Azərbaycan Respublikası təhsil nazirinin müvafiq
əmrinə uyğun olaraq İmişli rayon ümumtəhsil
məktəblərinin ibtidai sinif müəllimləri təlim
kurslarından keçmişlər. Kurslar 2011-2012-ci
dərs ilində I siniflərdə dərs deyəcək, həmçinin
son 3 ildə təlim kursundan keçməyən ibtidai
sinif müəllimlərinin fənn kurikulumlarının
tətbiqi sahəsində nəzəri və praktik hazırlığını
təmin etmək məqsədi ilə keçirilmişdir.
İmişli rayonu üzrə treninqlər Nizami Gəncəvi
adına şəhər 2 nömrəli tam orta məktəbində təşkil
olunmuşdur. İmişli Rayon Təhsil Şöbəsi təlimlərə
cəlb olunacaq ibtidai sinif müəllimlərinin
siyahısını dəqiqləşdirmiş, görüləcək bütün
işləri təlim kurslarını təşkil edən Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzi koordinasiya
etmişdir. Hər bir təlim otağı zəruri texniki
vasitələrlə (noutbuk, proyektor, ağ lövhə və s.)
təchiz edilmişdir. İyunun 20-də keçirilmiş
açılış mərasimində İmişli Rayon Təhsil Şöbəsinin
müdiri R.Əmirov, Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzinin koordinatoru S.Tağıyeva çıxışlarında
kurikulum tətbiqi üzrə təlim kurslarının
müdavimlərə müsbət fayda verəcəyini bildirdilər.
Təlimlərə 5 qrup olmaqla 123 nəfər müəllim cəlb
olunmuşdu. İştirakçılar kurikulumun mahiyyəti,
yeni təlim metodları ilə iş üsulları, dərslik
komplektlərinin xüsusiyyətləri ilə tanış
edilmişlər. Bütövlükdə təlimlər iştirakçılar
tərəfindən çox böyük maraqla qarşılanmışdır.
İmişli rayonunda məskunlaşmış Füzuli rayon
məktəblərinin 3 müəllimi də kursda iştirak edib.
Birinci siniflərdə dərs deyəcək müəllimlərə
kurikulumla bağlı sənədlər toplusu təqdim
olunmuşdur. Kursun sonunda əldə edilmiş
biliklərin qiymətləndirilməsi məqsədilə
monitorinq keçirilmişdir. Kursu bitirmiş
müəllimlərə vahid formada sertifikatlar təqdim
olunmuşdur.
Sevdimalı HÜSEYNOV,
İmişli RTŞ metodik kabinetinin direktoru |