Bakıdakı
242 nömrəli orta məktəbdə narkomaniyaya, spirtli
içkilər, siqaret çəkmə əleyhinə mübarizəyə həsr
olunmuş "Ayıl! Hələ gec deyil" mövzusunda
"Biologiya gecəsi" keçirilib. Tədbirdə Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin, Nizami Rayon
Gənclər və İdman İdarəsinin nümayəndələri və
ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə
direktor müavinləri iştirak ediblər.
Məktəbin direktoru Akif Rəsulov bildirib ki,
tədbiri keçirməkdə məqsəd gəncləri və böyüməkdə
olan nəsli bu zərərli vərdişlərin törətdiyi
fəsadlardan xilas etmək və onları mübarizəyə
səsləməkdir.
Tədbirdə V-VIII sinif şagirdləri tərəfindən
mövzuya uyğun şeir söylənilib, maraqlı
səhnəciklər göstərilib. "Ən yaxşı şeir deyən",
"Ən yaxşı rəsm" və "Ən çox yaddaqalan şagird"
nominasiyaları üzrə fərqlənən şagirdlər
münsiflər heyəti tərəfindən mükafatlandırılıb.
Tədbirin təşkilində rolu olan biologiya
müəllimi Samara Məmişovaya, ingilis dili
müəllimi İntizar Hüseynovaya və rəsm müəllimi
İradə İmanovaya Fəxri fərmanlar verilib.
Şakir CƏFƏROV |