İyunun
17-də Bakı şəhəri məktəblərinin XI siniflərində
buraxılış imtahanları keçirilir. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsindən aldığımız məlumata
görə, 2010-2011-ci tədris ilinin yekununda Bakı
şəhərinin ümumtəhsil məktəblərinin 60393 şagirdi
ümumi orta və tam orta təhsil səviyyələri üzrə
mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları
verəcək.
Bu gün Bakı
şəhəri üzrə 73 imtahan mərkəzində 25367 nəfər
onbirinci sinif şagirdi imtahan verir.
Ötən illərdə
tam orta təhsil haqqında sənəd almağa müvəffəq
olmayan 2017 məzunla isə 4 imtahan mərkəzində
imtahan aparılır.
Qaydalara
müvafiq olaraq, tam orta təhsil səviyyəsi üzrə 3
saat ərzində 120 suala cavab verilməlidir. Qeyd
edək ki, onbirinci siniflər üzrə keçirilən
buraxılış imtahanlarında sualların ümumi sayı
dəyişməsə də, ayrı-ayrı fənlər üzrə
dəyişikliklər olmuşdur. Belə ki, ana dili və
riyaziyyat fənləri üzrə suallar 25-dən 21-ə
qədər azaldılmış, təbiət fənləri üzrə (kimya,
biologiya, fizika, coğrafiya) suallar 10-dan
12-yə qədər artırılmışdır. Tarix və xarici dil
fənləri üzrə sualların sayı isə (15) dəyişilməz
qalmışdır. Tam orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanlarında istifadə olunacaq test
kitabçaları 18 variantda işlənib hazırlanmışdır
ki, bu da sinifdə hər şagirdə bir variant
deməkdir.
Sabah, iyunun
18-də isə Bakı şəhərinin IX siniflərində ümumi
orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanları keçiriləcək. Həmin
gün 75 imtahan mərkəzində 35026 nəfərlə imtahan
aparılacaq. Şagirdlər 90 dəqiqə ərzində ana dili
və riyaziyyat fənlərinin hərəsindən 25 sual
olmaqla 50 suala cavab verməlidirlər. Ümumi orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında
istifadə olunacaq test kitabçaları 12 variantda
hazırlanıb.
Hər bir fənn
üzrə sualların 20 faizdən 50 faizə qədərinə düz
cavab verən şagird "3", 50 faizdən 80 faizə
qədərinə düz cavab verən şagird "4", 80 faizdən
yuxarı düz cavab verən şagird isə "5" ilə
qiymətləndiriləcək.
Hicran ƏKBƏROVA |