Bakıdakı 313
nömrəli orta məktəbdə kurikulumların tətbiqinə
həsr olunmuş "açıq dərs"lər keçirildi. Tədbirdə
Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin nümayəndələri və gənc müəllimlər
iştirak edirdilər.
Məktəbin
direktoru Zakir Bayramov qonaqları salamladı və
tədbirin əhəmiyyəti haqqında məlumat verdi.
Sonra qonaqlar məktəbin təlim-tərbiyə işləri
ilə yaxından tanış olaraq müəllimlərin "açıq
dərs"lərində iştirak etdilər.
Qonaqların bir
hissəsi öncə III "A" sinfində Səadət
Yusubovanın riyaziyyatdan "Kütlənin
ölçülməsi", digər hissəsi II "A" sinfində Sevda
Ağayevanın həyat bilgisi fənnindən "Fövqəladə
hallar zamanı nə etməli?" mövzularında
keçdikləri "açıq dərs"ləri dinlədilər.
Müzakirələr zamanı Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Metodmərkəzinin direktor müavini
Sitarə Məmmədova bildirdi ki, müəllimin "açıq
dərs"i metodiki baxımdan milli kurikulumların
tələb etdiyi standartlar əsasında yüksək
səviyyədə keçdi. Müəllim dərs prosesində
şagirdlərin fəallığını təmin edə bildi və
keçdiyi mövzuya dair əyani vəsaitlərdən
istifadə etməklə, fənlərarası inteqrasiya
yaratdı.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi Metodmərkəzinin
Nəsimi-Binəqədi bölməsinin müdiri Həvva
Əsgərova və həmin bölmənin riyaziyyat
metodisti Ehram Nuriyev də dərsdən razı
qaldıqlarını və bəzi iradlarını bildirdilər.
Sonra qonaqlar
məktəbin VIII "A" sinfində Bikəxanım Səlimovanın
ədəbiyyat fənnindən A.Ələsgərin "Dağlar"
qoşması mövzusunda keçdiyi "açıq dərs"də
iştirak etdilər. Dərsin təhlili zamanı
metodistlərlə yanaşı, "açıq dərs"də iştirak
edən Təhsil Nazirliyinin nümayəndələri Günel
Seyidova və Vüsalə Həsənova da çıxış edərək
bildirdilər ki, müəllim dərsdə şagirdlərin zehni
fəallığını təmin etdi, qazandıqları bilikləri
sistemə saldı və öyrənilən mövzunun şagirdlər
tərəfindən dərindən mənimsənilməsində pedaqoji
ustalığını göstərdi.
Sonda
qonaqlar "açıq dərs"in məktəbdə yaxşı təşkil
olunmasından söz açdılar və gələcəkdə bütün
fənlərdən belə dərslərin keçirilməsinin
vacibliyini qeyd etdilər.
Şakir CƏFƏROV |