Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Orta ixtisas təhsili müəssisələrində aparılmış monitorinqin nəticələri müzakirə olunub

 

Fevralın 28-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirildi. Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin struktur-bölmə rəhbərlərinin və orta ixtisas təhsili müəssisələrinin  direktorlarının iştirak etdiyi iclasda "Orta ixtisas təhsili müəssisələrində monitorinqin nəticələri" barədə məsələ müzakirə olundu. Həmin mövzuda məruzə-təqdimatla çıxış edən təhsil naziri Misir Mərdanov öncə diqqəti orta ixtisas təhsilinin cəmiyyətdə yeri və roluna yönəltdi. Qeyd olundu ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, formalaşan bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin təhsilə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri vardır. Təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında, milli təhsil sisteminin nüfuzunun artmasında və cəmiyyətin intellektual potensialının formalaşmasında, vətəndaşların təhsil və mədəni səviyyəsinin yüksəldilməsində mühüm rol oynayırr.

Onun əsas üstünlüklərindən biri də bu təhsilin məzmununun əmək bazarının dəyişən şəraitinə və işəgötürənlərin tələblərinə daha tez uyğunlaşması, burada nəzəriyyəçilərin deyil, bilavasitə praktiklərin hazırlanmasıdır.

Nazir vurğuladi ki, hazırda bu pillənin məzunları əksər xarici ölkələrdə olduğu kimi respublikamızda da sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilirlər. Bir çox gənclər müvafiq peşələrə yiyələnmək üçün əlçatmaz olan ali təhsil müəssisələrinə üz tutmaqdansa müasir tələblərə cavab verən orta ixtisas təhsili müəssisələrini seçməyi daha əlverişli hesab edirlər. Nazir belə bir faktı da xüsusi diqqətə çatdırdı ki, Azərbaycanın 2010-cu il statistik göstəricilərinə görə məşğul əhalinin (4071475 nəfər) 10,9 faizini (445983 nəfər) orta ixtisas təhsillilər təşkil edirlər.

Təhsil naziri  təqdimatında son illər orta ixtisas təhsili sahəsində görülən işlərdən söz açaraq bildirdi ki, "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi orta ixtisas təhsilinin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun və təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə geniş imkan yaratdı. Həmin dövrdə respublikada bir sıra texnikumların birləşdirilməsi nəticəsində onların maddi-texniki bazası, pedaqoji kadr potensialı və bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla yeni tipli orta ixtisas təhsili müəssisələri - kolleclər və təhsil komplekslərinin yaradılmasına başlanıldı.

Təhsil Nazirliyinin 13 sentyabr 2001-ci il tarixli əmri ilə "2001-2004-cü illər üçün Azərbaycan Respublikasında orta ixtisas təhsilinin İnkişaf Proqramı" təsdiq olundu və həyata keçirildi.  Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi haqqında" 26 avqust 2002-ci il tarixli qərarı ilə bir sıra orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti dayandırıldı, bir qismi birləşdirilərək bazalarında yeni tipli tədris müəssisələri (kolleclər) yaradıldı, bəzilərinin isə profilləri genişləndirildi.

Nazir 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikası hökumətinin müvafiq qərarları ilə təsdiq edilmiş normativ sənədlərlə kollegiya iştirakçılarını tanış etdi. Bildirdi ki,təsdiq olunmuş "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı aparılan ixtisasların sayı 398-dən 157-yə qədər azaldılmışdır.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" üzərində ətraflı dayanan nazir proqram çərçivəsində orta ixtisas təhsilində aparılması nəzərdə tutulan islahatların istiqamətləri, proqramın reallaşması nəticəsində əldə olunması gözlənilən nəticələr barədə məlumat verdi.

Nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi üçün orta ixtisas təhsili müəssisələrində həmin sahələr üzrə mövcud vəziyyətin öyrənilməsi, statistik məlumatların təhlili, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi zərurəti yarandığını söyləyən nazir bu məqsədlə Təhsil Nazirliyinin 22 sentyabr 2010-cu il tarixli 1249 saylı əmri ilə yaradılmış işçi qrupu tərəfindən ötən ilin oktyabr-noyabr aylarında nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində monitorinq keçirildiyini bildirdi və monitorinqin nəticələri ilə iclas iştirakçılarını tanış etdi. Təhsil naziri öncə orta ixtisas təhsili müəssisələri haqqında bəzi statistik rəqəmləri diqqətə çatdırdı. Qeyd olundu ki, hazırda ölkədə orta ixtisas təhsili proqramlarını həyata keçirən 56 dövlət və 1 qeyri-dövlət təhsil müəssisəsi, o cümlədən Təhsil Nazirliyinin tabeliyində 46, Səhiyyə Nazirliyinin tabeliyində 7, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində 2, Fövqəladə Hallar Nazirliyinin tabeliyində 1 kollec, Azərittifaqın tabeliyində 1 özəl kollec fəaliyyət göstərir.

Orta ixtisas təhsili müəssisələrinin regionlar üzrə paylanması, ixtisas profilləri üzrə təsnifatı barədə verilən məlumatdan aydın oldu ki, orta ixtisas təhsili müəssisələri respublikanın regionları üzrə, demək olar ki, bərabər paylanmışdır. Kolleclərdən 16-sı texniki və texnoloji, 18-i iqtisadiyyat və humanitar, 6-sı pedaqoji, 10-u mədəniyyət və incəsənət, 7-si tibb profillidir.

Nazir son illərdə bir sıra orta ixtisas təhsili müəssisələrinin sahə nazirlikləri, şirkətlər və konsernlər, işəgötürənlərlə sıx əlaqələr yaradaraq, onların köməyi ilə maddi-texniki bazanın möhkəmləndirilməsində, dərs və dərs vəsaitlərinin hazırlanmasında müsbət nəticələr əldə etdiyini diqqətə çatdırdı.

Daha sonra təhsil naziri son 5 ildə orta ixtisas təhsili müəssisələrində təhsil alan, ştatda olan müəllimlərin sayı, müəllim-tələbə nisbəti, bu müəssisələrə tələbə qəbulu barədə ətraflı məlumat verdi. Bildirdi ki, son 5 ildə orta ixtisas təhsili müəssisələrində qəbul planlarının azalması ilə bağlı tələbələrin sayı bir qədər aşağı düşmüşdür. Belə ki, 2005-2006-cı tədris ilində tələbələrin sayı 55 min olduğu halda, 2009-2010-cu tədris ilində bu rəqəm 51,1 min nəfər olmuşdur. Təhsil Nazirliyinin tabeliyində olan məktəblər üzrə isə həmin illərdə tələbələrin sayı demək olar ki, eyni səviyyədə qalmış və 2009-2010-cu tədris ilində 43,6 min, o cümlədən ödənişli əsaslarla təhsil alanların sayı 16,5 min təşkil etmişdir.

Həmin illərdə müəllimlərin sayı 6706-dan 7013-ə qədər artmış, Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdə bu rəqəmlər müvafiq olaraq 5258 və 5595 nəfər təşkil etmişdir.  Nazir diqqəti belə bir fakta cəlb etdi ki, son 5 ildə tələbələrin sayının ölkə üzrə təxminən 4000 nəfər, o cümlədən Təhsil Nazirliyi üzrə isə 1000 nəfər azalmasına baxmayaraq, ştatda olan müəllimlərin sayı 302 nəfər (Təhsil Nazirliyi üzrə 337 nəfər) artmışdır. Nəticədə müəllim-tələbə nisbəti respublika üzrə 8,2-dən 7,3-ə, Təhsil Nazirliyi üzrə isə 8,4-dən 7,8-ə qədər azalmışdır.

2005-2010-cu illərdə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun və ərizə verənlərin dinamikasına aid diaqramı təhlil edən nazir həmin illərdə tələbə qəbulu planı azalsa da ərizə verənlərin sayının artdığını, 2005-ci ildə 1 yerə 2,1 nəfər ərizə verdiyi halda, 2010-cu ildə həmin rəqəmin artaraq 3,1 nəfər təşkil etdiyini söylədi, bunu gənclər arasında orta ixtisas təhsilinə marağın artması kimi dəyərləndirdi.

Təhsil naziri məruzə-təqdimatında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri barədə də söz açaraq diqqəti 2009 və 2010-cu illərdə ümumi orta təhsil bazasından qəbul olunan abituriyentlərin topladıqları balların  paylanma diaqramına cəlb etdi. Aparılan müqayisə və təhlildən aydın oldu ki, qəbul imtahanlarının nəticələrinə görə keyfiyyət göstəriciləri yüksəlmiş, əvvəlki illərə nisbətən 2010-cu ildə tələbələr daha yüksək ballarla qəbul olunmuşlar.

Təhsil müəssisələrinin maliyyələşdirilməsi məsələsindən danışan və diqqəti son 5 ildə bu müəssisələrə ayrılan vəsaitlərin dinamikasını əks etdirən diaqrama yönəldən nazir dövlət tərəfindən ayrılan büdcə və ödənişdən əldə olunan vəsaitlərin ilbəil artmasına baxmayaraq, onların həcminin bu təhsil müəssisələrinin inkişafı üçün kifayət olmadığını bildirdi. 2010-cu ildə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə təmir üçün ayrılan vəsaiti misal gətirən nazir qeyd etdi ki, həmin vəsait ümumi büdcənin 1,7%-ni (cari təmir üçün 250000, əsaslı təmir üçün 299000 manat) təşkil edir ki, bu da zəruri təmir işlərinin aparılmasına kifayət etmir. Nazir bu vəziyyətdən çıxmaq üçün Təhsil Nazirliyi tərəfindən orta ixtisas təhsili müəssisələrinin cari və əsaslı təmirinə ayrılan ümumi vəsaitin kolleclərin hamısına deyil, ilk növbədə, təmirə zəruri ehtiyacı olanlara istiqamətləndirilməsinin qərara alındığını, bunun nəticəsi olaraq son illərdə bir sıra orta ixtisas məktəblərində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görüldüyünü söylədi.

Təhsil naziri məruzə-təqdimatında kolleclərin fəaliyyətinə mənfi təsir edən amillərə də toxunaraq bildirdi ki, kadr istehlakçılarını, investorları, biznes nümayəndələrini orta ixtisas təhsilinin inkişafına cəlb olunmasını stimullaşdıran mexanizm yoxdur. Bir çox hallarda işəgötürənlər mütəxəssislərin kompetensiyasına olan tələbatın müəyyənləşdirilməsində iştirak etmədiyindən kadr hazırlığının məzmununda lazımi çevik dəyişikliklər aparılmır. Bu istiqamətdə ciddi tədbirlər görülməli və elə bir mexanizm yaradılmalıdır ki, həmin kateqoriyadan olan fiziki və hüquqi şəxslər ixtisaslar üzrə dövlət standartlarının hazırlanmasında, ixtisas təsnifatının tərtib edilməsində, təhsil müəssisələrinin akkreditasiyasında, müasir avadanlıqlarla, İKT ilə təmin olunmasında, istehsalat təcrübəsinin təşkilində yaxından iştirak etsinlər.

Təhsil naziri diqqətə çatdırdı ki, qeyd olunanlarla yanaşı, orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilində, müəllim kadrlarının işə qəbulunda və onlar arasında dərs yükünün bölüşdürülməsi işində bir sıra nöqsanlar mövcuddur.

Bəzi təhsil müəssisələrində müəllimlərə öz ixtisaslarına uyğun olmayan fənlərin tədrisinin, digər müəllimlərə isə 7 və daha çox fənnin tədrisinin həvalə olunması halları mövcuddur.

Müəllimlərin işə qəbulunda da nöqsanlara yol verilmişdir. Bəzi orta ixtisas təhsili müəssisələrində xarici ölkələrin ali təhsil müəssisələrini bitirmiş şəxslərin diplomları nostrifikasiya olunmadan onlar işə qəbul olunmuşlar.

Bəzi kolleclərdə işçilərin şəxsi işlərinin aparılması, əmək kitabçalarının doldurulması, saxlanılması və qeydiyyatı barədə mövcud təlimata riayət olunmur. Müəllimlərin ixtisasartırmasında mövcud normativlərin tələbləri gözlənilmir. Bir sıra orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilində və normativ sənədlərin tələblərinin yerinə yetirilməsində də nöqsanlara yol verilir.

2003 və 2010-cu illərdə ayrı-ayrı ixtisaslar üzrə dövlət standartlarına müvafiq olaraq təhsilin məzmununda yeniləşmə aparılmasına baxmayaraq, bəzi orta ixtisas məktəblərində hələ də köhnəlmiş və Təhsil Nazirliyinin qrifi alınmamış fənn proqramlarından istifadə olunur.

Bütün  orta ixtisas təhsili müəssisələrində buraxılış imtahanlarında iştirak edən məzunların hamısı müsbət qiymət almaqla ixtisas dərəcəsi və diplom alırlar. Halbuki bu günədək aparılan akkreditasiyada orta ixtisas təhsili müəssisələrində sonuncu kurs tələbələri arasında keçirilmiş test yoxlamalarında müvəffəqiyyət faizinin 75-85% arasında olması qeydə alınmışdır. Belə hallar buraxılış dövlət imtahanlarının obyektiv keçirilməsinə şübhə yaradır. Buna oxşar vəziyyət imtahan sessiyaları zamanı da müşahidə olunur. Belə ki, 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə imtahan sessiyasında iştirak edənlərin (32304) arasında qeyri-müvəffəq qiymət alanların sayı (1682) 5,2 faiz olmuşdur.

Təhsil naziri orta ixtisas təhsili müəssisələrində istehsalat təcrübəsinin təşkili vəziyyətinə də toxundu və bir sıra orta ixtisas təhsili muəssisələrində təcrübələrin təşkilində nöqsanlara yol verildiyini söylədi.

Məruzə-təqdimatının sonunda iclas iştirakçılarını monitorinqin ümumi nəticələri ilə tanış edən təhsil naziri mövcud problem və nöqsanların aradan qaldırılması, orta ixtisas təhsili müəssisələrinin fəaliyyətində yüksək keyfiyyətə nail olunması üçün irəli sürülmüş təklifləri onların diqqətinə çatdırdı, orta ixtisas təhsili müəssisələrinin istilik sistemi ilə təchizatı, onların informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, təmirə ehtiyacı olan kolleclərin müəyyənləşdirilməsi, bu sahə üzrə dərs vəsaitlərinin hazırlanması və digər mühüm məsələlərlə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verdi.

Sonda müzakirə olunan məsələ barədə rəy və təkliflər dinlənildi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov