Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun
mühafizəsi işi təşkil edir. Bu gün kiçik
yaşlarından uşaqları təbiətə qayğı ilə yanaşmaq
ruhunda tərbiyə etmək, ekoloji şüuru və
mədəniyyəti formalaşdırmaq olduqca zəruridir.
Paytaxtımızın Nərimanov rayonundakı nümunəvi
tərbiyə-təlim xidməti göstərən məktəbəqədər
təhsil müəssisələrindən biri sayılan 183 nömrəli
körpələr evi-uşaq bağçasında elə bu günlərdə
keçirilən tədbir də uşaqların təbiətə olan
sevgisinin, onlarla aparılan ekoloji tərbiyə
işlərinin necə öz uğurlu həllini tapdığını bir
daha göstərdi.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti Ekologiya
İdarəsinin dəstəyi və adıçəkilən məktəbəqədər
təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən
"Valideyn-tərbiyəçilərin təhsilə yardımı"
İctimai Birliyinin xətti ilə "Biz yaşıl həyat
arzulayırıq" adlı tədbirdə öncə qonaqlar
ekologiya mövzusuna dair balaca fidanların əl
işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra
bağçanın geniş, yüksək tərtibatı ilə gözoxşayan,
bahar ətri duyulan zalında "Ekologiya - mənim
evim" mövzusunda məşğələnin təqdimatı oldu. "Valideyn-tərbiyəçilərin
təhsilə yardımı" İctimai Birliyinin prezidenti
Gülnar Rəhimovanın təbiət, ekologiya, ətraf
mühitin qorunması, dünyada qlobal problemlərdən
biri olan ekoloji tarazlığın pozulması və digər
məsələlərlə bağlı məlumatları, həmçinin onun
çıxışının informasiya yönümlü slaydlar üzərində
qurulması və ekranda göruntülərin əks olunması
hamının böyük marağına səbəb oldu. Balacaların
ekologiya, təbiətin qorunması mövzusunda
hazırladıqları bir-birindən maraqlı şeir və
musiqi nömrələri onların valideynləri və
qonaqlar tərəfindən alqışlarla qarşılandı.
Uşaqlara "Ekologiya - bizim evimizdir", "Torpağa
məhəbbət, insana qüvvət", "Ekologiya adlanan
evimizdə kimlər və daha nələr yaşanır"
mövzularında videoçarx və sənədli film nümayiş
etdirildi. Rəngarəng milli və nağıl
qəhrəmanlarının geyimlərində olan balacalar
təbiətin qorunması, ekologiyanın və ətraf
mühitin mühafizəsi işində "Biz birlikdə güclüyük"
devizi altında simvolik olaraq birləşdilər.
Mövzu ilə bağlı müxtəlif hadisələrin
səhnələşdirilməsi və həmin səhnəciklərin
öhdəsindən uşaqların məharətlə gəlmələri,
hazırlanmış xüsusi musiqili kompozisiyalar isə
hamıda xoş təəssürat oyatdı. Hamının rəğbətini
qazanan balacalara ARDNŞ-ın Ekologiya İdarəsinin
hədiyyələri təqdim olundu.
Tədbirdə
iştirak edən qonaqlar - Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin şöbə
rəisi Füzuli Hacıyev, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Məktəbəqədər təhsil sektorunun
müdiri Leyla İmanova, Estetik Tərbiyə üzrə
Respublika Tədris Metodik Mərkəzin direktoru
Nazim Məmmədbəyov tərbiyəçilərin, uşaqların və
onların valideynlərinin birgə işinin nəticəsi
olan bu tədbiri yüksək səviyyədə və eyni zamanda
belə bir maraqlı tərtibatla təşkil etdiklərinə
görə 183 nömrəli körpələr evi-uşaq bağçasının
müdiri Sədaqət Qurbanovaya və onun rəhbərlik
etdiyi kollektivə minnətdarlıq etdilər.
Məktəbəqədər təhsil müəssisəsinin müdiri Sədaqət
Qurbanova bağçada bir sıra layihələrin uğurla
həyata keçirildiyini və bu işlərdə hər zaman
valideynlərin yaxından iştirak etdiyini söylədi.
Onu da qeyd etdi ki, bugünkü tədbir uşaqlarda
ətraf mühiti qorumaq hissinin
formalaşdırılmasında, onların artıq kiçik
yaşlarından dünyanın qlobal problemlərindən biri
olan ekologiyanın çirklənməsinə diqqətlərinin
yönəldilməsinə, nəticə etibarı ilə isə
balacalarda ekoloji tərbiyənin yaranması və
inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Sədaqət Qurbanova tədbirin keçirilməsində əməyi
olan, onları dəstəkləyən hər bir kəsə öz
təşəkkürünü bildirdi.
Tədbir sonra uşaqların valideynləri ilə birgə
həmin bağçanın həyətyanı sahəsində ARDNŞ-ın
Ekologiya İdarəsi tərəfindən onlara verilən
30-dan artıq ağacın əkilməsi ilə davam etdi. Hər
bir ağacın üzərində həmin ağacın əkilməsində
iştirak edən uşağın adı və soyadı qeyd olunan
xüsusi vərəqlər bərkidildi.
Samirə KƏRİMOVA |
|