Fevralın
28-də Azərbaycan Dillər Universitetinin Heydər
Əliyev adına muzey-lektoriyasında universitetin
bir qrup tələbəsinin Böyük Britaniyanın Esseks
Universitetinə yola düşmələri ilə əlaqədar görüş
keçirildi. Əvvəlcə ADU-nun rektoru, millət
vəkili, professor Səməd Seyidov görüşdə iştirak
edən Böyük Britaniyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Karolin Braunu, British
Councilin rəhbəri Pol Klemensonu salamladı.
Rəhbərlik etdiyi ali təhsil ocağının xarici
əlaqələr sahəsində seçilən universitet olduğunu
diqqətə çatdıran rektor bir çox ölkələrlə
əlaqələrin gündən-günə artdığını bildirdi.
Bir çox ölkələrin dili ilə yanaşı, universitetdə
həmin ölkələrin mədəniyyətini də təbliğ
etdiklərini qeyd edən rektor S. Seyidov ADU-da
ən geniş tədris edilən dilin ingilis dili
olduğunu vurğuladı: "Biz tələbələrə ingilis
dilini öyrədərkən onlara həm də dünya
mədəniyyətini və demokratik dəyərləri də
aşılayırıq. Bu istiqamətdə işlərimizi yüksək
səviyyədə təşkil etmişik. Bununla yanaşı,
Azərbaycan təhsil sistemində Avropa ilə əlaqələr
qurmaq üçün də tələbələrimizi nüfuzlu Avropa
universitetlərinə göndərməyə çalışırıq". Böyük
Britaniya universitetlərinə daxil olub orada
təhsil almağın mürəkkəb proses olduğunu bildirən
natiq bunun üçün ya orada orta məktəbi bitirmək,
ya da xüsusi kurs keçməyin vacibliyindən
danışdı. Azərbaycan və Böyük Britaniya təhsil
sisteminin fərqli olduğunu nəzərə çatdıran
rektor S.Seyidov bu sistemləri uyğunlaşdırmaq
üçün bir müddət əvvəl fəaliyyətə başladıqlarını
da bildirdi.
Azərbaycan Respublikası Prezidentinin
azərbaycanlı tələbələrin xaricdə təhsil almağa
dair imzaladığı sərəncama diqqət çəkən rektor
S.Seyidov ADU ilə Esseks Universiteti arasında
əlaqələr yaratmaq üçün layihə hazırlandığını
dedi və bu layihəyə Azərbaycanın Təhsil
Nazirliyi tərəfindən dəstək verildiyini söylədi.
İki universitet arasında imzalanan müqaviləyə
görə, orada təhsil alan azərbaycanlı tələbələrin
ikili diploma sahib olacağını qeyd etdi. Rektor
həmçinin qeyd etdi ki, ADU-dakı proseslər
Azərbaycan təhsil sisteminin inkişafına dəstək
verir və dünyaya inteqrasiyada öz sözünü deyir.
S.Seyidov yaxın gələcəkdə digər nüfuzlu
universitetlərlə də analoji müqavilələrin
imzalanacağını diqqətə çatdırdı.
İki
universitet arasındakı əlaqələr haqqında
hazırlanan layihənin rəhbəri, 1 saylı İngilis
dili fakültəsinin dekanı, professor Əfqan
Abdullayev Esseks Universitetinin tarixi
haqqında görüş iştirakçılarına məlumat verdi.
İki universitet arasında əlaqələrdən də danışan
professor oraya təhsil almaq üçün göndəriləcək
tələbələri 1-ci semestrin nəticələrinə əsasən
seçdiklərini bildirdi. Qeyd edildi ki,
universitet tələbələri 2 il ADU-da təhsil
alandan sonra növbəti 2 ili Esseks
Universitetində oxuyacaqlar və ikili diploma
sahib olacaqlar.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin
Braun Azərbaycanın ali təhsil ocağı ilə Esseks
Universiteti arasında əlaqələrin ilk dəfə baş
tutduğunu və bundan məmnunluğunu dilə gətirdi.
Universitetlərin əməkdaşlığının Britaniya
hökumətinin təhsilin inkişafına ayırdığı maliyyə
hesabına baş tutduğunu vurğulayan səfir bu
əlaqələrin qurulmasındakı xidmətlərinə görə
rektor Səməd Seyidova, Beynəlxalq əlaqələr üzrə
prorektor Jalə Qəribovaya öz təşəkkürünü
bildirdi.
British Councilin rəhbəri Pol Klemenso təhsilini
Esseksdə davam etdirəcək tələbələrə uğurlar
arzulayaraq onları "xoşbəxt tələbələr"
adlandırdı. Əmin olduğunu bildirdi ki, iki
universitet arasında olan əməkdaşlıq
dövlətlərarası əlaqələrin bundan sonrakı
inkişafına təkan verəcək.
Görüşün sonunda rektor S.Seyidov bu layihəni
reallaşdıranlara minnətdarlıq etdi, tələbələrə
isə uğurlar arzulayaraq Azərbaycanın bayrağını
daha da yüksəyə qaldırmalarını dilədi.
Şakir CƏFƏROV |