Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Azərbaycanda distant təhsil olsun, yoxsa olmasın?

 

Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Son vaxtlar təhsil  ictimaiyyəti  qiyabi  təhsilin distant  formada  aparılması, bu sistemin yaradılmasına nə  qədər vaxt lazım olması  barədə müzakirələr aparır. Məqalədə  məqsəd  ölkədə distant  təhsilin yaranması  və inkişafı, universitetlərdə distant təhsilin təşəkkülü barədə fikirlərimizi bölüşməkdir.

Dünyada  gedən qlobal  proseslər,  biliyə  əsaslanan iqtisadiyyatın sürətli   inkişafı keyfiyyətli   insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə saxlamağı tələb edir. Təhsilin   modernləşdirilməsi zərurəti, respublikanın regionda  İKT sahəsində  lider  dövlət olmaq məqsədləri  üçün   bu  gün  ölkədə virtual təhsil sistemini  inkişaf   etdirmək  zəruridir.  Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin təhsil  sistemi  qarşısında qoyduğu mühüm tələblərdən biri  - "...Azərbaycanda virtual dərslər   keçirilməlidir"  kimi  müəyyən edilmişdir.  Bu  tələb milli   təhsil sisteminin perspektiv inkişaf vektorunu  müəyyən  edir. Bu  səbəbdən bütün strateji təhsil  sənədlərində   respublikada vurtual təhsilin, distant təhsilin  (DT) yaradılması və inkişafı xüsusi  qeyd  edilmişdir.  

DT texnologiyalarının tətbiqi bu  gün dünyada geniş vüsət almaqdadır. Bu sahənin inkişafı milli təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblər səviyyəsinə qaldırılması, qlobal  informasiya təhsil məkanına inteqrasiya edilməsi baxımından da  əhəmiyyətlidir.

DT informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşmanın tələbidir.

İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları artıq  DT sisteminə inteqrasiya olunmuş, vahid  milli informasiya-təhsil məkanı yaranmışdır.  Bu gün dünyada on milyonlarla  insan DT  texnologiyaları əsasında sistematik təhsil alır.  DT  auditoriyalara  sığmayan,   sərhədsiz, transmilli  təhsil texnologiyasıdır. Təhsil yönümlü beynəlxalq təşkilatların, cəmiyyətlərin, o cümlədən  YUNESKO-nun  təhsil  siyasətinin  mühüm  istiqamətlərindən  biri  DT  sisteminin inkişafıdır.  YUNESKO  artıq  qlobal şəbəkə universiteti  yaratmışdır.  MDB  səviyyəsində  isə  20  universitetin iştirakı  ilə  "Universitetlərin  şəbəkə  işbirliyi (əlaqələri)" adlı  layihə   reallaşır.  Layihənin   məqsədi MDB  ərazisində   DT texnologiyaları  əsasında   ali  təhsilin inkişafını  dəstəkləməkdir.   Layihə   çərçivəsində   bu  ilin  əvvəlində  YUNESKO-nun dəstəyi  ilə "İnnovativ  iqtisadiyyatın kadr  təminatı  üçün universitetlərin şəbəkə  əlaqələri"  adlı  beynəlxalq  konfrans  təşkil  edilmişdir. Bu  gün  DT-nin  yaradılması kütləvi və əlçatan ali  təhsili  formalaşdırmaqla bərabər, iqtisadiyyatın kadr  təminatı problemlərini  operativ  həll  edir, ölkənin qlobal  səviyyədə  müsbət  imicinin  formalaşmasına dəstək verir.

Bu gün dünyada  təhsil  böyük  bir  biznesdir. DT beynəlxalq təhsil xidməti bazarında  təhsilin ixracının mühüm vasitəsi  və  texnologiyasıdır. ABŞ hər il DT texnologiyaları əsasında təhsil ixracından 7 milyard dollar, Avstraliya 3 milyard dollar mənfəət götürür. Qlobal məkanda DT bu gün elə bir  templə inkişaf edir ki, proqnozlara görə, 2015-ci ildə dünya universitetlərinin 80%-i   bu  texnologiya əsasında təhsil verəcəklər. 

DT-təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir. 

İnformasiya-təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir.

DT tələbə  və  müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm  dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır.  DT-nin əsas texnologiyaları aşağıdakılardır:

- Keys texnologiyası. Tədris-metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi "keys" formasında komplektləşdirilir, müstəqil mənimsənilmə  üçün tələbələrə göndərilir. Tələbə ilə    məsləhətçi-müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır.

- TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.

- Şəbəkə texnologiyası. Tələbələri  tədris-metodik materiallarla təmin etmək, həmçinin tələbə  və müəllim arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən  istifadə edilir. Şəbəkə texnologiyasında  lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir.   Bu  halda distant dialoq İnternet resursları vasitəsi  ilə həyata keçirilir. Təlim ünsiyyətinin əsasını DT kursu şəklində tərtib edilmiş elektron  tədris  vasitələri təşkil edir.

Beynəlxalq təhsil məkanında belə bir vəziyyət müşahidə olunur: hansı ölkələrdə təhsilin ümumi səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi ya ümumən olmur, ya  da çox  zəif inkişaf edir. Çünki virtual təhsil real təhsil üzərində qurulur, inkişaf  edir, təhsilin  məzmunu   hər  iki  halda  eyni  kriteriya  ilə - milli təhsil  standartları ilə  müəyyən  edilir.  Əgər  universitetin professor-müəllim heyəti  keyfiyyətcə  müasir  tələblərə cavab  vermirsə (bu vəziyyət  əsasən  professor-müəllim heyətinə  az  məvacib  verilən  ölkələrdə  müşahidə  edilir), bakalavr  və  magistrlər keyfiyyətli  dərslik  və tədris-metodik  komplekslərlə təchiz  edilməyiblərsə, onda bu materialların  elektronlaşmasının, pedaqoji heyətin virtual  fəaliyyətinin səmərəsi olmaz (əgər pedaqoji  heyətin ümumiyyətlə virtual iş vərdişləri  varsa). Bu səbəbdən ali təhsilin ümumi səviyyəsinin aşağı olduğu  ölkələrdə  DT-nin  yaradılması  təhsilin məzmun  və texnologiya  baxımından köklü yeniləşməsini  tələb  edir. Bu iki işin az vaxt ərzində paralel  aparılması  əlavə  problemlər yaradır,  daha  böyük  resurslar tələb  edir.  Proses  düzgün  qurularsa,  sinergetik  qarşılıqlı  təsir  effekti  yarana  bilər. Bunun  müəyyən  faydası mümkündür,  bu  halda real təhsilin inkişafı  DT-nin inkişafına və əksinə, DT-nin inkişafı real təhsilin inkişafına təkan verə  bilər.

Real  təhsili  zəif  olan  ölkələr   təhsilin  məzmun  yönümlü   problemlərini  həll  etmədən  öz  "nailiyyəti"ni  virtual  aləmə  keçirməklə  heç  nə  qazana  bilməzlər,  olsa-olsa  İnternet  vasitəsi  ilə  öz  təhsil  "səviyyə"sini  bütün dünyaya   nümayiş  etdirə  bilərlər. Bu  isə   antireklamdır.  Bu   halda  DT-in  məzmun və  keyfiyyətini   müəyyən  edən  elektron  kontent  keyfiyyətsiz  olduğundan  onun  səmərəsi  ola  bilməz. Bu  mənada  virtual  təhsil  real  təhsilin   proyeksiyasıdır, nəticəsidir   desək  səhv  etmərik.  

Dünya təhsil təcrübəsində DT-in  müxtəlif modelləri mövcuddur.

1. Distant təhsilin Asiya modeli. Bu model açıq universitetlərin yaradılmasını nəzərdə tutur. Hindistan, Çin, Tailand, İndoneziya. Cənubi Koreya kimi ölkələr bu modeldən istifadə edirlər.

2. Distant təhsil qiyabi təhsilin  reallaşma modeli kimi. Bu halda yalnız qiyabiçi tələbələr distant texnologiyalar  əsasında təhsil alırlar. Avstraliya, Yeni Zelandiya, Malayziya kimi ölkələrdə bu model tətbiq edilir.

3. Distant təhsil əyani təhsilin reallaşma modeli kimi. Müəllimin auditoriya ilə audiovizual əlaqələri  telekommunikasiyalarla  reallaşır. Bu model  Amerikada da tətbiq edilir.

4. Tədris materialı əsasında tələbənin müstəqil işinə əsaslanan distant təhsil modeli. Bu modeldə tədris kursları modullar formasında strukturlaşır. Bu modeldən Böyük Britaniyada istifadə olunur.

Bu  gün  bir  çox  ölkələrdə  DT-nin eyni  zamanda  müxtəlif modelləri tətbiq  edilir. Bu  modellərin  tətbiqi  ilə  əlaqədar  qərarı  universitetlər özləri qəbul  edirlər.  Universitetin hansı model əsasında DT  verməyə  imkanı  varsa,  o  modeli  də  seçir. Məsələn, Türkiyənin Anadolu Universiteti uzun müddətdir  ki, açıq universitet formasında fəaliyyət göstərir. Anadolu Universiteti hazırda  1,5 milyon tələbə ilə dünyanın 3-cü  meqauniversiteti hesab edilir. 30 ildən artıq müddət ərzində Anadolu Universiteti müxtəlif texnologiyalar əsasında, bu gün isə müasir, yüksək texnologiyalar əsasında DT  reallaşdırır. Türkiyənin  başqa  universitetləri  isə   digər  DT  modellərinə   üstünlük  verirlər.  Bu  gün  Türkiyənin  və  Rusiyanın  əksər  universitetləri   səmərəli  DT  sistemi yarada  bilmişlər.   DT  sistemi  resurslarından  nəinki qiyabi, eksternat   və  distant  formada  təhsil  alan  tələbələr,  eyni  zamanda əyani təhsil alan tələbələr  də səmərə  ilə istifadə edirlər.

Bu  gün  universitetlər  arasında  olan  qlobal  rəqabət  artıq  virtual  məkana  keçmişdir. Məsələn,  Rusiya ərazisində  Amerika  və  Avropanın  distant  universitetlərinin xeyli  nümayəndəliyi  fəaliyyət  göstərir. Minlərlə rusiyalı  gənc  distant  formada  xarici ölkə universitetlərində  təhsil  alır.  Bu  həm ucuz, həm təhlükəsizdir (dünyanın  indiki  narahat vaxtında  əksər valideynlər  övladlarını gözlərindən  uzağa  göndərməyə  risk  etmirlər).  Bu  halda DT alan tələbələrin  təhsillərini  başa  vurduqdan  sonra  vətənə qayıdıb-qayıtmaması  kimi  bir  problem də yoxdur. 

Bu gün  Anadolu  Açıq  Meqa Universitetinin  bir  çox  ölkələrdə,  o  cümlədən Azərbaycanda  da   nümayəndəliyi  var,    bizim  ölkədən xeyli tələbə distant yolla bu universitetdə  keyfiyyətli və  müasir  standartlara  uyğun təhsil alır. Gələcəkdə  digər  açıq  və  virtual universitetlərin,  distant universitetlərin də  respublikamızda  nümayəndəliklərinin açılması mümkündür.   Getdikcə  bu  proses vüsət alacaq. Bunun ölkəmizdə  insan  kapitalının  inkişafına  yalnız xeyri  ola  bilər. Bu proses  milli təhsildə beynəlxalq  rəqabət mühitini gücləndirəcək. Bu  proseslər qloballaşmanın, Boloniya  prosesinin, tələbə  və müəllim mobilliyinin  (hələlik virtual  mobilliyin)  addım  səsləridir. Çünki bu, qlobal informasiya  təhsil  məkanına  inteqrasiyanın yeganə  yoludur. Görəsən, təhsil sistemimiz,  universitetlərimiz   bu ciddi  rəqabətə  hazırdırmı? 

Bu  gün  respublikada  bəlkə də  yüzlərlə  gənc  virtual  olaraq müxtəlif ölkələrin universitetlərində  distant  ali  və  əlavə  təhsil  alır.  Yəqin  ki, valideynlər də,  tələbələr  də  təhsilin keyfiyyətindən və səviyyəsindən çox məmnundurlar.  Gələcəkdə   işəgötürən təşkilatlar  da  bu  kadrların  hazırlığından məmnun qalacaqlar.  Virtual  məzunların  alacaqları  diplom  da  bütün dünyada  tanınacaq. Boloniya  prosesi  tələblərinə  uyğun olaraq  bu  diplomlar   bizim  ölkədə  də problemsiz tanınacaqdır.  Gələcəkdə xaricdə  virtual  təhsil alan tələbələrimizin sayının  sürətlə artması ehtimal  edilir.  

Strateji məqsədi qlobal informasiya-təhsil məkanına inteqrasiya olan milli təhsil sistemimizdə DT-nin tətbiqi bu  gün  aktualdır. Bu sahədə qlobal inkişafdan, təxminən, 15 il geri qalsaq  da, hər halda nə vaxtsa əməli işə başlamalı, bu geriliyi  aradan  qaldırmalıyıq.  Çünki bu  gün DT sistemi  olmayan  ölkələrin  təhsilinin  sabah  heç  bir  perspektivi   ola  bilməz. DT təhsil innovasiyasıdır, informasiya  cəmiyyətinin, innovasiya  cəmiyyətinin  təhsilidir.

Respublikada DT sistemi  yaradıldığı  halda  dünya azərbaycanlılarının,  o  cümlədən  diasporada yaşayan azərbaycanlıların öz  ana dilində təhsil almaq  imkanı  yaranacaq.   Bu   yolla  onların ailə  üzvləri, uşaqları  vətəndən  uzaqda yaşasalar  da,   əcdadlarının  dilini, mədəniyyətini, tarixini  müstəqil   öyrənə  biləcəklər. Digər  tərəfdən, azərbaycanlıların kompakt  yaşadığı ölkələrdə azərbaycandilli təhsil  müəssisələrinin olmaması  problemi  də  bu  yolla  tədricən  həll edilə  bilər. 

Təəssüflə qeyd edək  ki,  bu   günə  qədər  biz  Azərbaycan dilini  müstəqil  öyrənmək  istəyən  əcnəbilər üçün  heç  bir  elektron  dərslik,  distant  təhsil  resursu   hazırlamamışıq.  Amma  Moskva Dövlət Beynəlxalq  Əlaqələr Universiteti Azərbaycan dilini öyrənən  tələbələri  üçün  belə  bir  elektron  dərslik artıq   yaratmışdır   (Azərbaycan  dili bu  universitetin regionşünaslıq ixtisası  alan tələbələrinə tədris  edilir).  Bu  istiqamətlərdə  elektron resurslarımızı artırmalıyıq,  bunun  xalqın  mədəniyyətinin təbliğində  böyük  imkanları  var.          

Bütün  dünyada bu  gün  DT  texnologiya  kimi  qəbul edilir,  çünki onun  təhsil  forması  kimi  qəbul  edilməsi  bu  texnologiyanın  geniş  tətbiqini əngəlləyə  bilər.   Amma DT-nin  texnologiya  kimi  qəbul  edilməsi  ondan fasiləsiz təhsilin  bütün səviyyələrində (orta, ali və  diplomdan  sonrakı  mərhələlərdə), bütün formalarında (əyani, qiyabi, eksternat  və s.) istifadəni  mümkün edir.  Bununla  belə, yeni  "Təhsil  haqqında" Qanunda  DT təhsil  formalarından  biri  kimi qeyd  edilir. Yəqin  ki,  DT sistemi  respublikada formalaşdıqca,  gələcəkdə  bu  məsələlərə təkrarən baxılacaq, qanunda  müəyyən  əlavə  və  dəyişikliklər  ediləcəkdir.

Son  vaxtlar  təhsil  ictimaiyyəti  qiyabi  təhsilin  distant  formada  aparılması haqqında, bu sistemin yaradılmasına nə  qədər  vaxt  lazım olması  barədə müzakirələr aparır.   Bu   problemin  praktik həlli  çətin,  miqyası geniş, əhatəli, maddi  məsrəfləri  isə  çox  böyükdür. Çünki DT  təhsilin  kompleks  informatlaşmasını  tələb  edir,  bu  isə  heç  də asan  məsələ  deyil. Təbii ki, böyük  işlərin  həlli asan olmur.   Milli təhsil  sistemimiz bu problemi  yaxın  10 il ərzində  həll edə  bilsə, onun rəqabətqabiliyyətliliyi, keyfiyyəti  və  reytinqi yüksələ  bilər.   Bütün   inkişaf  etmiş  və  inkişafda  olan  ölkələr  kimi,   biz  də  DT-nin  köməyi  ilə  əlçatan, keyfiyyətli və  kütləvi  fasiləsiz  təhsil  sistemi yarada bilərik. 

Ölkədə  DT-nin  yaradılması  və inkişafı  üçün  görülməli işləri  şərti olaraq  4 səviyyəyə ayırmaq  olar: ölkə  səviyyəsində  görülməli işlər; sahə  nazirlikləri  səviyyəsində  görülməli işlər;  təhsil  sistemi səviyyəsində  görülməli işlər; universitetlər səviyyəsində  görülməli işlər. 

Ölkədə  DT-nin  yaradılması  və inkişafı  üçün  ilkin mərhələdə  "Azərbaycan Respublikasında distant  təhsilin  yaradılması  və  inkişafı" strategiyası   hazırlanmalıdır. Strategiyada  hər  bir  səviyyənin  görməli  olduğu  işlər  istiqamətlər  üzrə  qeyd edilməlidir.  Daha  sonra bu  strategiya  əsasında  xüsusi  Dövlət  Proqramı  hazırlanmalıdır. Bu proqram çərçivəsində  ölkə  səviyyəli  ümumi  işlər  icra  edilməli, normativ-hüquqi baza, texniki, pedaqoji, təşkilati,   standartlaşma  və s.  məsələlər  həll edilməlidir.   

Sahə  nazirlikləri  səviyyəsində  isə  hər  bir  nazirlik  öz  tabeliyində  olan  ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma, təcrübəkeçmə, kadrların  attestasiyası, bir sözlə, fasiləsiz əlavə təhsilin bu  nazirliyə dair  fəaliyyətini  distant  texnologiyalara transfer etməlidir. Bu, iqtisadi  cəhətdən, keyfiyyət və səmərəlilik, insanların  rahatlığı baxımından əlverişlidir. Regionlarda  işləyən  kadrların  bu halda paytaxta  uzunmüddətli və ya  qısamüddətli kurslara ezam olunmasına  ehtiyac olmayacaq. Bu  mənada hər bir nazirliyin DT sisteminin  yaradılması və inkişafına dair xüsusi  proqramı olmalıdır.  

Bu  gün  əksər  ölkələrdə (o cümlədən  bir çox  MDB ölkələrində)  yaşlıların  təhsili  elektron formada, distant  texnologiyalar  əsasında  reallaşır.

Respublika pedaqoji kadrların ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma kursları hələ də distant  texnologiyalarla  aparılmır (bir  çox  MDB  ölkələri  10  ildən artıqdır ki, pedaqoji kadrların ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma kurslarını distant texnologiyalarla  aparır). Bu  iş  respublikada  əvvəlcə məhz  təhsil  sistemində  yaradılmalı  idi.   Sonra isə sahə nazirlikləri bu nümunə  əsasında sahə DT sistemlərini qurmaları, öz kadrlarını bu yolla təkmilləşdirmə və ixtisasartırma kurslarına cəlb etməli idilər.    

DT-nin inkişafı ilə əlaqədar qlobal  problemlərə varmadan,  təhsil sistemi səviyyəsində görüləcək bəzi işləri qeyd etmək istərdik. Təhsil sistemində təhsilin  səviyyələri  üzrə  və  peşə  təhsili istiqamətləri üzrə DT-nin inkişafı üçün konkret layihələr reallaşmalıdır. Təhsil sistemində DT-nin inkişafı  məqsədi ilə kadr  təminatı, proqram-texniki təminat,  kontent  təminatı  problemləri həll edilməli, ciddi investisiyalar  cəlb edilməlidir. 

Respublikada DT-nin inkişafı üçün  bu  gün  real şərait  var. İKT sektorunun respublikada prioritet  sahə  elan  edilməsi, bu sektorun  son  illər  sürətli inkişafı,  o  cümlədən  İKT üzrə  Milli  Strategiyanın qəbul  edilməsi,  "Elektron Azərbaycan" Dövlət Proqramının, təhsil sisteminin informatlaşması üzrə 2 dövlət proqramının reallaşması bu sahənin real  inkişafı üçün infrastruktur  və texniki baza yaratmışdır. Digər  tərəfdən, ali  təhsilin  inkişafı  üzrə, orta  ixtisas təhsilinin inkişafı  üzrə, texniki peşə təhsilinin inkişafı  üzrə dövlət proqramlarının  hər  birində DT-nin  yaradılması və  inkişafı  məsələləri xüsusi  qeyd  edilmişdir. Bu  proqramlar  çərçivəsində  real  iş  görmək  mümkündür. Bunun  üçün bir  sıra  ciddi  işlərin  görülməsinə,  o  cümlədən  hazırda  icra  olunan bu   proqramların  əlaqələndirilməsi  və DT-nin  inkişafı məqsədləri  ilə  bir  meqalayihə  formasında  icra edilməsinə,  böyük  həcmdə  əlavə  investisiya  qoyulmasına   ehtiyac  var.

Hər  bir  sahədə  olduğu  kimi,  DT-nin inkişafında  da   insan  resursları,  onların  peşəkarlıq  səviyyəsi həlledicidir (bu amil  texnologiyaya nisbətən  daha prioritetdir). DT texnologiyasının reallaşması üçün   ilkin  şərt  hər  bir  universitetdə xüsusi  hazırlıq  keçmiş  kadr  heyətinin  olmasıdır.  Çünki bütün elektron  tədris  resurslarının hazırlanması və  tətbiqi,  virtual  təlimin  təşkili  və  idarə edilməsi,  yeni  texnologiyalardan  səmərəli  istifadə məhz pedaqoji  və  texniki heyətin hazırlıq  səviyyəsindən  asılıdır.  Kadr problemlərinin  həlli maliyyə məsələsinə bağlıdır, bu günə qədər DT-nin yaradılması və inkişafı üzrə  investisiya qoyulmadığından bu istiqamət üzrə  kadr hazırlanmamışdır.  Bu  səbəbdən  respublikanın, demək  olar ki,  heç  bir  universitetində beynəlxalq standartlar  səviyyəsində  DT  sistemi  yarada  bilən  komanda  formalaşmamışdır.  Eyni  vəziyyət  ali  təhsilin informatlaşması  sahəsində  də  mövcuddur  (əslində  bu  iki  məsələyə  bir  rakursdan  baxmaq  lazımdır).   

Universitetin DT  texnologiyasını  reallaşdırması üçün  professor-müəllim heyəti, mühəndis-texniki və tədris-köməkçi personalı təhsil proqramlarının distant texnologiyalarla reallaşması üçün xüsusi hazırlıq kurslarına cəlb edilməlidir. Beynəlxalq  təcrübə göstərir ki, bu tədris kurslarının həcmi 72 saatdan az olmamalıdır.  DT sistemində fəaliyyət göstərən professor-müəllim heyəti informasiya-kommunikasiya texnologiyalarına da  yaxından  bələd  olmalıdır.

Universitetlərdə  DT-ni təşkilatı  baxımdan reallaşdırmaq üçün əlavə  bir  çox  məsələlər həll  edilməlidir. Əvvəla, universitetin İnternetdə xüsusi kontentlə zəngin  təhsil portalı olmalıdır (bunu informasiya  portalı  ilə qarışdırmaq  olmaz). Hər bir ixtisas üzrə tədris planında olan fənlərdən normativlə müəyyən edilmiş sayda (təxminən tədris kurslarının 80-90%-i) elektron dərsliklər hazırlanıb  portalda yerləşdirilməlidir. Bundan  əlavə, hər fənn üzrə elektron formada tədris-metodik kompleks hazırlanmalı və  virtual formada onlara  əlyetərlik  təmin edilməlidir. Bu tədris kontentlərinin  (məzmunun) idarə edilməsi  LCMS tipli  proqram sistemi ilə, tədris prosesinin idarə edilməsi isə LMS  tipli  proqram sistemi ilə  həyata keçirilir. Bu iki sistem və DT  portalı birgə DT  platformasının  özəyini  təşkil  edir.   Ümumən  DT platforması proqram kompleksi olub, xeyli  sayda  proqram modullardan ibarətdir. Bu  modullar  tədris  prosesinin ayrı-ayrı servislərini virtual olaraq icra edir. DT platforması  açıq və qapalı kodlu ola  bilər.

Vaxtı  ilə Təhsil Nazirliyi  tərəfindən (2005-ci  ildə)  ali təhsilin bəzi  istiqamətləri üzrə (məsələn,  ali  pedaqoji  təhsil  istiqaməti) distant texnologiyaların  tətbiqi üçün konseptual və strateji əhəmiyyətli müəyyən sənədlər hazırlanmışdır. Bu  sənədlərə müəyyən  əlavələr  etməklə,  ali  pedaqoji təhsilin distant  texnologiyalar  əsasında  reallaşdırması istiqamətində hazırlıq işlərinə  başlamaq mümkündür.  Növbəti mərhələdə  universitetdə distant təhsilin reallaşması üçün  müfəssəl  texniki  tapşırıq,  strateji sənədlər və  operativ  tədbirlər planı  hazırlanmalıdır.   Universitetdə DT-nin yaradılması prosesini 5-10 illik  böyük  bir  meqalayihə formasında  reallaşdırmaq məqsədəuyğundur. Bu  müddət ərzində mərhələlərlə,  ayrı-ayrı ixtisaslar üzrə real  təhsili tədricən distant texnologiyalar əsasında  virtual  formaya keçirmək olar. Bu sistemin istismarı (real  olaraq tədrisdə tətbiqi) üçün paralel olaraq müəyyən  infrastruktur  yaradılmalıdır (məsələn, universitetin  "Distant Təhsil Mərkəzi" və  ya  "Distant Təhsil"  fakültəsi).

Hər hansı ixtisasın tədris planına uyğun  olaraq  fənlər üzrə elektron resursların hazırlanması  (prosesin təşkili və  maliyyələşməsi səviyyəsindən asılı olaraq) işi  2-4 il ərzində reallaşa bilər.  Əgər  tədris  planında 40  fənn  varsa, deməli 30-35  fənn üzrə elektron dərslik  və  elektron  tədris-metodik  kompleksi yaradılmalıdır.  Bu işi paralel olaraq bir neçə ixtisas üzrə eyni   zamanda reallaşdırmaq mümkündür.  Bir  universitetdə  5-6  ixtisas  üzrə DT-nin  həyata  keçirilməsi  üçün hazırlıq işi, təxminən, 5-6  il  ərzində  aparıla  bilər. Bu  halda 150-200   fənn  üzrə elektron  dərsliklər, mükəmməl  test  sistemi  və  digər  tədris-metodik  materialların elektron  versiyaları hazırlanmalıdır. 

Ölkə  səviyyəsində  ali təhsilin  bütün mühüm istiqamətləri üzrə DT sistemini  yaratmalı olsaq, minlərlə elektron  dərslik  hazırlanmalıdır.  Bu  işə 10  il vaxt və  150  milyon manatdan artıq vəsait lazım  ola  bilər.  Bu məqsədlə təhsilin  illik  büdcəsindən  hər il 1-2%  vəsait ayrılarsa,  problem  10  il  ərzində  həll edilə  bilər. İnkişaf   etmiş və  inkişafda  olan bir  çox  ölkələr  bu  işi  10-15  il  əvvəl və daha  çox  investisiya  ilə həll  etmişlər.  

Göründüyü kimi, DT sisteminin yaradılması çətin və  böyük maliyyə tutumlu məsələdir.  Belə  olduğu  halda,  görəsən, Azərbaycanda  DT-nin yaradılmasına  başlamağına dəyərmi? Görəsən, Azərbaycanda  DT sistemi  olsun,  yoxsa  olmasın?  Hesab edirik ki,  daha  vaxt  itirməyə  haqqımız  yoxdur, onsuz  da xeyli vaxt  itirmişik. Milli  DT sistemini hökmən yaratmalıyıq. Çünki cənab Prezidentin bildirdiyi kimi,  "...Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın... Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti  tələb  edən proqramdır. Amma biz bunu etməliyik. Çünki  biz gələcəyə  baxmalıyıq". 

İlham ƏHMƏDOV,
ADPU-nun "Kompüter
mərkəzi"nin direktoru, dosent

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov