Fevralın 4-də
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ
rayonunun Çeyildağ qəsəbəsində yeni məktəb
binası istifadəyə verilmişdir.
AzərTAc
xəbər verir ki, şəhid Səyavuş Muradov adına 224
nömrəli məktəbin yeni binasının açılış
mərasimində Heydər Əliyev Fondunun icraçı
direktoru Anar Ələkbərov, Qaradağ Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılov,
məktəbin müəllim və şagird kollektivləri, qəsəbə
sakinləri iştirak etmişlər.
Məktəbin
direktoru Nüsrət Hüseynov Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın
bilavasitə diqqəti və qayğısı ilə ölkədə yeni
elm, təhsil, səhiyyə, mədəniyyət mərkəzlərinin
istifadəyə verilməsinin artıq ənənəyə
çevrildiyini qeyd etmişdir. Bildirilmişdir ki,
rayon mərkəzindən 70 kilometr məsafədə yerləşən
Çeyildağ qəsəbəsində ən müasir tələblərə cavab
verən məktəbin inşası Mehriban xanım Əliyevanın
qəsəbə sakinlərinə bilavasitə diqqət və
qayğısının bariz nümunəsidir.
Qeyd
edilmişdir ki, 137 şagirdin təhsil aldığı, 12
müəllimin çalışdığı 224 nömrəli orta məktəbin
yerləşdiyi əvvəlki bina ötən əsrin 40-cı
illərində tikilmiş, sonradan məktəb üçün
uyğunlaşdırılmış fin otaqlardan ibarət idi.
Fondun təşəbbüsü ilə inşa olunmuş, ən müasir
tələblərə cavab verən məktəb 180 şagird üçün
nəzərdə tutulmuşdur. Məktəbdə 9 sinif otağı, o
cümlədən kimya və fizika fənləri üzrə
kabinetlər, kompüter otağı, laboratoriya,
Azərbaycan ədəbiyyatının, tarixinin,
mədəniyyətinin əks olunduğu kitablardan ibarət
müasir kitabxana vardır. Məktəbin foyesində
yaradılmış stenddə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin mənalı ömrü və zəngin
fəaliyyəti əks olunmuşdur.
Bildirilmişdir
ki, məktəbin həyətində Azərbaycanın ərazi
bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Səyavuş
Muradovun büstü ucaldılmış, şagirdlərin
istirahəti üçün futbol və basketbol meydançası
inşa olunmuşdur.
Müasir istilik
sistemi ilə təchiz edilmiş məktəbin qazanxanası,
25 tonluq su çəni vardır. Həyətyanı sahədə
abadlıq işləri aparılmış, asfalt salınmış,
ağaclar əkilmişdir.
Heydər Əliyev
Fondunun icraçı direktoru Anar Ələkbərov
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
salamlarını və təbriklərini qəsəbə sakinlərinə,
məktəbin müəllimlərinə və şagirdlərinə
çatdırmışdır. Bildirmişdir ki, Fond yarandığı
gündən etibarən Azərbaycanda uşaq evlərinin,
internat-məktəblərin, səhiyyə, təhsil
ocaqlarının bərpası və tikintisi, eləcə də
uşaqların yeni biliklərə yiyələnməsi üçün
dərnəklərin, muzeylərin inşası baxımından mühüm
tədbirlər həyata keçirir. Fondun həyata
keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi çərçivəsində indiyədək ölkəmizdə 370
məktəb inşa olunmuşdur. Bu məktəblərdə 100
minədək şagird təhsil alır. Həmin layihə
çərçivəsində inşa olunmuş bu məktəbdə
şagirdlərin təlim-tərbiyəsinin yüksək səviyyədə
təşkili üçün hər cür şərait yaradılmışdır. Ümid
edirik ki, yeni məktəb şagirdlərin yüksək
təhsilə yiyələnərək cəmiyyətimizin ən fəal
üzvləri olmasına kömək edəcəkdir.
Qaradağ Rayon
İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov
da qəsəbə sakinlərini bu əlamətdar gün
münasibətilə təbrik etmişdir.
Yeni məktəb
binasının rəmzi açılışını bildirən lent
kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə
yaradılmış şəraitlə yaxından tanış olmuşlar.
Müəllimlərdən
Ruqiyyə Şahverdiyeva, Aydın İsrafilov, məktəbin
adını daşıdığı şəhid Səyavuş Muradovun anası
Nailə Muradova, şagirdlər və sakinlər ucqar
Çeyildağ qəsəbəsində bütün zəruri avadanlıqla
təmin edilmiş yeni məktəbin istifadəyə
verilməsini Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın qəsəbə sakinlərinə
bilavasitə diqqət və qayğısının göstəricisi kimi
qiymətləndirmiş, bu gözəl hədiyyəyə görə
minnətdarlıqlarını bildirmişlər.
AzərTAc |