Fevralın
5-də Bakının 132-134 nömrəli Təhsil
Kompleksində ənənəvi "Məzun günü" keçirildi.
Tədbiri kompleksin müdiri, respublikanın əməkdar
müəllimi Sara Xanlarova giriş sözü ilə
açaraq bildirdi ki, artıq neçə illərdir
məktəbin kollektivi tərəfindən böyük həvəslə
qeyd olunan məzun günü təhsil kompleksində
aparılmış yenidənqurma işlərindən sonra ilk
dəfədir ki, keçirilir. Müasir şəkildə
yenidən qurulmuş kompleksi Azərbaycanda
təhsilə göstərilən qayğının ən bariz
nümunəsi kimi qiymətləndirən S.Xanlarova tədbirə
yığışanlara təhsil kompleksinin tarixi
haqqında məlumat verdi. Bildirdi ki, binanın
özülü qədim Bakının möhtəşəm Qala
divarlarının yaxınlığında 1866-cı ildə
qoyulmuşdur. Hərbi xəstəxana kimi
layihələşdirilən bina 1866-cı il iyunun 13-də
"Müqəddəs Nina" Qadın Xeyriyyə Cəmiyyətinin
nəzdində qızlar pansionunun ixtiyarına
verilmişdir. Azərbaycan Demokratik Respublikası
dövründə isə binada Hərbi Akademiya fəaliyyət
göstərmişdir. 1933-1937-ci illərdə beynəlmiləl
təhsil ocağı kimi fəaliyyətini davam etdirərək
sonradan 132 nömrəli (Azərbaycan) və 134 nömrəli
(rus) məktəblərinə çevrilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə 150 illik tarixi olan bu
möhtəşəm tikilinin dövlətimiz
tərəfindən
qorunub saxlanıldığını diqqətə çatdıran
kompleksin müdiri məzunları qazanılan uğurlarla,
keyfiyyətli tədrislə bu memarlıq abidəsinin
tarixinə yeni şanlı səhifələr yazacaqlarına əmin
etdi.
Sara Xanlarova
bu qocaman məktəbin məzunları sırasında XX
əsrin görkəmli şərqşünas alimi, filologiya
elmləri doktoru, professor Aida İmanquliyeva,
akademik Nailə Vəlixanlı, əməkdar memar Ofelya
Babayeva və Azərbaycan elminin inkişafında
xidmətləri olan yüzlərlə tanınmış şəxslərin
olduğunu bildirdi.
Sonra tədbirdə
1940-1960, 1990-2010-cu illərin məzunları çıxış
edərək təhsil ocağının müasir şəkildə yenidən
qurulmasına görə dövlətimizin başçısı İlham
Əliyevə öz minnətdarlıqlarını bildirdilər,
məktəb illərindən xatirələr danışdılar.
Tədbirdə
təhsil kompleksinin şagirdləri məzunlara bədii
proqram təqdim etdilər.
Gülşən HÜSEYNOVA |