Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Azərbaycan Xalq Cümhuriyyəti və maarif ziyası

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Bu da Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəklənməsinə böyük təsir göstərmişdir.  Elə bu dövrdə Azərbaycan Cümhuriyyəti hökuməti xalq təhsilinin inkişafı üçün var qüvvəsini sərf etmiş, böyük işlər görmüşdür.  Bu günlərdə əməkdaşımız Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Əzizə Nəzərli ilə görüşmüş, Azərbaycan Cümhuriyyəti dövründə xalq maarifi sahəsində aparılmış işlər barədə ətraflı məlumat verməsini xahiş etmişdir:

- Müstəqil və azad dövlətimizin - müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Stalinin Məmməd Əmin Rəsulzadəyə verdiyi "23 ay hakimiyyətdə oldunuz, nə etdiniz" sualına mən də cavab vermək istərdim: türk maarifçiliyi elə ilk dəfə dövlət səviyyəsinə qalxdı. Bir çox dövlətin 23 ilə görə bilmədiyini Azərbaycanın istiqlal elçiləri 23 ay müddətində görə bildilər. Bunun bir sirri həmin xadimlərin yüksək səviyyəli savada və ziyaya malik olmaları idi. Avropanın ən məşhur təhsil ocaqlarında oxumuş bu xadimlər maarifçiliyin dəyərini və qədrini bilirdilər. Xalq Maarifi Nazirliyində Azərbaycanın siyasi və mədəni tarixində həmişəlik iz qoymuş insanlar çalışırdılar. Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtaxtinski, Rəşid xan Qaplanov, Nurməmmməd bəy Şahsuvarov, Fətulla bəy Rizabəyov, Azad bəy Əmirov, Eynül xanım Yusifbəyli.

Təəssüf ki, bir söhbətdə Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyətinin bütün cəhətlərini əhatə etmək mümkün deyil. Bununla belə qətiyyətlə demək olar ki, xarici müdaxilə, daşnak Ermənistanı ilə müharibə, ölkədaxili siyasi qüvvələr arasındakı ziddiyyətlər, iqtisadi böhran və başqa amillərə baxmayaraq, Azərbaycan Cümhuriyyəti hökuməti xalq təhsilinin inkişafı üçün var qüvvəsini sərf etmiş, böyük işlər görmüşdür.

1918-ci ilin 27 iyul günündə Azərbaycan hökuməti dövlət dili haqqında qanun qəbul etdi. Dövlət sənədləri Azərbaycan türkcəsində tərtib olunmağa başladı. Müəyyən bir müddətədək rus dilinin də tətbiq olunmasına izn verildi.

Avqustun 28-də hökumət məktəblərin milliləşdirilməsi haqqında qərar çıxardı. Məktəblərin milliləşdirilməsi dedikdə respublikanın təhsil ocaqlarında təlimin ana, yəni Azərbaycan dilində aparılması nəzərdə tutulurdu. Türk balalarının doğma dildə təhsil almaq, öz dilini, ədəbiyyatını, tarixini və mədəniyyətini öyrənmək hüququ ilk dəfə olaraq qanuniləşdirildi. Özü də milliləşdirilən məktəblərdə Azərbaycan dilində təhsil almaq icbari idi.

Qeyri-Azərbaycan məktəblərində türk dilinin dövlət dili səviyyəsində keçilməsi üçün külli miqdarda vəsait ayrıldı.

İstiqlal dövründə millətin təhsilə həvəsi xeyli güclənmişdi. Xalq təhsili müfəttişlikləri, demək olar ki, bütün qəza və kəndlərdən məktəb açmaq haqqında ərizə alırdılar. Özü də təhsil xərclərini əhali öz boynuna götürürdü. Məsələn, Bakı quberniyasının, Siyəzən, Böyük Xızı, Keşlə, Hökməli, Əmircan, Digah kəndlərinin sakinləri onlar üçün məktəb açılması haqqında hökumətə ərizələrlə dönə-dönə müraciət ediblər.

Azərbaycan Demokratik Cümhuriyyətinin birinci tədris ili 1918-ci ilin 15 sentyabrında Qafqaz islam ordusunun Bakıya varid olmasından bir ay sonra başladı. Tədris üçün şərait ağır idi. Müəllim və şagirdlərin bir hissəsi 1918-ci ilin mart hadisələri dövrü qırılmış, bir çoxları yaşayış yerlərini atıb getmişdi. Məktəb komissiyası dərslərin başlanmasına qərar verdi, oktyabrın 20-dək məktəbə qayıtmayan müəllimlər işdən azad olunmuş sayıldı.

Məktəb binaları acınacaqlı vəziyyətdə idi. Binaların bir çoxu dağıdılmışdı. Bakıdakı məktəblərin çoxunda vaxtilə ya ingilis, ya da daşnak silahlı qüvvələri yerləşdirildiyindən binalara xeyli ziyan dəymişdi. Bir sıra məktəblərdə isə daşnak bandalarından qurtulmuş Naxçıvan və Zəngəzur qaçqınları yaşayırdılar. Məktəblərin təmiri üçün məktəb komissiyasından vəsait ayrıldı. Bu pul ilə xeyli məktəb təmir olundu.

Hökumətin səyi nəticəsində təlim və tədris işləri qaydaya salınırdı. 1919-cu ilin martında Bakıda şəhər məktəblərində oxuyanların sayı 6.400 nəfərə, həmin ilin noyabrında isə 9.100 nəfərə çatdı.

Şagirdlərin dərsə davamiyyəti xeyli yüksək idi. Bu, məşğələlərin normal keçməsi və ölkədə vəziyyətin sabitləşməsi ilə bağlı idi. Türk məktəblərində müvəffəqiyyətlər daha böyük idi. Belə ki, zəif oxuyanların faizi köhnə rejimdə 50 faizə çatdığı halda, indi 10-15 faiz olmuşdu.

Azərbaycanda məktəb quruculuğu işinə "Türk müəllimləri ittifaqı"nın yaradılması əhəmiyyətli təsir göstərdi. İttifaqın sədri Ağababa bəy İsrafilbəyov idi. 1919-cu ildə avqustun 20-dən sentyabrın 1-dək Azərbaycan müəllimlərinin qurultayı keçirildi. Qurultayda yeni proqram və dərsliklərin hazırlanması, müəllimlər seminariyaları və kurslarının açılması, məktəblərin abadlaşdırılması və yenilərinin tikilməsi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və digər bu kimi mühüm məsələlərə baxıldı. Ölkədə siyasi durumun müzakirəsi zamanı aşağıdakı qətnamə qəbul olundu: "Azərbaycan müəllimləri xalq kütlələri arasında Vətən müstəqilliyinin möhkəmləndirilməsi, sağdan və ya soldan hər hansı bir təhlükə zamanı onun müdafiəsi üçün fədakarlıq və vətənpərvərlik mövqeyi baxımından güclü, mütəmadi iş aparmalıdırlar".

Azərbaycanlı müəllimlər, məsələn, Cəmo Cəbrayılbəyli, Mehdi bəy Hacıbabayev, Teymur bəy Bayraməlibəyov, Əlməmməd Mustafayev və başqaları "Müsəlman Ziyalıları İttifaqı"nın işində fəal iştirak edirdilər. Dövlət orqanlarının və parlamentin işində də müəllimlərin əməyi var idi.

Məktəblərin milliləşdirilməsi nəticəsində dərslik məsələsi xüsusi kəskinliklə meydana çıxdı. Xalq maarifi naziri Şahsuvarovun sədrliyi ilə Azərbaycan dilində dərsliklər tərtib etmək üçün komissiya yaradıldı. Bundan əlavə dərsliklərin Azərbaycan dilinə tərcüməsi məsələləri ilə məşğul olan xüsusi komissiya təşkil olundu.

Milli hökumət dərslik layihələrinin hazırlanması üçün 152 min manat, onların nəşrindən ötrü kağız alınmasına 500 min manat, türk şriftinin alınmasına isə daha 200 min manat pul ayırmışdı.

Komissiyaların gördükləri böyük iş sayəsində qısa müddət ərzində üç hissədən ibarət "Təzə Elmül - hesab", "İkinci il", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Yeni məktəb", "Müəllimi-sərf", "Sərfi-türki", "Türk çələngi", "Tarixi-təlibi", "Rəhbəri-cəbr", "Coğrafiya", "Hikməti-tərbiyə" dərslikləri hazırlandı. Bu kitablar müəllim və şagirdlərə maya dəyərinə satılırdı.

Rus dilində dərsliklərin alınmasına hökumət 500 min manat sərf etmişdi. Yəhudi, erməni və alman məktəblərinə aylıq subsidiya ayrılmışdı.

Parlamentin 1918-ci il 26 dekabr tarixli iclasında baş nazir Fətəli xan Xoyski qeyd etdi ki, xalqın maariflənməsi sahəsi dövlət və cəmiyyətimizin özülünü qoyan bir sahədir. Hamının öz dilində təhsil almaq hüququ vardır.

Bütün məktəblərdə qeyri-müsəlman şagirdlər üçün ilahiyyat dərsləri keçilirdi. Əgər qeyri-millətlərdən olan şagirdlərin sayı 10 nəfərdən yuxarı idisə, onlara ana dili dərsləri keçilirdi. Özü də bu məktəblərdə ilahiyyat və ana dili dərslərinin xərcini dövlət öz xəzinəsindən ödəyirdi. Xristian dininə etiqad edən müəllim və şagirdlər üçün istirahət günü cümə günü əvəzinə bazar günü idi. Dini bayramların da keçirilməsinə icazə verilirdi.

Xüsusi diqqət yetirilən daha bir sahə türk qadınlarının maariflənməsi idi. Məsələn, Keşlədəki müsəlman qadınlar cəmiyyətinin xahişini nəzərə alaraq hökumətin səyi nəticəsində 1919-cu ilin oktyabrında burada qızlar üçün ibtidai məktəb açıldı. Keşlə qadın cəmiyyətinin müvəkkili İzzət xanım Rəsizadənin coşqun fəaliyyəti sayəsində məktəb kəndlilərin hörmətini elə qazanmışdı ki, artıq noyabr ayında burada 100 qız təhsil alırdı.

1919-cu il mart ayının 24-də Azərbaycan milli gimnaziyasında qadınlar üçün kursların təntənəli açılışı oldu. Bu mərasimdə 120 azərbaycanlı qadın iştirak etdi. Sara xanım Xuramoviç, Şəfiqə xanım Qaspıralı, Hənifə xanım Məlikova çıxışlar etdilər. Kurslara G.Usubova rəhbərlik edirdi. 1920-ci ilin yanvarında artıq 200 azərbaycanlı qadın burada savad alırdı.

1920-ci il aprel ayının 1-dən Azərbaycan dilini öyrənmək üçün qadın kursları açılmışdı. Kurslarda təhsil pulsuz idi. Məşğələləri aparmaqdan ötrü Türkiyədən müəllimlər dəvət olunmuşdular. Qeyd etmək lazımdır ki, kursda onlar təmənnasız işləyirdilər. Dərslər 2-ci türk qadın məktəbinin binasında keçilirdi.

Birinci şəhər məktəbində isə savad öyrənmə və əl işləri üzrə qadın kursları fəaliyyət göstərməyə başladı. Müəllimlər yalnız müsəlman qadınlar idi. Gigiyena dərsini tanınmış həkim Əminə xanım Batirşina aparırdı.

Tədqiq olunan dövrdə xalq təhsilinin təşəkkül tapmasında "Nəhri-Maarif", "Nicat", "Səfa", "Səadət", "Türk ocağı", "İran Maarif Cəmiyyəti" və başqa bu kimi Azərbaycan mədəni-maarif cəmiyyətlərinin misilsiz xidmətləri olmuşdur.

1919-cu ilin sentyabrında orta məktəblər üçün yeni proqramlar tərtib edən komissiyalar işə başladı. Köhnə proqramlarda diqqət, əsasən, qədim rus ədəbiyyatına, Rusiya tarixinə verilirdi, Azərbaycan dili, ədəbiyyatı və Azərbaycan xalqının tarixi isə öyrənilmirdi. 1919-1920-ci təhsil ilində dərslər artıq yeni proqramla keçilirdi. Aşağı siniflərdə "Türk xalqları tarixinin qısa kursu", yuxarı siniflərdə isə "Türk xalqları tarixinin tam kursu" fənləri öyrənilirdi. Rusiya tarixi və Rusiya coğrafiyası dərsləri ləğv edildi. Bu fənlərin ümumi tarix və ümumi coğrafiyanın bir bölməsi kimi tədris edilməsinə başlandı.

Azərbaycan Cümhuriyyəti dövründə mütərəqqi ictimaiyyət əlifba islahatı məsələsini qaldırdı. Bu təşəbbüsü ilk dəfə yollar naziri Xudadat bəy Məlikaslanov irəli sürmüşdü. Onun təklifi və hökumətin qərarı ilə iki nazirin (maarif və yollar) sədrliyi altında komissiya yaradıldı. Komissiya latın əlifbasına keçməyi qərara aldı. Bu qərar Azərbaycan Cümhuriyyətinin maarifpərvər hökuməti üçün, açıq demək olar ki, başucalığı idi. Abdulla bəy Əfəndiyev Maarif Nazirliyinə latın şrifti ilə yeni türk əlifbasını təqdim etdi.

Hökumət müəllimlərə yüksək qayğı göstərirdi. Bu dövrdə müəllimlərin maaşı bir neçə dəfə artırılmışdı. Bayram ərəfələrində onlara pul müavinəti verilirdi. Müəllimlər aztapılan ilkin tələbat və ərzaq malları ilə təmin olunurdular.

Şagirdlərə də qayğı göstərilirdi. Kasıb ailələrdən olan uşaqlar təhsil haqqından azad edilirdilər. Orta təhsil müəssisələrində bu cür şagirdlər üçün təqaüd təsis edilirdi. Ehtiyacı olanlar hətta naharla təmin olunurdular.

Təlimin Azərbaycan dilində inkişafı sahəsində qarşıya çıxan ən böyük problem ixtisaslı müəllim kadrlarının çatışmaması idi. 1918-ci ilin 10 noyabrında Qazaxda müəllimlər seminariyası açıldı. Bu, təkcə qəza üçün deyil, bütün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi.

Seminariyanın direktoru tanınmış maarifçi-pedaqoq və ədəbiyyatşünas Firudin bəy Köçərli idi.

1919-1920-ci tədris ilində seminariyaya daxil olmaq arzusunda olanların sayı xeyli çoxalmışdı. 8 yerə 40-dan artıq ərizə verilmişdi. Valideynlər övladlarının seminariyaya daxil olmalarını dönə-dönə xahiş edirdilər. Qeyd edək ki, seminariyanın nəzdində pansion da fəaliyyət göstərirdi. Sıxlığa baxmayaraq, bura dövlətin hesabına 5 pansionçu və 11 nəfər hər gün gəlib-gedən tələbə qəbul edilmişdi. 1919-cu ilin oktyabrında burada artıq 76 nəfər tələbə təhsil alırdı. Bakıda və Gəncədə də müəllimlər seminariyaları fəaliyyət göstərirdi.

Bakı kişi müəllimlər seminariyasında Türkiyədən gəlmiş görkəmli pedaqoqlar Kamal bəy, Fəthi bəy, Rəşid Sürəyya, Nurulla Əfəndi, Mirzə Mövsüm xan, qadın müəllimlər seminariyasında isə Rəmziyyə, Saimə, Rəbiyyə, Nadidə, Nəbahat, Həcər və Mədihan xanımlar dərs deyirdilər.

Pedaqoji kadrların çatışmaması problemi qısamüddətli müəllim kurslarının təşkili zərurətini meydana çıxardı. Bakıdakı qısamüddətli pedaqoji kurslarda tanınmış pedaqoqlar B.A.Fətəlibəyov, S.Acalov, Ə.C.Orucəliyev, A.Talıbzadə (A.Şaiq), A.İsrafilbəyov, C.Cəbrayılbəyov, A.Ağayeva, M.Mahmudbəyov, Kələntərov, Cavid bəy (türkiyəli müəllim), Abdulla bəy Əfəndiyev, doktor Qarabəyov, S.M.Qəniyev, M.A.Şaxtaxtinski, Hüseyn Cavid, K.B.İsmayılov, Riza Zəki və b. dərs deyirdilər. Qısamüddətli kurslar çox keçmədi ki, bir sıra qəzalarda da açıldı.

Bakı, Gəncə, Şuşa, Nuxa və Qazax şəhərlərində ikiillik müəllim kursları da yaradıldı.

Kurslara bütün qəzalardan kütləvi şəkildə müdavimlər cəlb edilirdilər. Müsəlman qadınların bura can atması xüsusilə sevindirici idi. Parlament üzvləri kurslara gəlir, onların işi ilə maraqlanır, lazımi kömək göstərirdilər. Səməd ağa Ağamalıoğlu Qazax qadın kursları müdavimlərini salamlayaraq demişdi: "Hazırda ən faydalı iş burada, sizin içərinizdə aparılır".

Cümhuriyyətin dəvəti ilə Türkiyədən 50 müəllim Azərbaycana çalışmaq üçün gəlmişdi.

1919-cu ildə Yaxın Şərqdə ilk dəfə olaraq dünya standartları səviyyəsində ali təhsil məktəbi - Bakı Dövlət Universiteti təsis olundu, Azərbaycanda ali təhsil sisteminin bünövrəsi qoyuldu. Bu, hökumətin və qabaqcıl ziyalılarımızın tarix qarşısında çətin imtahandan üzüaçıq çıxması idi.

Universitetin rektoru professor V.İ.Razumovski təyin olunmuş, buraya 1094 nəfər, o cümlədən 877 tələbə və 217 azad dinləyici qəbul olunmuşdu.

Universitetdən başqa 1920-1921-ci tədris ilinin başlanğıcında Xalq Maarifi Nazirliyi tərəfindən Pedaqoji İnstitutun açılması layihələndirilmişdi. Burada pulsuz təhsil nəzərdə tutulurdu. Bundan başqa, Bakı Kənd Təsərrüfatı İnstitutunun açılması üçün hazırlıq aparılırdı. Bakı musiqiçilər cəmiyyətinin musiqi məktəbini Bakı Konservatoriyasına çevirmək nəzərdə tutulurdu.

Maarifçiliyin ən diqqətəlayiq anlarından biri: Milli hökumət dövlətimizə gərək olan mütəxəssisləri hazırlamaqdan ötrü 100 azərbaycanlı balasını Avropanın məşhur ali məktəblərinə göndərdi. Kasıb tələbələrin bütün təhsil və güzəran xərclərini dövlət öz boynuna götürdü.

1920-ci ilin 14 yanvar günü tələbələrin ilk dəstəsi sürət qatarı ilə xaricə yola salındı. Qatar axşam saat doqquz radələrində yola düşürdü. Saat 7-dən tələbələri yola salmaq üçün vağzala xeyli adam yığışmışdı: Parlament adından görkəmli ziyalılar Məmməd Əmin Rəsulzadə, İbrahim Əbilov, Aslan bəy Səfikürdski, Səmədağa Ağamalı oğlu, Milli Hökumət adından isə Əhməd bəy Pepinov çıxış etdilər. Tələbələrin yerləşdiyi vaqonlardan tar və muğam səsləri gəlirdi. Vaqon qapıları Azərbaycan bayraqları ilə bəzədilmişdi. Əhvali-ruhiyyə olduqca yüksək idi. Həm yola salanların, həm də tələbələrin "Yaşasın Azərbaycan!" nidaları asimana yüksəlirdi.  Ayrılıq vaxtı çatdı, sürət qatarı maarif məcnunlarını işıqlı və faciəli talelərinə doğru apardıE  Qarşıdan qara günlər carçısı 28 aprel gəlirdi. 

Söhbəti qələmə aldı:
Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov