Elm və texnikanın sürətlə inkişaf etdiyi,
tələbatın dəyişdiyi informasiya əsri, bütün
sahələrdə olduğu kimi təhsil sahəsində də əsaslı
dəyişikliklərin aparılmasını tələb edir. Bu
məqsədlə təhsil sahəsində bir sıra islahatlar
həyata keçirilir ki, belə mühüm işlərdən biri də
dərsliklərin dövlətin, cəmiyyətin tələblərinə
uyğun olaraq yüksək səviyyədə tərtibi, nəşr
edilməsi və şagirdlərin istifadəsi üçün vaxtında
yerlərə çatdırılmasıdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi dərslik
hazırlığı prosesini hər zaman diqqət mərkəzində
saxlayır. Bu məqsədlə artıq bir neçə ildir
ümumtəhsil məktəbləri üçün yazılan dərsliklərin
qəbulu tender əsasında aparılır.
Nazirliyin Dərslik və nəşriyyat şöbəsi yeni
dərsliklərin hazırlanması, onların seçimi zamanı
obyektivliyin təmin edilməsi və şagirdlərin
istifadəsinə layiqli dərsliklərin verilməsi ilə
bağlı öhdəsinə düşən bütün işləri şərəflə yerinə
yetirməyə çalışır. Görülən işlərdən biri də
tender prosesində dərsliklərin
qiymətləndirilməsi məqsədilə ekspert
komissiyasının yaradılması və onun tərkibinə
yüksək səviyyəli peşəkar müəllimlərin daxil
edilməsindən ibarətdir. Ekspertlərin
qiymətləndirmə bacarığının daha da artırılması
və təkmilləşdirilməsi məsələlərinə şöbə dərin
həssaslıqla yanaşır. Belə ki, bu sahədə qardaş
Türkiyə Respublikasının zəngin təcrübəsinin
öyrənilməsi artıq bir ənənə halını almışdır.
Bu işin davamı olaraq 13-19 fevral 2011-ci il
tarixində 16 nəfərdən ibarət işçi qrupu Türkiyə
Respublikası Təhsil Nazirliyi Təlim-Tərbiyə
Kuruluna ezam olunmuşdur. Qrupun tərkibinə Faiq
Şahbazlı (Dərslik və nəşriyyat şöbəsinin müdiri),
Elmir Həsənov (Təhsil Nazirliyi hüquq sektorunun
müdiri), Oqtay Alxasov (Dərslikləri
Qiymətləndirmə Şurasının sədr müavini), Vüsalə
Həsənova (Dərslik və nəşriyyat şöbəsinin aparıcı
məsləhətçisi), ayrı-ayrı məktəblərin qabaqcıl və
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 12
nəfər müəllim daxil edilmişdi.
İşçi qrupumuz Təhsil Nazirliyi və Təlim-Tərbiyə
Kurulu əməkdaşları tərəfindən mehribanlıqla
qarşılanmışdır. Bütün xərcləri öz üzərinə
götürən Türkiyə Təhsil Nazirliyi səmərəli
fəaliyyətimiz üçün bütün tədbirləri görmüşdür.
Səfərimiz Atatürkün məzarını ziyarətlə başladı
və Türkiyə müstəqillik tarixinə virtual
ekskursiya edildi.
Təlim-Tərbiyə Kurulundakı ilk günümüzdə işçi
qrupu üzvlərinin ixtisaslarına uyğun
qiymətləndirmə komissiyalarına ("Türkcə", "Riyaziyyat",
"Həyat bilgisi", "Coğrafiya", "Tarix", "Ədəbiyyat",
"Biologiya", "İngilis dili") bölgüsü aparıldı və
dərhal işə başlanıldı. Son dərəcə maraqlı,
məhsuldar, yeniliklərlə dolu və olduqca işgüzar
keçən hər günümüz müvafiq qiymətləndirmə
komissiyalarında çalışma ilə başlayır və
gündəlik fəaliyyətin müzakirəsi ilə başa
çatdırılırdı. Müzakirələr zamanı aktivlik
nümayiş etdirən qrup üzvləri dərslikləri
qiymətləndirmə prosesinin bütün incəliklərini
öyrənməyə çalışır və böyük həvəslə fikir
mübadiləsi aparırdılar.
Onu da qeyd edim ki, bizim arzumuzla Azərbaycan
Respublikası ümumtəhsil məktəblərinin III
sinifləri üçün hazırlanmış "Azərbaycan dili", "Riyaziyyat",
"İnformatika", "İngilis dili", "Texnologiya"
dərslik komplektləri də qiymətləndirilmə
obyektinə çevrilmiş və böyük marağa səbəb
olmuşdur. Komissiyanın təqdim edilən dərslik
komplektləri haqqında müsbət fikirdə olması
sevindirici hallardan biridir.
Həmçinin məktəblərdə dərsliklərin tətbiqi
məsələləri ilə bağlı Metin Emiroğlu adına
məktəbdə müəllimlərlə görüş olmuş, keçilən
dərslər dinlənilmiş və "dəyirmi masa" zamanı
təcrübə mübadiləsi aparılmışdır. Türk
müəllimləri böyük həvəslə onları maraqlandıran
suallarla qrup üzvlərinə müraciət edirdilər. "Ən
yaxşı müəllim" müsabiqəsini bəyəndiklərini və
belə bir müsabiqənin onlarda da keçirilməsi
arzusunda olduqlarını qeyd edən Türkiyə
müəllimləri Azərbaycan təcrübəsini öyrənmək
istədiklərini də bildirdilər.
Kurulda keçirdiyimiz son gündə, həftə müddətində
görülən işlər yekunlaşdırılmış və işçi qrupunun
hər bir üzvünə sertifikat təqdim edilmişdir.
Ümumiyyətlə, səfər müddətində işçi qrupu böyük
fəallıq nümayiş etdirmişdir. Yalnız
qiymətləndirmə təcrübəsini öyrənməklə
kifayətlənməyən qrup üzvləri nəşriyyat
nümayəndələri ilə görüşmüş, dərsliklərin
elektron disk variantları ilə də tanış olmuşlar.
Əminik ki, əldə edilən bacarıq, təcrübə çətin və
məsuliyyətli olduğu qədər də şərəfli olan qalib
dərslik seçimində bizə çox yardımçı olacaq,
nəticədə şagirdlərimizə layiqli dərsliklər
verəcəyik.
Vüsalə HƏSƏNOVA,
Dərslik və nəşriyyat şöbəsinin aparıcı
məsləhətçisi |