Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə
əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab
Kazımovadan aldığımız məlumata görə, fevralın
26-da alman dili fakültəsinin müəllimlərinin
təkmilləşmə seminarlarına start verilib.
Seminarları Almaniyanın Heydelberq
Universitetinin professoru Robert Şmitt-Brandt
aparır. "Xarici dilin tədrisinin ilkin
metodları", "Öyrənmə dəyişkənliyi", "Universal
öyrənmə (beyin mərkəzləri)", "İnsanlarda dilin
inkişafı", "Uşaqlarda dilin inkişafı prosesi
(ilkin dil bacarıqları)", "Yetkin insanlarda
dilin inkişafı (ikinci dil bacarıqları)",
"Xarici dilin tədrisinin müasir metodları",
"Tərcümə və tərcümə prosesi", "Standart dillər
və dialektlər", "Ölkəşünaslıq", "Dil və yazı" və
"Dil, ruh və mədəniyyət" mövzularını əhatə edən
alman dili müəllimlərinin təkmilləşmə
seminarları 12 həftə davam edəcək. Seminarlara
alman dili fakültəsinin 10 müəllimi qatılıb.
Alman dili fakültəsinin dekanı, dosent Ulduz
Aslanovanın da iştirak etdiyi ilk seminarda
Heydelberq Universitetinin professoru Robert
Şmitt-Brandt dünyada mövcud olan dil
ailələrindən, dillərin yaranma prosesindən,
inkişafından və xüsusiyyətlərindən danışdı.
Seminarın sonunda almaniyali professor
müəllimləri maraqlandıran sualları
cavablandırdı.
Onu da qeyd edək ki, Robert Şmitt-Brandt ADU-nun
alman dili fakültəsində əsas fənn müəllimi kimi
çalışacaq. Belə ki, professor IV kursda təhsil
alan tələbələrə əsas dil fənnindən bir semestr
ərzində dərs deyəcək.
Şakir CƏFƏROV |
|