Muğam bizim hamımıza ilham verən və eyni zamanda
hər birimizin ruhunu oxşayan ecazkar aləmdir. Bu
aləmin zənginliyi bizim hamımızın zənginliyi
deməkdir.
Mehriban ƏLİYEVA,
Heydər Əliyev Fondunun prezidenti
Azərbaycan xalqının ən qədim muğamlarından biri
də "Rast" muğamıdır. "Rast"ın etimoloji məna
çalarları barədə fikir yürüdənlərin demək olar
ki, böyük əksəriyyəti bu sözün ərəb və ya fars
mənşəli olduğunu sübut etməyə cəhd göstərmişlər.
Əslində bu sözün başqa dillərdə məna çalarlarını
axtarmağa ehtiyac yoxdur. Çünki "Rast" sözü ən
qədim Azərbaycan sözü olmaqla öz forma və
mənasını qorumağı bacaran, assimilyasiyaya
uğramayan, arxaikləşməyən və bütün zamanlar üçün
ümumişlək olaraq qalmış bir sözdür. Əgər
muğamlarımızın yaranışı eramızdan əvvəlki tarixə
aid edilirsə, deməli "Rast" sözünü də eramızdan
əvvəl mövcud olmuş və zamanımıza qədər gəlib
çatmış sözlər sırasına daxil etmək daha düzgün
olardı.
Doğrudan da "Rast" muğamı ona görə muğamların
anası hesab olunur ki, bütün muğamlar ondan
törəmişdir. Ən qədim tarixə malik olan "Rast"
muğamı Azərbaycanın bir çox regionlarında
müxtəlif formada ifa olunmuşdur.
Yazılı mənbələrdə XIX-XX əsrlərin muğam
arenalarında "Rast" muğamının ən azı 8-10, bəzən
16-18, bəzən də 19-22, hətta 30 şöbə və guşədən
ibarət ifa olunması göstərilir. Görkəmli musiqi
mədəniyyəti xadimi, muğam tədqiqatçısı,
professor Ramiz Zöhrabov XIX əsrdə üç regionda
ifa olunan "Rast" muğamının variantlarını təsnif
edərkən Bakı-Abşeron muğam məclislərində oxunan
"Rast"ın 15 (Maye Rast, Novruzi-Rəvəndə, Rast,
Üşşaq, Hüseyni, Vilayəti, Xocəstə, Xavərən,
Əraq, Pəncigah, Rak, Əmiri, Məsihi, Rast),
Şuşa-Qarabağ məclislərində oxunan "Rast"ın 18
(Rast, Pəncgah, Vilayəti, Mənsuriyyə,
Zəmin-Xarə, Rak-Hindi, Azərbaycan, Əraq,
Bayatı-Türk, Bayat-Qacar, Mavərənnəhr,
Balu-Kəbutər, Şahnaz, Əşiran, Zəngi-şütor,
Kərkuri, Rast), Şamaxı-Şirvan məclislərində
oxunan "Rast"ın isə 21 şöbə və guşədən (Rast,
Üşşaq, Mücrü, Hüseyni, Vilayəti, Siyahi-Ləşkər,
Məsihi, Dəhri, Xocəstə, Şikəsteyi-fars,
Rak-Hindi, Rak-Xosrovani, Şaqianamə, Əraq,
Təsnif-Qərai, Məsnəvi, Zəngi-şötor,
Nəğmeyi-Hindi, Mənəvi, Kabili, Rast) ibarət
olmasını göstərir. R.Zöhrabov "Rast" muğamının
XX əsr variantını təsnif edərkən isə
Ü.Hacıbəyovun imzası ilə təsdiq olunmuş proqrama
əsasən ifa olunan "Rast" (Rast, Üşşaq, Hüseyni,
Vilayəti, Məsihi, Dəhri, Xocəstə, Xavərən, İraq,
Pəncgah, Raki-Xorasani, Qərai, Rast), görkəmli
tarzən Əhməd Bakıxanovun müəllifi və redaktoru
olduğu proqrama uyğun ifa olunan "Rast"
(Bərdaşt, Mayə, Üşşaq, Hüseyni, Vilayəti,
Şikəsteyi-fars, İraq, Pəncgah, Qərai, Rasta
ayaq) və hazırda ifa olunan "Rast" (Bərdaşt,
Mayeyi-Rast, Üşşaq, Hüseyni, Vilayəti,
Şikəsteyi-fars, Əraq, Pəncigah, Rak, Qərai,
Rasta ayaq) muğamı da təsnif olunur.
Hazırda "Rast" aşağıdakı şöbə və guşələr olmaqla
dəstgah şəklində ifa olunur.
1. "Bərdaşt" (Rastın bərdaştı adətən "Rak" ilə
oxunmuşdur. Bəzən "Raki" deyilən bu muğam
avazatının "Raki-Hindi", "Raki-Əcəm",
"Raki-Xorasani", "Raki-Xosrovani" kimi
forma-növləri olmuşdur).
2. "Maye Rast" (pəsdən oxunan ən iri şöbədir).
3. "Üşşaq" ("aşiqlər" mənasını verir, guşədir).
4. "Hüseyni" (guşədir, Ə.Marağinin bir əsərində
adı çəkilir).
5. "Vilayəti" (şöbədir, adından məlum olduğu
kimi vilayətlərdə oxunduğu üçün belə
adlandırılıb. Bəzən "Dilkeş"lə birgə oxunur.
Bəzi müğənnilər "Dilkeş"dən sonra "Kürdü" oxuyub
sonra ayaq edirlər).
6. "Xocəstə" ("Xocəstə"yə "Şikəsteyi-fars" da
deyirlər).
7. "Əraq" (bir çox hallarda "İraq" kimi də
təqdim olunur).
8. "Pəncgah" (beşinci şöbə kimi nəzərdə
tutulur).
9. "Rak" (rak haqqında yuxarıda məlumat
verilib).
10 "Qərai" və "Rast"a ayaq.
Rastın "Hüseyni" guşəsi həcmcə kiçik olmasına
baxmayaraq, çox gözəl səslənir. "Hüseyn" sözünün
etimoloji mənası da elə "gözəl", "qəşəng"
deməkdir. "Hüsn" və "Eyn" söz birləşməsindən
yaranmışdır.
Görkəmli Azərbaycan şairi, musiqişünas və
mütəfəkkiri Seyid Əbdülqadir Maraği özünün
"Sinövbət" adlı əsərində Rastın bu şöbəsinin
adını çəkir və etimoloji mənasını izah edir.
Yazılı ədəbiyyatda "Rast" muğamı həmişə nəzəri
şəkildə şərh olunmuşdur. Biz isə ilk dəfə olaraq
"Rast" dəstgahının ifa tərzinə tamaşa edə-edə
aldığımız təəssüratların fonunda bu muğam
haqqında məlumat vermək istərdik.
2004-cü ildə Azərbaycan Respublikasının xalq
artisti Habil Əliyevin rəhbərliyilə ilk dəfə
olaraq müğənnilər qrupunun ifasında "Rast"
hazırlanaraq təqdim olunmuşdur. "Rast"ın bəzi
guşələri, bəzi şöbələrin ayaqları, təsnif və
mahnıların bəziləri ilk dəfə olaraq xorla, yəni
xanəndələr qrupunun xoru ilə ifa olunmuşdur. İfa
zamanı bir sıra qeyri-adilik də müşahidə olundu.
Belə ki, "Rast" muğamı dəramədlə başladı. "Rast"
"Dəramədi" səsləndi.
"Dəraməd" sona yetən kimi ifaçılar qrupunun
aparıcı müğənnisi Zahid Quliyev "Maye Rast"ın
debütündə təşnə ürəklərə sərin su çiləyirdi.
Adama elə gəlirdi ki, Zahid öz payına düşən
şöbəni oxuyandan sonra Sahib İbrahimov, Almaz
Orucova, Sevinc Sarıyeva, E.Hüseynov, Əsgər
Əhmədov da öz növbələrində müvafiq şöbələri,
guşə və avazatları oxuyacaqlar. Amma belə
olmadı. Sözün əsl mənasında möcüzəli "Rast"ın
möcüzəli təqdimatı hamı kimi mənim də könlümə
hakim kəsildi. Elə bu zaman füsunkar "Üşşaq"
başladı. Ömrümdə görmədiyim və eşitmədiyim
"Üşşaq"ın xorla ifası doğrudan da əsl möcüzə
idi. Klassik şeirin əruz vəznində "Üşşaq"ın
ritmik ahəngi 6 istedadlı müğənnimizin zərgər
dəqiqliyi ilə titanik bir tərzdə elə bir xoş
ovqat bəxş edən ahənglə səslənirdi. Özüm də
inana bilmədim ki, "Hüseyni" və "Ayaq"ın ifası
nə zaman başa çatdı. Bir də gördüm ki, artıq
yenə xorla "Vilayəti" təsnifi oxunur.
"Vilayəti"ni Bala Yaqub (Əsgər Əhmədovu hamı
belə çağırır) oxudu, özü də çox təmkinlə. O,
bəmdə şirin ləhcəsini qəzəlin beytlərindəki
fəlsəfi fikirlərin qovşağından yaranan bir
çələngə çevirdiyi məqamda Sevinc Sarıyevanın
səsi eşidildi. "Şəddi-Vilayəti"ni (Vilayətinin
zildən ifası) eşidənlər elə bil donub
qalmışdılar. "Dilkeş"i Sahib İbrahimov başladı.
Onun təmiz, məlahətli səsi, üzünün
cizgilərindəki ədəb-ərkan ifadələrində adama
daha tez çatırdı. "Dilkeş"i Almaz Orucova davam
etdirdi. Elə bu zaman dinləyiciləri tilsimli bir
dünyaya aparan kaman iniltisi eşidildi. Bu,
Habil Kaman idi. Sürəkli alqışdan sonra:
Nadan bu gözəl musiqinin sirrini bilməz,
Aqil olana daima sirdaşdı muğamat
beytilə qəzəl üstündə Sahiblə Almaz "Dilkeş"ə
rövnəq verdilər. "Dilkeş" sona yetirdi,
tamaşaçılar istəsələr də, istəməsələr də muğam
qatarı öz mənzilinə doğru gedirdi. Muğam qatarı
mənzilinə yaxınlaşa-yaxınlaşa daha şaqraq, daha
şux muğam nəğmələri tamaşaçıya nikbin ruh təlqin
edirdi. Muğam xorunun oxuduğu təsnif kimi:
Mən sənə aşiqəm, sən də ey gözəl,
İnsafa, mürvətə gələsən gərək...
Təsnifin şux ovqat bəxş eləyən bu sözlərinin
sonunda tamaşaçılar Sahibin, Almazın solo ifası
ilə yanaşı, onların duetinin də şahidi oldular.
Təsnifə muğam ifaçılarının xoru yekun vurdu.
Bütün bunlar isə "Rast"a daha orijinal-estetik
bir görkəm verirdi. "Kürdü"nü Zahid Quliyev
başladı.
Sonra "Zəmin-xarə"ni Azərbaycan musiqi
mədəniyyətinin salnaməsinə qızıl səhifə kimi
yazan Habil Kaman müşayiətə qoşularaq hamını
məsti-xumar elədi. Almazla Sevincin hərəyə bir
zəminxarə boğazı, Zahidin şaqraq zəminxarə
naləsi şöbəni daha da gözəlləşdirdi. Elə bu
zaman Bala Habil (bundan sonra mən Elnuru belə
adlandıracağam - F.S.) "Zəmin-xarə"ni
Habilsayağı əvəzləndirdi. Tamaşaçılar onu və
Habil Kamanı alqışladılar. Zahid Quliyev şöbəyə
yekun vuraraq "Rast"a ayaq etməklə öz məharətini
büruzə verdi.
Muğam xorunun oxuduğu təsnifin kadensiyasından
sonra Bala Yaqub (Əsgər Əhmədov)
"Şikəsteyi-fars"la dəstgahı davam etdirdi. Almaz
xanım şöbənin onun üçün ayrılan hissəsini Üzeyir
Hacıbəyov üslubunda səsləndirdi. Bütün şöbə və
guşələrin ifasında özünü yaxşı göstərən gənc
müğənni E.Hüseynov bu dəfə də "Şikəsteyi-fars"ın
ona məxsus olan hissəsini "Sərvi zülfün kimi heç
kəs pərişanlığı bilməz" mətləli qəzəl üstündə
oxuyarkən həm şöbənin lirik kontekstini qəzəlin
əruz vəznindəki ölçü və bölgülərinə ustalıqla
uyğunlaşdıra bildi, həm də şirin avazı ilə
tamaşaçıları razı saldı. Burada Bala Yaqubun
"Şikəsteyi-fars" üstündə Nəbatinin "Yoxdu-yox"
qəzəlinə müraciət edərək tamaşaçıların
rəğbətini qazanmasını xüsusi qeyd etmək
lazımdır. Tamaşaçılar "Şikəsteyi-fars"ın
sonluğunda Sevinc Sarıyevanın ecazkar səsindən
qopan Segah nəfəsini eşitdilər.
"Şikəsteyi-fars"ın Segah variasiyasının
müşayiətini Habil Kaman öz üzərinə götürdü və
"Habil Segahı"nın rişələri hamını məftun etdi.
Bu rişələrdən süzülən Segahın əntiq sirlərini
Hacı Mailin "Nə olar, yar məni bircə dəfə yad
eləsin" mətləli qəzəlinin poetik-fəlsəfi
mənasını yavaş-yavaş açmağa başladıq...
İfaçılar "Rast"ın zirvəsinə yüksəlirdilər. Bu
zirvədə muğam vokalçılarının və
instrumentalçılarının yarışı finala
yaxınlaşırdı. Xorun kodensiyasından sonra Zahid
"Əraq" başladı, Sahib davam etdirdi. Tar-kaman
yarışdı, tamaşaçılar bu yarışı alqışladılar.
Alqışlar altında Sahib özünəməxsus bir nəfəslə
tamaşaçıların diqqətini özünə cəlb etməyə cəhd
göstərdi. Lakin tar-kamanın "Zəngi-Şütor" (dəvə
zəngi deməkdir) sayağı duet yarışı yenidən
tamaşaçı alqışına səbəb oldu. Zirvə
yaxınlaşdıqca ifaçıların yarışı əsl rəqabət
təsəvvürü yaradırdı. Beləliklə, Rastın zirvəsinə
öz bayrağını sancan Zahid "Əraq"ı
yekunlaşdırmağı xatırladan gözəlliyi, estetik
ricəti ilə seçilən nəfəs edir, tar-kamanın cavab
gəzişmələri bitər-bitməz Sahib "Pəncgah"ı
zirvənin sonuncu pikinə yüksəldir və estafeti
Almaza ötürür, ondan təhvil alır və
tamaşaçıların daha sürəkli alqışını qazanır.
Alqışlar səngiyən kimi Sevincin tutyə kimi
dəyərli, ipək kimi təmiz səsi gəlir. "Rak" (buna
Raki-Xorasanı da deyilir), "Qərai" bir-birini
əvəz edir. Nəhayət, Zahid zirvədə Cabbarı,
Seyidi, Hacı Hüsünü, İslamı xatırladan nəfəsini
şaha qaldırır və alqışların müşayiəti ilə
"Rast"a ayaq verir.
Muğam xoru "Rast" muğamı tonikasının (mayəsinin)
"sol" səsinə birgə yetişirlər. "Rast" sona
yetir. Tamaşaçılar ayaq üstə "Rast"ı, onun
ifaçılarını da, müşayiətçi qrupu da, "Rast"ı
yeni bir cazibədar üslubda, qeyri-adi formada
hazırlayıb təqdim edən respublikamızın xalq
artisti, Prezident təqaüdçüsü Habil Əliyevi
sürəkli alqışladılar.
Hələ XII əsrdə Nizami Gəncəvi "Xəmsə"də "Rast"ı
birinci muğam hesab etmişdir. Xosrovun şərəfinə
təşkil edilmiş musiqi məclisində müğənni Nikisa
ilk muğam kimi "Rast" oxuyur. Nizami onu belə
şərh edir:
Nikisa, necə ki, demişdi Şirin,
Bir qəzəl oxudu, "Rast" üstə həmin.
Maraqlıdır ki, ikinci müğənni Barbəd isə
"Rast"ın "Üşşaq" guşəsini Xosrovun adından
oxuduğu bir qəzəllə ona cavab verir.
XIII əsrdə yaşamış böyük mütəfəkkirimiz Urməvi
də "Rast"ı birinci muğam adlandırır. Səfiyəddin
Urməvi (XIII əsr) "Rast"ın 33 şöbə və guşədən
ibarət olduğunu göstərmişdir.
Nizami, S.Urməvi, Əbdülqadir Marağayi, Üzeyir
Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Əhməd
Bakıxanov, Ramiz Zöhrabov, Kamil Əhmədovla bağlı
olan mənbələrə istinad etsək deməliyik ki,
"Rast" dəstgahında həm "Şikəsteyi-fars", həm də
"Xocəstə" vardır. "Şikəsteyi-fars" sözü
muğamlarımızın sırasına eramızın II-VII
əsrlərində daxil olmuşdur. "Fars şikəstəsi"
mənası verən bu sözün muğam ailəsinə daxil
olması təsadüfi deyil. Çünki bu sözə qədər muğam
ailəsində "Kəsmə şikəstə", "Şirvan şikəstəsi",
"Qarabağ şikəstəsi" həm ad kimi, həm də şöbə və
guşə kimi bu ailəyə mənsub idi.
"Şikəsteyi-fars"a qədər "Rast" dəstgahında
"Xocəstə"nin olması ehtimalı da istisna deyil.
"Rast" sözünün lüğəti mənasındakı "düzlük",
"doğruçuluq", "səadət" və "xoşbəxtlik" kimi məna
çalarları da deməyə əsas verir ki, "Rast"ın
bütün şöbə və guşələrinin məna çalarlarının
birinci məna çalarları ilə həmahəng səslənməsi
məntiqə uyğundur. Məsələn, deyək ki, "Üşşaq"
sözü əgər aşiqlərin-məşuqların, şəbu-hicran,
vüsal-dəmi mənasını verdiyindən "Üşşaq"ın ritmik
oynaq ahəngi ilə aşiq və məşuq vəsf olunmalıdır.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki,
"Şikəsteyi-fars"dan əvvəl "Xocəstə"nin mövcud
olması, sonrakı dövrlərdə onların həm müstəqil,
həm fərqli, həm də oxşar formada ifa olunmasını
da məqbul saymaq mümkünsə, şöbənin "Xocəstə"
adlandırılmasını da məqsədəuyğun hesab etmək
olar.
Qaldı ki, muğamların tarixi, onların adlarının
yozumu ilə bağlı bəzi tədqiqatçıların həm
tarixilə, həm də adlarının yozumu ilə bağlı
bütün faktları ərəb və fars folkloru,
etnoqrafiyası, məntiqi, əski astrologiyasına
tərəf dartmalarına, bunlarla qəti razılaşmaq
olmaz. Unutmamalıyıq ki, muğamlarımız təkcə zövq
mənbəyi deyil, onlar həm də Azərbaycan xalqı ilə
yanaşı bütün Şərq xalqlarının müxtəlif
ictimai-iqtisadi formasiyalar üçün səciyyəvi
olan həyati coğrafiyası, tarixi barədə
dinləyicidə zəngin təsəvvür yaradır. Götürək
elə "Rast"ın "Əraq" və vaxtilə oxunan
"Mavərənnəhr", "Kabulu" şöbələrini. Bildiyimiz
kimi, muğam ifaçılarımız da, muğam
tədqiqatçılarımız da "Əraq"a həm də "İraq"
deyirlər. Yadda saxlamalıyıq ki, muğamlarımızın
adında ifadə olunan Əraq da, İraq da, Şiraz da
(Bayatı Şiraz), İsfahan da (Bayatı-İsfahan),
Nişapur da, Nəhavənd də, Qatar da, Əcəm də
(Bayatı-Əcəm), Mavərənnəhr də, Dəşti də, Herat
da (Heyratı) ölkə, məmləkət, vilayət, şəhər,
vadi adlarıdır və vaxtilə azərbaycanlılar həmin
ünvanlarda yaşamış, işləmiş, fəaliyyət
göstərmiş, öz muğamlarından mənəvi qida kimi
bəhrələnmişlər. Nizami Gəncəvi "Xosrov və
Şirin"də "Rast"ın şöbələri içində "İraq"ın,
"Sazi-Novruz" və "Kini-Səyavuş"un adlarını
çəkir və onların hər birini müxtəlif tarixi
hadisələrlə vəhdətdə götürür. Nizamidəki
"Sazi-Novruz" bu gün bizə "Novruzi-rəvəndə" kimi
gəlib çatmışdır.
Nizami əgər bir tərəfdən muğamın dinləyicidə
məhəbbət və gözəllik hissləri ilə yanaşı
qoçaqlıq, igidlik, qəhrəmanlıq, qələbə əzmi (bu
gün bizə bu hisslər mənfur ermənilərə qalib
gəlmək üçün çox vacibdir - F.S.), mübarizlik
kimi hisslərin doğurmasını təlqin edirsə, ikinci
bir tərəfdən böyük şair Firdovsinin "Şahnamə"
əsərindəki Səyavuşla bağlı bir tarixi hadisəni
yada salır.
Göründüyü kimi, muğamlarımız, dəstgahlarımız
zövq mənbəyi olduğu kimi, nəinki Azərbaycanın
tarixi keçmişi ilə bağlı ən zəngin və çox nadir
informasiyalarla soydaşlarımızın dünyagörüşünü
formalaşdırır, hətta Şərq xalqlarının
ictimai-siyasi həyatında baş verən tarixi
hadisələrin üzə çıxarılıb müqayisəli şəkildə
araşdırılmasında, öyrənilməsində mühüm rol
oynayır...
Adıçəkilən muğam nümunələri "Mahur", "Orta
Mahur", "Mahur-Hindi" kimi "Rast" ailəsinə
daxildirlər. "Bayatı-Qacar", "Zəmin-Xarə",
"Azərbaycan", "Şah-Xətai", "Bayatı-Türk" də
"Rast" ladı əsasında nəşvi-nüma tapdıqları üçün
bu ailənin üzvləri hesab olunur.
Fərahim SADIQOV,
pedaqoji elmlər doktoru, professor |
|