Avqustun
23-də Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov Belçika
Krallığının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Luk Troyeni qəbul etdi.
Qonağı salamlayan rektor onu Azərbaycan Dillər
Universitetində görməkdən məmnun olduğunu
bildirdi. Sonra S.Seyidov qeyd etdi ki, ADU çox
sürətlə inkişaf edən universitetdir və
birincilik üçün əlindən gələn hər şeyi edir.
ADU-nun mədəni, beynəlxalq əlaqələr, dil,
tərcümə və s. istiqamətlərdə yüksək şəkildə
ixtisaslaşdığını, burada ingilis, fransız və
alman dillərinin tədrisinin prioritet təşkil
etdiyini vurğuladı. Rektor əlavə etdi ki,
universitetdə bu dillərdən başqa Koreya, yapon,
hind, Malayziya, Norveç, ərəb, fars, italyan,
ispan dilləri də tədris edilir. Bununla bərabər
həmin dillərin mərkəzləri də ADU-da fəaliyyət
göstərir. Həm də ADU-dakı İnformasiya Resurs
Kompleksindən nəinki ADU tələbələri, hətta digər
universitetlərin tələbələri və xaricilər də
yararlanırlar. Bu gün ADU-da bir sıra xarici
mütəxəssislər çalışır.
Bununla
yanaşı, rektor S.Seyidov Essex Universiteti ilə
mövcud olan əlaqələri önə çəkdi, ADU ilə Essex
Universiteti arasında müqavilənin imzalanmasını
qonağın diqqətinə çatdırdı.
Səfir Luk
Troyen, öz növbəsində, Azərbaycanın Rusiya
Federasiyası və Türkiyə ilə tarixi, mədəni, dil
əlaqələrinin mövcudluğundan söhbət açdı. O, ADU
ilə Belçika universitetləri arasında gələcək
əməkdaşlıqla bağlı müzakirə apararaq bu sahədə
maraqlı olduqlarını qeyd etdi. Səfir bildirdi
ki, Azərbaycan hökuməti tələbələrin xarici
ölkələrdə təhsil almasına yardım göstərir.
Beynəlxalq
əlaqələr üzrə prorektor Jalə Qəribova isə
ADU-nun Hacettepe və Strasburq universitetləri
ilə əməkdaşlığından danışaraq Belçikanın Antverp
Universiteti ilə mövcud əlaqələrindən söz açdı.
Şakir CƏFƏROV |
|