Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Dünya universitetlər

 

Birminhem Universiteti

 
  Yerləşir: Böyük Britaniya, İngiltərə, Birminhem şəhəri  
Yaranma tarixi: 1825-ci il - Birminhem Tibb Məktəbi 1900-cü il - universitet statusu almışdır
Tipi: Dövlət
İllik gəlirləri: 462373000 funt-sterlinq
İllik xərcləri: 440105000 funt-sterlinq
İşçi heyəti:  6000 nəfər
Tələbələrin ümumi sayı: 26073 nəfər
Rəsmi saytı: www.birmingham.ac.uk
 

Birminhem Universiteti (University of Birmingham) İngiltərənin Birminhem şəhərində Vest-Midlends vilayətində yerləşir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Birminhem Universiteti 100 ən yaxşı ali məktəb arasında 66-cı yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Birminhem Universiteti 145-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 59-cu yerdə qərarlaşıb.  

Tarixi 

1825-ci ildə cərrah Uilyam Sands Koks Birminhem şəhərində atasının evində tələbələr hazırlamağa başlayır. 1836-cı il iyunun 22-də qraf Hou və digər bir sıra nüfuzlu şəxslər kral IV Vilhelmə Birminhem şəhərində tibb məktəbi yaradılması haqqında memorandum təqdim edirlər və kralın razılığını alırlar.  Bundan sonra Birminhem şəhərində Kral Tibb və Cərrahiyyə Məktəbi açılır. Eyni zamanda şəhərdə xəstəxanaya da böyük ehtiyac duyulur. Bu zərurəti dərk edən S.Koks 1839-cu ildə lazımi vəsaitin toplanılması işini həyata keçirir və 1841-ci ildə xəstəxananın tikintisinə başlanılır. Sonradan Kraliça Viktoriya xəstəxanaya himayədarlıq etdiyi üçün xəstəxana Kraliça Xəstəxanası adlandırılır. 1843-cü ildən məktəbə də Kraliça Kolleci adı verilir və kollecin tələbələri London Universiteti tərəfindən elmi dərəcələrlə təltif olunur. 

1851-ci ildə Birminhem şəhərində daha bir ali məktəb - Sindenhem Kolleci açılır. 1868-ci ildə yeni təhsil müəssisəsi yaradılması məqsədi ilə Kraliça və Sindenhem kollecləri birləşdirilir. 1875-ci ildə Birminhem şəhərində Meyson Dəqiq Elmlər Kolleci fəaliyyətə başlayır. 1897-ci ildə bu kollecin universitet kollecinə çevrilməsi haqqında qanun qəbul edilir. 3 il sonra Kral, Sindenhem, Meyson Dəqiq Elmlər kollecləri birləşdirilir və dövlət xadimi Cozef Çemberlinin yorulmaz səyi nəticəsində 1900-cü il martın 24-də kraliça Viktoriya Birminhem Universitetinin yaradılması haqqında Kral xartiyası imzalayır. Cozef Çemberlin universitetin kansleri təyin edilir və həmin ildən universitetə qız tələbələr qəbul olunurlar.

Birminhem Universitetinin tələbə şəhərciyiYarandığı gündən Birminhem Universitetində bir çox işlər görülür və yeni-yeni nailiyyətlərə imza atılır: 1902-ci ildə iqtisadçı Uilyam Eşlinin səyi nəticəsində universitetdə ticarət fakültəsi fəaliyyətə başlayır. Belə bir fakültə Böyük Britaniyada ilk dəfə olaraq açılır və hazırda universitetin Biznes Məktəbi MBA üzrə dünyada birinci yerlərdədir.  1908-ci ildə Hüquq Məktəbi yaradılır, 1909-cu ildə kral VII Eduard Aston Vebb binasının açılışında iştirak edir, 1932-ci ildə Böyük Britaniyanın ən qədim tələbə təşkilatından olan Tələbə Gildiyasının binası istifadəyə verilir,  1939-cu ildə Robert Atkinson tərəfindən Təsviri İncəsənət Bərbərlik İnstitutu yaradılır, universitetin fizika fakültəsinin əməkdaşları Con Rendall, Harri But və Ceyms Sayers tərəfindən maqnetron, kimya fakültəsində qaz diffuziyası işlənib hazırlanır. II Dünya müharibəsi dövründə müttəfiqlərin qələbəsində maqnetronun böyük rolu olur. Artıq 1940-cı ildə universitetin fizika fakültəsində atom bombası işlənir və bu Birminhem Universitetinin əməkdaşları tərəfindən yazılmış Friş-Payerls memorandumunda öz əksini tapır. 1943-cü ildə universitetin professoru Mark Olifant proton sinxotronu maşınının quraşdırılmasına qərar verir, lakin onun işləməsinə zəmanət vermir. 1945-ci ildə universitet ilk olaraq sinxotron maşının quraşdırılmasını istəsə də, vəsait tapa bilmir və yalnız 1953-cü ildə buna nail olur. Lakin artıq 1952-ci ildə ABŞ-ın Brukheyven Milli laboratoriyası Birminhem Universitetini qabaqlayaraq kosmotronun fəaliyyətinə start verir. 1956-cı ildə Böyük Britaniyada ilk dəfə olaraq diplomdan sonrakı təhsil müəssisəsi kimi  magistratura proqramı təklif edən Geotexniki Mühəndislik bölməsi açılır. Eləcə də həmin il Birminhem Universitetində Kolder Hollda atom elektrik stansiyası istifadəyə verilir. 1960-cı illərdə universitetin çoxlu sayda yeni binaları tikilir və tələbə şəhərciyi genişləndirilir. 1964-2002-ci illər arasında universitetdə kulturologiya elmi tədris edilir və Birminhem Kulturologiya Məktəbi yaradılır. Məktəb Riçard Hoqqart kimi aparıcı şəxsiyyət tərəfindən yaradılmasına və sonradan Styuart Holl kimi məşhur nəzəriyyəçinin rəhbərlik etməsinə baxmayaraq, bir sıra mübahisələr nəticəsində bağlanır.

2010-cu il aprelin 29-da Böyük Britaniyada ümumi seçki kampaniyası zamanı BBC kanalının təşkil etdiyi partiya liderlərinin televiziya debatının finalı Birminhem Universitetində təşkil olunub.  

Büdcəsi və təhsil haqqı 

Birminhem Universitetinin Aston Vebb binası2009-2010-cu tədris ilində Birminhem Universitetinin illik gəlirləri 462373000 funt-sterlinq olub. Gəlirlərin 146750000-ni maliyyə qrantları, 116083000-ni təhsil haqqı və dəstək qrantları, 104811000-ni tədqiqat və sazişlər, qalanlarını isə digər əməliyyatlar hesabına əldə edilən vəsaitlər təşkil edib. Ali məktəbin illik xərcləri həmin tədris ilində 440105000 funt-sterlinq olub. Bu vəsaitin 244191000-ni işçilər üçün sərf olunan, 47435000-ni amortizasiya, 3079000-ni yenidənqurma və təmir, qalanlarını isə digər xərclər təşkil edib. 

Birminhem Universitetində təhsil haqqının məbləği tələbənin yerli, Avropa Şurası ölkələrindən və ya əcnəbi olmasından asılı olaraq dəyişir. Təhsil haqqına tədris, imtahan, buraxılış, Tələbə Gildiyasına (təşkilatına) üzvlük xərcləri də daxildir. 2010-2011-ci tədris ilində Birminhem Universitetində təhsil alan yerli və Avropa Şurasına daxil olan ölkələri təmsil edən tələbələrin təhsil haqqı bakalavr pilləsində ildə 3290, magistratura və doktorantura pillələrində isə 4650 funt-sterlinq təşkil edir. Əcnəbi tələbələrin təhsil haqqı bütün pillələrdə onların təhsil aldıqları ixtisasa görə fərqlənir (11340-26590 funt-sterlinq). Erasmus proqramı çərçivəsində təhsil alan tələbələrdən təhsil haqqı tutulmur. Təhsil haqqı, adətən, tədris ilinin əvvəlində ödənilməlidir.

Birminhem Universitetində maddi çətinlik çəkən, ailə büdcəsi müəyyən edilmiş məbləğdən aşağı olan, təhsil haqqını tam ödəyə bilməyən, eləcə də yüksək akademik və yaradıcılıq, idman və s. nəticələr göstərən tələbələr üçün kredit, təqaüd və qrantlar təklif olunur. Yüksək göstəricilərə malik, illik ailə büdcəsi müəyyən edilmiş məbləğdən (36170 funt-sterlinq) aşağı, Böyük Britaniya vətəndaşı olan, əyani təhsil alan tələbələrə 877-20906 funt-sterlinq dəyərində qrant, 1316 funt-sterlinq təqaüd verilir.

Myuirhed qüllələriƏcnəbi tələbələrə universitetdə bir sıra beynəlxalq təqaüd proqramları təklif olunur, həmin proqramların əksəriyyəti magistrant və doktorantlar üçün nəzərdə tutulur. Beynəlxalq diplomdan sonra təhsil təqaüdü bütün ölkələrdən olan magistrantlara verilir, İslam İnkişaf Bankı Təqaüdü  56 ölkədən olan tələbələr üçün nəzərdə tutulur, QE II təqaüdü isə "Universitetlər 21" Assosiasiyası ölkələrinin magistrantları üçündür. Yaxın Şərq və Afrika ölkələrini təmsil edən tələbələr üçün Alan və Nesta Ferquson Xeyriyyə Fondu təqaüdü, Suriya, Livan, Fələstin və İordaniyadan olan tələbələrə Səid Fondu təqaüdü, ukraynalı tələbələrə Ukrayna Viktor Pinçuk təqaüdü, Asiya ölkələrindən olan tələbələrə Çin Diplomdan Sonra Təhsil, Li Siquanq, Honq Konq, Çarlz Uolles Hindistan Trest təqaüdləri, amerikalı tələbələrə isə ABŞ Təqaüd Proqramı, Birminhem Marşall təqaüdləri verilir.    

Universitet bu gün 

 Birminhem Universitetinin əsas kampusu Birminhem şəhərinin cənub-qərbində Edcbaston ərazisində 5 km yaxın sahəni əhatə edir. Bu ərazidəki 100000 m2 torpaq sahəsi universitetə 1900-cü ildə Lord Kaltorp tərəfindən verilib. Kampusda müxtəlif memarlıq üslubuna və bir neçə memara aid tikililər mövcuddur. Universitetin ilk kanslerinin şərəfinə ucaldılmış məşhur Cozef Çemberlin memorial saat qülləsi (binanı həm də "Qoca Co" adlandırırlar), özünəməxsus gümbəzlərdən ibarət universitetin Aston Vebb binası bu ərazidə yerləşir. Saat qülləsi 1908-1969-cu illərdə inşa edilib və Böyük Britaniyanın, eləcə də dünyanın ən hündür qüllələrindən biridir. Qüllənin hündürlüyü müxtəlif mənbələrdə 110 və ya 99 metr göstərilir. Aston Vebb binasında Musiqi departamenti, 500-ə yaxın insan tutumuna malik konsert zalı, tədris və məşğələ otaqları mövcuddur. Kampusda iki qoşa bina - Myuirhed qüllələri ucaldılıb. Binaların tikintisi 1960-cı ildə "Arup Associates" şirkəti tərəfindən həyata keçirilib və 1969-cu ildə tamamlanıb. Lakin 16 mərtəbəli qüllənin tikintisi 2009-cu ildə başa çatıb. Professor Con Henri Myuirhedin şərəfinə adlandırılmış binalarda hazırda İctimai Elmlər Kolleci, Kedberi elmi kitabxanası, Ellardays Nikol teatr studiyası və s. yerləşir.

Birminhem Biznes MəktəbiMemarlıq üslubuna görə seçilən universitet tikililərindən Birminhem Biznes, Tibb məktəblərinin, Kraliça Elizabet xəstəxanasının, Tələbə Gildiyasının, Təsviri İncəsənət Bərbərlik İnstitutunun binalarını nümunə göstərmək olar. Təsviri İncəsənət Bərbərlik İnstitutunun girişində I Georqun at üstündə heykəli qoyulub. Bu abidə Dublin korporasiyası tərəfindən fələməng heykəltəraş Con vat Nosta sifariş edilib.

Birminhem Universitetinin kampusunda tələbələrə və universitet xəstəxanalarına xidmət etmək üçün Kross-Siti Layn dəmiryolu stansiyasından yeni xətt açılıb. Edcbaston ərazisindən kənarda 24000 m2 ərazini əhatə edən Uinterborn Botanika bağı yerləşir. Edcbaston ərazisində universitetin nəzdində Lapvort Geologiya muzeyi fəaliyyət göstərir. Muzey Meyson Dəqiq Elmlər kollecində çalışmış geoloq Çarlz Lapvortun adını daşıyır. 2007-ci ildən universitetin kampusunda fermerlərin yarmarkası təşkil olunur. Birminhem Universiteti fermerlərin yarmarkasını keçirməyə lisenziya almış dünyada yeganə ali məktəbdir.

Selli-Ouk kampusu əsas kampusdan cənubdadır. Bu kampusda universitetin İlahiyyat və  Təhsil kollecləri, həmçinin bir sıra digər binaları yerləşir.

Birminhem Universitetində 5 kollec mövcuddur. Kolleclərin rəhbərləri     pro-vitse-kansler kimi fəaliyyət göstərir və universitetin İcraçılar Şurasında əyləşirlər. Kolleclərin tərkibində məktəb, kafedra, departament, mərkəz və institutlar vardır.

İncəsənət və Hüquq Kollecinə Birminhem Hüquq; İngiltərə, Amerika və Kanada Teatr Tədqiqatları (keçmiş İngiltərə, Amerika və Kanada, Drama və teatr incəsənəti departamentləri); Tarix və Mədəniyyət; Dillər, Mədəniyyətlər, İncəsənət tarixi və musiqi; Fəlsəfə, İlahiyyat və Din məktəbləri, Arxeologiya və Antik Mədəniyyət İnstitutu daxildir. Hər bir məktəb və institut öz növbəsində, bölmə və elmi-tədqiqat mərkəzlərindən ibarətdir.

Universitetin Tələbə Gildiyasının binasıMühəndislik və Fiziki Elmlər Kollecində dəqiq elmlər, texnologiya, mühəndislik, riyaziyyat üzrə elmi-tədqiqatlar həyata keçirilir və yeni nəsil mühəndis və alimlər hazırlanır. Kollecdə Kimya; Kimya maşınqayırması; Kompüter Elmləri, Elektronika, Elektrotexnika və Hesablama Texnikası; Maşınqayırma; Metallurgiya və Materialşünaslıq, Fizika və Astronomiya məktəbləri fəaliyyət göstərir. 

Həyat və Ətraf Mühit Haqqında Elmlər Kolleci həyatın müxtəliflik və təkamül problemləri, bioresurslardan və təbiətdən istifadə məsələlərini öyrənir, ekologiya tədqiqatlarından başlayaraq xərçəng xəstəliyi, məhkəmə psixologiyasının öyrənilməsinə qədər nəzarət edir. Kollecə Bioelmlər; Coğrafiya; Yer və Ətraf Mühit Elmləri, Psixologiya, İdman və Fiziki Tərbiyə məktəbləri aiddir.

Tibb və Stomatologiya Kolleci tibb, səhiyyə, stomatologiya, əczaçılıq üzrə gələcək mütəxəssislər hazırlayan ali təhsil ocağıdır. Kollec Xərçəng Elmləri; Kliniki və Eksperimental Tibb; Stomatologiya; Səhiyyə və Əhalinin Sağlamlığı; İmmunitet və İnfeksiya məktəblərindən ibarətdir.

İctimai Elmlər Kollecinə Birminhem Biznes; Təhsil; Hökumət və Cəmiyyət; İctimai Fəaliyyət məktəbləri daxildir.

Mühəndislik və Fiziki Elmlər Kollecində dərsUniversitetin Birminhem Biznes, Tibb məktəbləri, Beynəlxalq İnkişaf Departamenti, Qərbi Afrika Tədqiqatları Mərkəzi, Yerli İdarəetmə Tədqiqatları, Şekspir, Ayronbric institutları, universitet rəsədxanası dünya üzrə məşhur elmi-tədqiqat müəssisələridir. Birminhem Universiteti rəsədxanasında ali məktəbin fizika, astrofizika, astronomiya proqramları üzrə təhsil alan tələbələr tədqiqatlar aparır, göy cismlərini müşahidə edir və təcrübələr keçirirlər. 

Birminhem Universitetinin Tibb Məktəbi və Kraliça Elizabet xəstəxanası Avropanın ən böyük tibb mərkəzindən biridir. Burada xərçəng, immunologiya, qan-damar xəstəlikləri, nevrologiya və endokrinologiya üzrə ən müasir tədqiqatlar həyata keçirilir. Vest-Midlands ərazisində yerləşən NHS Trest Fondu Universitet Xəstəxanası ali məktəbin əsas tədris hospitalıdır. Uğurlu fəaliyyətinə görə xəstəxana son dörd il dalbadal üç ulduz alıb. Trestə həmçinin Selli-Ouk xəstəxanasında fəaliyyət göstərən Kral Müdafiə Tibbi Mərkəzi aiddir. Burada hərbi qulluqçulara, İraq müharibəsindən qayıtmış hərbiçilərə tibbi xidmətlər göstərilir.

Birminhem Universitetinin kitabxana sistemi əhəmiyyətli miqdarda nadir kitab və əlyazmaya malikdir. Universitetin xüsusi kolleksiyasına 1471-ci ildən bu günədək çap edilmiş milyonlarla kitab, 3 milyondan çox əlyazma daxildir. Kolleksiyaya Nivill Çemberlin, Cozef Çemberlin, Ostin Çemberlin, Robert Entoni İden (qraf Eyvon) kimi dövlət xadimlərinin işləri, "Cadbury" şirkətinin sənədləri, şərqşünas Alfons Minqananın "Minqana" Yaxın Şərq əlyazmaları, dramaturq Noel Pirs Kovardın əsərləri, Kilsə Missioner Cəmiyyətinin sənədləri və s. aiddir. Xüsusi kolleksiya Kedberi elmi kitabxanasında Myuirhed qülləsində yerləşir. Universitetin kitabxana sisteminə Edcbaston, Selli-Ouk kampuslarında, Birminhem Şəhər Mərkəzində, Stratford-upon-avonda yerləşən 10 kitabxana daxildir. Universitetin elektron kitabxanası istifadəçilərə 270000 kitab, 50000 abunə və elektron jurnal, minlərlə verilənlər bazası və s. resurslar təqdim edir.

Universitetin əsas kampusuBirminhem Universitetinin hazırkı 6-cı kansleri britaniyalı iş adamı Dominik Kedberi, vitse-kansleri isə professor Devid İstvuddur. Universitetdə akademik, texniki, rəhbərlik, dəftərxana və digər vəzifələrdə 6000 nəfərə yaxın işçi çalışır. Ali məktəbin müəllimlərinin 27%-ni əcnəbilər təşkil edirlər.

Birminhem Universitetində 26073 nəfər tələbə təhsil alır. Onların 17355 nəfərini bakalavr, 8718 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Burada dünyanın 150 ölkəsindən 4759 tələbə təhsil alır. Bu universitet əcnəbi tələbələrinin sayına görə Böyük Britaniyanın 4-cü ali məktəbidir. Universitetdə Erasmus mübadilə proqramı çərçivəsində Avropanın aparıcı ali məktəbləri arasında tələbə mübadiləsi həyata keçirilir. Birminhem Universiteti Avropa məkanında 236, Avropadan kənarda isə 45 ali məktəblə əməkdaşlıq edir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birminhem Universitetinin doktorantura pilləsində Kəmalə Beykəs qızı İmranlı tarix, Elmar Rəhim oğlu Rəhimov isə mexanika mühəndisliyi ixtisasları üzrə təhsil alırlar. 2009-2010-cu tədris ilində həmin proqram çərçivəsində iki azərbaycanlı gənc - Rəna Firdovsi qızı Cəlilova qlobal maliyyə və bank işi, Anar Ağadadaş oğlu Cəfərli isə maliyyə və bankçılıq ixtisasları üzrə Birminhem Universitetinin magistratura pilləsinin məzunları olublar.

Universitetdə tələbələrə geniş çeşidli yataqxanalar təklif olunur. Burada özünəməxsus tələbə kəndləri mövcuddur. Pritkatts Park kəndi Edcbaston ərazisində  yerləşir və 1000-ə yaxın tələbə tutumuna malikdir. Pritkatts Park kəndi Eşkroft, Okli Kort, Pritkatts Evi, Spinni adlı ayrı-ayrı yataqxana komplekslərindən ibarətdir. Selli-Ouk kəndi bir yataqxana korpusundan - Carratt Holldan ibarətdir və əsas kampusun cənubundadır. Mərkəzi həyəti olan yataqxana 3-6 çarpayılı, ümumi mətbəx, vanna və istirahət otaqlarına malik apartamentlərdən ibarətdir. Veyl kəndi Birminhem şəhərinin mərkəzindən 3 km aralıda əsas kampusun yaxınlığında yerləşir. Gölün kənarındakı bu yataqxana çox sakit və gözəl landşafta malik ərazidədir. Yataqxana otaqlarının xüsusi mətbəxi və hamamı var. Biçis yataqxanasında tələbələrə 240 bir nəfərlik otaq təklif olunur və hər bir otaq yüksək standartlara cavab verən avadanlıqlarla, xüsusi mətbəx, vanna və qonaq otaqları ilə təchiz edilib. Hanter Kort yataqxanası 334 tək nəfərlik otaqlar təklif edir, xüsusi mətbəx, vanna otağına malikdir, avadanlıqlarla təchiz olunub. Universitetin yaxınlığında tikilmiş müasir Viktoriya Holl yataqxana kompleksi ən yüksək şəraitə malik otaqlardan ibarətdir. Bütün yataqxana otaqları mebel, lazımi avadanlıqlar, telefon və İnternet xətləri ilə təmin olunub. Yataqxanalarda yerləşməmişdən öncə tələbələr 550 funt-sterlinq ödəməlidirlər. Otaqların qiymətləri müxtəlifdir və qiymətlər siyahısı tələbə qeydiyyatdan keçdikdən sonra təqdim edilir.

Universitetdə fəaliyyət göstərən Tələbə Gildiyasına onlarca gənc təşkilatları, tələbə qruplaşmaları daxildir. Birminhem Universitetinə qəbul olan şəxs avtomatik olaraq gildiyaya üzv seçilir və tələbə bileti gildiyaya üzvlük bilet kimi qəbul olunur. Hazırda Tələbə Gildiyasının 28000-ə yaxın üzvü var. Gildiya universitet qrantları, nəzdində fəaliyyət göstərən mağaza, restoran və kafe, eləcə də digər xidmət sahələrindən  əldə etdiyi gəlirlər hesabına maliyyələşir və fəaliyyət göstərir. Tələbə Gildiyası 1936-cı ildən həftəlik "Redbrick" tələbə qəzeti dərc edir və Birləşmiş Krallıqda ilk universitet qəzeti dərc edən müəssisələrdəndir. Tələbələrin dərsdən sonrakı vaxtlarının səmərəli keçirilməsində, onların özlərinə maraqlı məşğuliyyət tapmasında, işləmək istəyən tələbələrin işlə təmin olunmasında gildiyanın rolu böyükdür.

Ali məktəbdə idmana geniş yer ayrılır. Burada idmanın bütün növləri ilə məşğul olan 40-dan çox komanda qeydə alınıb. Yerli və əcnəbi idmançı tələbələr üçün universitetdə 40-a yaxın təqaüd proqramı mövcuddur. İdmanın fitnes, yoqa, aerobika, kriket, futbol, reqbi, otüstü xokkey, Amerika futbolu və s. növlərinə tələbələr daha çox meyil göstərirlər. Universitetin kampuslarında və yataqxana kəndlərində gənclərin idmanla məşğul olmaları üçün yüksək şəraitli stadionlar, idman zalları, hovuzlar quraşdırılıb. Onu da qeyd edək ki, 2012-ci ildə Londonda keçiriləcək olimpiadada universitet Yamayka yüngül atletika komandasının təlim düşərgəsi kimi çıxış edəcək.

Birminhem Universiteti beynəlxalq arenada xüsusi nüfuza malik ali təhsil müəssisəsidir. Bu elmi-tədqiqat mərkəzi indiyədək əldə etdiyi nailiyyətlərlə qürur duyur və səylə daha uğurlu yeniliklərə imza atır. Universitetin vitse-kansleri Devid İstvud rəhbərlik etdiyi ali məktəbi belə səciyyələndirir: "Biz artıq ən yaxşı universitetlərin yer tutduğu yüzlükdə yer almışıq. Lakin universitetimiz bununla kifayətlənmir və qlobal tədqiqat ali məktəbləri arasında ən aparıcı mövqelərdə qərarlaşmaq niyyətindədir. Universitet keyfiyyətli təhsili, savadlı, səmimi və mehriban işçi heyəti, biliyə, yeniliklərə can atan tələbələri sayəsində arzuladığı nəticələri əldə etməsinə əmindir".

Birminhem Universiteti "Universitetlər 21" qlobal şəbəkəsinin, Böyük Britaniyanın 20 ali məktəbini birləşdirən Rassel qrupunun, Avropa Universitetləri (European University Association), Birlik Universitetləri (Association of Commonwealth Universities) assosiasiyalarının üzvüdür.  

Universitetin məşhur məzunları 

  Manuçöhr Mirzə Fərman İran şahzadəsi  
  Seeiso Lesoto Cənubi Afrika şahzadəsi  
  Stenli Bolduin  Böyük Britaniyanın sabiq baş naziri  
  Nevill Çemberlin Böyük Britaniyanın sabiq baş naziri  
  Qladston Perri Kristi  Bahama adalarının baş naziri  
  Baronessa Amos BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru  
  Riçard Hu Sinqapurun sabiq maliyyə naziri  
  Henri Oriem Okello Uqandanın xarici işlər naziri  
  Baron Bxattaçaria Lordlar Palatasının üzvü  
  Frensis Uilyam Aston kimya üzrə Nobel mükafatı laureatı  
  Ser Norman Havort kimya üzrə Nobel mükafatı laureatı  
  Lord Robert Sesil  sülh üzrə Nobel mükafatı laureatı  
  Piter Bullok sülh üzrə Nobel mükafatı laureatı  
  Piter Medouor  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Mauris Uilkins tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Pol Nurs tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Con Veyn  tibb üzrə Nobel mükafatı laureatı  

             Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov