Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Azərbaycanda təhsilə dövlət qayğısının iqtisadi aspektləri və təhsildə yeni maliyyələşmə mexanizmləri

 

Təhsilin ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyəti 

Hər bir ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyası keyfiyyətli təhsil mühitinin formalaşdırılması ilə səciyyələnir. Belə ki, millətin təhsilinin və elmi potensialının inkişaf etdirilməsi, öz növbəsində, müasir cəmiyyətin davamlı və dinamik inkişafının əsas amillərindən biridir. Təsadüfi deyildir ki, dünyanın inkişaf etmiş ölkələri məhz təhsildə yüksək inkişaf yolu keçməklə mühüm nəticələr əldə edə bilmişlər. Qeyd olunan fikirlər öz təsdiqini ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin səsləndirdiyi və bu gün hər birimiz üçün devizə çevrilmiş "Təhsil millətin gələcəyidir" ifadəsində daha düzgün tapır.

Müstəqilliyinin 20-ci ilinə qədəm qoyan ölkəmizin yeni tarixində təhsilin uzunmüddətli  strategiyası və onun əsas inkişaf istiqamətləri ilk dəfə məhz ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş və onun rəhbərliyi altında icra edilməyə başlanılmışdır.

Əsası vaxtilə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının əsas istiqamətləri üzrə davamlı inkişaf dinamikası hazırda bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ugurla davam etdirilir, təhsil sahəsində mühüm məzmun islahatları həyata keçirilir, genişmiqyaslı dövlət proqramları icra olunur və yeni inkişaf strategiyaları müəyyənləşdirilir.

Təhsil sahəsində aparılan nəticəyönümlü islahatlar və icra edilən dövlət proqramları sayəsində bütövlükdə təhsil infrastrukturunun və təhsilin məzmununun  yeniləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatının əhatə dairəsi genişləndirilmiş, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanılmış və ölkəmizin təhsil tarixində digər yeniliklərə imza atılmışdır.   

Qeyd etməliyik ki, dünyada bütün istiqamətlərdə qloballaşmanın geniş vüsət aldığı və sürətlə inkişaf etdiyi indiki dövrdə respublikamızın  milli inkişafının əsas və hətta yeganə yolu elm və təhsilin, müasir tələblərə uyğun yeni biliklərin, intellektual resursların inkişaf etdirilməsi, eləcə də informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi ilə  bağlıdır.

Bu baxımdan müstəqil Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülü və  elmi bilik və  əsaslara söykənən iqtisadiyyata keçid şəraitində elm və təhsilin daha da inkişaf etdirilərək bu sahədə yeni modelin   qurulmasının təmin edilməsi hazırda dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Bununla əlaqədar dövlət başçısı İlham Əliyev demişdir: "...Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərək güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqramlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək dayanıqlı inkişaf modelimizi qurmalıyıq".

Məhz bu fikirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılması barədə 11 iyul 2011-ci il tarixli Sərəncam imzalanmışdır ki, bu da  ölkə başçısının təhsil sahəsinə daim göstərdiyi diqqət və qayğıya əyani sübutdur.

Hazırda elm və təhsil sahəsində müvafiq strategiyalar üzrə aparılan islahatlar, icra edilən dövlət proqramları ölkəmizin dinamik iqtisadi inkişafı   və  geniş maliyyə imkanlarına malik olması ilə  sıx bağlıdır. Belə ki, dövlətimizin  maliyyə imkanları genişləndikcə qarşıda duran məqsədlərə, o cümlədən elm və təhsil sahəsindəki məqsədlərə nail olmaq üçün real imkanlar daha da artır.  

Reallıqlara əsaslanan iqtisadi inkişaf strategiyası 

İqtisadi sferada ölkə rəhbərliyi tərəfindən həyata keçirilən son dərəcə dəqiqliklə düşünülmüş siyasətin nəticəsidir ki, digər dünya ölkələrində fəsadları hələ də davam edən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatı üçün, demək olar ki, təsirsiz  ötüşmüş və böhran dövründə iqtisadi inkişaf tempini qoruyub saxlaya bilən, son illərdə ümumi daxili məhsulun əhəmiyyətli həcmdə artımını təmin edən, əhalisinin maddi gəlirlərinin artımına və beləliklə də ümumi rifah halının yüksəlməsinə nail olmuş  ölkələrdən biri olan Azərbaycan Respublikası hazırda iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl ölkələrin siyahısındadır. Bu, ölkəmizdə iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik və reallıqlara əsaslandığını, ən xırda detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha göstərir.

Ölkəmizin iqtisadi sferasında həyata keçirilən siyasət, onun mahiyyət və istiqamətləri, əldə olunan nəticələr beynəlxalq miqyasda da müsbət şəkildə qiymətləndirilir. Belə ki, inkişaf etmiş ölkələrin nüfuzlu qəzetlərində vaxtaşırı olaraq Azərbaycanın son dövrlərdə yüksək inkişaf tempi, əldə etdiyi iqtisadi uğurları və ölkədə mövcud olan siyasi və iqtisadi sabitlik barədə geniş məqalələr dərc olunur.   

Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 

Qeyd etdiyimiz kimi, bu gün ən prioritet sahə hesab edilən təhsilə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir və bu sferaya ayrılan xərclər ildən-ilə əhəmiyyətli dərəcədə artırılır. Bütün bunlar isə möhtərəm Prezidentimizin səsləndirdiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" devizinin real həyatda təsdiqinə bariz nümunədir.

Ölkəmizdə son illərdə əldə olunan iqtisadi uğurlardan söz açaraq təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlər barədə bəzi statistik məlumatlara nəzər salaq. 

2007-2011-ci illərdə dövlət büdcəsinin xərcləri və təhsilə ayrılan xərclər

 

 
illər

dövlət büdcəsinin

xərcləri

 

təhsil xərcləri

birbaşa TN-nə ayrılan xərclər

 

mln.manatla %-lə mln.manatla %-lə
2007 6059.5 723.0 12 245.8 34
2008 10774.2 979.7 9.1 328.9 33.5
2009 10503.9 1147.9 11 393.4 34.2
2010 11765.9 1180.8 10 395.6 33.5
2011 (proqnoz) 15941.2 1399.8 8.8 426.7 30.5
 

Cədvəldən göründüyü kimi,  son 5 il ərzində dövlət büdcəsinin xərcləri 2,6 dəfə, təhsilə ayrılan xərclər isə 2 dəfə artmışdır. Belə ki, 2007-ci ildə dövlət büdcəsinin faktiki xərcləri 6059,5 milyon manat təşkil etdiyi halda, 2010-cu ildə bu xərclər 11765,9 milyon manat olmuşdur. Dövlət büdcəsindən təhsilə ayrılan faktiki xərclər isə  2007-ci ildə 723 milyon manat, 2010-cu ildə isə 1180,8 milyon manat təşkil etmişdir.

2011-ci ilə dövlət büdcəsinin ümumi xərcləri 15941,2 milyon manat, təhsil xərcləri 1399,8 milyon manat və ya dövlət büdcəsinin ümumi xərclərinin 10%-i, birbaşa Təhsil Nazirliyinə ayrılması nəzərdə tutulan xərclər isə  426,7 milyon manat və ya təhsil xərclərinin 30,5%-i həcmində proqnozlaşdırılmışdır. Beləliklə, 2011-ci ildə dövlət büdcəsinin xərcləri 2010-cu ilin faktiki xərclərindən  4175,3 milyon manat və ya 35,5% çoxdur. Cari ildə dövlət büdcəsindən təhsilə ayrılması nəzərdə tutulan xərclər isə 2010-cu ilin müvafiq faktiki xərclərindən 219 milyon manat və ya 18,5% çoxdur. 2011-ci ilə dövlət büdcəsində təhsilə proqnozlaşdırılan təhsil xərclərinin ÜDM-də (ümumi  daxili məhsulda) payı 3,1% təşkil edir. 2010-cu ildə bu rəqəm faktiki olaraq 2,8% olmuşdur.  2011-ci ilin dövlət büdcəsində proqnozlaşdırılan təhsil xərclərinin 426,7 milyon manatını və ya 30,5%-ni tabelikdə olan bir sıra təhsil müəssisələrinin maliyyələşdirilməsi, dövlət proqramlarının və digər tədbirlərin həyata keçirilməsi məqsədilə birbaşa Təhsil Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitlər təşkil edir.    

2011-ci ildə dövlət büdcəsində  təhsil xərclərinin pillələr üzrə strukturu

 

Diaqramdan göründüyü kimi, 2011-ci ildə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin 7,1 %-nin məktəbəqədər təhsilə, 60,4 %-nin ümumi təhsilə, 2,5 %-nin ilk peşə-ixtisas təhsilinə, 2,9 %-nin orta ixtisas təhsilinə, 11,3 %-nin isə ali təhsilə yönəldilməsi proqnozlaşdırılır.  

2011-ci ildə dövlət büdcəsində  təhsil xərclərinin iqtisadi təsnifat üzrə quruluşu

2011-ci ildə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin 11,2 %-ni təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi xərcləri, 2,2 %-ni şagird və tələbələrin təqaüdləri və digər sosial müavinətlər, 2,3 %-ni kommunal xərclər, 76,7 %-ni əməyin ödənişi və 7,6%-ni isə digər xərclər (rabitə, icarə, mühafizə və sair xərclər)  təşkil edir.  Məlumatlardan göründüyü kimi, dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin əsas hissəsini əməkhaqqı xərcləri təşkil edir.    

Təhsil işçilərinin orta aylıq nominal əməkhaqqının artım tempi, manatla

 
illər orta aylıq nominal əməkhaqqı, manatla 2005-ci ilə nisbətən artım
2005 66.0  
2006 87.0 31.8%
2007 145.4 2.2 dəfə
2008 214.4 3.2 dəfə
2009 260.0 3.9 dəfə
2010 272.2 4 dəfə
2011 272.2  
 

Son 6 il ərzində təhsil işçilərinin orta aylıq nominal  əməkhaqqı 4 dəfə  artmışdır. Hazırda təhsil işçilərinin orta aylıq nominal  əməkhaqqı 272,2 manat təşkil edir.

Qeyd edək ki, dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin artımı təhsilin müxtəlif pillələri üzrə hər bir təhsilalana düşən illik xərclərin də artmasına səbəb olmuşdur.  

Təhsilin pillələri üzrə bir təhsilalana düşən illik xərclərin 2008-2011-ci illər üzrə artım tempi

 
Təhsilin  pillə və səviyyələri bir təhsilalana düşən illik xərclər, manatla
2008-ci il 2009-cu il 2010-cu il 2011-ci il
məktəbəqədər təhsil 703 810 816 854
ümumi təhsil 420 545 550 553
ilk peşə-ixtisas təhsili 943 1108 1133 1184
orta ixtisas təhsili 566 741 750 784
ali təhsil 986 1325 1548 1618
ali təhsil (dövlət sifarişi üzrə orta hesabla)     1700 1700
 

Cədvəldən göründüyü kimi, təhsilin bütün pillələri üzrə bir təhsilalana düşən illik xərclərin məbləği ildən-ilə dinamik şəkildə artmışdır. Beləliklə, 2010-cu ildə bir təhsilalana düşən illik xərclər məktəbəqədər təhsil üzrə 816 manat, ümumi təhsil üzrə 550 manat,  ilk peşə-ixtisas təhsili üzrə 1133 manat, orta ixtisas təhsili üzrə 750 manat,  ali təhsil üzrə 1548 manat təşkil etmişdir.

2011-ci ildə isə bir təhsilalana düşən illik xərclərin məktəbəqədər təhsil üzrə 854 manat, ümumi təhsil üzrə 553 manat,  ilk peşə-ixtisas təhsili üzrə 1184 manat, orta ixtisas təhsili üzrə 784 manat, ali təhsil üzrə 1618 manat olacağı gözlənilir.

Ali təhsildə dövlət sifarişi üzrə kadr hazırlığı ilə bağlı bir təhsilalana düşən illik xərclərin məbləği isə orta hesabla 1700 manat təşkil edir.

Qeyd etdiyimiz kimi, son illərdə ölkəmizdə təhsil müəssisələrinin, xüsusən ümumi təhsil müəssisələrinin tikintisi, təmiri və bərpası, yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür və bu işlər hazırda da davam etdirilir. Nəticədə ölkədə 2 mindən çox ümumi təhsil məktəbinin inşa olunması da bu istiqamətdə əldə edilən ən mühüm uğurlardan hesab olunur. Təbii ki, təhsil müəssisələrinin tikintisi, təmiri və bərpası, yenidən qurulması işlərinin həyata keçirilməsi dövlət büdcəsindən təhsilə investisiya xərclərinin ayrılması ilə şərtlənir.  

Dövlət büdcəsindən təhsilə ayrılan investisiya xərcləri, milyon manatla

Diaqramdan göründüyü kimi, 2011-ci ildə təhsilə 273,2 milyon manat həcmində investisiya xərclərinin ayrılması proqnozlaşdırılmışdır ki, bundan da təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri üçün Təhsil Nazirliyinə 86,3 milyon manat, Bakı Şəhər İcra Hakimiyyətinə 114,4 milyon manat, Prezidentin Ehtiyat Fondundan Bakı şəhərinin müvafiq rayonlarının icra hakimiyyətlərinə 11 milyon manat və respublikanın digər rayon (şəhər) icra hakimiyyətlərinə isə 61,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.   

Ümumi təhsildə rasionallaşdırma tədbirlərinin zəruriliyi və yeni maliyyələşmə mexanizminin tətbiqi vəziyyəti 

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biri də bu məqsədlə ayrılan maliyyə vəsaitlərindən daha səmərəli, rasional və məqsədyönlü şəkildə istifadə olunmasıdır. Bu baxımdan təhsilin bütün pillələrində mütərəqqi maliyyələşmə mexanizmlərinin tətbiqi, təhsil müəssisələrinə maliyyə müstəqilliyinin verilməsi və xüsusən ümumi təhsil pilləsində mövcud  məktəb şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin həyata keçirilməsi qarşıda duran ən zəruri vəzifələrdəndir.  

Hazırda ölkədə xeyli sayda kiçik məktəblər vardır ki, onların fəaliyyəti həm maliyyə, həm də təhsilin keyfiyyəti baxımından səmərəli deyildir. Bu səbəbdən mövcud məktəb şəbəkəsinin rasionallaşdırılmasına, yəni imkan daxilində kiçik və səmərəsiz məktəblərin bağlanılmasına və birləşdirilməsinə ciddi ehtiyac vardır. 

Şagirdlərinin sayı az olan ümumi təhsil müəssisələrinin sayı barədə məlumat

Hazırda respublikada şagirdlərinin sayı 30-dək olan 432, şagirdlərinin sayı 31-dən 50-dək olan 293 və şagirdlərinin sayı 51-dən 100-dək olan 636 məktəb vardır. Bu baxımdan ölkədə məktəb şəbəkəsinin rasionallaşdırılmasına ciddi ehtiyac vardır.

Eyni zamanda unutmamalıyıq ki, ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına müsbət təsir edən amillərdən biri də təhsilin bu səviyyəsində adambaşına maliyyələşmə prinsipinə əsaslanan yeni maliyyələşdirmə mexanizminin tətbiqidir.              

Ümumiyyətlə, Azərbaycanda təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi metodların tətbiq edilməsi ilk əvvəl ümumi təhsildə sınanmışdır. 

Belə ki, Dünya Bankının texniki və maliyyə dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə 3 pilot rayonunda-İsmayıllıda, Ucarda və Şirvan şəhərində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin sınaqdan keçirilməsi və islahatların ikinci mərhələsində bu mexanizmin bütün ölkəyə tətbiq  edilməsi nəzərdə tutulmuşdu.

Bu maliyyə islahatlarının əsas hədəfləri aşağıdakı məqsədlər olmuşdur:       

 

* Məktəblərə ayrılan vəsait bölgüsünü daha ədalətli və şəffaf qaydada həyata  keçirmək;

* Məktəblərin öz vəsaitlərindən daha səmərəli şəkildə istifadə edə bilməsinə şərait yaratmaq;

* Məktəb şurası vasitəsi ilə məktəblərin daha yaxşı idarə olunmasına nail olmaq.

 

Layihənin icra planına əsasən 3 pilot rayonunun 59 ümumi təhsil məktəbində adambaşına maliyyələşdirmənin həyata keçirilməsi ilə  bağlı  həmin məktəblərin hər biri üçün ayrıca xəzinə hesabları açılmış, müstəqil mühasibatlıqları yaradılmış, seçilmiş beynəlxalq və milli məsləhətçilərin dəstəyi ilə şagirdbaşına  maliyyələşdirmə düsturu hazırlanmışdır.

Bundan əlavə, tətbiq olunacaq yeniliklərlə əlaqədar pilot rayonların məktəblərinin direktorları, mühasibləri ilə mütəmadi öyrədici seminarlar, məşğələlər keçirilmiş, onlarla yeni mexanizmin tətbiqi və istifadə qaydaları ilə əlaqədar müvafiq işlər aparılmışdır.

Müvafiq hazırlıq və sınaq işləri aparıldıqdan sonra pilot məktəblərində şagirdbaşına maliyyələşdirmənin icrasına başlanılması və bu mexanizmin  hüquqi əsasını təmin etmək məqsədilə Təhsil Sektorunun İnkişafı Layihəsinin lMaliyyələşdirmə və büdcə islahatları� alt-komponentinin icrası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2007-ci il tarixli 36 nömrəli qərarı qüvvəyə minmişdir.

Bu qərara əsasən islahat layihəsi çərçivəsində pilot rayonlarda seçilmiş 59 ümumi təhsil məktəbinin maliyyələşdirilməsinin 2007-ci il yanvarın 1-dən şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır.

Lakin qeyd olunan qərara əsasən pilot məktəblərin büdcələrinin tərtibi müvafiq qaydada şagirdbaşına maliyyələşdirmə düsturu ilə həyata keçirilsə də, məktəblər tam maliyyə müstəqilliklərini təmin edən bir sıra səlahiyyətləri əldə edə bilmədilər.

Nəticədə islahat layihəsi çərçivəsində pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının məktəblərində maliyyə islahatları nəzərdə tutulan şəkildə tam deyil, qismən həyata keçirildi və yalnız 3 pilot rayonla məhdudlaşdı.

Lakin bu islahatların miqyasının genişləndirilməsi və  qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsil Sektorunun  İnkişafı üzrə İkinci Layihə (2009-2014) çərçivəsində əvvəlki layihədə başlanılmış maliyyə islahatlarının davam etdirilməsi qərara alınmışdır.

Belə ki, Təhsil Nazirliyi maliyyə islahatlarının, eləcə də məktəb şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin respublikanın bütün ümumi təhsil məktəblərində həyata keçirilməsini zəruri hesab edir və bu istiqamətdə işlərin davam etdirilməsi niyyətindədir.

Bununla əlaqədar olaraq "Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi və məktəblərin şəbəkəsinin rasionallaşdırılması tədbirləri barədə" müvafiq sənəd layihəsi hazırlanmış, rəy və təkliflərin müzakirəsi üçün Respublika Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim olunmuşdur.

Sənəd layihəsinə əsasən məktəb şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin həyata keçirilməsi üçün Ucar rayonunun, adambaşına maliyyələşdirmə mexanizminin  tətbiqi ilə əlaqədar isə Bakı şəhərinin pilot kimi seçilməsi, həmçinin pilot tədbirlərin nəticəsindən asılı olaraq gələcəkdə respublikanın digər rayon və şəhərlərinin dövlət ümumi təhsil məktəblərində məktəb şəbəkəsinin rasionallaşdırılması və yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.

Hazırda dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin və məktəblərin şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin tətbiqi perspektivləri "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı yaradılmış Dövlət Komissiyasının və işçi qrupunun iclaslarında müzakirə olunur.

 

Ali təhsildə yeni maliyyələşmə mexanizmi

 

Ümumi təhsildə adambaşına maliyyələşdirmənin tətbiqi bəzi problemlərlə üzləşsə də, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi istiqamətində ölkəmizdə hazırda çox əhəmiyyətli işlər görülür.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni  maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır.

Məlum olduğu kimi, qeyd olunan Fərmanın icrası istiqamətində Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi haqqında"  25 iyun 2010-cu il tarixli 120  nömrəli Qərarı qəbul olunmuş və qərara əsasən  ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmiş və həmçinin "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları" təsdiq edilmişdir.

2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə ali təhsil müəssisələrinin I kurs bakalavriat və magistratura səviyyələrinə qəbul olmuş tələbələrin  təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün  Respublika Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrı ali məktəblər üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən Təhsil Nazirliyinə 24 327 733  manat  məbləğində ayrılmış vəsait bölgüyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına köçürülmüş və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilmişdir.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali     məktəblərin dövlət sifarişi üzrə kadr hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmış, abituriyentlərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim imkanları artırılmışdır.

 Dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün ali məktəblərə vəsait əvvəlki illərdə olduğu kimi 40 və ya daha çox xərc maddəsi üzrə deyil, bir xərc maddəsi ilə ayrılmış və bu vəsaitlərin xərclənilməsində ali məktəblərin səlahiyyətləri və maliyyə müstəqilliyi artırılmışdır.

Dövlət ali məktəblərində yuxarı kurslarda təhsil alan tələbələrin xərclərinin ödənilməsi məqsədilə tutulan vəsait isə 2011-ci ildə 40 və ya daha çox xərc maddəsi üzrə deyil, 4 xərc maddəsi, büdcədənkənar vəsaitlər üzrə  gəlir  və xərclər smetası isə 6 xərc maddəsi ilə proqnozlaşdırılmışdır.  Növbəti  ildən  isə ali təhsil müəssisələrinə dövlət büdcəsindən  bütün  vəsaitlərin  bir  xərc  maddəsi ilə ayrılması  nəzərdə tutulur. Bu isə ali məktəblərin  maliyyə  vəsaitlərinin  idarə  olunması  və  xərclənilməsində  səlahiyyətlərinin  artırılmasına  səbəb  olacaqdır.

Lakin əldə olunan müsbət nəticələrlə yanaşı yeni maliyyələşmə mexanizminin tətbiqinin ilkin mərhələsində bir sıra problemlər də ortaya çıxmışdır. Bununla əlaqədar vaxtaşırı təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin, Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, aidiyyəti ali məktəblərin rektorlarının, baş mühasiblərin iştirakı ilə  kollegiya, müşavirə və seminarlar keçirilmiş və bu görüşlərdə ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı görülən işlər, əldə olunan ilkin nəticələr,  qarşıda duran vəzifələr və təkliflər geniş müzakirə edilmişdir.

Qeyd olunan tədbirlərdə mövcud problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi, ilk növbədə, dövlət sifarişi üzrə hər bir təhsilalana düşən illik  xərclərin məbləğlərinin artırılmasını təklif etmişdir. Belə ki, dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi ilə bağlı bir təhsilalan üçün müəyyənləşdirilmiş illik təhsil xərci məbləğinə uyğun    ayrılan vəsait əksər ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd xərclərinin ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi üzrə keyfiyyətli kadr hazırlığının təmin edilməsi  üçün müvafiq maddi-texniki bazanın yaradılmasına və saxlanılmasına şərait yaratmır. Bundan əlavə, oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarı da yenidən baxılaraq uyğunlaşdırılmalıdır.

Eyni zamanda ali məktəblər üzrə bəzi ixtisaslara olan inhisarçılığın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi də zəruridir.

Bundan əlavə, ali məktəblərin büdcədənkənar vəsaitlərin idarə olunmasında səlahiyyətləri artırılmalıdır. Bu baxımdan  büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının təsdiq edilməsi, il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi, bu səlahiyyətlərin ali məktəblərə verilməsi və ilin sonunda büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə keçirilməsi məqsədəmüvafiq hesab edilir.

Digər vacib məsələlərdən biri isə özəl ali məktəblərin dövlət sifarişində iştirakının stimullaşdırılmasıdır.

Onu da qeyd etməliyik ki, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olan və mövcud qaydalara əsasən ödənişdən azad edilən məcburi köçkün statuslu tələbələrin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə zərurət yaratmışdır.

Məlumat üçün qeyd edək  ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə təkcə 2010-2011-ci tədris ilində qəbul olmuş 15386 tələbədən  1636-sı məcburi köçkün statuslu tələbələrdir və onların təhsil haqları ümumilikdə 1 689 200  manat təşkil edir ki, bu da dövlət ali təhsil müəssisələri üçün hər il xeyli məbləğdə büdcədənkənar gəlirlərin itirilməsi deməkdir. 

Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" bu günlərdə imzaladığı Sərəncamla qeyd olunan problem artıq öz həllini tapmışdır. Belə ki, Sərəncama əsasən 2011-2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir. Nəticədə dövlət ali təhsil müəssisələri məcburi köçkün statuslu və ödənişdən azad olunan tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı ayrılacaq büdcə vəsaitləri hesabına ali təhsil müəssisələrinin maliyyə vəziyyəti daha da yaxşılaşacaqdır.   

Qeyd etməliyik ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində dövlət ali təhsil müəssisələrinin səlahiyyətlərinin artırılması, eyni zamanda onların bu istiqamətdə məsuliyyətlərini də artırır. Belə ki, ali məktəblər son nəticədə təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq üçün öncə qeyd etdiyimiz kimi mövcud resurslardan, həmçinin əldə edilən maliyyə resurslarından daha səmərəli, rasional şəkildə  istifadəni təmin etməlidirlər.Bu baxımdan ali təhsildə yeni maliyyələşmə mexanizmi ilə əlaqədar tətbiq olunan yeniliklər ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr qoyur.  

Şahrza ƏLİYEV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov