Mükəmməl hazırlanmış dərslik həm müəllimlərə,
həm də şagirdlərə böyük faydalı olması ilə
bərabər tədris-təlim prosesinə bələdçilik edir.
Dərslik hər vaxt əhəmiyyətli bir təhsil vasitəsi
olmaqla yüksək qiymətləndirilmişdir.
Sivilizasiyalı bir cəmiyyətin meydana gəlməsində,
müasir, azad və tənqidi düşünmə gücünə, geniş
bir dünyagörüşünə sahib, cəmiyyətə qarşı
məsuliyyət duyan, insan hüquqlarına hörmət edən,
şüurlu, yaradıcı nəsillərin yetişməsində
dərsliklərin rolu böyükdür. Çünki dərsliklər
təhsilin məqsədlərini reallaşdırmaq üçün
şagirdin öyrənmə fəaliyyətinə istiqamət verən,
geniş şəkildə istifadə edilən, hətta bəzi
hallarda tək tədris vasitəsidir.
Öyrətmə və öyrənmə müddətində şagirdlərin nələr
öyrənə biləcəyini və müəllimlərin isə nələr
öyrədəcəyini müəyyən edən dərsliklər əhəmiyyətli
gücə malikdir.
Azərbaycanda da dərsliklər əsas məlumat
qaynağıdır.
Dərsliklər içində "Azərbaycan dili"nin müstəsna
yerinin olduğunu söyləməklə səhv etmərəm. Çünki
ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət
qabiliyyətlərini genişləndirir, onlarda nitq
fəaliyyətlərinin növləri ilə yanaşı, düşünmə,
öyrənmə və danışma bacarıqlarını formalaşdırır.
Ana dili uşağın yaşadığı ətraf aləmin və bağlı
olduğu ictimai mühitin məhsuludur. Uşaq ətrafı,
cəmiyyəti və bu cəmiyyətin qoruyub saxladığı,
inkişaf etdirdiyi mədəni təcrübəsini ana diliylə
qəbul edib qavrayır.
Şagirdlər bu fənn vasitəsilə milli mədəniyyət
nümunəsi kimi ana dilini öyrənir, onun səs
sisteminə, lüğət ehtiyatına, üslubi-qrammatik
xüsusiyyətlərinə yaxından bələd olur, elmi,
bədii, publisistik və diqər üslublarda
yaradılmış ədəbiyyat nümunələri ilə tanış
olmaqla yanaşı, eyni zamanda öyrənəcəkləri digər
fənlərin daha yaxşı mənimsənilməsinə zəmin
yaradır. Bütün bu bacarıqlar isə ibtidai təhsil
pilləsindən etibarən qazandırılmağa başlanılır.
Müasir dövrdə təhsildə gedən islahatlar, Milli
Kurikulum və fənn kurikulumunun tətbiqi bu işi
bir daha aktuallaşdırır. Ana dili kurikulumunda
nəzərdə tutulan fənn məqsəd və vəzifələrini
müəyyənləşdirən standartların reallaşması,
şagirdlərə ana dilini sevdirəcək əlifbanın
öyrədilməsi, oxu və yazı texnikasının, hüsnxət
qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli
oxu üzrə ilkin bacarıqların mənimsənilməsi,
lüğət ehtiyatının tədricən zənginləşdirilməsi,
ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz
normalarının tətbiq olunması, ekspressiv nitq
bacarıqlarının formalaşdırılması, Azərbaycan
xalqının dili, tarixi, əxlaqi-mənəvi
keyfiyyətləri, mədəniyyəti və adət-ənənələri
haqqında ilkin anlayışların yaradılmasını təmin
edəcək dərsliklərə daha çox üstünlük verməliyik.
Bu səbəbdən ibtidai təhsil pilləsindəki uşaqlar
üçün yazılacaq dərsliklərin xüsusiyyətləri ön
plana çıxmalıdır. Ənənəvi proqrama görə
hazırlanan dərsliklərdə şagirdlərə məlumatlar
hazır verilməkdə idi. Müəllim və şagirdin sinif
içində fəaliyyətləri dərslikdəki məlumatlarla
kifayətlənirdi. Bu vəziyyət müəllimin azad və
sərbəst hərəkət etməsini məhdudlaşdırırdı.
Şagird təqdim edilən məlumatları öyrənirdi. Bu
isə şagirdləri əzbərçiliyə sövq etməklə yanaşı
passivliyə aparırdı.
Ana dili kurikulumunda isə hər bir mövzuda
verilən biliklərin həyatda istifadə edə
biləcəyimiz bacarıqlardan ibarət olduğunu
bilərək, dərsliklərdə o bacarıqların əldə
olunmasını təmin edəcək məlumatlar və çalışmalar
olmalıdır. Bu baxımdan, yeni dərsliklər
şagirdlərin müxtəlif fəaliyyətlər yolu ilə
öyrənilməsi lazım olan məlumatları özlərinin
əldə edərək öyrənməsini təmin edir. Beləcə
fəaliyyətlər şagirdləri araşdırmağa,
düşündürməyə yönəldir. Ayrıca yeni dərsliklər
demokratik anlayışın formalaşmasına xidmət
edərək müasir təfəkkürə malik şəxsiyyətlərin
formalaşmasına zəmin yaradır.
Bu gün Azərbaycan dili dərsliklərinin ciddi
araşdırılması və qiymətləndirilməsi onları daha
da mükəmməl edir.
Hər sinif üçün dərsliyin komplekt hazırlanması
müasir təhsil islahatlarının ən əhəmiyyətli
yeniliklərindən biridir.
Dərslik komplektlərinin əhəmiyyəti çox böyükdür:
*
Təhsil prosesində müəllim-şagird fəaliyyətinin
tam təsəvvür olunmasını və üzvi şəkildə
əlaqələndirilməsini təmin edir.
*
Müəllimin planlaşdırmadan qiymətləndirməyə
qədər bütün fəaliyyətini istiqamətləndirir.
*
Təlim prosesində şagirdlərin müstəqilliyinin və
tətbiq bacarıqlarının genişlənməsinə imkan
yaradır.
*
Təlim marağını gücləndirir, şagirdləri
axtarışlara, yeni məlumatlar əldə etməyə sövq
edir.
*
Məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirir.
*
Tətbiqi xarakter daşımaqla zəruri həyati
bacarıqların formalaşmasına zəmin yaradır.
*
Fəndaxili və fənlərarası inteqrasiya
imkanlarını genişləndirir.
*
Fəal təlim şəraitinin yaradılmasını tələb edir.
*
Şagirdlərin fərqli idraki imkanlarının nəzərə
alınmasına şərait yaradır.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsi
yeni dərsliklərin hazırlanması və
qiymətləndirilməsində bu kriteriyaları əsas
tutur. Dərsliklərin qiymətləndirilməsində
obyektiv olaraq məzmun standartlarını özündə
cəmləşdirən, şagirdlərin müstəqilliyini, tətbiq
bacarıqlarını təmin edən və onların məntiqi və
yaradıcı təfəkkürlərini inkişaf etdirən, həyati
bacarıqları formalaşdıran ən mükəmməl
dərslikləri şagird və müəllimlərin ixtiyarına
verir. Elə bu istiqamətdə aparılan çoxsaylı
işlərin məntiqi ardıcıllığı olaraq 2011-ci ilin
13-19 fevral tarixlərində 16 nəfərdən ibarət
işçi qrupu Türkiyə Respublikası Təhsil Nazirliyi
Təlim-Tərbiyə Kuruluna ezam olunmuşduq. Mənim
də qatıldığım bu qrupda müxtəlif fənlər üzrə
dərsliklərin qiymətləndirmə komissiyalarında
iştirak etdik.
Biz türkcə qiymətləndirmə komissiyasında
həmkarlarımızın təcrübəsi ilə yaxından tanış
olmağa, fikir mübadiləsi etməyə və öyrənməyə
çalışdıq. Öyrəndiklərimdən bir qismini qeyd
edirəm:
*
Mətnlər gündəlik həyatdan alınmalı;
*
Dərslik komplektinin bir-birinə uyğunluğu;
*
Şəkillərə geniş yer verilməli;
*
Şəkillər mətnin mənasının başa düşülməsini
asanlaşdırmalı;
*
Öz fikrini ifadə etmə və mətnqurma
fəaliyyətlərinə daha çox yer verilməli;
*
Çalışmalar şagirdin diqqətini çəkməli, mövzuya
marağı artırmalı;
*
Mövcud çalışmalar qrammatika terminləri
əzbərçilikdən qurtararaq praktik hala gətirməli;
*
Dərslər əyləncəli və daha öyrədici hala gəlməli;
*
Mövzuların ardıcıllığı asandan-çətinə doğru
olmalı;
*
Verilən çalışmalar şagirdlərdə məfhumların daha
erkən yaşlarda müqayisə etmə bacarığı meydana
gəlməsini təmin etməli;
*
Qrammatik qaydaların lazımi miqdarda
öyrədilməsini təmin edən çalışmalar olmalı;
*
Məqsəd ilə qiymətləndirmə meyarları arasında
əlaqə olmalı;
*
Qiymətləndirmə daha sadə və tətbiq oluna bilən
hala gətirilməli;
*
Sinifdənxaric oxunun qiymətləndirilməsi üçün
hekayə, şeir və s. kimi materiallarla təmin
edilməli;
*
Bir dərs saatı boyunca müəllimin dərsdə verəcəyi
bütün fəaliyyətlər detallarıyla, bir qismi
təkliflər şəklində verilməli;
*
Çalışmalar şagirdlərin maraq, tələb və
ehtiyaclarına uyğun verilməli;
*
Fənlərarası inteqrasiyaya yer verilməli;
*
Məzmun şagirdyönümlü və nəticəyönümlü olmalı;
*
Şagirdləri araşdırmağa və texnologiyadan
faydalanmağa yönləndirməli;
*
Digər dərslərlə əlaqələndirilməlidir.
Araşdırmalar göstərir ki, respublikamızda
dərsliklərin tərtibatı və hazırlanmasında dünya
pedaqoji təcrübəsində mövcud olan bir çox müasir
və mütərəqqi cəhətlər nəzərə alınır. Yuxarıda
göstərilən kriteriyaların fənn kurikulumu tətbiq
olunan siniflər üçün olan dərsliklərdə öz
əksini tapması, türkcə qiymətləndirmə
komissiyasında bizim təqdim etdiyimiz 3-cü sinif
Azərbaycan dili dərsliklərinə verilən qiymət də
bunu təsdiq edir.
İradə BAYRAMOVA,
Bakıdakı 238 nömrəlı tam orta
məktəbin ibtidai sinif müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi |