Azərbaycan Respublikasında bazar
iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət
və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə
kadrların hazırlanması ilə bağlı sifarişlərini,
həmçinin Nazirlər Kabinetinin 27.06.2002-ci il
tarixli 679 nömrəli qərarı ilə təsdiq olunmuş
"Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma
klassifikatoru"na uyğun olaraq ilk peşə-ixtisas
təhsili müəssisələrinin müvafiq peşələr üzrə
kadrlara olan tələbatını nəzərə alaraq
ƏMR EDİRƏM:
1. 2011-ci il üçün ayrı-ayrı ilk peşə-ixtisas
təhsili müəssisələri üzrə şagird qəbulu planı
ümumilikdə 16895 nəfər, o cümlədən dövlət
vəsaiti hesabına 14190 nəfər, ödənişli əsaslarla
2705 nəfər, buraxılış planı 14468 nəfər, o
cümlədən ödənişli əsaslarla 1793 nəfər olmaqla
təsdiq edilsin (şagird qəbul planı əlavə
olunur).
2. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan
rayonlarının və Şuşa şəhərinin fəaliyyəti
müvəqqəti dayandırılmış peşə məktəblərinə (24,
126, 131, 144, 72 nömrəli texniki peşə
məktəbləri) şagird qəbulu məsələsinə həmin
məktəblərin fəaliyyəti tam bərpa olunduqdan
sonra baxılsın.
3. İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Texniki peşə
təhsili şöbəsi (N.Məmmədov) ilk peşə-ixtisas
təhsili müəssisələri üzrə təsdiq edilmiş şagird
qəbulu planı daxilində ayrı-ayrı peşələr üzrə
şagird qəbulunun planlaşdırılmasını və bu zaman
aşağıdakı meyarların əsas kimi götürülməsini,
habelə təhsil bazasının müəyyənləşdirilməsini və
bu barədə məlumatların müvafiq təhsil
müəssisələrinin nəzərinə çatdırılmasını təmin
etsinlər:
3.1. Ümumtəhsil fənlərindən buraxılış
imtahanlarında müvəffəqiyyət səviyyəsi 50%-dən
aşağı olan ilk peşə-ixtisas təhsili
müəssisələrində ümumi orta təhsil bazası üzrə 3
illik təhsil qruplarının azaldılması;
3.2. Məzunların məşğulluq səviyyəsi 60%-dən
yuxarı olmayan ilk peşə-ixtisas təhsili
müəssisələrinə qəbul planının artırılmaması.
4. Peşələr üzrə şagird qəbulu planında
dəyişiklik edilməsi zərurəti yarandıqda, bu
məsələ təsdiq edilmiş ümumi qəbul planı
daxilində həll edilsin.
5. Aidiyyəti ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərlərinə tapşırılsın:
5.1. Şagird qəbulu planının sentyabr ayının
15-nə qədər yerinə yetirilməsini təmin etsinlər.
5.2. Şagird qəbulu və buraxılışına dair
statistik hesabatları müəyyən edilmiş
müddətlərdə nazirliyə təqdim etsinlər.
6. Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi,
Gəncə Şəhər Təhsil İdarəsi və digər bütün rayon
(şəhər) təhsil şöbələri ilk peşə-ixtisas təhsili
müəssisələrinə şagird qəbulu ilə bağlı lazımi
köməklik göstərsinlər.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və
"Sənətkar" jurnalında dərc edilməsini təmin
etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 iyul 2011-ci il |