Naxçıvan Muxtar Respublikasında misli görünməmiş
inkişaf, geniş vüsət alan tikinti-quruculuq
işləri buradakı yeganə dövlət ali təhsil ocağı
Naxçıvan Dövlət Universitetində də öz parlaq
təzahürünü tapmışdır. Dövlətin xüsusi qayğısı
ilə bir-birinin ardınca yeni tədris korpusları
tikilib istifadəyə verilmiş, ali məktəbin
maddi-texniki bazası gücləndirilmiş, ən müasir
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqində, təhsildə və tədrisdə yeniliklərin
mənimsənilməsində böyük uğurlar əldə edilmişdir.
Bu
günlərdə isə universitetdə tələbə yataqxanası,
qonaq evi və tələbə sosial xidmət mərkəzi
tikilib istifadəyə verilmişdir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
yeni obyektlərin açılışında iştirak etmişdir.
Ali Məclisin sədri açılış mərasimində çıxış
edərək Azərbaycanda ümummilli lider Heydər
Əliyevin təhsil siyasətinin uğurlu davamından,
ölkədə elmin, təhsilin inkişafı istiqamətində
aparılan çoxsaylı islahatlardan, muxtar
respublikada yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasından, elmi potensialın
formalaşmasından bəhs etmişdir. Ali Məclisin
sədri ümummilli lider Heydər Əliyevin təhsil
strategiyasının uğurlu davamının nəticəsi olaraq
Naxçıvan Dövlət Universitetinin ölkənin ali
məktəbləri sırasında ilk beşliyə daxil olmasını,
beynəlxalq nüfuzunun artmasını xüsusi
vurğulayaraq dünya təhsil sisteminə inteqrasiya
prosesində qazanılan uğurlardan danışmış, elmin,
təhsilin tərəqqisi istiqamətində dəyərli tövsiyə
və tapşırıqlar vermişdir.
Tələbələr adından Cənubi Koreya Respublikasının
vətəndaşı, Beynəlxalq əlaqələrin tarixi və
nəzəriyyəsi ixtisaslaşması üzrə magistraturanın
I kursunda təhsil alan Younq Myongga, memarlıq
ixtisası üzrə II kurs tələbəsi, nigeriyalı
Anthony Mokvunye, Banqladeş Respublikasından
olan, beynəlxalq münasibətlər ixtisası üzrə II
kurs tələbəsi Khairuz Zaman, hüquqşünaslıq
ixtisası üzrə II kurs tələbəsi Jalə İbrahimova
çıxış edərək təhsilin inkişafına göstərilən
dövlət qayğısı üçün ölkə başçısına və muxtar
respublika rəhbərliyinə minnətdarlıqlarını
bildirmişlər.
Universitetin
rektoru, akademik İsa Həbibbəyli çıxışında qeyd
etmişdir ki, muxtar respublikada elmin,
təhsilin inkişafına dövlət qayğısı, aparılan
islahatlar, müasir tədris korpuslarının inşası,
təhsil ocaqlarının ən müasir
informasiya-kommunikasiya texnologiyaları ilə
təmin olunması ümummilli lider Heydər Əliyev
ideyalarına dönməz sədaqət, onun siyasi kursunun
ardıcıl davamı, müasir inkişafın ən gözəl
modelidir. Rektor çoxsaylı universitet
kollektivinin Ali Məclisin sədrinə Naxçıvanda
təhsilin və tədrisin inkişafı istiqamətindəki
məqsədyönlü fəaliyyətinə görə dərin
minnətdarlığını ifadə etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov tələbə yataqxanasının yeni
binasının açılışını bildirən rəmzi lenti
kəsmişdir.
Qeyd edək ki, beşmərtəbəli tələbə yataqxanasında
əsaslı təmir və yenidənqurma işləri aparılmış,
yataqxananın 1977-ci ildə istifadəyə verilmiş
beşmərtəbəli korpusu fundamental şəkildə təmir
olunaraq müasir standartlar əsasında tamamilə
yenidən qurulmuş, əlavə olaraq ona bitişik
ikinci korpus da tikilmişdir. İnşasına 2010-cu
ilin mart ayından başlanan binanın tikintisini
"Gəmiqaya" Məhdud Məsuliyyətli Cəmiyyət
aparmışdır. Yataqxana 204 nəfər qız, 253 nəfər
oğlan üçün nəzərdə tutulmuşdur. Binanın zirzəmi
qatında memarlıq və mühəndislik fakültəsinin
tələbələri üçün laboratoriyalar, memarlıq və
rəssamlıq emalatxanası, tennis və şahmat
otaqları yaradılmışdır. Burada qazanxana,
hamam, camaşırxana, dərzi otağı və qəzet köşkü
də yerləşir. Birinci mərtəbədə komendant otağı,
Tələbə Şurası, yataqxana ozünüidarəetmə otağı,
tibb məntəqəsi, iaşə otağı, istirahət guşələri,
mühasibatlıq mövcuddur. Buradakı 2 elektron
lövhə otağı tələbələrin müasir
informasiya-kommunikasiya texnologiyalarından
istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Müasir
standartlara cavab verən 2, 3, 4 nəfərlik
otaqlarda yaşayış üçün lazımi şərait yaradılmış,
yataqxananın mətbəx və hamamı ən müasir məişət
avadanlıqları ilə təchiz olunmuşdur.
Ali
Məclisin sədri universitetin qonaq evinin və
Tələbə sosial xidmət mərkəzinin də
açılışlarında iştirak etmişdir. Ən müasir
otellər səviyyəsində tikilmiş qonaq evində
beynəlxalq əlaqələri gündən-günə inkişaf edən bu
ali təhsil ocağına xaricdən, xüsusilə də
Avropadan mütəxəssislərin cəlb olunması,
universitet ərazisində yaşayıb çalışmaları üçün
əvəzsiz şərait yaradılmışdır.
İstifadəyə verilən üçmərtəbəli Tələbə sosial
xidmət mərkəzi isə ölkədə analoqu olmayan, dünya
ali təhsil sistemi üçün örnək ola biləcək bir
mərkəzdir. Gündən-günə abadlaşan və böyüyən, 110
hektarlıq ərazini əhatə edən universitet
şəhərciyində çoxsaylı kollektivin, tələbələrin
sosial tələbatlarının, gündəlik məişət
qayğılarının ödənilməsi üçün bu mərkəz
əvəzolunmazdır. Binanın birinci mərtəbəsində
qazanxana, kafeteriya, bərbərxana, poçt,
əczaxana, foto, II mərtəbədə dəftərxana
məhsullarının, ali məktəb tələbələri üçün
nəzərdə tutulmuş vahid formaların satışı üçün
mağaza, satış-sərgi salonu, qadın gözəllik
salonu fəaliyyət göstərəcək. Binanın üçüncü
qatında isə müdiriyyət və mühasibatlıq üçün
inzibati otaqlar, kompüter zalı, yerli ərzaq
məhsullarının satışı üçün mağaza və anbar
yerləşir. Müasir memarlıq üslubunda tikilmiş,
rəngarəng ornamentlərlə bəzədilmiş yeni
obyektlər füsunkar gözəlliyi, qeyri-adı
arxitekturası ilə də göz oxşayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov universitetin
professor-müəllim heyətinin bir qrupu ilə
görüşmüş, yeni tədris korpusunun layihəsi ilə
maraqlanmış, Beynəxalq münasibətlər və xarici
dillər fakültəsində elektron lövhə quraşdırılmış
auditoriyalarda, "Beynəlxalq münasibətlər və
enerji siyasəti", "Diplomatiya" kabinetlərində
olmuşdur. Ali Məclisin sədri universitetdə
tədrisin və təhsilin inkişaf səviyyəsinin daha
da yüksəldilməsi məqsədilə tövsiyə və
tapşırıqlar vermişdir.
Mehriban SULTAN |
|