Naxçıvan Dövlət Universitetinin tələbə sosial
xidmət mərkəzində ilk tədbir keçirildi.
Universitetin rektoru, akademik İsa Həbibbəyli
çıxış edərək Azərbaycanda, eləcə də muxtar
respublikada elmin, təhsilin inkişafına
göstərilən dövlət qayğısından danışdı. Qeyd
olundu ki, Naxçıvan MR Ali Məclisinin sədri
Vasif Talıbovun iştirakı ilə universitetdə
yenicə istifadəyə verilmiş 456 yerlik yataqxana
binası, ən müasir otellər səviyyəsində tikilmiş,
dünya standartlarına cavab verən qonaq evi,
üçmərtəbəli tələbə sosial xidmət mərkəzi buna
bariz nümunədir. Rektor tələbə sosial xidmət
mərkəzini ölkədə analoqu olmayan, dünya ali
təhsil sistemi üçün örnək ola biləcək bir mərkəz
kimi dəyərləndirdi. "Gəmiqaya" şirkətinin məsul
işçisi Elşad Məmmədov yerli tikinti
məhsullarından istifadə olunmaqla, müasir Qərb
və klassik Şərq memarlıq üslubunda tikilmiş
binada yüksək sosial xidmət göstəriləcəyini,
uyğun qiymətlərlə satış təşkil olunacağını
bildirdi.
Banqladeş Respublikasından olan, beynəlxalq
münasibətlər ixtisası üzrə II kurs tələbəsi
Khairuz Zaman, gömrük işinin təşkili ixtisası
üzrə IV kurs tələbəsi Adilə Ramazanova tələbələr
adından ölkə başçısına, muxtar respublika və
universitet rəhbərliyinə minnətdarlıqlarını
bildirdilər.
Sonra mərkəzlə tanışlıq oldu. Qeyd edək ki,
gündən-günü abadlaşan və böyüyən, 110 hektarlıq
ərazini əhatə edən universitet şəhərciyində
çoxsaylı kollektivin, tələbələrin sosial
tələbatlarının, gündəlik məişət qayğılarının
ödənilməsi üçün bu mərkəz əvəzolunmazdır. Binada
kafeteriya, yeməkxana, bərbərxana, poçt,
əczaxana, foto, dəftərxana məhsullarının və yeni
kitabların, ali məktəb tələbələri üçün nəzərdə
tutulmuş vahid formaların satışı mağazası,
satış-sərgi salonu, qadın gözəllik salonu və
yerli ərzaq məhsullarının satışı mağazası
fəaliyyət göstərəcək. Müasir memarlıq üslubunda
tikilmiş, rəngarəng ornamentlərlə bəzədilmiş
bina füsunkar gözəlliyi ilə də göz oxşayır.
Rektor, akademik İsa Həbibbəyli mərkəzin
fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlar
verdi. |
|