Amerika
Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Metyu Brayza Naxçıvana
rəsmi səfəri zamanı Naxçıvan Dövlət
Universitetində də olmuşdur. Səfir universitetdə
2003-cü ildən fəaliyyət göstərən Ernest
Heminquey mərkəzi ilə tanış olmuş, mərkəzdə
amerikalı yazıçı-jurnalistin həyat və
fəaliyyətinin, eləcə də Avropa ədəbiyyatının
təbliği ilə bağlı məlumat almışdır.
Rektor, akademik İsa Həbibbəyli qonağı
salamlayaraq Azərbaycanın qədim diyarı,
sivilizasiyanın beşiyi Naxçıvan və universitet
haqqında ətraflı məlumat vermişdir. Qeyd
olunmuşdur ki, Avropa Rektorlar Klubunun, Asiya
Universitetləri Assosiasiyasının üzvü olan bu
ali məktəb çoxşaxəli beynəlxalq əməkdaşlığa
malikdir. Ali təhsil ocağı NATO, BMT, Avropa
Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla
birgə layihələrin hazırlanması və həyata
keçirilməsində uğurla iştirak edir. Rektor
universitetin Amerikanın Perdu Kalumet
Universiteti ilə əlaqələrindən, dünya elm,
təhsil sisteminə inteqrasiya istiqamətində
perspektiv vəzifələrdən söz açmışdır.
Səfir Metyu Brayza Amerika-Azərbaycan
əlaqələrindən danışmış, Azərbaycanın dinamik
inkişaf edən, beynəlxalq nüfuza malik bir dövlət
olduğunu, təmsil etdiyi ölkənin Azərbaycanla
siyasi, iqtisadi tərəfdaşlığa maraqlı olduğunu
vurğulamışdır. Görüş zamanı ölkələrin ali təhsil
sisteminin müasir səviyyəsi, elmin, təhsilin
inkişafında universitetlərarası əlaqələrin rolu,
gələcək tərəfdaşlıq məsələləri müzakirə
olunmuşdur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |
|