Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Dünya universitetləri

 

Qlazqo Universiteti

 
  Yerləşir: Böyük Britaniya Krallığı,  Şotlandiya, Qlazqo şəhəri  
Yaranma tarixi: 1451-ci il
Tipi: Dövlət
İşçi heyətinin sayı: 6334 nəfər
Tələbələrin ümumi sayı: 21954 nəfər
İllik gəlirləri: 439471000 funt-sterlinq
İllik xərcləri: 432169000 funt-sterlinq
Rəsmi saytı: www.gla.ac.uk
 

 

Qlazqo Universiteti (University of Glasgow) Şotlandiyanın Qlazqo şəhərində yerləşir və Böyük Britaniyanın dörd ən qədim təhsil ocaqlarından biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Qlazqo Universiteti 100 ən yaxşı ali məktəb arasında 79-cu yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Qlazqo Universiteti 128-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 77-ci yerdə qərarlaşıb.  

Tarixi 

1451-ci ildə Şotlandiyanın Qlazqo şəhərində universitet yaradılır. Həmin il universitet kral II Ceymsin təklifi ilə papa V Nikolayın bullasını alır və fəaliyyətə başlayır. İlk vaxtlar Qlazqo Universitetinin binası qədim Qlazqo kilsəsində yerləşir. 1460-cı ildə xeyriyyəçi lord Hamilton Hay-Strit küçəsinin şərqində, Blekfrayars kilsəsindən şimalda ali məktəbə geniş torpaq sahəsi bağışlayır və 400 il ərzində həmin sahə universitetin əsas ərazisi olur. Sonrakı illərdə ali məktəbin ərazisi və fəaliyyət sahəsi genişlənməkdə davam edir.

1560-cı ildə Şotlandiya Reformasiyasının səbəb olduğu siyasi çaxnaşma zamanı Mariya Stüartın tərəfdaşı olan Qlazqo Universitetinin kansleri arxiyepiskop Ceyms Biton ali məktəbin arxivindən bir çox qiymətli əşyaları, o cümlədən Meys bullasını götürərək Fransaya qaçır. Uzun müddət keçdikdən sonra 1690-cı il avqustun 28-də universitetin direktoru Ceyms Fall Parisdəki Şotland Kollecinə gələrkən bullanın burada olduğunun şahidi olur. Qlazqo Universiteti 1738-ci ildə bullanın və digər qiymətli əşyaların geri qaytarılması ilə bağlı Şotland Kollecinin rəhbərliyinə müraciət edir, lakin kollec rəhbərliyi və tarixçi Tomas İnnes əşyaların itirildiyini bəyan edirlər.

Bütün baş vermiş neqativ hadisələrə baxmayaraq, Qlazqo Universiteti inkişaf etməkdə davam edir. 1757-ci ildə universitetin Makfarleyn Rəsədxanası, sonra isə Şotlandiyanın ilk kütləvi muzeyi olan Hanterian Muzeyi və Bədii Qalereyası tikilir. Bu məkan Şotlandiya İntibahı və sənaye inqilabının mərkəzinə çevrilir. Lakin tədricən Hay-Strit ərazisinin şərqi sıx məskunlaşdığından, Qlazqo Universiteti qərbə doğru inkişaf etməyə başlayır. Beləliklə, 1870-ci ildə universitet əvvəlki ərazidən 5 km qərbdə Uest-İnddə yerləşən Gilmorehill (o dövrlərdə Qrinfild adlanırdı) ərazisinə köçür. Memar Corc Gilbert Skott qotik üsluba uyğun olaraq universitetin kampusunun tikintisinə başlayır. Gilmorehill kampusunun ən böyük tikilisi Hayt-Strit kampusundakı əkiz dördbucaqların təkrarlanması olur. 1879-cu ildə Gilbert Skottun oğlu Oldrid kampusda 4 dördbucaqlı binanın tikintisini həyata keçirir və hazırda həmin tikili - böyük Byut Holl imtahan və buraxılış gecələrinin keçirilməsi üçün istifadə olunur. İngiltərədə yerləşən Vestminister sarayından sonra Böyük Britaniyada İntibah memarlığına aid ikinci ən böyük bina bu kampusda yerləşir. 

Artıq XX əsrdə Qlazqo Universiteti hüquq, tibb, baytarlıq, stomatologiya, texnika, sosial elmlər, qədim və müasir dillər, ədəbiyyat, ilahiyyat, tarix və digər sahələr üzrə tam ixtisas verən dövlət universitetinə çevrilir. Sənaye inqilabı dövründə ali məktəbin müəllimi Con Anderson işləyən kişi və qadınların peşə təhsili alması ilə bağlı universitetdə yeni layihələr həyata keçirir. C.Anderson bu işlərin davam etdirilməsi məqsədilə öz vəsiyyətnaməsində Anderson Kolleci yaradılmasını qeyd edir. 1964-cü ilədək fəaliyyət göstərən kollec həmin ildən Stratklayd Universitetinə çevrilir. 

Büdcəsi və təhsil haqqı 

2009-2010-cu tədris ilində Qlazqo Universitetinin illik gəlirləri 439471000 funt-sterlinq olub. Həmin vəsaitin 158696000-i maliyyə şurası qrantları, 83441000-i təhsil haqqı və təhsil sazişləri, 129163000-i tədqiqat qrantları və sazişləri, qalanlarını isə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib. Bu tədris ilində ali məktəbin ümumi xərcləri 432169000 funt-sterlinq olub. Həmin məbləğin 243048000-i əməkdaşların əməkhaqqı, 22180000-i amortizasiya, qalanlarını isə digər əməliyyat xərcləri təşkil edib.

Qlazqo Universitetində yerli və Avropa Şurasına daxil olan ölkələri təmsil edən tələbələrin bakalavr səviyyəsində illik təhsil haqqı 1820-2895 funt-sterlinqdir. Bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin təhsil haqqı təhsil proqramından asılı olaraq 10500-32000 funt-sterlinq arasında dəyişir. Universitetdə magistr, PhD səviyyələri üzrə yerli və Avropa Şurası ölkələrindən olanlar üçün təhsil haqqı 3732-13500, əcnəbi tələbələr üçün isə 10500-32000 funt-sterlinq arasındadır.  Burada təhsil haqqı ildən-ilə artır.

Dünyanın bir çox universitetlərində olduğu kimi, Qlazqo Universitetində də tələbələrə çoxlu sayda təqaüd təklif olunur. Yerli və Avropa Şurası ölkələrindən olan tələbələr üçün bakalavr səviyyəsində müxtəlif məbləğli Anqlo-İspan, Eliahou Dagoor, Şotland-İtalyan, Bakalavr İstedad, Merçents Haus Səyahət, GU68 Mühəndisləri, magistratura və doktorantura səviyyələri üzrə isə Anqlo-İspan, Karnegi-Kameron, Qlazqo Məzun, Henri Drier və s. təqaüdlər mövcuddur. Ali məktəbin əcnəbi tələbələri üçün bakalavriat səviyyəsində Beynəlxalq Excellence (ildə 3000 funt-sterlinq), GU68 Mühəndisləri (250-500 funt-sterlinq), magistratura və doktorantura səviyyələri üzrə isə Yeni Kurs Güzəşt (1000 funt-sterlinq) təqaüdləri təklif  edilir.   

Universitet bu gün 

Qlazqo Universitetinin binaları Şotlandiyanın müxtəlif şəhərlərində yerləşir. Ali məktəbin əsas kampusu Qlazqo şəhərinin Hillhed rayonundakı Gilmorehilldir. Bersden şəhərində Qlazqo Universitetinin Baytarlıq Məktəbi və idman kompleksləri, Damfrisdə Stomatologiya Məktəbi və Qlazqo, Qərbi Şotlandiya, Açıq universitetləri tərəfindən idarə olunan Krayton kampusu (1980-ci ildə açılıb) yerləşir. Bu kampus əsasən tədqiqatların aparılması üçün nəzərdə tutulub.  Qlazqo və Stratklayd universitetləri birgə olaraq Qlazqo İncəsənət Kolleci və Hərbi-dəniz memarlığı departamentlərini idarə edir. Əsas binadan qərbdə universitet avenyu və Kalvin çayı arasında universitetin Tibb, Baytarlıq və Bioloji Elmlər Kolleci yerləşir. Tibb Məktəbi Patrik ərazisinə və Qərbi Ümumi xəstəxanayadək uzanır.

Qlazqo Universitetində bir neçə məktəb və institutdan ibarət 4 kollec fəaliyyət göstərir.

İncəsənət Kollecində Humanitar, Kritiki Tədqiqatlar, İncəsənət və mədəniyyət, Dillər və ədəbiyyatlar, Ali (magistr və doktorantlar üçün) məktəbləri, İncəsənət Laboratoriyası Fənlərarası Elmi-Tədqiqat İnstitutu mövcuddur.

İctimai Elmlər Kollecinə Biznes, Pedaqogika, Fənlərarası Tədqiqatlar (Damfris kampusu bazasında), Hüquq, İctimai və Siyasi Elmlər, Ali (magistr və doktorantlar üçün) məktəbləri, Adam Smit Tədqiqat Fondu Fənlərarası Elmi-Tədqiqat İnstitutu daxildir.

Dəqiq və Texniki Elmlər Kollecinə Kimya, Kompüter Elmləri, Mühəndislik, Coğrafiya və Yer Elmləri, Riyaziyyat və Statistika, Fizika və Astronomiya, Psixologiya, Ali (magistr və doktorantlar üçün) məktəbləri, Tibb Kolleci ilə birgə fəaliyyət göstərən Nevrologiya və Psixologiya Elmi-Tədqiqat İnstitutu aiddir.

Tibb, Baytarlıq və Bioloji Elmlər Kolleci Həyat elmləri, Tibb, Baytarlıq, Ali (magistr və doktorantlar üçün) məktəblərdən, Biomüxtəliflik, Heyvanların Sağlamlığı və Müqayisəli Tibb, Xərçəng Tədqiqatları, Ürək-Damar və Tibbi Elmlər, İnfeksiya, İmmunitet və İltihab, Molekulyar, Hüceyrə və Sistem Biologiyası, Dəqiq və Texnologiya Elmləri Kolleci ilə birgə fəaliyyət göstərən Nevrologiya və Psixologiya institutlarından ibarətdir.

Qlazqo Universitetinin kitabxanası əsas binanın qarşısında Hillhed-Stritdə yerləşir, Avropanın ən qədim və böyük kitabxanalarından biridir. 1968-ci ildə istifadəyə verilmiş 12 mərtəbəli binada yerləşən kitabxanada 2,5 milyon kitab, minlərlə jurnal, dövri nəşr, mikrofilm, xüsusi kolleksiya və nadir materiallar, əlyazma, xəritə, şəkil, 30000 elektron jurnal saxlanılır. Kitabxananın Rusiya və Şərqi Avropa kolleksiyası bu sahə üzrə Avropanın ən böyük kolleksiyalarından biridir. Kitabxanadan təkcə universitetin tələbə və müəllimləri deyil, şəhər sakinləri, eləcə də istənilən alim və tədqiqatçı istifadə edə bilər.

Kitabxananın universitetin müxtəlif kampuslarında kimya, stomatologiya, baytarlıq, pedaqogika, hüquq və ictimai elmlər üzrə filialları fəaliyyət göstərir. 2007-ci ildə Qlazqo Universiteti kitabxanasında Volfson Fondu tərəfindən maliyyələşən Tarixi Şəkillər kolleksiyası açılıb. Ali məktəbin arxivi 1451-ci ildə yaradılıb və həmin dövrdən başlayaraq arxivdə zəngin material toplanıb. 

Eyni zamanda Qlazqo Universitetinin Hanterian, Zoologiya muzeyləri, Hanterian Bədii Qalereyası, Makintoş Evi fəaliyyət göstərir. Hanterian muzeyi tibb işçisi və kollektor Uilyam Hanter tərəfindən yaradılıb. Muzeydə Şotlandiyada tapılmış daşlaşmış bitki və heyvan, dinozavr qalıqları, minerallar, mərcanlar, təkamül nümunələri, Aralıq dənizi, Şotlandiya, Qədim Misir, Yunan, Roma tarixinə aid nümunələr və s. saxlanılır. Hanterian Bədii Qalereyasında Rembrandt, Stabbs, Şarden, Pissaro, Roden, eləcə də XIX-XX əsrlərə aid Maktaqqart, Qatri və Ferqüsson və s. kimi məşhur rəssamların əsərləri toplanılıb. Makintoş Evində şotland memarı və dizayneri Çarlz Renni Makintoşun əsərlərindən ibarət kolleksiya nümayiş olunur.

Digər qədim Şotlandiya universitetləri kimi, Qlazqo Universiteti də Universitet Məhkəməsi (idarəedici orqan), Akademik Senat (tədris işləri) və Ümumi Şuradan (məsləhətxana) ibarətdir. Universitetin idarəedici və icraçı orqanları arasında dəqiq iş bölgüsü mövcuddur. Universitet kansler, rektor və vitse-kansler (direktor) tərəfindən idarə olunur. Qlazqo Universitetinin kansleri şərti olaraq professor Kennet Kalmandır. O, həmçinin ali məktəbin Ümumi Şurasının prezidentidir. Universitetin vitse-kansleri və direktoru professor Muskatelli Anton, rektoru isə Liberal Demokratlar Partiyasının sabiq lideri Çarlz Kennedidir.

Ali məktəbdə 6334 nəfər işçi çalışır. İşçilərin 1792 nəfərini idarəetmə, peşə və administrasiya, 1048 nəfərini əsas, 2607 nəfərini müəllim və tədqiqatçılar, 597 nəfərini texniki, 290 nəfərini isə kliniki heyət təşkil edir. 

Qlazqo Universitetində tələbələrin ümumi sayı 21954 nəfərdir. Tələbələrin 16588 nəfərini bakalavr, 5366 nəfərini isə magistrant və doktorantlar təşkil edirlər. Burada dünyanın 120 ölkəsindən minlərlə əcnəbi tələbə oxuyur. 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2009-2010-cu tədris ilində Azad İslam oğlu Qəribov beynəlxalq siyasət, Rəşad Müsəllim oğlu Həsənov isə iqtisadiyyat və maliyyə ixtisasları üzrə Qlazqo Universitetinin magistratura səviyyəsinin məzunu olublar.

Tədris korpusları kimi universitet yataqxanaları da Qlazqo şəhərinin şimal-qərbində yerləşir. Burada 4000-ə qədər tələbə tutumuna malik yataqxana kompleksi mövcuddur. Bütün yataqxanalar İnternetə qoşulub, tələbələrin rahat hərəkətini təmin etmək üçün kampusda mikroavtobuslar işləyir. Merihill ərazisində ali məktəbin Murano-Strit Holls, Garscube Estate ərazisində Volfson Holls, Yorkhill ərazisində Kelvino Qeyts və Kernkross Haus yataqxana kompleksləri yerləşir. Son zamanlar Douanhilldə yerləşən Dalrimpl Haus və Horslethill Holls, Şimali Kelvinsaydda yerləşən Rayt Holl, Park Sirkdə yerləşən Maklay Holls yataqxanaları bağlanaraq satılıb. Gilmorehill kampusundakı Stivenson yataqxanası 1961-ci ildə açılıb. Bu yataqxanada fitnes mərkəzi, skvoş kortları, sauna və altı zolaqlı 25 metrlik hovuz mövcuddur. Qlazqo Universitetində təhsil alan bakalavrlar, əsasən Kernkross Haus, Kraliça Marqaret, Viktoriya Holl, Tələbə Mənzilləri, Murano Strit tələbə kəndi yataqxana komplekslərində qalmağa üstünlük verir. Volfson Holls yataqxanasında bir otağın qiyməti ildə 5184, Tələbə Mənzillərində 3199, Kernkross Hausda 2929, Kraliça Marqaret və Viktoriya Holl yataqxanalarında 4408, Murano Strit tələbə kəndində 3636 funt-sterlinq təşkil edir. Damfris kampusunda magistrant və doktorantlar yerləşiblər. İkimərtəbəli binalardan ibarət kompleksdə bir otağın qiyməti həftədə 113 funt-sterlinqdir. Bu məbləğə kommunal, İnternet, camaşırxana və şəxsi əşyaların sığorta xərcləri də daxildir. Yataqxanalarda məskunlaşmaq tələbələr üçün yeni dostlar tapmaq və zəngin həyat təcrübəsi toplamaq üçün ideal yerdir.

Qlazqo Universitetində "Glasgow University Guardian" qəzeti,  universitet jurnalı, Tələbə Televiziyası, "Subcity" radiosu fəaliyyət göstərir. Qlazqo Universiteti Böyük Britaniyanın iki tələbə təşkilatı və ayrıca Tələbə Şurası olan azsaylı ali məktəblərindən biridir. Universitetdə Tələbələrin Nümayəndə Şurası, Qlazqo Universiteti Təşkilatı, Kraliça Marqaret Təşkilatı, Yaşlı Tələbələr Assosiasiyası (25 yaşdan yuxarı olan tələbələr üçün), Qlazqo Universiteti İdman Assosiasiyası, eləcə də müxtəlif klub və cəmiyyətlər mövcuddur.

Qlazqo Universitetində tələbələrin idmanla məşğul olmaları üçün 46 idman klubu, 60 məşq otağı, 25 metrlik sahəsi olan və qızdırılan hovuz, sauna və buxar otaqları, skvoş, tennis kortları, kriket ovalı, müxtəlif sintetik hava ötürmələri, futbol və reqbi, yeriş və qaçış meydançaları mövcuddur. İdman üzrə yüksək nəticə göstərən, istedadlı tələbələrə universitet tərəfindən təqaüd verilir. Garscube Estate ərazisində Volfson Holls və Texniki Peşə Məktəbinin yanında universitetin böyük idman kompleksi yerləşir. Klayd çayının yanında Qlazqo Qrində universitetin ellinqi (sahildə gəmi çanağının qurulduğu yer) mövcuddur. 

Qlazqo Universitetinin məzunları arasında 6 Nobel mükafatı laureatı, iki baş nazir (Henri Kempbell-Bannerman və Endryu Bonar Lou), Böyük Britaniyanın hazırkı müdafiə naziri Liam Foks, Liberal Demokratlar Partiyasının lideri Menzis Kempbell, Leyboristlər Partiyasının sabiq lideri Con Smit, Şotlandiyanın sabiq birinci naziri Donald Dyuar, Şotlandiyanın birinci nazirinin hazırkı müavini Nikola Stercen, dahi fizik Lord Kelvin, iqtisadçı Adam Smit, eləcə də Ceyms Uatt, Loqi Berd, İosif Blek, Con Boyd Orr, Frensis Hatçenson, Cozef Lister və b. kimi digər sahələr üzrə nailiyyət qazanmış şəxslər bitiriblər. Qlazqo Universitetinin qürur duyduğu məqamlardan biri də dünya alimlərinin həyatına həsr olunmuş Avropanın ən böyük kolleksiyasına malik olmasıdır.

Bütün dünyada insanlar təhsil və tədqiqatlar vasitəsi ilə liderlik əldə etməyə can atırlar. Qlazqo Universitetinin də minlərlə müəllim, tələbə və məzunları həqiqət, ədalət, hörmət prinsiplərinə əsaslanaraq əməkdaşlıq edir, dünya elminə və iqtisadiyyatına yeni-yeni nailiyyətlər bəxş edirlər. Ali məktəbə olan inam buradakı innovasiya, akademik tələbkarlıq, gərgin iş, problemlərin yaradıcı həllindən irəli gəlir. Universitetdə dünya üzrə tanınmış müəllimlərdən dərs almaq və geniş təcrübə qazanmaq mümkündür. Qlazqo Universitetində müxtəlifliyə üstünlük verilir, hər bir əməkdaş və tələbənin elmə verdiyi nailiyyət yüksək qiymətləndirilir. Universitet vicdanlı və inadlı işi, yüksək qətiyyəti hesabına qarşıya qoyduğu bütün məqsədləri əldə etməyinə əmindir. Qlazqo Universitetinin şüarı belədir: "Yol, həqiqət, həyat". Avropanın ən qədim ali məktəblərindən olan universitet bu günədək uzun yol qət edərək dünyada həqiqətin aşkarlanmasına, insanların həyatına xoşbəxtlik və rifah gətirilməsinə xidmət etməkdədir.

Universitetin məşhur məzunları 

  Henri Kempbell-Bannerman  Böyük Britaniyanın sabiq Baş naziri  
  Endryu Bonar Lou  Böyük Britaniyanın sabiq Baş naziri  
  Liam Foks Böyük Britaniyanın müdafiə naziri     
  Menzis Kempbell Liberal Demokratlar Partiyasının lideri  
  Con Smit  Leyboristlər Partiyasının sabiq lideri  
  Donald Dyuar Şotlandiyanın sabiq birinci naziri (siyasi lider və Şotlandiya hökumətinin rəhbəri)  
  Nikola Stercen Şotlandiyanın birinci nazirinin müavini  
  Derek Barton kimya üzrə Nobel mükafatı laureatı  
  Uilyam Ramsay kimya üzrə Nobel mükafatı laureatı  
  Frederik Soddi kimya üzrə Nobel mükafatı laureatı  
  Aleksandr Baron Todd kimya üzrə Nobel mükafatı laureatı  
  Ceyms Blək tibb üzrə Nobel mükafatı laureatı  
  Con Boyd Orr  sülh üzrə Nobel mükafatı laureatı  
  Lord Kelvin dahi fizik, bir çox kəşflərin müəllifi  
  Ceyms Vatt  Şotland mühəndis-mexaniki, buxar maşınının ixtiraçısı  
  Adam Smit siyasi iqtisadiyyatın yaradıcılarından biri  
  Frensis Hatçenson filosof, şotland maarifinin yaradıcılarından biri  

                                                                        Hazırladı:
Lamiyə ƏLİYEVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov