Dünyanın
inkişaf etməkdə olan ölkələrindən biri kimi
Azərbaycanın bütün nailiyyətlərinin əldə
olunmasında onun təhsil sistemi önəmli rol
oynayır. Ən qabaqcıl innovasiyalara istinad
etməklə müasir cəmiyyətimiz üçün lazım olan bir
təhsil sisteminin qurulması istiqamətində işlər
aparılır. Yeni təhsil sisteminin qurulmasında
fəallıq göstərən, özünün fəaliyyəti ilə pedaqoji
ictimaiyyətin avanqardına çevrilən insanlar bu
işlərə yaxından qoşulur, Azərbaycanda unikal
təhsil sisteminin yaranmasında öz var
qüvvələrini əsirgəmirlər. Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun
direktor müavini, Kurikulum Mərkəzinin direktoru,
əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru,
dosent Ənvər Məhəmməd oğlu Abbasov belə
şəxslərdəndir. O, 1951-ci ilin yayında Yevlax
rayonunun Malbinəsi kəndində dünyaya göz açıb.
Orta təhsilini Kövər və Malbinəsi kənd
məktəblərində alıb. 1967-ci ildə V.İ.Lenin adına
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki
Azərbaycan Dövlət Pedaqoji Universitetinin)
filologiya fakültəsinə daxil olub. Akademik
Feyzulla Qasımzadə, EA-nın müxbir üzvü Əbdüləzəl
Dəmirçizadə, professorlar Məhəmmədhüseyn
Təhmasib, Əziz Əfəndizadə, Əbdül Əlizadə kimi
görkəmli alimlərdən dərs alıb.
Ə.Abbasov 1971-ci ildə ali təhsilini başa
vurduqdan sonra təyinatla Yevlax rayonuna
qayıdıb, əvvəl kənd, sonra şəhər məktəbində
müəllim, daha sonra rayon təhsil şöbəsində
metodist kimi fəaliyyət göstərib. Bu dövrdə o,
ilk növbədə, fəal müəllim kimi özünü göstərə
bilib. Dərs dediyi şagirdlər inşa yazı
müsabiqələrində yüksək yerlər tutublar. Buna
görə də o, 1975-ci ildə "Qabaqcıl maarif xadimi"
döş nişanı ilə təltif olunub. Eləcə də bir
təhsil, maarif işçisi kimi fəallıq göstərib,
müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilib
yayılmasında, təbliğ olunmasında uğurlu
nəticələr qazanıb. Bundan əlavə, o, eyni zamanda
müəyyən filoloji məsələləri öyrənməyə də səy
göstərib, maraqlı nəticələrə gəlib. Professor
M.Təhmasibin məsləhəti və tövsiyəsi ilə
folklorşünaslıq sahəsində araşdırmalar aparıb,
şifahi xalq ədəbiyyatı materialları toplayıb,
1970-71-ci illərdə "Böyük sənətkar", "Aşıq
Ələsgər novator sənətkardır", "Yuxular və
insanlar", "Xalqın bayatı inciləri" və s.
məqalələrlə mətbuatda çıxışlar edib. Ənvər
Abbasov bir müəllim kimi ədəbiyyatla, dillə,
eləcə də onların tədrisi məsələləri ilə bağlı
yenilikləri ardıcıl olaraq izləyib, onlara
münasibətini bildirib.
1977-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji
Elmlər İnstitutunun işə qəbulla bağlı müsabiqə
elanı dərc olunur. Ə.Abbasov həmin elana əsasən
sənədlərini instituta təqdim edir və müsabiqədən
keçir. Görkəmli alim, pedaqoji elmlər doktoru,
professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi
Azərbaycan dilinin tədrisi metodikası şöbəsində
fəaliyyətə başlayır. 1989-1990-cı illərdə baş
elmi işçi, 1990-2000-ci illərdə institutun elmi
katibi, Əziz Əfəndizadə dünyasını dəyişdikdən
sonra isə eyni zamanda Azərbaycan dilinin
tədrisi metodikası şöbəsinin müdiri (1996-2000)
vəzifəsində çalışıb. 2000-ci ildən etibarən
Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunun direktor müavinidir.
Ə.Abbasov institutda işləməklə yanaşı,
müəllimlik fəaliyyətini davam etdirmiş,
kimya-biologiya təmayüllü liseydə, Qafqaz
Universitetində, Bakı Qızlar Universitetində
dərs demişdir. O, indi də müxtəlif
universitetlərdə tələbələrlə, müəllimlərlə,
pedaqoji ictimaiyyətlə ardıcıl olaraq ünsiyyət
saxlayır, mühazirələr oxuyur.
Məlum olduğu kimi, Azərbaycan dili
respublikamızın həm təlim Azərbaycan dilində,
həm də digər dillərdə olan məktəblərində tədris
edilir. Ənvər müəllimin araşdırmaları həmişə
aktuallığı ilə seçilmişdir. Xüsusən Azərbaycan
dilinin qeyri-Azərbaycan məktəblərində
öyrənilməsi və onun dövlət dili kimi
mənimsənilməsi işində elmi-metodik əsasın
müəyyənləşdirilməsi nəzəri cəhətdən əhəmiyyət
daşımışdır. Hələ ötən əsrin 70-ci illərinə qədər
bu sahədə xeyli boşluqların olduğu aydın hiss
edilirdi. 1977-ci ildə Azərbaycan Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutunda fəaliyyətə başlayan
Ənvər müəllim bilavasitə bu problemə cəlb olunur.
O, "Rus məktəblərinin IV-VII siniflərində
Azərbaycan dili təlimi məzmununun
təkmilləşdirilməsi" mövzusunda tədqiqat aparır.
Həmin tədqiqatların davamı olaraq, təlim rus
dilində olan məktəblərin II-XI sinifləri üçün
Azərbaycan dili proqramını layihə şəklində
hazırlayaraq geniş müzakirəyə təqdim edir.
Proqramda iki mühüm cəhət onu ənənəvi
proqramlardan fərqləndirirdi: respublikada təlim
rus dilində olan məktəb şagirdlərinin Azərbaycan
dilini bilmə səviyyəsinin nəzərə alınması və
proqramda onun ifadə olunması; proqramda
şagirdlərin bilik, bacarıq və vərdişlərinin
müəyyən olunması. Əslində, bu xüsusiyyətlər,
ümumiyyətlə, təlim rus dilində olan məktəblərdə
Azərbaycan dili tədrisinin istər məzmun, istərsə
də texnoloji cəhətdən digər problemlərinin həll
edilməsinə imkan yaradırdı. Ona görə də Ənvər
müəllim təlim rus dilində olan məktəblərdə
Azərbaycan dili tədrisinin təkmilləşdirilməsi
istiqamətində ardıcıl və sistemli araşdırmalar
aparır. "Rus məktəblərində Azərbaycan dili
təlimi məzmununun təkmilləşdirilməsi" (1980), "Rus
məktəbləri üçün Azərbaycan dili proqramını
təkmilləşdirməyin əsas prinsipləri haqqında"
(1981), "Ali məktəblərin rus qruplarında
Azərbaycan dili" (1983), "Rus məktəbləri üçün
Azərbaycan dili dərsliklərinin xüsusiyyətləri
haqqında" (1988), "Təlim rus dilində olan
məktəblərdə Azərbaycan dili və ədəbiyyatın
tədrisinə dair" (1989), "Təlim rus dilində olan
məktəblərdə Azərbaycan dili üzrə qrammatik
materialların öyrədilməsi" (1990), "Təlim rus
dilində olan məktəblərin II siniflərində
Azərbaycan dilinin təşkilinə dair" (1990), "Ali
məktəblərin rus qruplarında Azərbaycan dili
təliminin problemləri" (1996), "Təlim rus
dilində olan məktəblərdə Azərbaycan dilinin
öyrədilməsi məsələləri" (1999), "Təlim rus
dilində olan məktəblər üçün Azərbaycan dili
dərsliklərinin nəzəri problemləri" (1999) adlı
əsərlərini yazıb çap etdirir. "Rus məktəblərində
Azərbaycan dili təlimi məzmununun
linqvistik-didaktik problemləri (IV-VIII
siniflər)" mövzusunda dissertasiya müdafiə
edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi
alır. Özünün metodik müddəalarının hazırladığı
proqram və dərsliklərdə reallaşdırılmasına nail
olur. "Təlim rus dilində olan məktəblərin II-X
sinifləri üçün Azərbaycan dili proqramı" 1981-ci
ildə çap olunur, geniş müzakirə edilərək 1983-cü
ildə qəbul edilir. Həmin proqram müxtəlif
vaxtlarda təkmilləşdirilərək çap edilməklə bu
vaxta qədər istifadə olunmaqdadır.
Eyni zamanda o, professor Ə.P.Əfəndizadə ilə V
sinif üçün "Azərbaycan dili", dosent M.Aslanovla
X sinif üçün "Azərbaycan dili" dərsliklərini
yazır. Həmin dərsliklər bu gün də təlim rus
dilində olan məktəblərimizdə istifadə
edilməkdədir.
Ə.Abbasovun elmi yaradıcılığında ümumtəhsil
məktəblərində Azərbaycan dili təlimi
problemlərinin araşdırılmasına ayrıca diqqət
yetirilir. İlk növbədə, məzmunun öyrənilməsinə
önəm verilir. O, 90-cı illərin əvvəlindən
başlayaraq ümumtəhsil məktəblərinin V-XI
sinifləri üçün Azərbaycan dili proqramının
hazırlanmasına fəal şəkildə qoşulur. Əvvəl
professor Tofiq Hacıyevin, sonralar professor
Yusif Seyidovun rəhbərliyi ilə hazırlanmış həmin
proqramın ərsəyə gəlməsində müəlliflərdən biri
kimi iştirak edir. Proqram 1992, 1999, 2002-ci
illərdə çap olunur. Mütəxəssislər bu proqramı
Azərbaycanın müstəqilliyi dövründə hazırlanmış
ana dili proqramı kimi dəyərləndirir, onun həm
linqvistik, həm də metodik baxımdan üstün
cəhətlərini qeyd edirlər.
Müasir zamanda milli inkişafın təmin olunması
işinin əsas istiqamətlərindən birini ana dili
dərslikləri, onların özünəməxsus mündəricəsi
təşkil edir. Bəzən bu zərurət ana dili
dərsliklərində Azərbaycan dilinə məxsus çoxlu
dilçilik anlayışlarının verilməsi kimi başa
düşülür. Əslində isə ümumtəhsil məktəbləri üçün
ana dili dərsliklərində nitq inkişafının, nitq
mədəniyyətinin formalaşdırılması üçün potensial
imkanın olması, onun təfəkkür fəallığını
stimullaşdıra bilməsi ən müasir tələbdir. Təbii
ki, bu tələb müasir olduğu qədər həm də yaxın və
uzaq keçmişimizdə yaranmış dərsliklərdəki müsbət
elementlərdən biri kimi dəyərlidir. Bu gün onun
nə dərəcədə inkişaf etdirilməsi bu işi yerinə
yetirən hər bir kəsin müvəffəqiyyəti,
nailiyyətidir. Professor Ə.Əfəndizadə öz
zamanında Azərbaycan dili dərsliklərini
induktiv, yaxud deduktiv yolla qurulduğu üçün
uşağın məntiqini inkişaf etdirmək baxımından
faydalı hesab edirdi. 1971-ci ildən başlayaraq
onun əvvəl 4-cü, sonralar 5-ci siniflər üçün
yazdığı "Azərbaycan dili" dərsliyində həmin
metodik müddəaları yüksək peşəkarlıqla
reallaşdırmışdır. Sonralar Ənvər müəllim bu
ənənəni davam etdirmiş, həmin dərsliyin idrak
fəaliyyəti ilə bağlı imkanlarını daha da
genişləndirmişdir. Azərbaycanın görkəmli dilçi
alimləri Tofiq Hacıyev, Nizami Cəfərov və Nizami
Xudiyevlə birgə müəllifi olduğu ümumtəhsil
məktəblərinin X-XI sinifləri üçün "Azərbaycan
dili" dərsliyində (2004) də intellektual
səviyyənin inkişafı ilə bağlı ənənələrin davam
etdirilməsi, milli mənəvi dəyərlərin
mənimsənilməsi baxımından nəzəri metodik bazanın
möhkəmləndirilməsini diqqət mərkəzində
saxlamışdır.
Ə.Abbasov "Azərbaycan dili dərslərinin nəzəri
problemləri" (1996), "Azərbaycan Respublikasının
Konstitusiyası və Azərbaycan dili təliminin
inkişaf istiqamətləri" (1997), "Azərbaycan dili
proqramının xüsusiyyətləri" (1998), "Azərbaycan
dilindən yeni proqramın xüsusiyyətləri" (1999),
"Orta ümumtəhsil məktəblərinin V-XI siniflərində
Azərbaycan dili təlimi məzmununun
təkmilləşdirilməsi" (1999), "Azərbaycan dili
təlimi məzmununa dair üç məsələ barədə" (2000),
"Azərbaycan dili dərslikləri necə olmalıdır?"
(2011) kimi məqalələrində daha çox Azərbaycan
dili təlimi məzmunu ilə bağlı məsələlərə
aydınlıq gətirməklə onun başlıca xüsusiyyətləri,
fəlsəfəsi ilə əlaqədar açıqlamalar vermişdir.
Azərbaycanda şagirdlərin qiymətləndirilməsi ilə
əlaqədar konstruktiv təkliflər 1990-cı illərin
ortalarından başlayaraq meydana çıxmışdır.
Xüsusilə 9 ballı qiymətləndirmə texnologiyası
barədə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutunda araşdırmalar həmin ildən
başlamışdır. Hər fənn üzrə 9 balla
qiymətləndirmə normaları hazırlanmışdır.
Professor Əziz Əfəndizadənin rəhbərliyi ilə
təlim Azərbaycan dilində olan və təlim
Azərbaycan dilində olmayan ümumtəhsil məktəbləri
üçün Azərbaycan dilindən qiymət normalarını
Ənvər müəllim hazırlamış və həmin normalar
təsdiq olunaraq respublikanın altı şəhər və
rayonunun məktəblərində on ilə yaxın bir
müddətdə tətbiq olunmuşdur.
Ənvər müəllim dil-ədəbiyyat müəllimlərinin
problemlərinə yaxından bələd olan metodist
alimlərdəndir. O, həmişə onlarla təmasda olmağa,
onlara yaxından kömək göstərməyə çalışır. Ötən
əsrin 90-cı illərindən başlayaraq dil-ədəbiyyat
müəllimləri üçün tövsiyələri Ə.Abbasov
hazırlayır, il ərzində onların fəaliyyətinin
başlıca istiqamətlərini müəyyənləşdirir, təlim
və tədris resurslarının yaradılmasında yaxından
iştirak edir.
Ə.Abbasovun elmi yaradıcılığının bir
istiqamətini də ümumpedaqoji problemlərlə bağlı
araşdırmalar təşkil edir. Bu fikri onun
"Demokratik cəmiyyətin demokratik məktəbi
olmalıdır" (1992), "Təhsil islahatı pedaqoji
elmlərin müstəvisində" (2000), "Dərslik necə
olmalıdır?" (2003), "Təhsil cəmiyyətin
tələbatına uyğun olmalıdır" (2004) kimi
məqalələri aydın şəkildə təsdiq edir.
1999-2000-ci illərdən başlayaraq Ənvər müəllimin
yaradıcılığında bu tendensiya daha da güclənir.
Xüsusilə ölkədə təhsil islahatı ilə bağlı
dəyişikliklərin getdiyi zamanda ölkənin təhsil
siyasəti də yeni bir istiqamət alır, yeni
pedaqoji təfəkkür formalaşmağa başlayır.
Təhsil konsepsiyaları, təhsil standartları,
onların müasir cəmiyyət üçün əhəmiyyəti,
onlardan istifadə olunması barədə dünya
təcrübəsi, Azərbaycan cəmiyyətinin bugünkü
reallıqları və sair təhsil islahatında fəal
iştirak edən hər bir adamı, eləcə də Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun
direktor müavini, Kurikulum Mərkəzinin direktoru
kimi Ənvər Abbasovu düşündürür. O, Azərbaycanda
yeni təhsil quruculuğunun həyata keçirilməsi,
yeni pedaqoji fikrin formalaşması,
kurikulumların nəzəri və praktik problemlərinin
öyrənilməsi, yeni milli və fənn kurikulumlarının
hazırlanması istiqamətində tədqiqatlar aparır.
Təhsil islahatının həyata keçirildiyi illərdə bu
məsələlərlə ardıcıl və sistemli şəkildə məşğul
olur. Yeni pedaqoji innovasiyaların ilkin
tədqiqatçısı kimi tanınır. Apardığı
araşdırmalarının nəticəsi kimi çap etdirdiyi "Ümumi
təhsilin məzmun islahatları: real standartlara
doğru" (2005), "Təhsil islahatları və
kurikulumların hazırlanması" (2005), "Yeni fənn
kurikulumlarının səciyyəvi cəhətləri" (2007), "Şagird
nailiyyətlərinin qiymətləndirilməsi (müasir
baxışlar və konseptual yanaşmalar)" (2007), "Ümumi
təhsil kurikulumlarının növləri" (2008), "Ümumi
təhsil kurikulumlarının hazırlanması üzrə
tədqiqatların nəticələri barədə" (2009), "Kurikulum
pedaqoji anlayış kimi" (2009), "Kurikulum
islahatı zamanın tələbidir" (2010) kimi
məqalələrində kurikulum islahatının zəruriliyi,
kurikulumun pedaqoji anlayış olması,
kurikulumların növləri, fənn kurikulumlarının
səciyyəvi cəhətləri, yeni qiymətləndirmə
mexanizmləri və sair məsələlərlə bağlı irəli
sürdüyü mülahizələrdə bunu aydın görmək
mümkündür.
Ə.Abbasovun fəaliyyəti genişdir. O, Təhsil
Nazirliyinin, eləcə də digər təşkilatların
yaratmış olduğu komissiyaların üzvü kimi
verilmiş tapşırıqları layiqincə yerinə yetirir.
Eyni zamanda elmi-pedaqoji kadrların
hazırlanmasında yaxından iştirak edir. Onun
rəhbərliyi ilə 4 nəfər pedaqogika üzrə fəlsəfə
doktoru elmi dərəcəsi alıb, 4 nəfər onun rəsmi
opponentliyi ilə müdafiə edib.
Ənvər Abbasov 2006-2008-ci illərdə Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunda
fəaliyyət göstərən N 02.191 dissertasiya
şurasının üzvü olmuşdur. Hazırda isə Azərbaycan
Dövlət Pedaqoji Universitetində fəaliyyət
göstərən FD 02.061 dissertasiya şurasının
üzvüdür.
Ə.Abbasov Azərbaycan Respublikası Təhsil
Nazirliyinin dəstəyi və Təhsil Problemləri
İnstitutunun planına uyğun olaraq kadrların
seçilməsi, onların peşəkarlığının inkişaf
etdirilməsi istiqamətində aparılan işlərdə
səmərəli fəaliyyət göstərir. Kurikulumların
hazırlanması üçün potensial imkan və şəraitin
yaranması, onların müvəffəqiyyətlə həyata
keçirilməsində yaxından iştirak edir.
Bütün bu proseslərdə Ənvər müəllim həm də müasir
təlim nəzəriyyəsi ilə məşğul olan, dünyanın
mütərəqqi təhsil texnologiyalarını öyrənən,
onlara yaradıcı yanaşaraq ölkəmizdə əldə olunmuş
ən yaxşı təhsil texnologiyaları ilə
əlaqələndirən, milli, ümumbəşəri və dünyəvi
xarakterdə təhsil sisteminin qurulmasında fəal
iştirak edən bir təhsil tədqiqatçısı kimi özünü
təsdiqləyə bilmişdir. Bu gün Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun
Kurikulum Mərkəzində aparılmış araşdırmaların
rəhbəri kimi Ənvər Abbasovun fəaliyyəti
respublikanın hər bir yerindən görünür. Bütün
bunların nəticəsi olaraq o, ölkə Prezidenti
tərəfindən "Tərəqqi" medalına, "Respublikanın
əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
Ənvər Məhəmməd oğlu Abbasovun anadan olmasının
60, elmi-pedaqoji fəaliyyətinin 40 ili tamam
olur. Bu münasibətlə onu səmimi-qəlbdən təbrik
edir, ona cansağlığı, uzun ömür, yeni
yaradıcılıq uğurları arzulayırıq.
Abdulla MEHRABOV,
ARTPİ-nin direktoru,
Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü,
professor,
Akif ABBASOV,
pedaqoji elmlər doktoru,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının
həqiqi üzvü,
professor |
|