Müdriklər gələcəyi görmək üçün tarixi bilməyi
vacib sayıblar. Tarix bir təcrübə örnəyi hesab
olunub. Bu mənada ulu öndər Heydər Əliyev
tariximizin doğru, dürüst öyrənilməsinə, yenidən
yazılıb nəşr olunmasına, gəncliyə öyrədilməsinə
həmişə böyük diqqət yetirməyi alimlərimiz və
müəllimlər üçün vacib vəzifə bilmişdir.
Bu
istiqamətdə müstəqillik dövründə görülmüş işlər,
həqiqətən, təqdirəlayiqdir. Xalqın tarixi onun
etnoqrafiyası, mədəniyyəti, folkloru və yazılı
ədəbiyyatı, bütövlükdə bədii mədəniyyəti ilə
əriş-arğacdır.
Xalqın məişəti onun psixologiyası, dünyaduyumu,
estetik baxışları, etik prinsip və tələblərini
özündə əks etdirir. Bu təbii-həyati məlumatlar
qaynağı, əslində, xalqın mənəvi dünyasını
göstərir. XXI əsrdə xalqın ötən yüzilliklərdəki
etnoqrafik xüsusiyyətlərini öyrənmək həm yeni
siyasi, həm də sosial-iqtisadi münasibətlər
baxımından əhəmiyyətlidir. Tarix elmləri doktoru,
professor Nərgiz Quliyevanın "XIX-XX əsrlərdə
Bakı şəhər əhalisinin ailə və ailə məişəti"
kitabı (Bakı: Elm, 2011, 240 s.) bu sahədə
qələmə alınmış dəyərli əsərlərdəndir.
Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutu Elmi Şurasının qərarı ilə nəşr
olunmuş kitabın elmi redaktoru tarix üzrə
fəlsəfə doktoru Emil Kərimov, rəyçilər tarix
elmləri doktoru Fəzail Vəliyevlə tarix üzrə
fəlsəfə doktoru Tahir Şahbazovdur.
Kitaba ön söz yazmış filologiya elmləri doktoru,
professor İsmayıl Məmmədov ölkəmizin paytaxtı
ilə bağlı qələmə alınmış əsərləri xatırlatmaqla,
professor N.Quliyevanın monoqrafiyasını Bakının
etnoqrafiyası barədə dəyərli araşdırma kimi
qiymətləndirmiş, kitabda Bakı əhalisinin XIX-XX
əsrlərdəki ailə məişətinin yeni baxımdan
öyrənildiyini vurğulamışdır.
Etnoqrafiya elmimizi yeni məlumatlarla
zənginləşdirən sanballı monoqrafiyada Bakı qədim
şəhər kimi tarixi mənbələrə əsasən təsvir və
təqdim olunur. Müəllif tarixi qaynaqlar əsasında
şəhərin adının etimologiyasını açıqlayır,
Bakının tarixi-coğrafi məkanı ilə bağlı
fikirləri bir müstəvidə ümumiləşdirməyə çalışır.
Sonrakı səhifələrdə yenə də mənbələrə istinad
edən professor N.M.Quliyeva Bakı əhalisinin say
artımı faktlarını şəhərin neft sənaye
rayonlarının ərazisinin genişləndirilməsi ilə
izah edir. Geniş tarixi dövrlərə nəzər salan
müəllif tarixi tikililər, qədim binalar barədə
zəngin informasiyalarla əhalinin məişət
dünyasına işıq salır.
Kitabın sonrakı bölmələrində Bakı xörəkləri,
bunların hazırlanması məsələlərindən bəhs olunur.
Toy mərasimi ilə bağlı özəl tərəflərin şərhi,
dünyasını dəyişmiş insanın xatirəsinə ehtiram
məsələlərinin təsviri zəngin faktlar əsasında
qələmə alınmışdır.
Bakı ta qədimdən öz təsərrüfat həyatı ilə buraya
gələnlərin diqqətini cəlb etmişdir. Türk səyyahı
Evliya Çələbinin fikirlərini sitat gətirən
N.Quliyeva Bakının ev təsərrüfatı ilə bağlı
oxuculara geniş məlumat çatdırmağa nail olub. Bu
baxımdan, şəhərin mənəvi həyatı ilə bağlı
səhifələr də maraqla oxunur.
Kitabın sonunda tədqiqat zamanı faktları
söyləyənlərin ad-soyadları, istifadə olunmuş
ədəbiyyat siyahısı verilib. Monoqrafiyanın nəşri
özlüyündə çox faydalıdır. Üstün cəhəti budur ki,
əsərin həm ingilis, həm də rus dilinə tərcümə
olunmuş variantları da nəşr olunub. Həmçinin
kitabın son səhifələrində çoxlu sayda ağ-qara və
rəngli fotoşəkillər əksini tapıb. Bunlar
oxucuların Bakı əhalisinin məişət tərzi barədə
təsəvvürlərini əyaniləşdirən materiallar kimi
təqdirəlayiqdir.
Ön sözdə də qeyd edildiyi kimi, "milli elmimizi
çağdaş azərbaycançılıq mövqeyindən təqdim edən
sanballı monoqrafiya" tarix müəllimləri,
bakalavr və magistrantlar üçün dəyərli ədəbiyyat
sayıla bilər.
Ş.MƏMMƏDOV |