Təhsil
Nazirliyinin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədovdan aldığımız məlumatda
bildirilir ki, 2011-2012-ci tədris ili üzrə ilk
peşə-ixtisas təhsili müəssisələrinə şagird
qəbuluna başlanılıb. Sənədlərin qəbulu
sentyabrın 1-dək, şagirdlərin seçim prosesi isə
sentyabrın 1-dən 10-dək həyata keçiriləcək.
Cari ildə ümumilikdə 99 peşə üzrə 16570 nəfərin
ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul
ediləcəyi planlaşdırılıb. Onlardan 14190
nəfərinin dövlət vəsaiti hesabına, 2380
nəfərinin isə ödənişli əsaslarla təhsil alacağı
nəzərdə tutulur. Qəbul planı
müəyyənləşdirilərkən Azərbaycan Respublikasında
bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq
dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı
kadrların hazırlanması ilə bağlı sifarişləri və
ictimaiyyətin ilk peşə-ixtisas təhsilinə dair
arzuları nəzərə alınıb.
Onu da qeyd edək ki, xidmət, ticarət və ictimai
iaşə, bədii və zərgərlik məmulatları istehsalı,
mühasib-fərdi kompüter operatoru, əməliyyatçı
mühasib, aşbaz-qənnadıçı, şirniyyatçı daha
çox tələbat olan istiqamət və peşələrdəndir.
Kənd təsərrüfatı sahəsi üzrə genişprofilli
traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil
sürücüsü, meliorasiya işlərinin traktorçusu,
avtomobil, kənd təsərrüfatı maşın və
avadanlığının təmiri üzrə çilingər peşələrinə də
böyük ehtiyac duyulur. İqtisadiyyatın bütün
sahələri üçün ümumi olan elektrik-qaz
qaynaqçısı, elektrik avadanlığının təmiri və
xidməti üzrə montyor, habelə digər peşələri də
bu sıraya aid etmək olar.
Şakir CƏFƏROV |
|