Avqustun
24-də Təhsil Nazirliyində təhsil nazirinin
müavini Elmar Qasımov "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"na uyğun olaraq Türkiyə və
Rusiyanın bir çox nüfuzlu ali təhsil
müəssisələrinə daxil olan tələbələrlə görüşdü.
Tədbiri giriş
sözü ilə açan təhsil nazirinin müavini Elmar
Qasımov iştirakçıları salamlayaraq Dövlət
Proqramına daxil olan gəncləri və onların
valideynlərini təbrik etdi. E.Qasımov ölkəmizin
Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası ilə
hər sahədə olduğu kimi təhsil sahəsində də sıx
əməkdaşlıq etdiyini iştirakçılara bildirərək
dövlətimizin yaratdığı şəraitdən maksimum
istifadə etməyi tələbə adı qazanan
iştirakçıların nəzərinə çatdırdı. Dövlət
Proqramının əhəmiyyətindən danışan nazir müavini
bildirdi ki, müasir mərhələdə mövcud
intellektual potensialın zənginləşdirilməsi
ehtiyacı respublikamızdakı elm və təhsil
ocaqları ilə bərabər, xarici ölkələrdə kadr
hazırlığı məsələsini aktuallaşdırıb. Xarici
dilləri mükəmməl bilən,
informasiya-kommunikasiya texnologiyaları
ixtisaslarına yiyələnmiş və beynəlxalq
diplomatik təcrübəni mənimsəmiş yüksək
hazırlıqlı mütəxəssislərə olan tələbat
günü-gündən artmaqdadır. Bu məqsədlə möhtərəm
Prezidentimiz İlham Əliyevin imzaladığı Dövlət
Proqramı nəticəsində 2007-2015-ci illərdə
dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu
ali təhsil müəssisələrində 5000 nəfər gəncin
təhsil alması nəzərdə tutulur. Bütün bunlar
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təhsilə, elmə göstərdiyi diqqət
və qayğının bariz nümunəsidir. E.Qasımov
dövlətimizin bu tələbələrdən çox yüksək
nəticələr gözlədiyini, ölkəmizin gələcək inkişaf
strategiyası baxımından müasir tələblərə cavab
verən kadr bazasının gücləndirilməsi, modern
idarəetmə və istehsal texnologiyaları əsasında
fəaliyyət göstərən sahələrin kadr ehtiyacının
ödənilməsi, tibb və qeyri-neft sektorunun
inkişafının gələcəkdə sürətləndirilməsinin təmin
olunmasında bu tələbələrin xüsusi rolu olacağını
iştirakçıların nəzərinə çatdırdı. Nazir müavini
tələbələrə təhsil aldıqları ölkələrdə ölkəmizi
şərəflə təmsil etməyi, Azərbaycan səfirlikləri
və diasporlar ilə sıx əməkdaşlıq etməyi, milli
mənəvi dəyərlər və tariximiz haqqında əcnəbi
vətəndaşları məlumatlandırmağı, yüksək ixtisaslı
bir mütəxəssis kimi vətənə dönməyi tövsiyə etdi.
Sonra nazir
müavini Elmar Qasımov Dövlət Proqramına daxil
olan tələbələri iştirakçılara təqdim edərək
daxil olduqları universitetlərin və ixtisasların
adlarını açıqladı. Onlara gələcək həyatlarında
müvəffəqiyyətlər arzuladı.
Digər çıxış
edənlər yaradılan şəraitə görə dövlət başçısı
cənab İlham Əliyevə və təhsil naziri Misir
Mərdanova dərin minnətdarlıqlarını bildirdilər.
Niyazi RƏHİMOV |