Bakıdakı 151
nömrəli orta məktəbdə "Yeni fənn
kurikulumlarının tətbiqi, gələcək üçün təhsil"
mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Metodik Mərkəzinin rəhbərliyi və bir qrup
əməkdaşı, məktəb direktorları, müəllimlər və
digər qonaqlar iştirak edirdilər.
Konfransın
proqramına uyğun olaraq əvvəlcə "açıq dərs"lər
dinlənildi. Konfrans iştirakçıları qruplara
bölünərək məktəbin müəllimlərindən Namiq
Rüstəmovun VIII "b" sinfində Azərbaycan tarixi
fənnindən "Monqolların Azərbaycana yürüşü",
Sevda Xudiyevanın III "a" sinfində riyaziyyatdan
"Uzunluq ölçüləri: metr, kilometr", Kəmalə
Əliyevanın II "b" sinfində həyat bilgisindən
"Suyun təbiətdə dövranı", Alla Rzayevanın III
"c" sinfində həyat bilgisindən "Vətənimizin
təbiəti", Nigar Əliyevanın VII "b" sinfində
həndəsədən "Üçbucaqlının bucaqlarının cəmi",
Məlahət Abdullayevanın III "b" sinfində
Azərbaycan dilindən Nizami Gəncəvi, "Fitnə"
mövzularında apardıqları "açıq dərs"lərdə
iştirak etdilər. Birinci növbənin ikinci
dərsindən başlayaraq üç 45 dəqiqə ərzində bir
qrup seminar iştirakçısı ilə birlikdə biz də
müəllimlərdən Namiq Rüstəmovun, Sevda
Xudiyevanın və Məlahət Abdullayevanın
dərslərində olub müşahidələr apardıq.
Tarix müəllimi
N.Rüstəmov VIII "b" sinfində dediyi dərsin
mükəmməl planını tutmuş, dərsdə istifadə üçün
zəngin resurslar hazırlamışdı. Müəllim dərsin
təşkilatı hissəsində şagirdlərin davamiyyətini
elektron lövhə vasitəsi ilə yoxladı. Sonra ötən
mövzu üzrə iş apardı. Bu məqsədlə müəllim
əvvəlcə siniflə frontal sorğu təşkil etdi.
Şagirdlər elektron lövhə vasitəsi ilə nümayiş
olunan krossvordu cavablandırdılar. Elektron
lövhədə Azərbaycanın o dövrdəki xəritəsi əks
olundu. Monqolların Azərbaycana yürüşü haqqında
məlumat verildi və yürüşlər xəritədə ox
işarələri ilə göstərildi.
Sonra
şagirdlər elektron lövhədə MİMO cədvəli
üzərində işlədilər, müəllimin elektron formada
hazırladığı testlərə cavab verdilər və xəritə
üzərində iş apardılar. Yeni mövzunun izahı
zamanı da elektron vasitələrdən geniş istifadə
olundu. Mövzu üzrə şagirdlərə izahat müəllimin
hazırladığı video-qeydlər vasitəsi ilə verildi.
Ümumiyyətlə, dərs elektron tədris vəsaitlərinin
geniş tətbiqi ilə aparıldı. Yeni mövzunun
möhkəmləndirilməsi də MİMO cədvəli vasitəsi ilə
canlı testlərlə həyata keçirldi. Çox maraqlı
keçən dərsdə motivasiyanın yaradılması,
şagirdlərin dərslik üzrə işi və müstəqil
tədqiqatlar aparmaları, dərsdə iştirakları
nəzərə alınmaqla qiymətləndirilmələri də müəllim
tərəfindən üstalıqla təşkil olundu. Sinifdə
işgüzar mühit var idi. Şagirdlər dərsin gedişini
maraqla izləyir, verilən tapşırıqlar üzərində
həvəslə çalışırdılar.
Müəllim Sevda
Xudiyevanın III "a" sinfində riyaziyyatdan
apardığı "açıq dərs" də seminar iştirakçılarında
maraq doğurdu. Müəllim motivasiya yaratmaq üçün
şagirdlərə işğal olunmuş rayonlarımız, onların
arasındakı məsafə, bu məsafələrin nə ilə
ölçülməsi və s. kimi suallar verərək aldığı
cavablarla yeni mövzuya keçid etdi və uzunluq
ölçüləri, onun vahidləri haqqında məlumat verdi.
Sonra ölçüləri müxtəlif olan cismlərin
müqayisəsi aparıldı. Daha böyük və daha kiçik
məsafələrin ölçülməsi üçün istifadə olunan
uzunluq vahidləri ilə bağlı müstəqil iş verildi,
müxtəlif ölçü vahidlərinin bir-birinə
münasibəti, bir ölçü vahidinin digəri ilə
ifadəsi və s. üzərində misallar həll olundu.
"Açıq
dərs"lərin ən maraqlılarından biri Məlahət
Abdullayevanın Azərbaycan dilindən keçdiyi dərs
oldu. Əslində onu dərs-tamaşa da adlandırmaq
olardı. Çünki dərsboyu mövzunun - Nizami
Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri
əsasında yazılmış "Fitnə" hekayə-mətninin
öyrənilməsi gedişində şagirdlər Fitnənin Bəhram
şahla görüşməsini, onun Bəhram şahın məharətini
vərdiş adlandırmasını, bu sözə görə şahın ona
qəzəblənib vəzirinə öldürməyi tapşırmasını,
Fitnənin kiçik buzovu öküz olana qədər hər gün
tikdirdiyi sarayın pilləkənləri ilə çiynində
qaldırmasını, nəhayət günlərin birində bu
vərdişini şaha nümayiş etdirməsini əks etdirən
çoxlu səhnəcik nümayiş olundu. Müəllim ekran
vasitəsi ilə şagirdlərə Nizaminin şəklini,
məqbərəsindən fotogörüntülər nümayiş etdirdi,
yaradıcılığı haqqında qısa məlumat verdi.
Sonra
dinlənilmiş dərslərin müzakirəsi keçirildi.
Tədbiri
məktəbin direktoru Kifayət Tanrıverdiyeva açıb
tədris ocağında kurikulumların tətbiqi ilə bağlı
görülmüş işlər haqqında məlumat verdi, bu sahədə
vəziyyətlə tanış olmaq, müəllimlərin hansı
problemlərlə üzləşdiyini müəyyənləşdirmək üçün
məktəbdə tez-tez "açıq dərs"lər, qarşılıqlı
dərsdinləmələrin təşkil olunduğunu bildirdi.
Müzakirələrdə
çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Metodik Mərkəzinin direktoru Vahid Qurbanov,
onun müavini Sitarə Məmmədova, mərkəzin
Nəsimi-Binəqədi bölməsinin müdiri Həvva
Əsgərova, məktəb direktorları dinlədikləri
dərslərin kurikulumun tələblərinə uyğun
keçdiyini, müəllimlərin dərslərə geniş hazırlıq
işləri apardıqlarını, müasir təlim
metodlarından, resurslardan gen-bol və
yerli-yerində istifadə etdiklərini vurğuladılar,
məktəbdə bu sahədə aparılan işləri yüksək
qiymətləndirib müəllimlərə bəzi tövsiyə və
məsləhətlərini verdilər.
Yusif ƏLİYEV |