Xəbər verdiyimiz kimi, Rusiya Gənclərinin
İctimai Palatasının nümayəndələri Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın dəvəti ilə Azərbaycanda
səfərdədirlər.
İyulun 22-də qonaqlar Bakı Dövlət
Universitetində (BDU) olmuşlar. Görüşdə iki ölkə
universitetləri arasında əlaqələrin
intensivləşdirilməsi, əməkdaşlığın
genişləndirilməsi və digər məsələlər müzakirə
olunmuşdur.
Rusiyalı tələbələr BDU-nun tədris proqramları,
təhsilin təşkili ilə, tədris olunan xarici
dillərlə maraqlanmışlar. Prorektor Sani Hacıyev
Dağlıq Qarabağ münaqişəsinin təhsilimizin
inkişafına vurduğu zərərlər, hazırda
universitetin yataqxanalarında Ermənistanın
işğal etdiyi ərazilərdən olan qaçqınların
məskunlaşması barədə qonaqlara məlumat
vermişdir. S.Hacıyev bildirmişdir ki,
münaqişənin müsbət həlli BDU-da oxuyan xarici
tələbələrin sayının çoxalmasına, onların
hərtərəfli şəraitlə təmin olunmasına səbəb ola
bilərdi.
Sonda rusiyalı qonaqlar universiteti gəzmiş,
BDU-nun elmi-tədqiqat mərkəzləri, idman
kompleksi ilə tanış olmuşlar.
AzərTAc |