Mayın
6-da təhsil naziri Misir Mərdanov Dünya Bankının
ölkəmizdə səfərdə olan missiyasının üzvləri -
təhsil üzrə baş mütəxəssis Meskerem Mulatu,
təhsil mütəxəssisi Nino Kutateladze və proqram
yardımçısı Səbinə Cəfərova ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi
salamladıqdan sonra missiyanın ölkəmizdə olduğu
müddətdə Təhsil Nazirliyində keçirdiyi
görüşlərin, apardığı müzakirələrin, nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsinə müsbət
təsir edəcəyinə inandığını bildirib. Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL)
çərçivəsində görülən işlərdən söz açan nazir
xüsusilə kurikulumun tətbiqi istiqamətində
atılmış uğurlu addımlardan danışıb, bu sahədə
əldə olunmuş nailiyyətləri və bir sıra
məsələləri diqqətə çatdırıb. Təhsil naziri
ibtidai siniflərdə kurikulumun tətbiqinin
monitorinqinin keçirildiyini, bununla bağlı
maarifləndirmə işinin aparıldığını deyib. Bu
məqsədlə xüsusi vəsaitlərin, valideynlər üçün
tövsiyələrin hazırlanmasının zəruriliyini
vurğulayan nazir, eyni zamanda ixtisasartırma
təhsili üzrə keyfiyyətin yüksəldilməsinə dair
reallaşdırılan tədbirləri də nəzərə çatdırıb.
Misir Mərdanov müəllimlərin işə qəbulu üzrə yeni
qaydaların hazırlanmasının, məktəb
kitabxanalarının zənginləşdirilməsinin, təhsil
müəssisələrinin akkreditasiyasının aparılmasının
və digər həyata keçirilən tədbirlərin TSİİL
çərçivəsində görülən işlər kimi əhəmiyyətini
qeyd edib, habelə bu layihəyə uyğun olaraq
rasionallaşdırma və adambaşına maliyyələşmə
sahəsinin də diqqət mərkəzində olduğunu bildirib.
Dünya Bankının təhsil üzrə baş mütəxəssisi
Meskerem Mulatu səmimi qəbul və görülən işlər
haqqında ətraflı məlumat verdiyi üçün təhsil
naziri Misir Mərdanova təşəkkür edib. TSİİL
çərçivəsində komponent koordinatorları ilə
keçirilmiş görüşlər zamanı aparılan fikir
mübadiləsi barədə danışan qonaq, eyni zamanda
Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının
məlumat sistemləri şöbəsi ilə Təhsil sisteminin
informasiyalaşdırılması idarəsinin işinin
təkmilləşdirilməsi üçün dəstək göstərilməsi,
ixtisasartırma təhsili üzrə təlimlərin
keçirilməsi məsələlərinə toxunub. Çıxışının
sonunda layihənin gedişindən razılığını ifadə
edən qonaq TSİİL üzrə digər komponentlərdən də
söz açıb.
Sonda təhsil naziri Misir Mərdanov Dünya
Bankının nümayəndələrinə gələcək
fəaliyyətlərində uğurlar arzulayıb, qarşılıqlı
əməkdaşlığın bundan sonra da səmərəli nəticələr
verəcəyinə əminliyini ifadə edib. |