Bakının
Nizami rayonundakı 62 nömrəli orta məktəbin 3-cü
sinfində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr olunmuş "açıq
dərs" keçirilib. Sinif müəllimi Sevil Abışovanın
hazırladığı "açıq dərs" kurikulumun tələblərinə
uyğun təşkil olunub.
Dərsdə əvvəlcə ulu öndər Heydər Əliyevin
xatirəsinə həsr olunmuş filmə baxılıb, uşaqlar
onunla bağlı şeirlər söyləyiblər. Daha sonra
dərsdə qruplara ayrılmış şagirdlər
öyrəndiklərini danışıblar.
Sinif müəllimi Sevil Abışova şagirdlərə
riyaziyyat dərsində çoxbucaqlı fiqurları
kompüter vasitəsilə Bakıdakı yeni tikililər
üzərində izah edib. Uşaqlar hazırladıqları
fiqurlar üzərində dərsi izah edib, qruplararası
diskussiyalar aparıblar. Daha sonra "dəyirmi
masa" arxasında "açıq dərs"in müzakirəsi
keçirilib. Pedaqoqlar yeni tədris üsulu və
müasir texnologiyaların köməyi ilə belə
dərslərin keçirilməsinin əhəmiyyətini qeyd
ediblər.
"Açıq dərs"də millət vəkilləri, Təhsil
Nazirliyinin, Nizami Rayon İcra Hakimiyyətinin
nümayəndələri, Bakının müxtəlif məktəblərindən
dəvət olunmuş məktəb direktorları və tanınmış
müəllimlər iştirak ediblər. Qeyd edək ki, 62
nömrəli orta məktəbdə eyni vaxtda 7 sinifdə bu
cür "açıq dərs"lər keçirilib. |