Bu
günlərdə gələcək dəmiryolçular üçün yeni dərs
vəsaiti - "Hərəkət tərkibinin avtomatik
əyləcləri" işıq üzü görüb. Kitabın müəllifləri
Azərbaycan Texniki Universitetinin professoru,
texnika elmləri doktoru Səyavuş Bağırov və
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin sədr müavini, respublikanın əməkdar
mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru,
dosent Qurban Nəzirovdur.
İlk öncə qeyd
edək ki, kitab ali təhsilin bakalavr pilləsi
üçün nəzərdə tutulub.
Dərsliyin elmi
redaktoru texnika elmləri doktoru, professor
Havar Məmmədov, rəyçilər "Azərbaycan Dəmir
Yolları" QSC Yük daşımaları Departamentinin
lokomotiv şöbəsinin rəisi A. Qasımov və texnika
elmləri doktoru, professor H.Əhmədovdur.
Dərslikdə
hərəkət tərkibinin təhlükəsizliyini təmin edən
əyləclərin təsnifatı, onların avadanlıqlarının
konstruktiv xüsusiyyətləri, iş prinsipləri,
əyləc sistemlərinin kompressor aqreqatları,
təzyiq tənzimləyiciləri, idarəetmə sistemləri və
havapaylayıcılar şərh edilmişdir. Kitabdakı
zəngin materiallar imkan verir ki, "Azərbaycan
Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
müxtəlif xidmət sahələrinin mütəxəssisləri və
dəmiryolu nəqliyyatı ixtisası üzrə təhsil alan
tələbələr ondan dərs vəsaiti kimi dolğun
istifadə edə bilsin.
Eyni zamanda
dərslikdə əyləc avadanlıqlarının konstruktiv
rəngli görüntüləri tələbələrə bu avadanlıqların
iş prinsipini daha asan dərk etmək imkanı
yaradır. Qeyd edək ki, hərəkət tərkibinin normal
istismarı üçün əyləc sisteminin keyfiyyətli
təmirini və xidmətini yerinə yetirən yüksək
səviyyədə ixtisaslaşmış mütəxəssislərə böyük
ehtiyac var.
"Elm və
təhsil" nəşriyyatında nəfis tərtibatla çap
olunan kitab Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 06 iyul 2010-cu il tarixli 1005
saylı əmri ilə dərs vəsaiti kimi təsdiq
edilmişdir.
Vasif SÜLEYMAN |