Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Bakıdakı 6 nömrəli məktəb yenidənqurmadan sonra istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

 

Sentyabrın 15-də - Bilik günündə Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Müəllim, şagird və valideynlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Məktəblilər Prezident İlham Əliyevə gül dəstələri təqdim etdilər.

Prezident İlham ƏLİYEV mərasim iştirakçıları qarşısında çıxış edərək dedi:

- Əziz uşaqlar, əziz müəllimlər, əziz valideynlər!

Mən sizin hamınızı yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün 6 saylı məktəbin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün biz məktəbin yeni binasının açılışını qeyd edirik. Bu gözəl, möhtəşəm bina əminəm ki, məktəbin həyatında unudulmaz hadisə olacaqdır.

Bildiyiniz kimi, 6 saylı məktəbin çox böyük tarixi, böyük ənənələri vardır. Məktəbdə müxtəlif dövrlərdə oxumuş insanlar Azərbaycanın inkişafına öz töhfələrini vermişlər. Ancaq məktəbin binası köhnəlmişdi və yeni binanın tikintisinə ehtiyac var idi. Hazırda tikilmiş bina dünyanın ən yüksək standartlarına cavab verir. Eyni zamanda, məktəbin sahəsi də iki dəfədən çox genişləndirilmişdir. Məktəbin sahəsi 6500 kvadratmetrdən 13 min 500 kvadratmetrədək böyümüşdür. Siniflərin sayı iki dəfədən çox artmışdır. Yeni idman kompleksi tikilmişdir. Yəni məktəbdə oxuyan uşaqlar indi burada yaradılmış şəraitlə tanış olacaqlar. Həm uşaqlar, həm müəllimlər üçün çox gözəl şərait yaradılmışdır.

Mənim üçün 6 saylı məktəb doğma, əziz məktəbdir. Mən on il burada, bu məktəbdə oxumuşam. Bütün bu ətraf ərazilər mənim üçün doğmadır. Mənim uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Mən çox şadam ki, bu gün böyük tarixə malik olan 6 saylı məktəbin yeni həyatı başlayır.

Mənim üçün məktəb illəri hər bir insan kimi unudulmaz illərdir. Burada, bu məktəbdə mənə verdikləri biliklərə görə müəllimlərimə minnətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram.

Bununla bərabər, mənim üçün bütün məktəblər əzizdir və doğmadır. Məhz buna görə Azərbaycanda son illər ərzində məktəb tikintisi çox geniş vüsət almışdır. Son illər ərzində 2161 məktəb tikilib və təmir edilmişdir. Bütün məktəblərdə kompüter sinifləri yaradılıbdır. Hesab edirəm ki, Azərbaycanda təhsilin səviyyəsi müasir tədris prosesinin inkişafı hesabına daha da qalxacaqdır.

Bu dərs ili ərəfəsində Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmişdir, yeni korpuslar tikilmişdir. Bölgələrdə 60-a yaxın məktəb tikilib təmir edilmişdir. Bakının bütün bölgələrində - ən ucqar qəsəbələrdən tutmuş şəhər mərkəzinə qədər məktəblərdə geniş quruculuq işləri aparılıb. Mən ümid edirəm ki, növbəti iki il ərzində Bakı şəhərində bütün məktəblər ən yüksək standartlara cavab verəcəkdir. Beləliklə, məktəblərin tikintisi və təmiri ilə bağlı proqramımız başa çatacaqdır.

Ancaq məktəblərin tikintisi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri vacib olsa da, işimiz bununla məhdudlaşmamalıdır. Əsas məsələ təhsilin keyfiyyətidir və uşaqlara verilən biliklərdir. Bu, həm uşaqlara, həm bizə, həm də dövlətə lazımdır. İndiki şəraitdə hər bir insanın taleyi onun əlindədir.

Azərbaycanda çox gözəl şərait yaradılıbdır. Həm ictimai-siyasi vəziyyət çox yaxşıdır, həm iqtisadi inkişaf çox sürətlidir. Yeni imkanlar, yeni iş yerləri açılır. Təkcə son 7 il ərzində 900 minə yaxın yeni iş yeri açılmışdır. Biz çalışmalıyıq ki, bu iş yerlərində işləyən insanların peşəkarlığı yüksək səviyyədə olsun. Peşəkarlığın, biliyin, savadın, intellektin əsası məhz məktəblərdə qoyulur. Ona görə, məktəbdə verilən təhsil insanın həyatında həlledici rol oynayır. Hər bir insan üçün onun gələcəyi, onun taleyi məktəb illərində dərslərə verdiyi qiymətlə, diqqətlə birbaşa bağlıdır.

Mən tam əminəm və görürəm ki, bu gün Azərbaycan gəncləri biliklərə çox meyillidirlər. Gənclərimiz istəyirlər ki, yaxşı mütəxəssis, yaxşı peşəkar olsunlar. İstək ola bilər. Ancaq təhsilin keyfiyyəti də gərək bu istəklə uzlaşsın. Azərbaycanda təhsil sahəsində tətbiq edilən yeniliklər, müasir yanaşmalar, islahatlar ümid edirəm ki, yaxın gələcəkdə daha da yaxşı nəticələrə gətirib çıxaracaqdır. Çünki həm hər bir insan, həm də dövlət üçün təhsil ən vacib, ən həlledici amillərdən biridir. Bəlkə də uşaqlar bu sözləri tez-tez eşidir. Ancaq bu, həqiqətdir ki, insanın gələcəyi, həyatda öz yerini tapması üçün təhsil hər şeydən üstündür. Biz çalışmalıyıq ki, məktəblərin tikintisi, ali məktəblərdə gedən islahatlar və tədris prosesinin təkmilləşdirilməsi məsələləri uğurla həll edilsin və beləliklə gənclər, uşaqlar peşəkar olsunlar, gələcəkdə Azərbaycan dövlətinə həm sədaqətlə, həm peşəkarlıqla xidmət etsinlər.

Hər bir ölkənin, dövlətin gələcəyi və bu günü onun intellektual potensialından asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır. Bu gün Azərbaycan özünü dünya miqyasında sürətlə və uğurla inkişaf edən ölkə kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, təhsilə yeni texnologiyaların tətbiqinə göstəriləcək diqqət və həyata keçiriləcək proqramlar Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edəcəkdir. Çünki inkişaf etmiş ölkə olmaq üçün təkcə gözəl infrastruktura və binalara malik olmaq kifayət deyildir. İnkişaf etmiş ölkə olmaq üçün gərək cəmiyyətin intellektual potensialı yüksək səviyyədə olsun. Bu məsələlərlə bağlı konkret proqramlar hazırlanıb icra edilir. Əminəm ki, bu gün Azərbaycan gəncləri, uşaqlar, birinci sinfə gedən balalar gələcəkdə doğma Vətənimiz üçün dəyərli vətəndaşlar olacaqlar, peşəkarlığını göstərəcəklər və ölkəmizin inkişafında öz sözünü deyəcəklər.

Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. Ölkəmizin necə inkişaf edəcəyi onlardan asılıdır. Qoyduğumuz yol və seçdiyimiz strateji xətt öz uğurunu təsdiqləyib. Gələcəkdə gənclərdən asılı olacaqdır ki, ölkəmiz necə inkişaf edəcək və hansı yollarla gedəcəkdir.

Mən bu gözəl gündə - yeni dərs ilinin başlanması günündə bütün Azərbaycan gənclərini salamlayıram. Bu gün məktəbə gedən bütün gəncləri salamlayıram. Sizə yeni uğurlar arzulayıram. Söz verirəm ki, bundan sonra da Azərbaycan təhsilinə dövlət tərəfindən verilən qiymət və göstərilən diqqət yüksək səviyyədə olacaqdır.

Bir daha sizi salamlayıram və sizə uğurlar arzulayıram. Sağ olun.

***

Məktəbin tarix müəllimi Elmin İMANOV dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

- Cənab Prezident, məktəbimizə, daha doğrusu, məktəbinizə xoş gəlmişsiniz!

Bu gün bizim üçün ikiqat əlamətdar bayramdır. Bu gün biz bir sözlə ifadəsi mümkün olmayan mənəvi bir sevinci bölüşürük. Birincisi, Azərbaycan Respublikasının Prezidentini, ikincisi isə, məktəbimizin ən görkəmli, ən məşhur məzununu qarşılayırıq. İlk növbədə, bizə bu sevinci yaşatdığınız üçün Sizə öz təşəkkürümüzü bildiririk.

Məktəbimizin hansı səviyyədə olduğunu, doğrusu, sözlə ifadə etmək mümkün deyildir. Bəzən bizdən soruşanda ki, məktəb hansı formadadır, necə inşa edilib, doğrusu, bunu sözlə ifadə etmək mümkün olmur. Bu təhsil ocağını ən qısa müddət ərzində, bəlkə də bir çoxlarının inana bilmədiyi qısa müddət ərzində dünya standartları səviyyəsinə gətirdiyiniz üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Məktəbin rəhbərliyi, şagirdlər və bütün valideynlər adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Məktəbin yeni binasının inşa edilməyə başlandığı ilk günlərdən ta hazır olduğu bu günə qədər işlərin gedişi daim Sizin diqqətinizdə, nəzarətinizdə olmuşdur. Sizin məktəbimizlə mənəvi bağlılığınız bizdə çox böyük iftixar və qürur hissi doğurur, 6 nömrəli məktəbin müəllimi və ya şagirdi, burada təhsil alan uşağın valideyni olmaq insanda xüsusi bir mənəvi zövq yaradır.

Cənab Prezident, bugünkü yanaşma təsadüfi deyildir. Çünki ulu öndərimizin - müasir müstəqil Azərbaycan dövlətinin banisi ümummilli liderimiz Heydər Əliyevin məktəbimizdə bir neçə dəfə olması və 2001-ci ildə söylədiyi "6 nömrəli məktəb həmişə Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olaraq qalacaq" sözləri bu gün bizi daha səylə işləməyə ruhlandırır. Bu yanaşma ənənəvi formada davam edir. Bu gün respublikamızın ən ucqar rayonunda, ən ucqar kəndində belə yüksək səviyyədə, müasir texniki avadanlıqla, ləvazimatla təmin edilmiş məktəblərin olması Sizin Azərbaycan təhsilinə qayğınızın bariz nümunəsidir. Biz üzərimizdə böyük məsuliyyət hiss edirik. Çünki 6 nömrəli məktəbin müəllimi olmaq və burada işləmək həm şərəfli, həm də məsuliyyətlidir. Çünki bizim məktəbin məzunu respublikamızı idarə edir.

Builki göstəricilərimizdən qısa bir-iki kəlmə demək istəyirəm. Bu il 59 məzunumuzdan 58-i respublikamızın ali məktəblərinin, 8 məzunumuz isə xarici ölkələrin aparıcı təhsil ocaqlarının tələbəsi adını qazanıb. Mənə elə gəlir ki, bu, hələ kifayətedici bir statistik göstərici deyildir.

Cənab Prezident, biz bir daha bütün kollektiv adından, bütün şagirdlər, valideynlər adından Sizə ən sonsuz, səmimi minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Çox sağ olun.

***

Valideynlər adından çıxış edən Sevda KATİBLİ dedi:

- Möhtərəm Prezident, mən bu məktəbdə təhsil alan şagirdlərin valideynləri adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu dəyərli Bilik gününü qeyd etmək üçün Siz bizim məktəbə gəlmişsiniz və bu gözəl binanın açılışında bizimlə birlikdə iştirak edirsiniz, bizim sevincimizi bölürsünüz.

Danılmaz faktdır ki, ölkəmizdə sürətli inkişaf prosesləri gedir və bu inkişaf təhsildə də öz əksini tapır. Biz bilirik ki, yüzlərlə yeni təhsil ocağı açılır, yeni tədris proqramları həyata keçirilir, hökumətin dəstəyi ilə uşaqlarımız xaricdə təhsil alırlar. Bu gün demək olar, respublikamızda elə bir məktəb yoxdur ki, orada müasir avadanlıq quraşdırılmasın. Bizim məktəb bunun bariz nümunəsidir. Uşaqlarımızın uğurla təhsil almaları üçün bu gözəl şərait Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sayəsində yaradılıb. Biz buna görə Sizə dərin təşəkkürümüzü bildiririk və "Çox sağ olun!" deyirik. Mən bir həkim kimi qeyd etmək istəyirəm ki, Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq, bizim uşaqların sabit, psixoloji durum vəziyyətində təhsil almaları çox dəyərli bir faktdır.

Bayaq qeyd etdiyim kimi, ölkəmiz inkişaf edib müasirləşir, gözəlləşir. Uşaqlarımızın uğurlu gələcəyə əmin olmaları, Sizin daim diqqət və məhəbbətinizi duymaları onların sağlam düşüncəsinin formalaşmasında mühüm rol oynayır. Bunları görən, duyan övlad ölkəsini sevməyə bilməz. Məhz ölkəsini sevən bir övlad daim səy göstərir ki, öz üzərində çalışsın, zirvələrə qalxsın, Vətəninə xeyir gətirsin.

Biz bu gün Sizə minnətdarlığımızı bildiririk. Sizə müvəffəqiyyət və uğurlar arzu edirik. Biz də bu işdə bacardığımız qədər Sizə kömək edəcəyik. Çünki Sizin müvəffəqiyyət və uğurlarınız uşaqlarımızın xoşbəxt gələcəyinin təminatıdır. Elmin müəllim bu məktəb haqqında çox gözəl sözlər dedi. Mən bu sözlərə qoşuluram və yenə də Sizə "Çox sağ olun!" deyirəm ki, övladlarımızın belə bir gözəl məktəb binasının tikilməsinə sərəncam verdiniz. Əminəm ki, bu möhtəşəm binada məktəbin ənənələri yaşayacaq və məktəb respublikamız üçün hələ çoxlu dəyərli insanlar yetişdirəcəkdir.

***

Sonra yeni dərs ilinin ilk zəngi çalındı.

Dövlətimizin başçısı məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirdi.

Daha sonra Prezident İlham Əliyev məktəbin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lentı kəsdi.

Məktəbin binası qarşısında dövlətimizin başçısı vaxtilə ona dərs deyən müəllimləri ilə görüşdü, onlarla söhbət etdi. Müəllimlər xatirələrini bölüşərək, 6 nömrəli orta məktəbin məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini diqqətlə və böyük fəxr hissi ilə izlədiklərini vurğuladılar.

Dövlətimizin başçısı müəllimləri ilə xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyev yenidənqurmadan sonra məktəbdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, altımərtəbəli təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində təşkili üçün ideal imkan yaradılmışdır. Yenidənqurma işlərindən sonra məktəbin ərazisi genişləndirilərək 13 min kvadratmetrə çatdırılmışdır. Məktəb 2 min 270 şagird yerlikdir. Bu gün burada 1690 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır.

Prezident İlham Əliyev siniflərdə dərs prosesi ilə maraqlandı. Dövlətimizin başçısı əvvəlcə bu gün ilk dəfə məktəbə qədəm qoyan birincilərin təhsil aldığı sinfə baxdı, uşaqları yeni dərs ili münasibətilə təbrik etdi. Bu il 6 nömrəli məktəbdə 1-ci sinifdə 230 şagird təhsil alacaqdır.

Yenidənqurma zamanı məktəbdə bütün infrastruktur yenilənmiş, xüsusi təhlükəsizlik sistemi yaradılmışdır. Tədris müəssisəsinin həyətində, dəhlizlərində və sinif otaqlarında baş verən proseslər 14 xarici və 97 daxili videokamera vasitəsilə izlənilir.

Məktəbin ikinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılmışdır. Muzeylə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada ümummilli lider Heydər Əliyev haqqında müxtəlif nəşrlər, ulu öndərin attestatının, diplomunun və tərifnamələrinin surətləri toplanmışdır. Burada dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair videomateriallar, fotolar da vardır. Ulu öndər Heydər Əliyev 6 nömrəli orta məktəbdə iki dəfə olmuşdur. Birinci dəfə 1977-ci ildə, oğlu, Azərbaycan Prezidenti İlham Əliyev orta məktəbi bitirərkən və 2001-ci il sentyabrın 1-də.

Heydər Əliyev Muzeyində ümummilli liderin "6 nömrəli məktəb həmişə Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olaraq qalacaq" fikri epiqraf seçilmiş xatirə kitabı da vardır.

Məktəbin konfrans zalında Prezident İlham Əliyev İP beynəlxalq proqramı barədə filmə baxdı. 1968-ci ildə Cenevrədə yaradılan proqram bu ildən 6 nömrəli məktəbdə də tətbiq ediləcəkdir. Ən əsası isə odur ki, təhsil ocağının şagirdləri bu nadir imkandan pulsuz istifadə edəcəklər. Bu il məktəbin 10-cu və 11-ci sinifləri üçün diplom proqramı tətbiq ediləcəkdir. Proqrama əsasən tədris bütün fənlər üzrə yalnız ingilis dilində aparılır. Şagirdlərin təhsili həm ölkə, həm də xarici mütəxəssislər tərəfindən qiymətləndirilir. 45 bal toplayan şagird avtomatik olaraq Oksford, Kembric kimi nüfuzlu təhsil müəssisələrinə daxil olmaq imkanı qazanır. İP diplomu dünyanın 2 min 544 universitetində tanınır. Bu proqramın 6 nömrəli məktəbdə tətbiqi ilə əlaqədar müəllimlər Hamburq və Sürixdə treninqlər keçmişlər.

Təhsil müəssisəsinin imza atdığı daha bir yenilik - 10-cu sinifdən profil siniflərin yaradılmasıdır. İndi bu pilot proqram Bakının beş məktəbində tətbiq edilir.

Dövlətimizin başçısı müəllimlər otağına baxdı. Burada daha bir yenilik ondan ibarətdir ki, təcrübə mübadiləsi məqsədilə mətbuat konfranslarının, telekörpülərin keçirilməsi üçün Bakı və Sumqayıtın bir çox məktəbləri ilə birbaşa bağlantını təşkil etmək mümkündür.

Təhsil ocağının bütün sinifləri kompüter və proyektorlarla, bir çox sinif otaqları isə "ağıllı lövhə" adlandırılan smart lövhələrlə təchiz olunmuşdur. Bu interaktiv lövhələr ən son texnologiyalar əsasında qurulmuşdur.

Məktəbin üç linqafon kabineti vardır. Hər biri 24 nəfərlik bu sinif otaqlarında ingilis və alman dilləri tədris olunacaqdır.

Şagirdlərin keyfiyyətli və vaxtında qidalanmasını 186 yerlik yeməkxana və müasir avadanlıqla təchiz olunan mətbəx təmin edəcəkdir.

Dövlətimizin başçısı məktəbin musiqi kabinetinə də baxdı. Burada Azərbaycanın Dövlət himni ifa edildi.

Təhsil ocağında ən müasir standartlara uyğun qurulan və ən qabaqcıl avadanlıqla təchiz edilən fənn kabinetləri vardır.

Bütün siniflər müasir avadanlıq və əyani vasitələrlə təchiz edilmişdir.

Prezident İlham Əliyev informatika kabinetində oldu. Məlumat verildi ki, məktəbdə bu cür dörd kabinet şagirdlərin ixtiyarındadır. Məktəbdə WiFi şəbəkəsi də qurulmuşdur.

Dövlətimizin başçısı sınaqların keçirilməsi üçün hər cür şəraiti olan kimya kabineti və laboratoriyası, həmçinin lazımi əyani vasitələrlə təchiz edilən biologiya kabineti ilə tanış oldu.

Məktəbin altıncı mərtəbəsi xüsusi zövqlə tərtib edilmişdir. Burada "Qış bağı" adlandırılan guşə bir çox mədəni tədbirlərin, görüşlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev 224 yerlik geniş akt zalına da baxdı.

Dövlətimizin başçısı məktəb muzeyində də oldu.

Muzeydə toplanan materiallar bir daha təsdiq edir ki, bu məktəb Bakının sayılıb-seçilən təhsil müəssisələrindən biri olmuşdur. Məktəb Azərbaycanın inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə təhsil verən komplekslərdən biridir. Burada məktəbin nailiyyətlərini əks etdirən stendlər qurulmuş, təhsil ocağının direktorlarının, fəxri məzunlarının, fəxri adlara layiq görülən müəllimlərinin fotolarından ibarət guşələr yaradılmışdır. Muzeydə Azərbaycan Prezidentinin attestatının surəti də vardır.

Təhsil ocağının direktoru Gülşən Orucova məktəbdə fəxri məzunlar klubunun yaradıldığını bildirərək, bu klubun döş nişanını dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev məktəbin xatirə lövhəsini imzaladı.

Dövlətimizin başçısı məktəbin yenidən qurulmasını əks etdirən videogörüntüyə baxdı.

Məktəbin zəngin kitabxanası da vardır. Burada 6 mindən çox kitab toplanmışdır. Şagirdlərin ixtiyarına 80 yerlik oxu zalı verilmişdir.

Yenidənqurma işlərindən sonra məktəb iki korpusdan ibarətdir. Onlardan biri idman korpusudur. İdman korpusuna eni 6, uzunluğu 40 metr olan tunel aparır. Burada bir neçə idman zalı vardır. Müxtəlif trenajorlarla təchiz edilən zallarda idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi mümkündür.

Məktəbin girişində Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən məlumat tablosu quraşdırılmışdır. Təhsil ocağının yenidən qurulması və çox geniş sahəni əhatə etməsi nəzərə alınaraq, buraya gələnlərə lazımı sinfi tez tapmaq üçün tabloda eksplikasiya vasitəsilə məktəbin planı verilir.

Ümumilikdə məktəbdə 86 sinif otağı vardır.

Beləliklə, yeni dərs ilində ölkəmizdə daha bir təhsil ocağı ən müasir tələblərə uyğun yenidən qurularaq və ən qabaqcıl avadanlıqla təchiz edilərək istifadəyə verilmişdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov