Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - �15

 

İlk peşə-ixtisas təhsilində distant təhsilin rolu və imkanları

 

Distant təhsil ənənəvi təhsilə inteqrasiya olmuş bütöv bir şəbəkə halında olan müəllimlərin rəhbərliyi altında aparılan təhsil formasıdır. Bunun əsasını isə kompüter telekommunikasiyası, İnternet-texnologiyası təşkil edir. Məhz bu texnologiyaların yayılması universitetlərdə, peşə təhsili sistemində, məktəblərdə, habelə ixtisasartırma sahəsində təhsilin bu yeni formasına tələbatı  günbəgün artırır və onun kifayət qədər intensiv tətbiq olunmasına səbəb olur. Ölkə Prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" texniki peşə təhsilinin təkmilləşdirilməsi, onun günün tələbləri səviyyəsində qurulması istiqamətində mühüm bir addım olmuş, texniki peşə təhsili müəssisələrində tədris prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının geniş istifadəsinə nail olunması, məsafədən təhsil kimi müasir təhsil formalarından istifadə imkanlarının araşdırılması, onların real praktikada həyata keçirilməsi əsas məsələlərdən biri kimi önə çəkilmişdir.

Distant təhsil, ilk növbədə, məsafədən təhsil formasıdır. Burada vaxt sərf edərək və pul xərcləyərək təhsil yerinə getməyə ehtiyac qalmır, İnternetə çıxışı olan kompüterin olması kifayətdir.  Məsafədən təhsil fərdi qaydada sizin üçün rahat olan istənilən məkan və zamanda həyata keçirilir. Siz dərs cədvəli, tədris qrupları və əyani təhsilə xas olan digər atributlarından asılı olmayaraq, tədrisin  sürətini və təlim intensivliyini müstəqil olaraq özünüz  müəyyən edirsiniz.

Təhsilin strateji məsələləri üzrə mütəxəssislər distant təhsili XXI əsrin təhsil sistemi adlandırırlar. Bu gün ona böyük ümidlər bəslənilməkdədir. Əvvəllər texnologiya sahəsində cəmləşdirilən cəmiyyətin sosial tərəqqisinin nəticələri bu gün informasiya sahəsində cəmləşdirilməkdədir ki, bu da distant təhsil mövzusunu daha da aktual edir. Artıq informasiya  erasını yaşamaqdayıq. Hazırda onun inkişaf mərhələsini telekommunikasiya mərhələsi kimi xarakterizə etmək olar. Bu, rabitə, informasiya və bilik sahəsidir. Elm və texnikanın, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə peşə biliklərinin  daha tez köhnəlməsi labüddür, onların daim yeniləşdirilməsinə ehtiyac vardır. Distant təhsil forması  məkan və zaman, məsafədən asılı olmayaraq kütləvi fasiləsiz təhsil sistemini, qlobal informasiya mübadiləsi sistemini yaratmağa imkan verir. Bundan əlavə, distant təhsil sosial durumundan asılı olmayaraq, ölkənin istənilən rayon və şəhərində, xarici ölkələrdə təhsil almaq və informasiya əldə etmək hüququnun həyata keçirilməsi üçün bütün insanlara  (şagirdlər, tələbələr, mülki şəxslər və hərbiçilər, işsiz və s.)  bərabər şərait yaradır. Məhz bu sistem cəmiyyətin ehtiyaclarına və hər bir vətəndaşın təhsil almaq kimi konstitusiya hüququnun həyata keçirilməsinə ən adekvat və çevik cavab verə bilir. Yuxarıda göstərilən amilləri nəzərə alaraq, distant təhsilin mütəxəssis hazırlığı və peşə səriştəliliyini daim  yüksək səviyyədə saxlamağa imkan verən  ən effektiv sistem kimi həyatımıza geniş daxil ediləcəyi qənaətinə gələ bilərik.

Təhsilin bu formasının son zamanlar daha geniş yayılmasına baxmayaraq onun tarixi daha qədimdir. Belə ki, XVIII əsrin sonlarında Avropada müntəzəm fəaliyyət göstərən poçt rabitəsinin yaranması "korrespondent təhsil"in yaranmasına səbəb olmuşdur. Bu formada təhsil alanlar tədris materiallarını poçt vasitəsilə əldə edir, müəllimlərilə yazışır və imtahanları isə referat şəklində və ya onların vəkil edilmiş şəxslərinə verirdilər.

XX əsrin əvvəlləri texnologiyanın, xüsusilə telefon və teleqrafın sürətli inkişafı ilə xarakterizə olunur. Lakin bunların təhsildə istifadəsi barədə dəqiq faktlar yoxdur. Bununla belə "korrespondent təhsil" dövrü davam etməkdə idi, dünyada çoxlu sayda təhsil müəssisələri təhsilin bu formasından istifadə etmiş və indiyə kimi də istifadə etməkdədir.

Radio və televiziyanın gəlişi məsafədən təhsil formasının inkişafına böyük təkan verdi. Təhsilin bu formasından yararlananların sayı yüz dəfələrlə artdı. 50-ci illərin əvvəllərindən başlayaraq təlim məqsədilə gedən televiziya proqramları indiyə kimi çoxlarının yadındadır. Lakin təhsil alanların əks istiqamətdə rabitədən məhrum olmaları televiziya və radionun əsas çatışmazlığı idi.

1969-cu ildə dünyada ilk dəfə olaraq Böyük Britaniyada məsafədən təhsil verən universitet açılmışdır. Qiymətlərin ucuz olması və auditoriya dərslərində mütəmadi iştirak edilməsinə ehtiyacın olmaması səbəbindən çoxlarının orada oxumağının mümkünlüyünü xüsusi qeyd etmək üçün onu Böyük Britaniyanın Açıq Universiteti adlandırmışdılar.

Xarıcdə məsafədən təhsil proqramları olan digər məşhur universitetlər yaranmışdır: Cənubi Afrika Universiteti, Xeqan Açıq Universiteti (Almaniya-1974), mühəndis ixtisasları üzrə məsafədən təhsil proqramları olan Milli Texnologiya Universiteti (ABŞ, 1984), İNTEC-Keyptaun Kolleci (CAR), Avstraliya Zona Məlumat Şəbəkəsi.

80-ci illərin sonlarında fərdi kompüterlərin məişətə geniş daxil olması təhsilin əldə edilməsinin sadələşdirilməsi və avtomatlaşdırılması istiqamətində yeni imkanlar açdı.

90-cı illərin əvvəlində distant təhsil forması kütləvi inkişafa doğru hələ ilk kövrək addımlarını atarkən çoxları bunu uzaqdan məlumat bazasından istifadə ilə və ya elektron vasitələrlə təhsil kimi adlandırırdı. Hazırda fərdi kompüterlərin əldə olunmasının asanlığı və İnternetə çıxışın kütləviliyi məsafədən təhsilin daha geniş və sürətlə yayılması üçün münbit şərait yaratmışdır. Radio və televiziyadan fərqli olaraq İnternetin bu səpgidə irəliyə sıçrayışı müqayisə olunmazdır. Yerləşdiyi məkandan asılı olmayaraq hər bir şagirdlə danışmaq və əks istiqamətdə rabitə qurmaq mümkün olmuşdur. "Sürətli İnternet"in genişlənməsi təhsildə "onlayn" seminarların keçirilməsinə imkan yaratmışdır. Bütün bunlar distant təhsil formasının artıq dünyanın bir çox ölkəsində geniş yayılmasına səbəb olmuşdur.

Distant təhsil haqqında çoxlu sayda mənbələrin təhlilinə əsaslanıb praktikada daha geniş istifadə olunan aşağıdakı texnologiyaları qeyd edə bilərik:

1. Keys - texnologiyası;

2. İnteraktiv televiziya;

3. İnternet şəbəkə texnologiyası.

Keys - texnologiyası zamanı xüsusi tədris metodiki materialları toplam şəklində komplektləşdirilir. Bu toplam müstəqil öyrənmək üçün şagirdlərə göndərilir. Müəllimlərlə - məsləhətçilərlə ünsiyyət, bu məqsəd üçün yaradılmış regional tədris mərkəzlərində həyata keçirilir.

Müəllimin müxtəlif məsafədə olan auditoriya ilə vizual olaraq birbaşa əlaqə yaratmaq imkanının olması interaktiv televiziyaya əsaslanan təhsilin əsas üstün cəhətidir. Tədris prosesinin ənənəvi metodikaya və ya müasir pedaqoji təlim texnologiyalarından istifadəyə əsaslanmasına baxmayaraq, tədris prosesinin faktiki olaraq adi təlim prosesini təkrarlaması onun əsas mənfi cəhətlərindəndir. Unikal metodikanın, nümunəvi laboratoriya eksperimentlərinin, yeni texnologiyaların, təlim və istehsal üsullarının, habelə yeni bilik və bacarıqların bu üsuldan istifadə etməklə nümayişi  məqsədəuyğundur. Əlbəttə, təhsilin bu distant forması interaktivdir, kadrların ixtisasartırma və mütəxəssis hazırlığı  sistemində çox perspektivli hesab edilə bilər. Amma hazırda bu təlim texnologiyası nisbətən bahalı texnologiyalardan hesab olunur.

Şəbəkə texnologiyalarına lokal və qlobal hesablama şəbəkələrinin imkanlarından yararlanan İnternet-texnologiyalar aiddir. İnternet-texnologiyada "Ümumdünya hörümçək toru" oxuyanların tədris-metodik materiallarıyla təminatı üçün, həmçinin öyrənənlə müəllim arasında interaktiv qarşılıqlı əlaqə üçün istifadə olunur. "Çoxlarının - çoxları ilə" əlaqə yaratmaq imkanının olması İnternet-texnologiyanın distant təhsilin başqa texnologiyalarından prinsipial fərqidir.

Adətən distant təhsil prosesində adı yuxarıda çəkilən texnologiyalardan müxtəlif nisbətlərdə istifadə olunur.

Bir çox hallarda distant təhsili ənənəvi qiyabi təhsillə eyniləşdirməyə çalışırlar. Əslində isə bu belə deyil. Qiyabi təhsildə eyni ixtisasda təhsil alanlar üçün tədris plan və proqramı, yoxlama və kurs işlərinin, habelə imtahanların da verilmə müddətlərinin hamı üçün ümumi olması nəzərdə tutulduğu halda, distant təhsildə fərdi proqram və qrafik üzrə təlimi asanlıqla reallaşdırmaq mümkündür.

Təhsil standartlarının tələblərini və şagirdin bacarıq və imkanlarının daha  dəqiq və dolğun nəzərə alınmasının mümkünlüyü distant təhsilin əsas effektiv amillərindəndir. Adətən təlim prosesinin eyni zamanda bir neçə ünsiyyət vasitəsinin köməyilə aparılması, tələbəyə təlim materiallarını yaxşı mənimsəməyə imkan verməklə yanaşı,  öyrənmə prosesində müvafiq bilik sahələrinin son inkişaf və nailiyyətləri ilə tanış olmağa imkan verir. Bundan əlavə, öyrənmə prosesi zamanı tələbələrin müəllim ilə operativ əlaqə saxlamaq imkanının olması, anlaşılmayan mövzu üzrə məsləhət almaq, sual vermək imkanının olması distant təhsilin xeyrinə olan ən güclü arqumentlərdən biridir. Distant təhsil müəllimə şagirdin tədris fəaliyyətinə daimi nəzarəti asan reallaşdırmağa imkan verir. Bu isə şagirdi sıçrayışsız və geriləməyə yol vermədən müntəzəm,  deməli daha səmərəli işləməyə məcbur edir.

Peşə təhsili müəssisələrində çalışan mühəndis pedaqoji kadrların mütəmadi olaraq  ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma, təcrübəkeçmə, bir sözlə, fasiləsiz əlavə təhsilin təşkilində distant təlim  texnologiyalarının müstəsna rolu vardır. Regionlarda  işləyən  kadrların  paytaxta  uzunmüddətli və ya  qısamüddətli kurslara ezam olunmasına  ehtiyac qalmır.

Çoxsaylı mənbələrin araşdırılması nəticəsində distant təhsil formasının aşağıdakı üstün  cəhətlərini qeyd edə bilərik:

* Təlim prosesinə sərf olunan vəsait azalır (tədris binasının icarəsinə, şagird və müəllimlərin təhsil yerinə gəlib-getmələri üçün nəqliyyat və s. xərclərinə daha ehtiyac qalmır);

* Təhsilin bu formasının əyani təhsil almaq imkanları olmayan şikəst uşaqlar və bu kateqoriyadan olan digər şəxslər üçün əhəmiyyəti xüsusi qeyd olunmalıdır;

* Bəzən iri yaşayış məntəqələrində peşə-ixtisas təhsili müəssisəsinin olmaması və ya mövcud peşə-ixtisas təhsili müəssisəsində hazırda ehtiyac duyulan peşələrin hazırlanması mümkün olmadığı hallarda distant təhsilin köməyilə problemi həll etmək olar;

* Distant təhsil işdən ayrılmadan peşə səriştəliyini artırmaq və ya yeni peşələrə yiyələnmək üçün imkanlar açır;

* Müasir təlim vasitələrindən və texnologiyalarından  istifadə olunması hesabına təlimin keyfiyyətini artırmaq olur;

* Materiallar interaktiv formada təqdim edildiyi üçün onun daha keyfiyyətli mənimsənilməsinə imkan yaradır;

* Təhsil prosesi bütövlükdə müəllimlər tərəfindən dəstəklənir. Materialın mənimsənilməsinə, tapşırıqların yerinə yetirilməsi prosesinə müəllimlər tərəfindən nəzarət edilir, şagirdlərin sualları cavablandırılır, yaranmış problemlərin aradan qaldırılmasına köməklik  göstərilir;

* Təcrübə göstərir ki, distant təhsil alan şagird daha müstəqil, məsuliyyətli və çevik olur. Çünki bu keyfiyyətləri olmasa o, sadəcə oxuya bilməz. Bu keyfiyyətlər əvvəlcədən olmasa belə, təhsil almağa olan istək və səbəblər o dərəcə güclü olur ki, təlimin sonunda onlar əmək bazarının tələblərinə tam cavab verən mütəxəssislər kimi yetişə bilirlər;

* Amerika Birləşmiş Ştatlarında aparılmış sorğuda iştirak etmiş müəllimlərin  57%-i məsafədən təlimin nəticələrinin ənənəvi təlim üsulundan geri qalmadığını, hətta daha yaxşı nəticələrin əldə edildiyini, 33,3%-i isə yaxın gələcəkdə distant təhsil formasının auditoriya təlimi üsulundan daha geniş yayılacağını hesab etmişlər.

Bunlarla yanaşı, distant təhsilin çatışmazlığına dair  aşağıdakılar da qeyd olunmalıdır:

* Müəllim və şagird arasında, habelə şagirdlərin öz aralarında  təcrübə mübadiləsi üçün canlı ünsiyyətin olmaması;

* Tədris prosesində müəllimin təkidi və daimi dəstəyi olmadan müstəqil öyrənmənin çətinliyi;

* Əldə edilmiş bilik və bacarıqların və ya yaranan sualların xüsusi praktiki nümunələr üzərində dərhal müəllim ilə araşdırılması imkanının olmaması;

* Şagirdlərin heç də hər zaman kifayət qədər texniki avadanlıqları -  kompüter və daimi İnternet bağlantısını əldə edə bilməməsi;

* Biliklərin mənimsəmə dərəcəsini yoxlayarkən istifadəçilərin identifikasiyası İnternet - tədrisin əsas problemlərindən biri kimi qalmaqdadır.

Müasir təlim texnologiyalarından biri olan distant təlim texnologiyalarından istifadə etməklə neft kapitalını insan kapitalına çevirmək Dövlət Proqramının əsas  məqsədlərindən biridir. Buna nail olmaq üçün dünya ölkələrinin bu sahədəki təcrübələrindən yararlanmalıyıq. İlk növbədə, distant təhsil formasının təşkili üçün informarsiya-kommunikasiya texnologiyaları ilə təminat yaxşılaşmalı, İnternetə sərbəst çıxış təmin olunmalıdır. Bu istiqamətdə işlər görülməkdədir. Belə ki, peşə təhsili müəssisələrinin İKT avadanlıqları ilə təminatı nisbətən yaxşılaşmış, bir çox ilk peşə-ixtisas təhsili müəssisəsində lokal şəbəkələr qurulmuş və İnternetə çıxış təmin edilmişdir, habelə bəzilərinin İnternet saytı yaradılmışdır. Özündə respublikada fəaliyyət göstərən peşə-ixtisas təhsili müəssisələrinin mövcud maddi-texniki bazası, işçi və şagird kontingenti haqqında olan məlumatları əks etdirən "İlk peşə-ixtisas təhsili müəssisələrinin Məlumat Bazası" yaradılmış, habelə peşə təhsili şöbəsinin İnternet saytı istifadəyə verilmişdir.

Distant təhsil yolu ilə hazırlanacaq ixtisasın və ya peşənin tələblərinə uyğun olaraq təlimin formasının seçimi də  xüsusi əhəmiyyət kəsb edir:

1) Tamamilə distant;

2) Qismən distant.

Aydındır ki, xüsusi əmək vərdişləri tələb edən peşələrin tədrisi zamanı ikinci təlim formasının seçilməsi daha məqsədəmüvafiqdir. Respublikamızın müxtəlif iqtisadi rayonlarında mövcud olan ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud potensialından yararlanmaqla, onları texniki və texnoloji avadanlıqlarla zənginləşdirməklə, lazımi kadr potensialı ilə təmin etməklə regional təlim mərkəzləri yaratmaq olar. Distant təhsil alan şagirdlərin qısamüddətli praktiki təlimlərini, təlimin müxtəlif mərhələlərində şagirdlərin biliklərinin qiymətləndirilməsini həmin təlim mərkəzlərində təşkil etmək mümkündür. Məncə, Qəbələ və İsmayıllıda son zamanlar istifadəyə verilmiş təlim-tədris mərkəzləri bu məqsəd üçün daha münasibdir.

Artıq respublikada ilk distant peşə təhsili portalı (www.avel.edu.az) istifadəyə verilmişdir. Portalda müxtəlif inteqrativ dərslikləri, İnternet texnologiyalarına əsaslanan multimedia vəsaitləri, həmçinin mühazirələr, videodərslər və trenajor kompleksləri, interaktiv tapşırıqlar, testlər, tematik müzakirələr və digər vəsaitləri yerləşdirmək mümkündür. Portalda distant təhsilin təşkili üçün lazım olan bir çox imkanlar nəzərdə tutulmuşdur.

Dünya İnternet şəbəkəsinin baza və xidmətlərindən səriştəli və effektiv istifadə etməyi bacaran mühəndis-pedaqoji kadrların hazırlanması aktual məsələ kimi qalmaqdadır. Distant təhsil üçün müəllimlərin hazırlanması proqramının yaradılmasına da ehtiyac duyulmaqdadır. Praktiki olaraq bütün inkişaf etmiş ölkələrdə artıq buna uyğun müvafiq proqramlar reallaşdırılmaqdadır və təbii ki, onların bu istiqamətdə təcrübələrindən istifadə olunmalıdır. 

İlqar NADİROV,
Təhsil Nazirliyinin baş məsləhətçisi,
texniki elmlər üzrə fəlsəfə doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov