Cənub
bölgəsinin kənd yaşayış məntəqələrindən yalnız
Mahmudavarda ümummilli liderimiz Heydər
Əliyevin əzəmətli abidəsi ucaldılıb. Ötən il isə
bu kənddə ulu öndərin xatirəsinə muzey yaradılıb.
İstər heykəl, istərsə kənd orta məktəbinin ən
böyük, gözəl və səliqəli otaqlarından birində
yerləşən muzey, ilk növbədə, mahmudavarlıların
görkəmli dövlət xadimi, çağdaş tariximizin
banisi, unudulmaz dahi şəxsiyyət olan Heydər
Əliyevin ruhuna hörmət və ehtiramının
təzahürüdür.
Burada ümummilli liderin zəngin və çoxşaxəli
fəaliyyətini əks etdirən nadir fotoşəkillər,
tarixi sənədlər və digər qiymətli eksponatlar
toplanmışdır.
Mahmudavarda hər kəs ulu öndərin xatirəsini daim
əziz tutur. Məhz bu kəndin yetirməsi Şirvan
Əbilov 1992-ci ilin noyabrında hakimiyyətdə olan
AXC-nin təqib və hədələrinə baxmayaraq, Yeni
Azərbaycan Partiyasının təsis konfransında
iştirak etmək üçün Bakıdan Naxçıvana yola düşən
40 nəfərdən biri, cənub bölgəsindən isə yeganə
nümayəndə olub. Bundan bir həftə sonra isə o,
bölgədə ilk dəfə olaraq doğma kəndində YAP-ın
dayaq dəstəsini yaradıb. Bir gündə partiyanın
sıralarına 157 nəfər üzv və 335 nəfər təəssübkeş
yazılıb. Daha üç ay sonra partiyanın Masallı
rayon təşkilatının təsis konfransında Şirvan
müəllim sədr seçilib və 2007-ci ilədək bu
vəzifədə çalışıb. Ulu öndərin məsləkdaşı olması
ilə daim fəxr edən el ağsaqqalı hazırda
Prezident təqaüdçüsü, YAP Siyasi Şurasının
üzvüdür. Böyük maraqla tanış olduğum muzeyin
sənədləri, şəkilləri sırasında bütün bunlar
barədə ətraflı materiallar vardır.
Bu günlər Mahmudavarda böyük rəhbərin möhtəşəm
abidəsini və bir yaşlı xatirə muzeyini ziyarət
edənlərin sayı xüsusilə çoxdur. Muzeyi
araya-ərsəyə gətirməkdən ötrü məktəbin tarix
müəllimi Musarza Mirzəyev çox zəhmət çəkib.
Gecəni-gündüzə qatıb. İndi də muzeyi günbəgün
zənginləşdirməkdən mənəvi zövq alır.
Musarza Mirzəyev Masallıda hamının adını
hörmətlə çəkdiyi ziyalılardandır. Lənkəran
Dövlət Universitetində müəllim, rayon qəzetində
redaktor müavini, ərazi üzrə icra nümayəndəsi
vəzifələrində çalışıb. Üç yüzdən artıq elmi
məqalə, tarixi-etnoqrafik oçerk yazıb.
Azərbaycan müəllimlərinin X və XIII
qurultaylarının nümayəndəsi olub. Hazırda elmi
axtarışlarını davam etdirir, ictimai-siyasi
fəaliyyətlə də məşğuldur. Məhz onun yorulmaz
səyi sayəsində kənd məktəbindəki muzey rəhbərə
xalq məhəbbətinin əsl aynasına çevrilib.
Muzeyin eksponatları Azərbaycan Respublikasının
Dövlət bayrağı fonunda düzülüb. Müdrik rəhbərin
uşaqlıq, gənclik illəri, xüsusi xidmət
orqanlarında çalışdığı dövr, Azərbaycana
rəhbərliyi, Moskvada işlədiyi vaxtlar, Naxçıvana
gəlişi, ölkəmizin siyasi rəhbərliyinə qayıdışı
ardıcıllıqla əks olunub. Ümummilli liderin,
eləcə də Prezident İlham Əliyevin Masallıya
səfərləri ilə bağlı muzeydə ayrıca guşələr
yaradılıb.
Milli Məclisin deputatı, Heydər Əliyev irsinin
tədqiqatçısı, tanınmış yazıçı-publisist Elmira
Axundova ötən il kənd muzeyinin açılışında
iştirak edərək buraya "Heydər Əliyev. Şəxsiyyət
və zaman" dördcildliyini, habelə rəhbərin həyat
və fəaliyyəti haqqında audio və
videomaterialları bağışlayıb. O, həmçinin
muzeydə keçirilən "açıq dərs"də maraqlı mühazirə
oxuyub. Gənclərin Heydər Əliyev ideyaları
ruhunda tərbiyəsində muzeyin rolu əvəzsizdir.
Ümummilli liderin anadan olmasının 88-ci
ildönümü ərəfəsində hər gün təkcə yüzlərlə
mahmudavarlı deyil, ətraf kəndlərin sakinləri də,
məktəblilər, müəllimlər, ziyalılar, sadə zəhmət
adamları da buraya ulu öndərin xatirəsini yad
etməyə gəlir, dahi insanın şərəfli ömür yolu,
çoxşaxəli dövlətçilik fəaliyyəti ilə böyük
maraqla tanış olur, parlaq xatirəsinə sonsuz
məhəbbət və ehtiramlarını bildirirlər. |
|