Prezident
İlham Əliyev fevralın 9-da Qazax rayonunun
Birinci Şıxlı kəndində yeni məktəb binasının
açılışında iştirak etmişdir.
Azərbaycan
Prezidentinin "Qəza vəziyyətində olan ümumtəhsil
məktəblərinin yenidən qurulması ilə bağlı əlavə
tədbirlər haqqında" 2009-cu il 4 dekabr tarixli
Sərəncamına əsasən məktəbin tikintisinə 2010-cu
ilin yanvarında başlanılmış, cari ilin
yanvarında başa çatdırılmışdır.
Bildirildi ki,
hələ sovet dövründə Birinci Şıxlı kəndində bir
neçə məktəb binası tikilsə də, onlar mövcud
tələbatı ödəyə bilməmişdi. Torpaq sürüşməsinə
meyilli ərazilərdə, üstəlik də keyfiyyətsiz
tikilən binalar istismar müddəti bitməmiş uçub
dağılırdı. 1987-ci ildə istifadəyə verilən
məktəb binası da eyni təhlükə ilə üzləşmişdi.
Tikinti
işlərinə başlayarkən əvvəllər buraxılan səhvlər
dərindən təhlil edilmiş, binanın özülü tam
monolit betondan tökülmüşdür. Müasir görünüşü
ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbdə
təlim-tədrisin uğurla və keyfiyyətlə aparılması
üçün bütün şərait yaradılmışdır. Burada 49 otaq,
o cümlədən 27 sinif otağı, zəruri avadanlıqla
təchiz olunmuş idman salonu var. Məktəb istilik
sistemi ilə təchiz edilmişdir. Şagirdlərin
informasiya-kommunikasiya texnologiyalarından
istifadə imkanları da diqqət mərkəzində
saxlanılmış, fənn laboratoriyalarında bütün
lazımi şərait yaradılmışdır.
Prezident
İlham Əliyev yeni binanın açılışını bildirən
lenti kəsdi, sinif otaqlarına, idman salonuna
baxdı.
AzərTAc |