Fevralın 28-də
Beynəlxalq Mətbuat Mərkəzində "Vətən uğrunda!"
QHT Koalisiyasının təşkilatçılığı ilə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus -
2010: absurd teatrı mövsümü" kitabının ictimai
müzakirəsi keçirilmişdir.
Ziyalıların,
QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə
keçirilmiş müzakirələrdə Koalisiyanın
əlaqələndiricisi Samir Mehdizadə bu nəşrin
Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda
jurnalistlər qarşısındakı bəyanatına, xüsusən də
erməni tarixi ilə bağlı uydurmalara,
düşmənlərimizin yalan və saxtakarlıqlarına
tutarlı cavab olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli prosesindəki mövcud
vəziyyətin öyrənilməsi baxımından çox
əhəmiyyətli olan bu kitab ictimai elmlər
sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün
də zəngin tarixi bazadır.
S.Mehdizadə
qeyd etmişdir ki, böyük tarixi, ictimai, siyasi
əhəmiyyətə malik "Gorus - 2010: absurd teatrı
mövsümü" kitabının regionlarda da ictimai
müzakirəsi keçiriləcəkdir. Eyni zamanda rus və
ingilis dillərində çap olunan kitabın fransız və
alman dillərinə də tərcümə edilərək, xaricdə
təbliğinin və təqdimat mərasimlərinin
keçirilməsi faydalı olardı.
Digər çıxış
edənlər də tarixi faktlarla zəngin, Azərbaycanın
qədim və müasir dövrünün xəritələrinin verildiyi
kitabın oxucular üçün etibarlı mənbə olduğunu
vurğulamışlar. Bildirilmişdir ki, kitab təkcə
növbəti erməni riyakarlığına cavab vermək
baxımından deyil, çoxsaylı tarixi faktları
özündə əks etdirməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin səbəb və
nəticələrinin təhlili, son iki əsrdə regionda
baş verən ictimai-siyasi proseslərə aydınlıq
gətirməsi baxımından da xüsusi əhəmiyyətə
malikdir.
Sonda "Gorus -
2010: absurd teatrı mövsümü" kitabının
informasiya müharibəsində erməni təbliğatına
sarsıdıcı zərbə olması nəzərə alınaraq tədbir
iştirakçıları adından Milli Məclisə, QHT və
KİV-lərə müraciət qəbul olunmuşdur.
AzərTAc |