlayıb: - Siz Lənkəranda maarif şöbə müdiri işləyəndə məni məktəbə qəbul edibsiniz, sonra oxumağa göndərmisiniz, - dedi. - Bütün uğurlarım üçün Sizə minnətdaram.

Dağ boyda kişi bir uşaq kövrəkliyi ilə qapıdan çıxmışdı. Bir neçə gün sonra komissarlığa yollanıb keçmiş şagirdi ilə görüşmək istədi. Öyrəndi ki, onu vəzifədən çıxarıb döyüşən orduya göndəriblər. Səbəb, yəqin ki, həmin arayış olmuşdu.

Yaddaşında Hacı Kərim Sanılı ilə birgə hazırladığı dərsliklə bağlı əhvalatlar çözələnərdi... Doktorluq dissertasiyasını müdafiə edəndə Moskvadakı erməni və rus alimlərin məkrli oyunlarını yada salanda ovqatı pisləşərdi. Beləcə bir saatlıq fasilədə uşaqlıq, gənclik illərindən bu yana hadisələr, əhvalatlar kino lenti kimi yaddaşından ötüb keçərdi. Hər dəfə də anasını xatırlayan kimi ovunardı. Ağzı yaşmaqlı, hörüyünün birini ağ, birini qara hörmüş, Yusifin yadigarını min bir əzabla böyüdüb oxutmuş analı dünyanın kövrək xatirələr axarına düşəndə büsbütün xələcanlı hisslərdən silkinib çıxar, kafedraya xoş duyğular, şirin istəklər qoynunda dönərdi. Kafedrada çox iş gözlərdi onu: aspirantlardan zaçot götürərdi, birinin əsərini oxuyardı, o birinin işsiz yoldaşına məktəblərdən birində hələlik yarım stavka dərs tapardı...

...Hər gün Azərbaycan Pedaqoji İnstitutunun binasından ağır, ləngərli yerişlə çəlikli bir kişi çıxardı. Nahar fasiləsində bir stəkan çayla kifayətlənərdi. Sahilə yollanardı. Sahilin yaşıllığı gözlərinə qida verərdi, ilin bütün çağlarında beləcə sahildə durub dənizlə, onun gözəlliyi, ümmanlığı, saflığı ilə üz-üzə dayanar, ötənləri yada salıb düşünər, yaşadığı illəri ədalət və həqiqət tərəzisində çəkib özü-özünə hesabat verərdi: "Necə yaşamışam?..". 

Ömürdən səhifələr 

Ötən yüzilliyin sonunda qədim Qazax mahalının Aslanbəyli kəndi hər gün yaxın-uzaq mənzilli müsafirlərlə dolu olardı. Dövrünün böyük təriqət başçılarından Seyid Nigarinin şagirdi olan Hacı Mahmud Əfəndinin türbəsi bir ucu Şəmkir, bir ucu Borçalının - böyük bir ərazinin ziyarətğahı idi. Yusif Seyid Nigari nəslindən idi. Öz yerlisi Xədicə xanımla  ailə qurmuşdu. 1892-ci il mart ayının 31-də, Novruz bayramından on gün keçmiş Əhməd dünyaya gəldi.

...Əhməd Yusif oğlu Seyidov Qori Müəllimlər Seminariyasını bitirəndən sonra doğma yurda döndü. Aslanbəylidə ilk oğlan və qız məktəbi təşkil etdi (Aslanbəylidə ilk məktəb ata evinin otaqlarından birində açılmışdı). 1917-ci ildə Şıxlı sakini Rəşid bəy Müftiyevlə Kəmərlidə dördsinifli məktəb açdı. Bir il sonra onun sorağı Qaymaqlıdan gəldi.

Qazax Müəllimlər Seminariyası fəaliyyətə başlayanda Əhməd Yusif oğlunun sevinci aşıb daşırdı: müəllimi Firudin bəy Köçərli indi yaxında idi, Azərbaycan Cümhuriyyətinə daha çox müəllim lazım idi. Lakin... Sovet hakimiyyətinin ilk günlərində ermənilərin fitvası ilə Firudin bəy Gəncədə öldürüldü, Badsəba xanım başsız qaldı, fəqət seminariya fəaliyyətdən qalmadı. Yetirmələri Azərbaycanda maarif nurunu yaydılar.

Əhməd Seyidov 1920-1921-ci illərdə Qazax qəzasında məktəb inspektoru, 1921-1925-ci illərdə isə Kosalar və Xanlıqlar kəndlərində məktəb direktoru vəzifəsində çalışdı. 1925-ci ildə o, Lənkəran Rayon Xalq Maarif Şöbəsinə müdir göndərildi. Qədim yurdda dünyəvi təhsil ocaqlarına dövrün açıqgözlü, mübariz, tərəqqipərvər ziyalıları toplandılar. Neçə-neçə məktəb açıldı, sahibsiz zəkalı uşaqlar dövlət hesabına tədris ocaqlarına göndərildilər. Əhməd Yusif oğlu xeyirxah əməlləri ilə insanlar üçün doğmalaşırdı.

Ali məktəblər açılmış, Azərbaycan Dövlət Universitetinin şöbələri çoxalmışdı. Həyatın dialektikası başqa şey diqtə edirdi. Əhməd müəllim ali təhsil almaq üçün Bakıya gəldi. Xalq Maarif Komissarlığında inspektor işlədi, dəmiryol məktəblərində təlim-tərbiyə işlərinin təşkilinə rəhbərlik etdi, həm də ali təhsil aldı. Şərqşünaslıq şöbəsini bitirən Əhməd Seyidov Azərbaycan Pedaqoji İnstitutunda laborant işlədi, sonra müəllim ştatına keçirildi.

1931-1935-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Təhsil Problemləri İnstitutunun) aspiranturasını bitirdi.

...Həyat professoru dəfələrlə imtahana çəkmişdir: o, yıxılıb zədə almış, uzun müddət müalicə olunmuş, övlad dağı görmüşdü. Bütün bunlarla yanaşı, yaş özünü göstərir, professorun sayəsində müdafiə edənlərin bəzilərinin ədaları pedaqoqun qəlbini yaralayırdı. Ali məktəbin o vaxtkı rəhbərliyi Azərbaycan pedaqoji elminin özül daşlarını qoyanlardan Ə.Seyidova, A.Abaszadəyə soyuq münasibətləri ilə kimlərdənsə "sağ ol" qazanmaq istəyirdi. Əhməd Yusif oğlu ərizə verib təqaüdə çıxdı, kafedrada məsləhətçi saxlanıldı...

Kənd onu çəkirdi. Qocaman alim 1977-ci ildə rayona döndü, doğma kənd onu məhəbbətlə qarşıladı. Günlər ötdü və o, dünyaya göz açdığı torpaqda bir payız günü dünyasını dəyişdi... 

"Alim qələmlə öyünər..." 

Azərbaycan müəllimləri qurultaylarının tarixini araşdıranlar belə bir faktı aşkara çıxarıblar ki, uzun zaman bizdə professional pedaqoq olmayıb. XX əsrin əvvəllərində, 1920-ci illərdə bu  fəndən dərs demək üçün Türkiyədən Fikrət Xəlil dəvət edilib.

Otuzuncu illərdə respublikada pedaqoji elmin inkişafını təmin etmək, ümumtəhsil və ali məktəblərdə pedaqoji fəaliyyətin elmi əsaslarını işləyib hazırlamaq məqsədilə Məktəblər İnstitutu yaradıldı. Sonradan bu müəssisənin adı dəyişdirildi, Pedaqogika İnstitutu adlandırıldı. Elmi-tədqiqat müəssisəsinin ilk aspirantlarından biri Əhməd Yusif oğlu Seyidov oldu. Elə aspirantura illərində elmi-pedaqoji məqalələri ilə mətbuatda diqqəti cəlb edən Ə.Seyidov APİ-nin (indiki ADPU-nun) pedaqogika və psixologiya kafedrasına müdir seçildi, bir qərinə müddətində həmin kafedraya rəhbərlik etdi. İllər boyu həyatını xalqın ağrı-acısı ilə bağlayan alim ömrünü vətənpərvərlik hissi, vətəndaşlıq duyğuları ilə yaşadı. Aspirant götürəndə, mövzu tapşıranda xalqın sabahını, xalqın mənəvi sərvətini düşündü.

İllər ötdükcə pedaqoq alim elmdə qəribə bir axını müşahidə edərək yazırdı: Biz hansı səbəbdənsə bəzən mütərəqqi pedaqoji ideyaların mənbəyini Avropada axtarır və bu sahədə yaxşı nə varsa Avropaya aid edir, Şərqə isə göz yumuruq.

O, milli zəmini, tarixi dəyərləri yüksək qiymətləndirirdi.

Əhməd Yusif oğlu namizədlik dissertasiyasından başlayaraq mütərəqqi pedaqoji ideyaların mənbəyini Azərbaycan folklorunda araşdırmış, klassik ədəbi irsimizin görkəmli nümayəndələrinin zəngin ədəbi-bədii irsini bu kriteriyalarla tədqiq etmişdir.

Bu cəhətlər dərhal dövrün böyük pedaqoqlarının diqqətini cəlb etmişdir. Belə ki, 1947-ci ildə müdafiə olunmuş doktorluq dissertasiyasının birinci opponenti akademik E.Medınski Azərbaycan pedaqoji fikir tarixinə həsr olunmuş bu əsəri "bir başlanğıc" kimi qiymətləndirərək yazırdı: "...Bu cür elmi işlər pedaqogika tarixini zənginləşdirmək üçün çox şey verir, yeni məsələlər qaldırır, hətta pedaqoji sahədə çalışan təcrübəli işçilərin belə görüş dairəsini genişləndirir".

Əhməd Seyidovun "XIX əsrdə Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" adlı əsəri "Xalqın qabaqcıl oğullarının tərəqqipərvər pedaqoji fikirlərini bütün SSRİ-də tanıtmaq üçün gözəl bir təşəbbüs" (M.Muradxanov) kimi dəyərləndirilmişdi.

Ə.Seyidov, - professor H.Əhmədovun qeyd etdiyi kimi, - Azərbaycanda məktəb və pedaqoji fikir tariximizin tədqiqi sahəsində tam bir məktəb yaratmışdır.

Dərin fəlsəfi-bədii dəyərə, etik-estetik məziyyətlərə malik, rəngarəng formalı, ensiklopedik məzmunlu folklor didaktik-pedaqoji motivləri ilə nəsil-nəsil gəncliyin təlim-tərbiyəsində istifadə olunmuşdur. Bunu ilk dəfə bir pedaqoq alim intuisiyası ilə Əhməd müəllim duyub köklü iş görmüşdür. Belə ki, folklorumuzun pedaqoji fikir tarixi qaynağı kimi tədqiq olunmasında da Əhməd Seyidov, sözün həqiqi mənasında, layiqli əmək sərf etmişdir.

Görkəmli alimin irsində xalq pedaqogikasının ayrı-ayrı məsələləri ilə bağlı mülahizələr xüsusi yer tutur. Xalq tarixin, həm də bütün maddi və mənəvi sərvətlərin yaradıcısı, dəyərləndiricisi və qoruyucusudur. Millət həm də xalq həyatı kimi təbii, dinamik bir mexanizmə əsaslanan, özünəxas təbii-fəlsəfi prinsipləri, beşikdən qəbirəcən uzanan təhsil strukturlu bir konsepsiyanın həm tərtibçisi, həm də icraçısıdır, ən səbirli, ən qüdrətli müəllimdir. "Xalqın tərbiyə sahəsində tarix boyu irəli sürdüyü fikir və ideyaların bir qismi adət və ənənələrində, etnoqrafik və tarixi sənədlərdə, xüsusilə folklor materiallarında ifadə olunmuşdur" (Ə.Həşimov).

Pedaqoji elmimizin müdrik ağsaqqalı bu cəhəti ilk dəfə duyub dərk etmiş, çoxjanrlı və zəngin şifahi ədəbiyyatımıza pedaqoji ideyaların başlıca qaynağı kimi qiymət vermişdir. Fəlsəfi, elmi-publisistik üslub çalarlarını ustalıqla əlaqələndirib orijinal elmi-pedaqoji yazı üslubunda dəyərli əsərlər yazmış xeyirxah alim göstərirdi: "...bizim mədəniyyət tariximizin ümumi mənzərəsində gənc nəslin təlim və tərbiyə məsələləri görkəmli yer tutmuş və tutmaqdadır. Atalar sözü, zərb-məsəllər, nağıllar, xalqımızın bütün folklor materialı buna parlaq misaldır. Xalq yaradıcılığı Azərbaycanda pedaqoji fikrin ilk carçısı olmuşdur. Nağıllar, atalar sözü və s. digər xalqlarda olduğu kimi, Azərbaycan xalqının da, hər şeydən əvvəl, ilk pedaqoji məhsulu olmuşdur".

Görünür, məhz buna görədir ki, Əhməd Seyidov özünün bütün fəaliyyətində, gündəlik həyatında, uşaqlarla münasibətlərində şifahi xalq ədəbiyyatından, onun fəlsəfi-ekspressiv məzmunlu aforistik janrlarından - atalar sözlərindən, bayatı və lətifələrdən məqamında, ustalıqla istifadə etmişdir.

Vaxtilə Əhməd Seyidovun aspirantları olmuş mərhum alimlər Bəxtiyar Abdullayev, Həmzə Əliyev, Yusif Talıbov və başqalarının yaddaşlarında onlarca belə fakt-xatirə yaşayırdı. Bunları dinləyib özlüyündə saf-çürük edəndə insanı heyrət bürüyürdü: "İlahi, insanda da bu qədər güclü yaddaş, möhkəm hafizə olarmış?!". Məsələnin başqa bir tərəfi var: bu söhbət və xatirələrdə söylənilən lətifələr, atalar sözləri və məsəllərin çoxu orijinaldır, indiyə qədər heç bir topluda əksini tapmamışdır. Bu gün "atalar demiş" ifadəsindən sonra işlənən incilər kimi, "Seyidov demiş" ifadəsi də pedaqoji ictimaiyyət arasında kütləviləşmişdir. Bir qədər cəsarətlə desək, Seyidovun söylədikləri folklorlaşmaqda, beləcə yaddaşlardan yaddaşlara köçürülərək el ədəbiyyatına qovuşmaqdadır.

Mərhum folklorşünas professor M.Həkimov bu cəhəti dəqiq müəyyənləşdirərək yazırdı: "Bu müdrik alim həm də zəngin şifahi xalq ədəbiyyatımızın ensiklopedik bilicisi idi.

O, "Koroğlu", "Qurbani", "Abbas və Gülgəz Pəri", "Şah İsmayıl", "Novruz və Qəndab", "Əsli və Kərəm", "Şahsənəm və Qərib", "Xan Tahir", "Əmrah", "Abdulla və Cahan", "Valeh və Zərnigar", "Lətif şah" kimi dastanlarımızı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn, Çoban Əfqan, Şair Mirzə Səməd, Aşıq Hüseyn Bozalqanlı, Şair Ağacan, Aşıq Şenlik, Şair Nəbi, Şeyda Əziz və başqa el sənətkarlarımızın çoxlu şeirlərini bilirdi. Qaçaq Kərəm, İncəli İsmayıl, Qaçaq Nəbi, Qatır Məmməd, Qaçaq Tanrıverdi kimi el qəhrəmanlarından böyük maraqla söhbətlər edirdi. Bu müdrik alimi yaxından tanıyanlar yaxşı bilirlər ki, o, söhbətinə əvvəl-əvvəl mütləq ustadnamələr, bayatılar, lətifələr, atalar sözü və məsəllərlə başlayırdı". Seyidovla nə bir kafedrada çalışmış, nə yol yoldaşı olmuşuq. Ancaq əsərlərindən bəhrələnmişəm. Bu gün onun haqqında keçmiş aspirantlarının, tələbələrinin, xeyirxahlığını görmüş yüzlərlə azərbaycanlının yaddaşında neçə-neçə xatirə uyuyur. Bu xatirələrdən "dərin zəkalı və xeyirxah qəlbli, sağlam, enerjili, sözübütöv alim" (A.Eminov) boylanır.

Professor Ə.Seyidovun yetirmələrindən olan, yaxud onun məsləhətlərini eşitmiş, tanınmış pedaqoq və metodist alimlərdən N.Kazımov, Ə.Həşimov, H.Əhmədov, Y.Talıbov, A.Kərimov, B.Əhmədov, H.Əliyev, Y.Kərimov, Ə.Əfəndizadə, psixoloq Ə.Əlizadə, filoloq M.Həkimov və başqalarının Əhməd müəllimlə bağlı xatirə-söhbətlərində oxşar, bənzər fikirlərlə qarşılaşdıq: Seyidov fitrətən pedaqoq idi, böyük tərbiyəçi idi, hər bir hərəkəti, sözü-söhbəti, əməli ilə tərbiyənin fövqündə dururdu, danışığı el sənəti ilə cilalanmış bir hikmət boxçası idi...

Ə.Seyidov Azərbaycan pedaqoji fikrinin yorulmaz tədqiqatçısı, müdrik alim, xalq hikmətlərinin mahir bilicisi, həqiqət və nəsihət şərbətini zarafat və yumora qarışdırıb dinləyicisinə ustalıqla içirməyi bacaran görkəmli tarixi şəxsiyyətlərdən idi...

Dosent Həmzə Əliyevin xatirələrində böyük alim-insanın portretini tamamlayan cizgilər az deyil: "Ə.Seyidovun şəxsiyyəti ilə ilk əyani tanışlığım 1946-cı ilin sentyabr ayında APİ-nin (indiki ADPU-nun) hazırlıq şöbəsində oxuyarkən olmuşdur. Həmin dövrdə o, institutun direktoru idi. İnstitutda çox böyük intizam var idi. Bu intizamın yaranmasında Ə.Seyidovun gözəl təşkilatçılıq, yüksək işgüzarlıq qabiliyyətinin, ciddi tələbkarlığının birləşməsi öz faydalı səmərəsini vermişdir. "Seyidov gəlir" dedikdə hamı - tələbə də, müəllim də özünü yığışdırmalı idi.

...Professor ucaboylu, qəddi-qamətli, enli alınlı, qalın dodaqlı, iti baxışlı, zəhmli bir insan idi. Ehmal-ehmal danışır, sözünün, danışığının mənasını dinləyiciyə, müsahibinə daha dəqiq çatdırmaq üçün üz, əl işarələrindən məharətlə istifadə edərdi". 

Ürək sözlərindən sətirlər

"...Professor Ə.Y.Seyidov daha uzun ömür sürə bilərdi. O, qüdrətli qoca idi. Öz qocalığını idarə edə bilirdi. Ağır fikirləri özündən uzaqlaşdırmağı bacarırdı; deyəsən o, uğursuzluqları "unuda bilir", ağıllı şəkildə əsəb sistemini ağır yükdən xilas edirdi. Təbiətən kinli olmayan professor xeyirxahlıq nümunəsi idi. Bu cizgi onu əhatə edənlərin davranışına müsbət təsir etməklə qalmırdı, bütövlükdə pedaqogika kafedrası əməkdaşları arasında şəxsiyyətlərarası münasibətləri tənzimləyirdi.

Professor işdə fasilə vaxtı nahar eləməz, bir stəkan çayla ötüşərdi. Görünür, bu onun rejim qaydası idi və ciddi əməl edirdi. Hər günorta dənizsahili parka çıxıb gəzişərdi. ...Konflikt situasiyaları yaratmaz, haqlı da olsa belə hallardan sonra kin saxlamazdı", - Kabardin-Balkar Dövlət Universiteti pedaqogika və psixologiya kafedrasının dosenti Məryəm Qurtuyevanın xatirələrində bir-birilə bağlı, bir-birindən dəyərli o qədər epizod və motivlər var ki: "Professorun gözəl bir xasiyyəti vardı: klassikləri oxuyarkən müəyyən ideyaları adamların mühakiməsinə verərdi. Bu ideyanı həyatla, əhatəsində olduğu adamların əxlaqı ilə bağlayar, elə bil bu ideyalarda öz münasibətinin doğruluğunu yoxlayardı. Söhbətlərində klassiklərə tez-tez müraciət edərdi.

Əhməd Yusif oğlunun dövründə açıq mühazirələr, dissertasiya müzakirələri çox xoşuma gəlirdi. Aspiranturanı bitirib Nalçikə qayıdandan sonra burada belə iclas və mühazirələrin olmaması boşluğunu bütün ağırlığı ilə dərk etdim. Və ondan əxz etdiyim keyfiyyətlərin təsirilə pedaqoji cəmiyyət, konfrans və digər tədbirlərdə ürəklə iştirak etməyə başladım.

...Professor Əhməd Seyidov ölümlə hələ 1966-cı ildə çarpışıb. Sümük üzərində ağır cərrahi əməliyyatdan sonra onun dili, demək olar ki, tutulmuşdu. Lakin o, yanına gələnlərlə çətin də olsa danışırdı: "Görürsən, Məryəm, mən ömrümü yaşadım, heyif, işlər qaldı, - dedi. Azca təbəssümlə davam etdi: - Puşkin necə deyib? "Fəqət verilmişəm mən başqasına, Sadiq qalacağam ömürlük ona!". Hə, indi mən xəstəliyə "verilmişəm".

Əhməd müəllim bu "döyüşdən" salamat çıxdı. İkinci dəfə ölüm onu evin kandarında itələdi; professor yıxıldı. Beləcə ölümlə həyat arasında döyüş başladı".

"...Sağlığında... böyük pedaqoqun, görkəmli alimin qədir-qiymətini sanki lazımi dərəcədə bilmədik, bu qeyri-adi insanı adi insan kimi təsəvvür edirdik. Bunun başlıca səbəbi professorun sadəliyi, səmimiliyi, böyüklə böyük, kiçiklə kiçik kimi rəftarı idi. O, insana qayğı ilə tələbkarlığı elə əlaqələndirirdi ki, tabeliyində olanlar Əhməd müəllimi təkcə bir rəhbər, müdir tək deyil, hər şeydən əvvəl, sadə bir insan kimi dərk edirdilər. Biz səhvə yol verəndə professor əsəbiləşməzdi, qışqırmazdı. "Bizim kənddə bir kişi vardı..." sözləri ilə başlayan ibrətamiz bir məsəl çəkməklə qüsurumuzu başa salar, qəlbimizə toxunmadan bizi tərbiyə edərdi.

...Əhməd müəllimlə iki il birlikdə işləmişəm: o müdir idi, mən də müəllim. Təqaüdə çıxmaq üçün ərizə verdikdə məni öz yerinə məsləhət gördü. Rəhbərlik etiraz etmədi. ...Əhməd müəllim gənclərə çox qayğı göstərir, ümidverənlərin üzərində, necə deyərlər, əsirdi. Çalışırdı ki, onlar üçün şərait yaradılsın, onlara inam göstərilsin.

Professor Ə.Y.Seyidovun həyat və fəaliyyətinin, elmi yaradıcılığının tədqiq olunması lazım və vacibdir..." (Bəşir Əhmədov).

Bu müxtəlif imzalı, müxtəlif biçimli xatirələrdə onu bir alim, bir pedaqoq və bir elmi rəhbər kimi səciyyələndirən cəhətlər qələmə alınmışdır.

Aspirantları namizədlik minimumuna hazırlayarkən hər bir şəxsiyyəti və ayrı-ayrı problemləri ilk mənbələrdən oxutdurar, sonra soruşub zaçot yazardı. Nəzərdə tutulan bütün ədəbiyyat üzrə zaçot verən aspirant imtahana hazır sayılardı.

O, aspirantı nəzəri cəhətdən hazırlamaqla yanaşı, onları bir müəllim kimi də yetişdirirdi. Aspirantlara mühazirə oxumağa mövzular verir, özü də həmin mühazirələrə əvvəldən axıra kimi qulaq asırdı. Seyidovun qarşısında mühazirə oxumaq böyük məsuliyyət tələb edirdi.

Şəxsi keyfiyyətlərindən biri də onun sadəlik və təvazökarlığı idi.

Professor Ə.Seyidov lovğa, özündən razı adamları sevməzdi, belə adamlara qarşı amansız idi. O deyərdi: - Lovğalıq əclaflıq deyil, ancaq başabəladır.

Ə.Seyidov kiminsə dissertasiyasında öz əsərinin adını yersiz görəndə əsəbiləşər və həmin əsərin adını kitabiyyatdan çıxartdırardı. Şərait yaratmazdı ki, kimsə onu yerli-yersiz bu və ya digər yerlərdə tərifləsin, belə süni təriflərin qəti əleyhinə idi. O, bu sadəlik və təvazökarlığı övladlarına, tələbələrinə də aşılayırdı. 

Əsl ata nümunəsi 

O, övladlarının tərbiyəsini həyatının başlıca qayəsi bilmiş, özündən sonra yurdunda qalıb çırağını söndürməyən oğul və qızlar böyütmüşdür.

"Xatirələrə qayıtmaq həm çətindir, həm də şirin. O, dünənimdə qalmış həyatımın bir parçasıdır", bu fikri haradasa oxumuşuq. Əhməd Seyidov haqqında sətirləri qələmə alarkən lazım olacağını bilmirdik.

"Əziz və mehriban oğul, Fikrət...", bu cür müraciətlə qələmə alınmış bir məktubun təəssüratındayıq. Ata məktubudur, oğula yazılıb. Səliqəli, narın xətlə dəftər vərəqinin hər iki üzündəki sətirlərdə ata məhəbbəti sənədləşib:

"...Fikrət, qiyabi institutun xəttilə Salyana gedib qayıdandan sonra sənə pul göndərəcəyəm... Fikrət, bir xahişim var: siqareti burax. Özünə qarşı tələbkar ol. Əxlaqi saflığını qoru. İnsanlarla tanışlıqda ehtiyatlı ol". 1952-ci ilin 12 fevralında qələmə alınmış məktub iki baxımdan maraq doğurur. Bir tərəfdən, Əhməd Yusif oğlunu ata kimi duymaqda dəyərlidir.

O, hərbi xidmətdə olan oğluna özünə qarşı tələbkar olmasını tövsiyə edir, insanlarla münasibətdə ehtiyatlı ol, - deyə xəbərdarlığını bildirir.

Professor Fikrət Seyidovla söhbətdən: "...Atamın qəribə, qeyri-adi səliqə-sahmanı vardı. Eyni yolla, eyni yerlərdən keçməklə işə gedər, eyni vaxtda yemək yeyərdi. Evə gələndən sonra da işləməkdən yorulmazdı. Deyərdi ki, bu xüsusiyyətləri Firudin bəydən götürüb...

Bir xasiyyəti vardı: qapıdan içəri girən kimi dəhlizdə stul qoydurub əyləşərdi. Yıxılandan sonra hərəkətləri ağırlaşmışdı. Hamı ilə söhbətləşər, hal-əhval tutardı. Anam həmişə mətbəxdə olardı. Atam onun kef-halını soruşandan sonra gün ərzində baş verən hadisələrdən söhbət açar, elə bil bir növ gördüyü  işlər barədə ömür-gün yoldaşına hesabat verərdi. Düzü, bu hərəkəti qardaşım İsmayıla da, mənə də qəribə gələrdi. Bir dəfə İsmayıl onun bu hərəkətinin səbəbini soruşdu. Anam Abuhəyat tibb institutunun ikinci kursundan çıxıb özünü ailəsinə həsr etmişdi. Atam onun ailəcanlılığını yüksək qiymətləndirirdi.

- Bilirsinizmi, - dedi.  Ananız bütün günü evdə qalıb ailənin qayğısını çəkir. Çöldən, dünya hadisələrindən xəbərsiz olur. Halbuki o da başqa qadınlar, analar kimi səhər gedib axşam qayıdar. Onun fədakarlığı əvəzində mən mənəvi borcumdan çıxıram. Qoy dünyadan bixəbər olmasın. İkinci bir tərəfdən, qadınlar həyata həm ağılın, həm də qəlbin gözü ilə baxırlar. Mən gördüyüm işlərə onun münasibətilə sonradan özlüyümdə qiymət verirəm. Aspirantlarımı onunla qiyabi də olsa tanış edir, bir növ onları Abuhəyatla doğmalaşdırıram... Bir də... Bir də ki, bu hərəkətimlə mən sizə təlqin etmək istəyirəm ki, ananız ancaq evdar qadın deyil, həm də atanızın sirdaşı, məsləhətçisidir...

Anası haqqında danışanda o boyda kişi uşaqlaşardı. Ana məhəbbəti kimi ikinci bir qüdrətli qüvvə tanımazdı.

Qəlbə toxunmaqdan qaçardı, kimsəni incitməz, ədalətlə iş görərdi. 50-ci illərin söhbətidir. İsmayıllı rayonundan Tələt adlı bir tələbə oxuyurdu institutda. Atam onun kasıblığından xəbərdar idi. Tətildən tətilə, bayramlarda Tələt Diyallıya qayıdanda atam mütləq onu yanına çağırar, anasına hədiyyə, şey-şüy alıb pay düzəldərdi. Görünür, özünün atasız böyüdüyü illəri xatırlayardı, ana qayğısı ilə oxuduğu seminariya dövrünü yada salardı. Aspirantlarına əl tutmaqla kifayətlənməzdi, ailə qayğılarından xilas olmaqda köməyini əsirgəməzdi.

Ömrünün sonlarına yaxın kəndə daha çox meyillənmişdi. Evi düzəltdirmişdi, səliqə-sahman yaradılmışdı. - Gec-tez kəndə gələcəksiniz, - deyirdi. - Torpağa elə bağlanmışdı ki...". Fikrət  müəllimin kövrək xatirəsi burada bitir. (Çox təəssüf ki, İsmayıl müəllimin atası ilə bağlı xatirələrini qələmə almağa nə ağrılarım, nə də vaxt imkan verdi).

***

Elə kənddə də əbədiyyətə qovuşub Əhməd Yusif oğlu Seyidov. Bakıda evi-eşiyi, alim oğulları, qızları olan ata-alim-baba nə üçün kəndə dönmək istəyirdi? Bəlkə kəndin havası onu özünə çəkirdi? Yoxsa şəhərin səs-küyündən bezikmişdi? Düzü, bu sualları Fikrət Əhməd oğluna vermədik. Kövrəkliyə dözmədik.  

Doğma yurda məhəbbətlə  

1977-ci ilin oktyabr ayının 31-i. 85 il əvvəl bu kənddə Novruz bayramından on gün sonra bir ailəyə sevinc gətirmiş Əhməd Yusif oğlu Seyidov dünyasını dəyişdi. Bu da bir alın yazıymış. 31 mart - 31 oktyabr... Onda bir ailə sevinmişdi, 5-10 qohum-əqrəba gözaydınlığına gəlmişdi, bu hadisədən olsa-olsa bir kənd əhli xəbər tutmuşdu. Onda, bir payız günündəsə Əhməd Seyidovun ölümündən bir respublika xəbər tutdu. Bu ölüm xəbəri Tacikistan, Özbəkistan, Dağıstan, Kabardin-Balkar, Abxaziya, Gürcüstan və Rusiyada neçə-neçə insan-alim ürəyindən qopub gələn sözlərlə qarşılandı: - Təəssüf. Böyük alim, insan sıramızdan getdi. Azərbaycan pedaqoji ictimaiyyəti böyük alim itirdi...

Müxtəlif ünvanlı teleqramlar bir ünvana yön aldı.

***

Bir payız günü idi... 85 il əvvəl Yusif Seyidovun qapısına gözaydınlığı ilə beş-on nəfər gəlmişdi. Həmin payız günüsə Əhməd Yusif oğlunu son mənzilə yola salmaq üçün bir el yığılmışdı, Azərbaycanın müxtəlif guşələrindən olan yüzlərlə insan böyük alimə, müdrik insana, həqiqi müəllimə, humanist və xeyirxah bir şəxsiyyətə sonuncu borcunu vermək üçün Qazaxın Aslanbəyli kəndinə yığışmışdı... Gur insan seli kənd yolu ilə burulub qəbiristanlığa döndü. Orada - sükut və hikmət səltənətində, köhnə qəbirlərdən birinin ayaq tərəfində təzə məzar yeri  görünürdü. Ananın ayaqları altında az sonra kiçik təpə yarandı. Ulu peyğəmbərin hikmətli kəlamı yada düşür: "Cənnət ananın ayaqları altındadır".

Ömrünü ləyaqət və şərəflə, xeyirxahlıq və müdrikliklə başa vurmuş İNSAN arzusuna yetdi; ananın ayaqları altında əbədiyyətə qovuşdu...

Axşam düşürdü... İnsan axını geriyə döndü. Göydə üzü cənuba doğru bir dəstə durna qatarı uçurdu. Kimsə daş çevirmişdi, ya da nə hikmət idisə durnalar Hacı Mahmud Əfəndi türbəsinin üstündə dövrə vurub kövrək-kövrək qaqqıldaşıb, sonra da üzü cənuba, Məkkəyə, Mədinəyə doğru uçdular. 

Şamxəlil MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov