Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Monitorinq və qiymətləndirmə

Beynəlxalq təcrübədə məktəb fəaliyyətinin dəyərləndirilməsi

 

Qiymətləndirmə təhsildə proqnozlaşdırmanın mühüm tərkib hissəsi olub sistemli məlumat toplama və məlumatların təhlili vasitəsi ilə təlim prosesinin dəyərləndirilməsinə və bu sahədə perspektivlərin müəyyənləşdirilməsinə imkan verən, təhsilin keyfiyyətini idarə edən sistemli prosesdir. Digər mühüm təhsil prosesi olan dəyərləndirmə qiymətləndirmənin tərkib hissəsini təşkil edir. Bu səbəbdən dəyərləndirmənin nəticələri qiymətləndirmə üçün əlverişli xammal hesab edilir.

Dəyərləndirmə fəaliyyətin keyfiyyət göstəricilərinin dəyəri haqqında fikir yürütməyə imkan verir. Belə ki, dəyərləndirmə fəaliyyətdə olan və ya başa çatmış hər hansı bir proqramın mümkün qədər sistemli və obyektiv təhlilini və ekspertizasını keçirmək, onun effektivliyini, məqsədəuyğunluğunu, həyatiliyini və qarşıya qoyulmuş məqsədlərin düzgünlüyünü müəyyən etmək üçün konsepsiyasını, icrasını və nəticələrini öyrənmək məqsədi daşıyan bir prosesdir. (M.Mərdanov, R.Ağamalıyev, A.Mehrabov,T.Qardaşov. "Təhsil sistemində monitorinq və qiymətləndirmə").

Dəyərləndirmə məktəbin bütün aspektlərini və bu aspektlərin şagird nailiyyətlərinə təsirini əhatə edir və şagird, müəllim, məktəb və ya bütünlükdə təhsil sistemi səviyyəsində aparıla bilər. Təcrübə göstərir ki, dəyərləndirmənin təhsil sistemi səviyyəsində aparılması gözlənilən nəticələri verməmişdir. Təhsil üzrə beynəlxalq ekspertlərin fikrinə görə, məktəb rəhbərliyinin, şagirdlərin, müəllimlərin fəaliyyətinin və ümumilikdə təhsil sisteminin keyfiyyətinin müəyyənləşdirilməsinə məhz məktəbdən başlamaq arzulanan səmərəni verə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, sistem səviyyəsində hansı işlərin görülməsindən asılı olmayaraq, əsl keyfiyyət səviyyəsi sinifdaxili prosesdən asılıdır. Məktəblər sistem komponentlərinin birləşdiyi, qarşılıqlı əlaqədə olduğu və öyrədən-öyrənən prosesinin keyfiyyətinin müəyyənləşdirildiyi məkandır. Yalnız məktəbdə keyfiyyətlə bağlı problemlərin əksəriyyətinə (müəllim və şagird davamiyyətinin aşağı olması, resurslardan tam istifadə edilməməsi, qeyri-qənaətbəxş müəllim hazırlığı və s.) nəzarət etmək mümkündür. Odur ki, müasir dövrdə məktəblər təhsil keyfiyyətinin müəyyənləşdirilməsində əsas komponent rolunu oynayırlar.

Məktəb fəaliyyətinin dəyərləndirilməsi prosesi üç məqsədə xidmət edir: 1) məlumatların toplanması və təhlil edilməsi vasitəsi ilə problemlərin müəyyənləşdirilməsi; 2) məktəb fəaliyyətinin qiymətləndirilməsi; 3) yeniliklər və dəyişikliklər üçün müvafiq təkliflərin verilməsi.

Dəyərləndirmə özündə üç mexanizmi ehtiva edir: xarici nəzarət, daxili nəzarət və ya özünüdəyərləndirmə və şagird nailiyyətlərinin qiymətləndirilməsi - imtahanlar.

Xarici nəzarət dünya ölkələrində müxtəlif şəkildə icra edilir və adətən ənənəvi nəzarət qurumları və ya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici nəzarət qurumlarının bariz nümunəsi 1980-ci illərin sonlarında Böyük Britaniya və Uelsdə yaradılan OFSTED - Təhsil Standartları İdarəsidir. OFSTED yalnız məktəb fəaliyyətinə nəzarəti deyil, həm də təhsilin auditini həyata keçirir. Audit məktəb vəsaitinin istifadəsinə nəzarəti, sinifdaxili müşahidələr əsasında təlimin keyfiyyətinin öyrənilməsini, müəllim-valideyn münasibətlərinin araşdırılmasını həyata keçirmək məqsədi ilə aparılır. Auditdən sonra məktəbə və ictimaiyyətə məktəbin fəaliyyəti haqqında geniş məruzə və tövsiyələr təqdim edilir. Qurumun əməkdaşlarına müəllimlər üzərində distant nəzarət səlahiyyəti verilir.

Dəyərləndirmənin ikinci vasitəsi məktəb fəaliyyətinin keyfiyyətinə daxili nəzarət - daxili dəyərləndirmədir. Daxili dəyərləndirmənin geniş yayılmış formalarından biri məktəblərin özünüdəyərləndirməsidir. Özünüdəyərləndirmə məktəb direktoru, direktor müavini və bir neçə müəllimin cəlb edilməsi ilə aparılır. Dəyərləndirmənin bu forması xarici nəzarətdən fərqli olaraq məktəb rəhbərliyinə və müəllimlərə məktəb fəaliyyəti keyfiyyətinin inkişafında daha real, aktiv və müstəqil rol oynamaq imkanı verir. Çünki bu zaman dəyərləndirmə məktəb fəaliyyətinin iştirakçıları-məktəb rəhbərliyi, müəllimlər, valideynlər üçün güzgü rolunu oynayır. Daxili dəyərləndirmə şagird, müəllim və məktəb rəhbərliyinin fəaliyyəti, məktəbdə kurikulumun tətbiqi, təlim-tərbiyə, şagird nailiyyətləri, aidiyyəti qurumlar və ya şəxslər tərəfindən şagirdlərə göstərilən dəstək kimi sahələri əhatə edir.

Daxili dəyərləndirmə bir neçə formada, məktəb rəhbərliyinin öz təklifi və ya nazirliyin tələbi əsasında məktəb heyətinin hər bir üzvünün öz fəaliyyətini müşahidə etməsi və ya məktəb rəhbərliyi tərəfindən bir layihə kimi həyata keçirilə bilər. Təcrübə göstərir ki, məktəblərin fəaliyyət istiqamətinin və xarakterinin kökündən dəyişilməsi üçün vacib məsələlərdən biri icbari xarici nəzarətin məktəb rəhbərliyinin fəaliyyəti dəyişmək niyyəti ilə üst-üstə düşməsidir. Bir çox ölkələrdə məktəblərdən fəaliyyət planlarını hazırlamaları da tələb olunur.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi dəyərləndirmənin üçüncü mexanizmi hesab olunur.

Məlumdur ki, təhsildə qiymətləndirmənin başlıca məqsədlərindən biri şagird nailiyyətləri haqqında məlumatların toplanmasıdır. Bu məlumatlar təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi ilə, maddi resursların düzgün bölüşdürülməsi ilə bağlı müvafiq qərarların qəbul edilməsində böyük rol oynayır.

Əksər ölkələrdə dəyərləndirmənin əsas komponentləri olan təhsil standartlarının və təhsilin keyfiyyətinin yaxşılaşdırılması prosesi məhz qiymətləndirmə vasitəsilə həyata keçirilir. Həm milli, həm beynəlxalq, həm də məktəbdaxili qiymətləndirmənin nəticələrindən məktəb fəaliyyətinin dəyərləndirilməsi məqsədi ilə istifadə edilməsi məqsədəuyğun hesab edilir. Çünki hər üç qiymətləndirmənin nəticələri məktəb fəaliyyəti haqqında mühakimə yürütməyə imkan verir. Məhz şagird nailiyyətlərinin nəticələri müəllimlərin, məktəb rəhbərlərinin, yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinin dəyərləndirilməsində indikator rolunu oynayır.

Dünya ölkələrinin əksəriyyətində qiymətləndirmə nəticələri reytinq cədvəlləri şəklində çap edilərək ictimaiyyətə çatdırılır. Beləliklə, hər bir valideyn övladının nailiyyəti ilə birgə onun təhsil aldığı məktəb haqqında da fikir yürütmək imkanı qazanır. Lakin təhsil üzrə beynəlxalq ekspertlərin fikrinə görə, qiymətləndirmə nəticələrinin valideynlərdən daha çox müəllimlərə çatdırılması vacibdir. İnkişaf etmiş təhsil sisteminə malik bir çox ölkələrdə imtahanları keçirən qurum və ya Təhsil Nazirliyinin müvafiq şöbəsinin fəaliyyətinə imtahanların keçirilməsi ilə bərabər qiymətləndirmə nəticələrinin təhlili, onların müəllimlərlə müzakirəsi və müəllimlərə lazımi tövsiyələrin verilməsi kimi məsələlər də daxildir.

Məktəb fəaliyyətini dəyərləndirmək məqsədi ilə şagird nailiyyətlərinin qiymətləndirilməsindən müxtəlif şəkildə istifadə etmək mümkündür. Məsələn, Argentinada hər yeni tədris ilinin əvvəlində hər bir məktəbə qiymətləndirmə nəticələri ilə bağlı geniş hesabat göndərilir. Hesabatda məktəb üzrə qiymətləndirmə nəticələrinə əsasən məktəbin ərazi üzrə tutduğu yer və fərdi qaydada hər bir şagirdin nəticələri öz əksini tapır. Şagird nəticələri fənn və test suallarına əsasən qruplaşdırılır. Bura nəticələrin yaxşılaşdırılması və nöqsanların aradan qaldırılması məqsədi ilə pedaqoji tövsiyələr də əlavə olunur. Fransada isə məktəblərə iki növ dəyərləndirmə nəticəsi göndərilir: real nəticələr və proqnozlaşdırılan nəticələr. Proqnozlaşdırılan nəticələrə məktəbin yerləşdiyi əraziyə, müəllim, şagird kontingentinə və məktəbin maddi-texniki bazasına uyğun olaraq gözlənilən nəticələr aiddir. ABŞ, Avstraliya, Çili təcrübələrinə nəzər saldıqda məlum olur ki, bu ölkələrdə dəyərləndirmənin nəticəsi olaraq nəticələrin yaxşılaşdırılmasına ehtiyacı olan məktəblərə maddi-texniki yardımla yanaşı, müəllimlər üçün pedaqoji seminar və treninqlərin, şagirdlər üçün isə əlavə məşğələlərin keçirilməsinin təşkili həyata keçirilir.

ABŞ-ın Tennesi ştatında dəyərləndirmədən sonra məktəblər üzrə məktəb rəhbərliklərinə və fənn müəllimlərinə dəyərləndirmə materiallarından necə istifadə edəcəkləri barədə təlimatlar verilir. Sonrakı mərhələlərdə hər bir məktəb rəhbərliyinə göndərilən hesabata əsasən hər sinfin zəif göstəricilərə malik şagirdlər qrupu müəyyənləşdirilir. Həmin şagirdlərin adlı siyahısı sinif rəhbərlərinə təqdim edilir və onlardan bu şagirdlər haqqında məlumat vermələri xahiş olunur. Bu məlumatlarda əsasən sosial-iqtisadi durumun aşağı olması, davamiyyətin aşağı olması, davranışda problemlər, məktəbə mənfi münasibət kimi psixoloji faktorlar öz əksini tapır. Daha sonra həmin çatışmazlıqlardan hansının daha çox məktəb tərəfindən təmin edilə biləcəyi müzakirə edilir.

Dəyərləndirmə məktəb rəhbərliyinin dövlət qarşısında daşıdığı maddi məsuliyyətə və məktəb fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına əsaslana bilər. Maddi məsuliyyət  dedikdə, məktəb üçün ayrılmış vəsaitin məktəb rəhbərliyi tərəfindən səmərəli istifadə edilməsinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Lakin tənqidçilər dəyərləndirmənin yalnız imtahanlara və ya vəsaitin istifadəsinə əsaslanmasının əleyhinə çıxış edirlər. Çünki bu cür dəyərləndirmənin məktəb rəhbərliyi və müəllim fəaliyyətinin daralmasına, həmçinin kurikulumun tətbiqinə mənfi təsir göstərdiyi hesab edilir. Bundan əlavə, belə dəyərləndirmə kifayət qədər maddi vəsaitə malik olmayan məktəblərin, kənd məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasına az təsir edir və ya heç təsir etmir. Ona görə də dəyərləndirmənin məktəb fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilməsi məqsədəuyğundur.

Dövrümüzdə təhsil idarəçilərini maraqlandıran əsas məsələlərdən biri budur: Şagirdlərin icbari təhsilə cəlb edilməsi onların müvafiq bilik, bacarıq, vərdiş və maraqları lazımi səviyyədə əldə etmələrinə imkan verirmi? Məktəb fəaliyyətinin keyfiyyəti bunu təmin edirmi?

Məktəb fəaliyyətinin keyfiyyəti dedikdə, nə nəzərdə tutulur? Ədəbiyyatda bu anlayışın müxtəlif təriflərinə rast gəlmək mümkündür. Yaxşı məktəb: a) savadlı müəllimlərin cəlb olunduğu və maddi-texniki baza ilə yaxşı təchiz olunmuş məktəbdir; b) nizam-intizamın yüksək səviyyədə olduğu və yaxşı müəllim-şagird münasibətlərinin mövcud olduğu məktəbdir; c) imtahan nəticələrinə görə ilkin sıraları tutan məktəblərdir. Hətta valideynlər də çox zaman "yaxşı məktəb" anlayışını məhz ən yaxşı imtahan nəticələrinə görə fərqlənən məktəblərə aid edirlər.

Əlbəttə, qiymətləndirmə nəticələri məktəb fəaliyyətinin səmərəliliyini göstərən vasitələrdən biridir. Lakin gəlin görək, öz fəaliyyətini sırf qiymətləndirmə nəticələrinə yönəldən məktəb həqiqətən yaxşı keyfiyyət göstəricilərinə malikdirmi?

Artıq qeyd etdiyimiz kimi, məktəb fəaliyyətinin keyfiyyətini dəyərləndirərkən yalnız imtahan nəticələrinə güvənmək düzgün deyil. Təlim prosesi müstəqil proses olmayıb, bir çox amillərin təsirinə məruz qalır. Bu amillər şagird nailiyyətlərinə təsir edir və məhz həmin amillərin də nəzərə alınması dəyərləndirmənin səmərəli olmasına şərait yaradır. Məktəb fəaliyyətinin  keyfiyyətinin dəyərləndirilməsində məktəbin insan və material resurslarını nəzərə almaq mütləqdir. Belə qənaətə gəlmək olar ki, keyfiyyətli məktəb o məktəbdir ki, orada şagirdlərin nəticələri, onların yaşayış şəraiti və sosial vəziyyətləri nəzərə alınmaqla, proqnozlaşdırıldığından yüksək olsun.

Beləliklə, məktəb fəaliyyətinin keyfiyyəti özündə üç bir-biri ilə əlaqəli səviyyəni ehtiva edir: maddi və insan resurslarının keyfiyyəti; idarəçilik və öyrədən-öyrənən münasibətinin keyfiyyəti; nəticələrin keyfiyyəti. Məsələ bundadır ki, biz heç də həmişə bu üç səviyyənin reallıqda bir-biri ilə necə əlaqədə olduğunu bilə bilmərik. Ancaq biz bilirik ki, bu faktorlardan birinin nəticələrə bilavasitə təsiri mövcuddur. Məsələn, şagirdin dərs vəsaitlərinin kəmiyyətcə çoxaldılması heç də onun imtahan nəticələrinin də yüksəlməsinə dəlalət etmir. Ona görə də təhsil keyfiyyətinin yüksəldilməsi üçün biz məhz hansı keyfiyyət faktorundan necə istifadə etməli olduğumuzu bilməliyik. Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, əsasən infrastruktura, texniki təchizata, müəllim hazırlığına vəsait qoyulmasına yönələn islahatlar təhsil keyfiyyətinə məhdud təsir göstərirlər.

Əlbəttə, texniki təchizatın zəif olduğu məktəbdə yaxşı nəticələrdən danışmaq real görünmür. Lakin bəzən iki eyni texniki bazaya malik məktəbin göstəricilərinin müxtəlif olduğunun şahidi oluruq. Hətta bəzən acınacaqlı şəraitə malik məktəbin şagirdləri daha yaxşı şəraitə malik məktəbin şagirdlərindən daha yüksək nəticələr göstərirlər. Odur ki, maddi vəsait göstəricilərə təsir göstərsə də, bu təsir digər amillərin, məsələn, insan amillərinin təsirlərinə nisbətən zəif hesab olunur. Təhsilin keyfiyyətinə təsir edən ən vacib amil məktəbdə müəllim-şagird, müəllim-müəllim, müəllim-valideyn münasibətlərinin səviyyəsidir. Təhsil keyfiyyəti üzrə islahatlarda əsas diqqəti insan faktoruna yönəltsələr daha real nəticələrə nail olmaq mümkündür.

Məktəb fəaliyyətinin dəyərləndirilməsini həyata keçirərkən aşağıdakı amillərə diqqət yetirmək vacibdir:

1.Müəllimin xarakteristikası: təhsili və pedaqoji hazırlığı, təcrübəsi, bacarıqları, yaşayış şəraiti, ictimaiyyətlə əlaqələri, işindən razılığı, motivasiyaları və s.

2.Pedoqoji proses: hər sinif üzrə şagirdlərin sayı, öyrədilən dərs proqramı, təlim dili, öyrənməyə sərf edilən vaxt və s.

3.Maddi vəziyyət: məktəb infrastrukturunun mövcudluğu və keyfiyyəti, sinif otaqları üçün müxtəlif avadanlıqlar, şagird vəsaitləri, müəllimlər üçün metodiki vəsaitlər və s.

4.Öyrənənlərin xarakteristikası: cinsi, yaşı, sağlamlıq vəziyyəti, sosial-iqtisadi vəziyyəti, sosial-mədəni vəziyyəti və s.

5.Valideynlərlə münasibət: Valideynlər uşaqların təhsilində müəllimlərin birbaşa partnyoru kimi çıxış edirlər. Odur ki, bu münasibət xüsusi diqqətə layiqdir. Həmin münasibətlər (1) müəllim-valideyn ünsiyyətinin; (2) valideynlərin məktəb fəaliyyətində nə dərəcədə rol oynadığının (maddi, pedaqoji və idarəçilik baxımından) müşahidə edilməsi ilə təhlil edilə bilər.

6.Rəhbərlik ilə əlaqələr: Həmin münasibətləri təhlil edərkən aşağıdakılara diqqət yetirmək lazımdır: (1) pedaqoji idarəçilik; (2) təlim-tərbiyə üzrə direktor müavinlərinin pedaqoji davranış və müəllimlərlə münasibətləri; (3) müəllim və direktor müavinlərinə təhsil idarəçiləri tərəfindən göstərilən dəstək; (4) müəllim və direktor müavinlərinin müxtəlif ictimai təşkilatlarla, QHT-lərlə və s. əlaqələri.

Müəllimlər yalnız təhsil vəsaitləri ilə təhsil istifadəçiləri arasında deyil, həmçinin sinif daxilində öyrədən-öyrənən fəaliyyətini həyata keçirən vasitəçilərdir. Müəllim fəaliyyətinin keyfiyyətini təhlil edərkən diqqət yetirməli olduğumuz ən mühüm məsələ müəllimlərin malik olduğu pedaqoji kompetensiyalardır. Bəzən müəllimlər ixtisas fənlərini yaxşı mənimsəmirlər. Bu onların fəaliyyətinə iki cür təsir göstərir: onlar öz ixtisas fənlərini lazımi səviyyədə keçə bilmir və ya həmin fənnin tədris metodologiyasının mənimsənilməsinə yetərincə vaxt sərf etmirlər. Buradan belə məlum olur ki, müəllim fəaliyyətinin keyfiyyəti müəllimin kompetensiyalarından daha çox motivasiyadan asılıdır. Çünki motivasiya kompetensiyaların nə dərəcədə istifadə olunduğunu müəyyənləşdirir.

Sinifdə aparılan müşahidələr daha effektiv pedaqoji prosesin xarakterik cəhətlərini müəyyənləşdirməyə imkan verir. Ən yaxşı pedaqoji proses struktur baxımından yaxşı təşkil olunmuş və aydın müəyyən edilmiş məqsədlərə malik olan tədris prosesidir. Bu proses zamanı müəllim: yaxşı davamiyyətə malik olmalı; iş planına malik olmalı və hər dərsə xüsusi hazırlaşmalı, aktiv öyrətmə stilinə malik olmalı, müntəzəm olaraq ev tapşırığı verməli və ən vacibi dərs zamanı şagirdlərlə fərdi surətdə qarşılıqlı əlaqə yaratmalı, müntəzəm olaraq şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməli və həmin qiymətləndirmə əsasında onlarla fərdi şəkildə əks-əlaqə yaratmalıdır.

Hər hansı bir məktəbin keyfiyyət dəyişikliklərini izləyərkən məktəb rəhbərliyinin fəaliyyətini də diqqətdən kənarda saxlamaq olmaz. Çünki təhsil müəssisəsinin səviyyəsi onun necə idarə olunması ilə sıx bağlıdır. Daha effektiv təlim prosesinə yiyələnmək üçün məktəb səviyyəsində uyğun idarəçilik və dəstək strukturlarının fəaliyyətinə nail olmaq lazımdır. İdarəçilik və dəstək strukturlarının köməyinə olan ehtiyac məktəb rəhbərliyinin, xüsusən də təlim-tərbiyə işləri üzrə direktor müavininin məktəbdə fəaliyyəti ilə bağlıdır. Məsələn, Hindistanın dəyərləndirmə aparılmış vilayətlərində məktəb rəhbərliyinin məktəb həyatında oynadığı rolun fərqi özünü dövlət və özəl məktəblər arasındakı nailiyyət fərqində göstərib.  Məlum olmuşdur ki, özəl məktəblərdə direktor müavinlərinin müəllimlərin fəaliyyətinə, yəni nizam-intizam qaydalarına əməl etmələrinə, iş planlarının olmasına və s. nəzarəti daha güclüdür. Dövlət məktəblərində vəziyyət eyni deyil. Onların əksəriyyətində direktor müavinlərinin öz funksiyalarını həyata keçirmək üçün yetərincə səlahiyyəti, həmçinin bacarığı yoxdur. Hindistanın əksər özəl məktəblərində direktor müavinlərinin özləri də Məktəb İdarəetmə Komitəsi tərəfindən həm dəstəkləndiyi, həm də idarə olunduğu halda, dövlət məktəblərində bu mexanizm yoxdur. Digər tərəfdən, klassik nəzarət strukturları o qədər köhnəlib ki, onlar müavinlərə məktəb idarəçiliyində yetərincə dəstək göstərə bilmirlər. Ona görə də təhsilin keyfiyyətində nəzərəçarpan irəliləyişlərə nail olmaq üçün nəzarət strukturlarının işləmə mexanizmlərini işləyib hazırlamaq, inspektorların, məktəb direktorlarının və direktor müavinlərinin yeni fəaliyyət funksiyalarını müəyyənləşdirmək məqsədəuyğun hesab edilir.

Təhsilin keyfiyyətinə bilavasitə təsiri olan digər bir amilə - müəllim-valideyn münasibətlərinə gəlincə, təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizdə, xüsusən də əyalətlərdə bu münasibətlər lazımi səviyyədə qurulmayıb. Çox vaxt valideynlər müəllimlər tərəfindən təhsil keyfiyyətinin yüksəldilməsi ilə bağlı fəaliyyətlərində əməkdaş kimi deyil, maneə kimi dəyərləndirilirlər. Halbuki müəllimlərin ailələrlə mütəmadi əlaqəsinin məktəb fəaliyyətinin standart xüsusiyyətinə çevrilməsi, ev tapşırıqları və imtahan nəticələrinin valideynlərə çatdırılmasının sistemli şəkildə həyata keçirilməsi, məktəb rəhbərliyinin valideynlərin öz övladlarının təhsilinin pedaqoji aspektlərində iştirak etməsi və ya ən azından buna maraq göstərməsinə nail olması müasir təhsil sisteminin tələblərindəndir.

Həm şagird, həm müəllim, həm də məktəb fəaliyyətinin inkişafını dəyərləndirməyə imkan verən ən obyektiv vasitə hansıdır?

Dəyərləndirmənin əlavə dəyər metodu üstün cəhətlərinə görə əksər qiymətləndirmə mütəxəssislərinin rəğbətini qazanaraq hazırda dünyanın qabaqcıl təhsil sisteminə malik bir çox ölkələrdə tətbiq edilməkdədir. Əlavə dəyərləndirmə daxili dəyərləndirmənin bir hissəsini təşkil edir və şagirdlərə fərdi yanaşmağa imkan verərək bir şagirdin nailiyyətinin onun keçmiş nailiyyətləri ilə müqayisəsinə şərait yaradır. Beləliklə, heç bir şagird nəzarətdən kənar qalmır. Bununla yanaşı, müəllim fəaliyyətinin də dəyərləndirilməsinə imkan yaranır. Əlavə dəyərləndirməyə əsasən müəyyən olunmuş müddət ərzində sinifdə baş verənləri müşahidə etmək mümkündür. Müasir dövrdə bu cür dəyərləndirmə məktəbin və ya müəllimin şagirdə təsirini müəyyən edə biləcək ən yaxşı vasitə hesab edilə bilər. Əlavə dəyərləndirmə şagird, sinif, müəllim, məktəb və ya şəhər (rayon) səviyyəsində aparıla bilər. Əlavə dəyər metodu xüsusi imtahan keçirməyi tələb etmir. Burada istənilən mərkəzləşdirilmiş imtahan nəticələrindən (həm normaya, həm də meyara əsaslanan testlər vasitəsi ilə) istifadə etmək mümkündür. Dəyərləndirmənin bu metodunu Təhsil Nazirliyinin müvafiq əməkdaşları, rayon (şəhər) RTŞ-lərinin müvafiq məktəb üzrə inspektorları və məktəb üzrə direktor müavinləri və müəllimlərdən ibarət işçi qrupu həyata keçirə bilər.

Əlavə dəyərləndirmə yalnız nailiyyətlərin inkişafını müəyyənləşdirmək üçün nəticələrin təhlilinin konsepsiyasını təqdim edir. Dünya ölkələri həmin konsepsiyanı müxtəlif statistik metodlardan istifadə etməklə müxtəlif cür həyata keçirirlər.

Əgər nəticələr haqqında məlumatlar kifayət qədər detallara xırdalanarsa, yaxşı və pis göstəricilər daha tez üzə çıxar və qərar verənlər daha etibarlı məlumatları əldə etmiş olarlar. Düzgün istifadə edilən əlavə dəyər metodu təhsildə yeni tədqiqatlar üçün dəyərli məlumatlar toplusunu təqdim edə bilər. Lakin  əlavə dəyərləndirmə məktəb fəaliyyətinin dəyərləndirilməsi üzrə tədqiqatın ilkin mərhələsidir. Digər mərhələlərdə dəyərləndirmə nəticələrindən yararlanaraq müəllimlərlə müvafiq metodiki işin aparılması həyata keçirilməlidir. Metodiki işin aparılması müvafiq rayon (şəhər) təhsil şöbəsinin metodisti və məktəb rəhbərliyinin birgə əməyi sayəsində mümkündür. Metodiki iş zamanı müəllimlər arasında təcrübə mübadiləsinə geniş yer verilməsini məqsədəuyğun hesab edirik.

Ümumiyyətlə, dəyərləndirmə tədqiqatçıları məktəb fəaliyyətindəki nöqsanların aradan qaldırılması üsullarını  təklif etmir, onların vəzifəsi yalnız həmin nöqsanların müəyyənləşdirilməsindən və lazımi tövsiyələrini təqdim etməkdən ibarətdir. Dəyərləndirilmə həyata keçirildikdən sonra mühüm vəzifə məktəb rəhbərliklərinin üzərinə düşür desək, yanılmarıq. Çünki məhz onlar əllərindəki dəyərli məlumatlardan istifadə edərək, təcrübə və biliklərinə əsasən fərdi fəaliyyət planlarını hazırlamalı, həmin plana əsasən növbəti tədris ilində həyata keçirəcəkləri tədbirləri müəyyənləşdirməlidirlər.

Dəyərləndirmənin müxtəlif növləri, modelləri, metodları mövcuddur. Lakin heç bir model özlüyündə mükəmməl deyil. Müxtəlif ölkələrdə təhsil idarəçiləri dəyərləndirməni özlərinə məxsus şəkildə, ölkənin təhsil sisteminin vəziyyətini, problemlərini, tələblərini nəzərə alaraq həyata keçirirlər. Bu səbəbdən hər bir ölkənin təhsil üzrə müvafiq rəhbər qurumu tərəfindən dəyərləndirmələri aparmaq məqsədi ilə müvafiq fəaliyyət planı, təlim strategiyası, işləmə mexanizmi hazırlanmalıdır.  

Səbinə HƏSƏNOVA,
Monitorinq və qiymətləndirmə şöbəsinin
aparıcı məsləhətçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov