Şəkinin Kiş
kəndində Yaponiya hökumətinin "Ot kökləri və
insan təhlükəsizliyi" qrant yardımı proqramı
çərçivəsində həyata keçiriləcək yeni layihə -
uşaq bağçasının tikintisi layihəsi üzrə qrant
sazişinin imzalanma mərasimi olmuşdur.
AzərTAc-ın
müxbiri xəbər verir ki, mərasimdə Yaponiyanın
Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak
etmişdir.
Mərasimdən
əvvəl şəhər icra hakimiyyətində səfir Şusuke
Vatanabe ilə görüş olmuşdur. İcra hakimiyyətinin
başçısı Murad Cabbarlı Şəkidə daha bir layihənin
reallaşmasına göstərdikləri köməyə görə Yaponiya
hökumətinə, eləcə də dost ölkənin Azərbaycandakı
səfirliyinin rəhbərliyinə minnətdarlığını
bildirmişdir.
Kiş kənd icra
nümayəndəliyinin binasında keçirilən imzalanma
mərasimində şəhər icra hakimiyyəti başçısının
müavini Zərinə Cavadova çıxış edərək,
Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Şəki Şəhər
İcra Hakimiyyəti arasında əməkdaşlığın ildən-ilə
genişləndiyini bildirmiş, bu ölkə hökumətinin
dəstəyi ilə rayonda təhsil, ekologiya və sosial
sahələrdə 10-dan artıq layihənin reallaşdığını
xatırlatmışdır.
Səfir Şusuke
Vatanabe "Ot kökləri və insan təhlükəsizliyi"
qrant yardımı proqramı çərçivəsində Azərbaycanda
həyata keçirilən layihələr barədə məlumat
vermişdir. O bildirmişdir ki, 2000-ci ildən
icrasına başlanılan bu proqram çərçivəsində
indiyədək Azərbaycanda təhsil, səhiyyə,
ekologiya və sosial sahələr üzrə ümumi məbləği
10 milyon 189 min 769 ABŞ dolları olan 138
layihə həyata keçirilmişdir. Bu gün imzalanacaq
yeni layihənin dəyəri isə 86 min 269 ABŞ
dollarıdır. Layihənin məqsədi məktəbəqədər
təhsil müəssisəsinin olmadığı Kiş kəndini uşaq
bağçası ilə təmin etməkdir. Yeni layihənin
icrasının 6 ay müddətinə başa çatdırılması
nəzərdə tutulur.
Layihənin
rəhbəri, "Uluçay" Sosial-İqtisadi İnnovasiya
Mərkəzinin sədri Mayis Səfərov çıxış edərək,
Yaponiya hökumətinin qrant yardımı proqramında
təhsil sahəsinə xüsusi yer ayrılmasını yüksək
qiymətləndirmiş, "Kiş kəndində uşaq bağçasının
tikintisi" layihəsinin reallaşmasına göstərdiyi
köməyə görə Yaponiya səfirliyinə, habelə
təşkilati dəstəyə görə şəhər icra hakimiyyətinin
rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Sonra səfir
Şusuke Vatanabe və "Uluçay" Sosial-İqtisadi
İnnovasiya Mərkəzinin rəhbəri Mayis Səfərov yeni
layihəni imzalamışlar. |