Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Bahar təəssüratları

 

23 ildir xalqımızın övladlarının bir qismi məlum səbəbdən Novruz bayramını öz dədə-baba yurdlarında qarşılamır. Bayram tonqalını yandırmır, ocaq qalayıb, qazan asmır, qapı pustuya getmir, sübhdən durub  su üstünə qaçmır. Ulularımızın doğma elində qərib-qərib dolaşan ruhları Bayram axşamı bacamıza gəlir, "yenə qayıtmayıblar" - deyib kor-peşiman geri dönürlər...

Bizim müqəddəs, ulu bayramımız olan Novruz bayramından, onun adət-ənənələrindən necə gözəl danışırdı anam:

- Bizim ulu bayramlarımızdan biri də hər il mart ayının 21-də təmtəraqla keçirdiyimiz Novruz bayramıdır. Bu bayram Azərbaycan xalqının, bütün türk dünyasının dünyagörüşündə əhəmiyyətli rol oynayır.

Biz tərəflərdə Novruzun gəlməsinə 40 gün qalmış hazırlıq işləri, ilin axır çərşənbəsinə tədarük görülür. Süfrədə 7 löyün olsun deyə hər şeyi nənələr sandıqlarında saxlayırdılar. Bu ənənə bu gün də davam edir. Burada insanlar qışın çətinliyinin, dar günün qurtarmasını, bolluq və firavanlığın başlanmasını, yeni günün - Novruzun gəlməsini səbirsizliklə gözləyir və fərəhlə qarşılayırlar. Bu il Novruzun gəlişi yenə hörmət-izzətlə, xoş arzu-diləklə qarşılanacaq.  

Xoş gəlmisən,

Qədəmlərin

Çox mübarək,

ay baharım.

Gəl mənimlə bu dərdi çək,

ay baharım.

Üzür məni hicran dağı,

Qaytar mənə Gözəldağı,

Uluların uyuduğu o torpağı,

ay baharım. 

Ayağı sayalı olsun bu Novruzun. Gənclik ruhlu, zəhmət ətirli şəhərimizə bir füsunkar gözəllik gətirir bu Novruz. Elə bil Günəş də öz qırmızı tacında daha gözəl görünür, ulduzlar səmanın göy saçında daha parlaq sayrışırlar. İlin axır çərşənbəsi sübhün çırağı da gur yanır, göz qamaşdırır.

Bu mənzərəni seyr etdikcə xəyal biləyimdən yapışıb, daha qədimliyə, ilkinliyə çəkib aparır məni...

Adamlar bir-birinə baş çəkir, hal-əhval tutur və hasilə gətirdiyi məhsuldan sovqat-pay aparırdılar. Torba-dağarcığın bərəkətini üzən payızın ömrü dekabr ayının 21-də başa çatır. Dekabr ayının 21-dən 22-nə keçən gecə qış fəsli başlayır. Bu gecəyə "Yelda" (uzun) gecəsi deyərdilər nənələrimiz. Müdrik babalarımız qış fəslini üç qismə bölərdilər. Böyük çillə, Kiçik çillə, Boz ay. Böyük çillə bir az mülayim, bir az sərt, qırx gün davam edir.

Kiçik çillə iyirmi gün ömür sürür. Bu Kiçik çillə var e, soyuq, şaxta, boran və çovğunla özünü  yetirir. Nənəm deyərdi: Bu  Kiçik çillə özünə görə deyil. Kiçik çillənin soyuğu, təndirə təpər toyuğu. Kiçik çillə Böyük çilləyə deyir: -sənin ömrün məndə olsa, bilirsən neyləyərəm? Toyuqları hində, qadınların əlini un çuvalında, atların qulununu qarnında dondurar, boylu gəlinlərə uşaq saldırardım.

Müdrik nənələr Kiçik çillənin belə sərtliyini görüb onun tez getməsini arzulayar və deyərmişlər: 

Kiçik çillə, qan çilə

Kəhər atı qamçıla.

Çatdır bizi bahara,

Halımıza yan, çilə. 

Kiçik çillə fevral ayının 21-də yerini Boz aya verir. Boz ay da ki, bozara-bozara mart ayının 21-nə qədər davam edir, yerini istəkli Novruza verir. Novruzun ilk müjdəçisi qarçiçəyi olur. 

Qarçiçəyi haray salır,

Novruz gəlir, Novruz gəlir,

Buludların gözü dolur,

Novruz gəlir, Novruz gəlir. 

İnsanlar sevinir, baharın gəlişini alqışlayırlar. Novruz bayramı həm də təbiətin bayramıdır. Təbiətin oyanışı, sellərin, suların coşması, ağacların tumurcuqlanması, köçəri quşların "yaylağa" qayıtmaları, insanların torpağa bağlanması bu vaxtdan başlanır.

Təkcə bunlardımı tamarzı qaldığım? Qırxbuğum, yarpız, kəklikotu, çayotu, alaqanqal, südlü qanqal, dəvədabanı, ayıdöşəyi, bulaqotu (qıjı), mərəvcə (qulançar), çöl kişnişi, tüfəng içi, quzuqulaq, cincilim, şomu, quşəppəyi, unluca, qoyunqulağı, şahpencər, əmənkömənci, razyana, cəfəri, yarpız, gicirtkan, əvəlik, baldırğan torpağın altından üstünə çıxır, güllər qönçələnir, bülbüllər gül eşqi ilə havalanır, həyat çeşməsi daha gur çağlayır. Tənəklər əl-qol atır, çardaqdan asılır, yarı çiçək qoralar budaqlara qısılır. Təbiətin belə oyanışından insanlar gecə ilə gündüzün yarı olması gününə qədər 4 çərşənbə hazırlıq işləri görürlər. Birinci Su çərşənbəsi (ab), ikinci Od çərşənbəsi (atəş), üçüncü Yel çərşənbəsi (xak), dördüncü Torpaq çərşənbəsi (bad).

Ab, atəş, xak, baddan xəlq olundu dünya-aləm. Bunlar olmasa, həyat mövcud ola bilməz. Bəs insanlar nə iş görürlər? Əvvəlcə dünyadan köçmüşlərin ruhunu şad etmək üçün onları ehtiramla yad edir, qəbir üstünə çıxır, ehsan verirlər. Buna "Qara bayram" deyərdilər.

Biz tərəflərdə 4,6,8  dirəkli qara damlar olurdu. Ocaq, təndir yananda tirlər, atmalar hisdən qaralardı. Onlar damda qaranlığı bir az da artırırdılar. Bayram ağzı onları unlayırdılar. Evin içində aydınlıq yaranırdı. Pal-paltarları qışın his-pasından təmizləyir, sil-süpür edirdilər. Yumurta boyayır, qovurğa qovurur, qovut çəkirdilər. Cavanlar yumurta döyüşdürür, dirədöymə oynayırdılar. Yumurtanı qatara düzürdülər. Torpaqdan kiçik təpə düzəldib yumurtanı onun birinin içində gizlədirdilər. Kim tapsa, yumurta ona çatardı. Böyüklər səməni qoyur, iki-üç qoşa ovuc da qonaq üçün ayırardılar. Buğdanı üç gün tabaqda suda saxlayırdılar. Sonra suyunu süzər, islanmış, şişmiş buğdanı isti parçanın arasına töküb sinilərin içinə düzərdilər. Sonra siniləri yükün altına itələyərdilər. 2-3 gündən bir su səpərdilər, cücərmə başa çatana kimi əzərdilər, ələkdən süzərdilər, məhlulu mis qazanlara töküb qoyardılar ocağa. Lakin məhlulu tez-tez qarışdırmaq vacib idi. Yoxsa, qazanın dibi vurardı. Onun şirinliyi buğdanın tərkibindəki nişastaya görə idi. 

Sinilərə düzülərdi səməni,

Döyülərdi, əzilərdi səməni.

Ələklərdən süzülərdi səməni,

Damağımda qazmağının dadı var,

Çox şeylərin özü yoxdur, adı var. 

Səməni halvasından qohum-əqrəbaya, tanış-bilişə, dost-simsara bayram payı verərdilər. İlin axır çərşənbəsi od yandırma mərasimi başlayardı. Biz od yandıranda əsasən malın qabağında qalan qırçından, çöl-çöpdən istifadə edərdik. Odun üstündən hoppanardıq və deyərdik: -ağırlığım, uğurluğum tökül bu odun üstünə. Bu o demək idi ki, qışın ağrı-acılarını, xəstəliklərini töküb odda yandıranda o bir də geri qayıda bilməz. Bayram tonqalı elə olmalıdır ki, onun üstündən hoppanmaq olsun. Od yandırma qurtardıqdan sonra qapı pusdu, niyyət etmək, bayram süfrəsi bəzəmək başlanardı.

Suya iynə salmaq həsrətin vüsala çatması kimi düşünülürdü. İki kasanı su ilə doldurar, iki iynəyə pambıq saplayaraq salardılar suya. "Yelkənli" qayıqlar suda üzərdi. Qayıqdakılar yaxınlaşıb bir-birinə əl versəydilər, niyyət hasil olmuş hesab edilərdi. Deməli, həsrətlilər qovuşacaqdı. Bacalardan corab sallayardılar, tanış səslərin payı bir az artıq olardı. Qızlar, oğanlar duzlu kökə yeyərdilər. Gecə yuxuda hansı oğlan qıza su versəydi, deməli, xeyir işə hazırlaşmaq olardı. Həmin gecə qızılgül kolunun dibinə yumurta, kömür və qırmızı karandaş qoyardılar. Əgər səhər yumurtanın üstündə qırmızı görünsəydi, deməli niyyət hasil olmuşdu. Qara görünsəydi, əksinə. Həmin günü səhərə kimi oturmaq üçün deyərdilər: bu gecə qara at gövəşəyəcək, axar sular dayanacaq, ağaclar başlarını əyib suya səcdə edəcəklər, kim bunu görsə, istəyinə nail ola bilər. Yuxusuzluğa dözməyib mürgüləyən adamı oturduğu döşəyə, stula, söykəndiyi yastığa "tikərdilər". Sonra dudkeşlə yatanın qulağının dibində səs salıb oyadardılar. Yatan adam "mən yatmamışam" deyib durmaq istəyəndə döşək, yastıq və ya stul da onunla qalxar və gülüş səsləri evi bürüyərdi.

Çox təəssüf ki, dini, mənəvi-əxlaqi dəyərlərimiz, oturuşmuş adət-ənənələrimiz total rejimin, bolşevik təbliğatının qəzəbinə gəldi. XX yüzilliyin 20-50-ci illərində bu qəzəbin gücü daha qabarıq görünürdü. Bütöv bir millətə min ildən artıq bir müddətdə yaşatdığı dini, mənəvi dəyərlər birdən-birə yasaq edildi. Şərqlə bağlılığı qırmaq üçün əski əlifbanın dəyişdirilməsi, milləti yalnız öz dini-əxlaqi dəyərlərindən deyil, həm də milli adət-ənənələrindən uzaqlaşdırmaq meyilləri gücləndi. Müqəddəs, ulu bayramımız olan "Novruz bayramı"na isti münasibət yasaq olunurdu, dini qiyafə geydirilirdi. Əsrlərlə meydan və küçələrdə nümayiş etdirilən, insanın mənəvi-psixoloji təmizlənməsinə, hətta tibbi nöqteyi-nəzərdən fiziki sağlamlıq üçün gərəkli olan belə bir bayram bolşevik təbliğatına düçar olmuşdu. Lakin Novruz bayramı yaddaşlardan silinmədi, sadəcə olaraq bu bayramın müvəqqəti olaraq məkanı dəyişdi, küçələrdən, meydanlardan ürəklərə, evlərə köçdü.

Bayram ağzı çöçə bişirərdilər. Mərciməyi, kartofu bişirib əzərdilər. Püreni yayılmış yuxanın arasına qoyub üzünə yumurta sarısı yaxıb təndirə yapardılar. Ümumiyyətlə, bayramı çox ruh yüksəkliyi ilə keçirərdilər. Məhəllə-məhəllə gəzərdik. Hər tərəfdə bir canlanma,     çal-çağır hiss olunardı. Qara zurnanın zil səsi dağı-daşı lərzəyə gətirərdi. Yamaclarda otlayan quzular belə, qara zurnanın səsindən məst olur şirin-şirin gövşək çalardılar.

Ahıl nənələr, müdrik babalar ağır "Mirzeyi" havasında sındıra-sındıra oynayardılar. Meydana bayram xonçaları gətirərdilər, şamlar yandırardılar, xoruz, qoç döyüşdürərdilər. Cavanlar küştü tutardılar. Bəli, baharın gəlişi insanın qanını qaynadır, bahar Günəşi torpağı isidir, bitkiləri qış yuxusundan oyadır. Süfrəmizə bolluca nemət, xalqımıza cansağlığı, üz ağlığı, xoşbəxtlik, firavanlıq gətir, bahar!

Mən baharın gəlişini ürəkdən alqışlayıram. Xoş gəlmisən, qədəmlərin çox mübarək! 

Əvəz Mahmud LƏLƏDAĞ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov