O müəllim
xoşbəxtdir ki, öz şagirdlərinin qəlbində xoş
duyğularla xatırlanır. Öz biliyini, ürəyinin
hərarətini, gözünün nurunu böyük xeyirxahlıq və
qayğıkeşliklə dərs dediyi şagirdlərinin qəlbinə
hopdura bilir. Şagirdlərinin uğuru ilə uşaq kimi
sevinir, bu şərəfli yolda saç ağardır. Bax,
beləcə gənclikdən müdriklik, ahıllıq dövrünə
qədər bir müqəddəs yol keçən mehriban və
qayğıkeş müəllimlər ən xoşbəxt insanlardır.
Onlar dünya görüşləri, dərin zəkaları, bilikləri
və zəngin həyat təcrübələri ilə hamıya nümunə
olur və əməlləri ilə gənc nəslin tərbiyəsində
mühüm rol oynayırlar. Haqqında söhbət açmaq
istədiyimiz belə insanlardan biri də 1981-ci
ildən Bakının Nizami rayonundakı 129 nömrəli
orta məktəbdə pedaqoji fəaliyyətə başlayan və
hazırda həmin təhsil ocağında gənclərin
çağırışaqədərki hazırlığı rəhbəri işləyən
İsfəndiyar Əliyevdir.
Səfalı
təbiəti, adı dillər əzbəri olan nemətləri,
sayılıb-seçilən insanları ilə tanınan Lənkəranın
Vilvan kəndində 1951-ci il fevralin 15-də anadan
olub İsfəndiyar İsa oğlu Əliyev. Hələ orta
məktəbdə oxuduğu illərdən hərbi və pedaqoji
sahəyə böyük maraq göstərib. Azərbaycan xalqının
qəhrəmanlığını, mərdliyini, igidliyini,
cəsurluğunu əks etdirən çoxlu kitablar oxuyub,
kinofilmlərə tamaşa edib. Orta məktəbi
bitirdikdən sonra Almaniya Demokratik
Respublikasında hərbi xidmətdə olub. Elə orada
hərb sənətinin sirlərinə mükəmməl yiyələnıb.
Vətənə zabit kimi dönüb. O, dil öyrənmək arzusu
ilə Xarici Dillər İnstitutunun ingilis dili
fakültəsinə daxil olub və oranı da
müvəffəqiyyətlə bitirib. Çalışdığı 129 nömrəli
məktəbdə eyni zamanda ingilis dili dərslərini də
tədris edib. İsfəndiyar müəllim otən bu 30 il
ərzində əldə etdiyi yüksək bilik və bacarığını
yeniyetmələrdən əsirgəməyib, onların vətənə
layiqli, fiziki cəhətdən sağlam, vətənpərvər
gənc kimi yetişməsinə çalışıb və bu sahədə böyük
uğurlar qazanıb.
Nümunəvi baza kabineti
İsfəndiyar
müəllimin rəhbərlik etdiyi gənclərin
çağırışaqədərki hazırlıq fənn kabineti hələ
2005-ci ildən Nizami və Nərimanov rayonları
arasında baza kabineti kimi fəaliyyət göstərir.
Bu, respublikamızda ən nümunəvi
baza-kabinetlərindən sayılır. İ.Əliyevin uzun
illər ərzində min bir zəhmət bahasına, böyuk
şövqlə, peşəsinə sonsuz məhəbbətlə
qurub-yaratdığı, müasir tələblərə cavab verən bu
baza kabinet məktəblilərin ibtidai hərbi
hazırlığının yüksək səviyyədə təşkil olunmasına
təminat verir. Onu da deyək ki, Heydər Əliyev
Fondunun dəstəyi ilə çap olunaraq kabinetə
hədiyyə edilmiş plakatlar və digər əyani
vəsaitlər də ilbəil yeniləşir və
təkmilləşdirilir. Fənn üzrə bütün yeniliklər
məhz İsfəndiyar müəllimin rəhbərlik etdiyi bu
baza-kabinet vasitəsilə şagirdlərə çatdırılır.
Respublika və rayon-daxili təhsil ocaqlarının
arasında keçirilən "Şahin", "Cəsurlar" hərbi
idman yarışlarında onun yetirmələrinin qazandığı
uğurlar bunu bir daha təsdiq edir.
Şagirdlər hərbi hissələrə aparılır
İ.Əliyev
yetişməkdə olan gənc nəslə Vətənə məhəbbət,
torpağa sevgi kimi ülvi hissləri təlqin etməklə,
qəhrəman oğullarımızın timsalında mərdlik və
qəhrəmanlıq hissləri aşılayır. Onun məktəbdə
keçdiyi hərbi dərslər yalnız nəzəri biliklərin
verilməsi, silah növləri, qumbaralar, minalar və
zirehli texnikalar haqqında, Silahlı
Qüvvələrimizin nizamnaməsi barədə məlumat
verməklə bitmir. Eyni zamanda Nizami Rayon Hərbi
Komissarlığı ilə rayon icra hakimiyyətinin birgə
razılığı əsasında hər ilin payız aylarında
şagirdlər hərbi hissələrə aparılır. Onlar
burada əsgər və zabitlərlə görüşür, hərb
sənətinin sirlərinə yiyələnirlər, zirehli
texnika ilə yerindəcə, əyani şəkildə tanış
olurlar. Bu barədə söhbət düşəndə İsfəndiyar
müəllim deyir ki, silah növlərinin daim
yeniləşdiyi və təkmilləşdiyi bir zamanda bu cür
praktiki dərslər çox vacibdir. Gənclərin hərbi
hazırlığının təkmilləşdirilməsi ilə yanaşı,
onların dünya görüşlərinin formalaşmasına güclü
təsir edir. Məhz hərbi biliklərin yüksək
səviyyədə öyrənilməsi, aparılan dərslərin yüksək
səmərəliliyi sayəsində İsfəndiyar müəllimin
yetirmələri əldə etdikləri bilik və bacarıqları
ilə Azərbaycan Silahlı Qüvvələrində nümunəvi
xidmətlərinə görə fərqlənirlər.
Təşəkkür məktublarının ünvanı...
Bəli, bu
günlər Nizami rayon hərbi komissarı vəzifəsinin
icraçısı polkovnik-leytenant Azər Aslanovun
respublika təhsil nazirinə, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdirinə və 129 nömrəli
məktəbin direktoruna göndərdiyi təşəkkür
məktubunun söz ünvanı ehtiyatda olan zabit
İsfəndiyar Əliyevdir. Həmin təşəkkür məktubunda
onun gənclərin hərbi-vətənpərvərlik ruhunda
tərbiyə olunmasında hərbi bilik və bacarığını
əsirgəməyərək üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirməsi, gənclərin çağırışaqədərki
hazırlıq rəhbəri kimi 129 nömrəli orta məktəbdə
çalışdığı 30 il ərzindəki səmərəli fəaliyyəti
yüksək qiymətləndirilir. İ.Əliyevin
yeniyetmələrin RHK-da çağırış məntəqəsinə təhkim
edilməsində, çağırışçıların sənədlərinin
vaxtında toplanıb verilməsindəki xidmətləri
müsbət dəyərləndirilir və məktubda o da qeyd
olunur ki, İsfəndiyar müəllim şagirdlər arasında
C. Naxçıvanski adına hərbi liseyə və ali hərbi
məktəblərə namizədlərin seçilməsində güclü
araşdırma aparır. Onun yetirmələrinin çoxu
orduda nümunəvi xidmət edərək zabit peşəsini
seçir. Təşəkkür məktublarından da göründüyü
kimi, İsfəndiyar müəllimin bu fədakar əməyi
hədər getməyib. Bütün bu uğurların
qazanılmasından söhbət düşəndə o, bu sahədə
məktəbin təlim-tərbiyə işləri üzrə direktor
müavini Həqiqət Əliyevanın da böyük xidmətləri
olduğunu səmimiyyətlə qeyd edir.
Onun bu təhsil
ocağında çalışdığı 30 ildə göstərdiyi xidmətləri
istər hərbi komissarlıq, istərsə də Təhsil
Nazirliyi tərəfindən dəfələrlə qiymətləndirilib.
O, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Pedaqoji
sahədə səmərəli fəaliyyətinə və gənc nəslin
təlim-tərbiyəsində qazandığı uğurlara görə"
fəxri fərmanı, Respublika Təhsil Nazirliyinin
"Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş nişanı ilə təltif olunub.
Cəmisi bir
neçə gündən sonra - fevralın 15-də dostlar,
tanışlar, qohumlar, müəllim yoldaşları, sevimli
şagirdləri, oğlanları Taleh və Araz, nəvələri
Nihad və Murad İsfəndiyar müəllimin 60 yaşının
işığına toplaşacaqlar. Ömür-gün yoldaşı,
Bakıdakı 10 nömrəli məktəbin müəllimi Kifayət
xanım da bu yubiley şərəfinə gözəl bir süfrə
açacaq. İsfəndiyar müəllimin şəninə sağlıqlar
deyiləcək...
Bəli, 60 yaş!
Bu da bir ömür. Bu müəllim ömrü yaşayan kəs, sən
müqəddəs işinə, əməlinə görə xoşbəxtsən. Əməlinə
vurğun, peşəsindən zövq alan, niyyəti
mənzilindən bəlli İsfəndiyar müəllim, 60 yaşın
mübarək!
Ədalət DAŞDƏMİRLİ |
|