Azərbaycanda
"Həmkara dəstək" proqramı çərçivəsində
müəllimlər üçün 1-5 mart tarixlərində beynəlxalq
ekspert Les Foltos tərəfindən təlimlər
keçirilir. "Mədəd" təşkilatının icraçı
direktoru Elbrus Zərbaliyevdən aldığımız
məlumata görə, Les Foltos "Həmkara dəstək"
proqramının müəllifi olduğundan təlimlərin
yüksək səviyyədə keçirilməsi gözlənilir.
Microsoft
korporasiyasının təşəbbüsü olan, dünyanın bir
sıra ölkəsində təbliğ edilən və müəllimlər üçün
nəzərdə tutulmuş "Həmkara dəstək" proqramı
Azərbaycanda "Mədəd" və "Microsoft Azərbaycan"
təşkilatlarının təşəbbüsü və maliyyə dəstəyi ilə
həyata keçirilir.
E.Zərbaliyev
qeyd etdi ki, ölkəmizin bu proqramda iştirakı
"Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı
(2008-2012-ci illər)"na uyğun olaraq Təhsil
Nazirliyinin "Microsoft Azərbaycan" ilə
imzalanmış "Təhsildə əməkdaşlıq" Anlaşma
Memorandumu çərçivəsində başlanmışdır. Artıq
"Həmkara dəstək" proqramının tədris materialları
Azərbaycan dilinə tərcümə edilmiş və layihədə
iştirak etmək üçün seçilmiş müəllimlərə hazırlıq
üçün paylanmışdır.
"Həmkara
dəstək" proqramı məktəblərdə fəal müəllimlərin
təlimçi rolunun yerinə yetirilməsinə və
həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni
bilik və bacarıqlarının daha da
təkmilləşdirilməsinə yönəlmişdir. Proqram
çərçivəsində fəaliyyət göstərən
təlimçi-müəllimlər məktəblərdə çalışan digər
müəllimlərə informasiya və kommunikasiya
texnologiyalarının tədrisdə istifadəsi üzrə
praktiki məsləhətlər verəcəkdir. Hər bir
məktəbdə belə təlimçi-müəllimin olması pedaqoji
heyətə tədrisdə İKT-nin istifadəsini
asanlaşdıracaqdır. Təlimçi-müəllimlərin seçimi
zamanı təhsil müəssisələrində fəaliyyət göstərən
metodistlərə üstünlük veriləcəkdir. Belə ki,
metodistlərin həm tədris etdikləri fənn üzrə,
həm də informasiya texnologiyalarının tədrisdə
istifadəsi üzrə praktik məsləhətləri tədrisin
keyfiyyətinin artmasına səbəb olacaqdır.
Proqramda
iştirak etmək üçün informasiya-kommunikasiya
texnologiyalarını tədrisdə daha effektiv tətbiq
edən metodist-müəllimlər və təcrübəli müəllimlər
cəlb olunmuşdur. |