Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informatikanın tədrisinin aktual problemləri müzakirə edildi

 

Gənc nəslin müasir dövrün tələblərinə uyğun formalaşmasında başlıca rol oynayan təhsil sistemində modernləşmə strategiyasının həyata keçirilməsi hər bir sivil dövlətin gələcək müqəddəratını müəyyən edən taleyüklü məsələlərdəndir. Təhsildə qabaqcıl informasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə innovativ inkişafa nail olunması, İKT infrastrukturunun inkişaf etdirilməsi, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirılməsi, bir sözlə, innovativ təhsil modelinin qurulması istənilən ölkə siyasətində prioritet istiqamətlərdəndir. Bu gün dünyada İKT yönümlü peşəkar mütəxəssislərin hazırlanması məqsədilə elmi-tədqiqat institutları və mərkəzlər, nüfuzlu universitetlər arasında innovativ bilik və təcrübə mübadiləsinin aparılması, o cümlədən bu proseslərdə müstəsna rol oynayan informasiya texnologiyalarının və qlobal şəbəkənin dinamik inkişafı məsələlərinə xüsusi diqqət yetirilir.

Çağdaş dövrdə Avropanın təhsil məkanına inteqrasiya edən Azərbaycanın təhsil sferasının qarşısında duran ən başlıca vəzifə təhsildə yeni tədris mexanizmlərinin işlənməsi, bu sahənin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi, keyfiyyətinin yüksəldilməsi, tədris prosesində yeni elmi-metodiki nailiyyətlərin tətbiq edilməsidir. Son illər təhsil sistemində İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması məsələsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Hazırda bu istiqamətdə görülən tədbirlər çərçivəsində gənc nəslin innovativ inkişafında böyük önəm kəsb edən multimedia xarakterli e-dərsliklərin yaradılması, informasiya cəmiyyətinin yeni tədris modeli olan distant təhsilin, fasiləsiz pedaqoji təhsilin tətbiqi istiqamətində işlər aparılır, əldə edilən biliklərin qiymətləndirilməsi məqsədlərinə xidmət edən e-test sistemləri tətbiq edilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" da qeyd olunan məsələlərin səmərəli və kompleks həllinə yönəlmişdir.

Yeni cəmiyyətin bərqərar olmasında mühüm şərtlərdən biri sözügedən məqsədlərin həyata keçirilməsində böyük önəm kəsb edən informatika fənninin tədrisidir.

Müasir biliklərin əldə olunması, düşüncə tərzi, informasiya mədəniyyətinin formalaşması, intellektual səviyyənin və yaradıcılıq qabiliyyətinin inkişafında mühüm rol oynayan informatika fənninin tədrisi, dərindən mənimsənilməsi gənc nəslin yeni cəmiyyətin tələblərinə müvafiq olaraq formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən əksər dünya ölkələrinin təhsil sistemində informatikanın ən mühüm və vacib fənlərdən biri kimi öyrənilməsinə xüsusi diqqət yetirilir. İnformatikanın tədrisi ilə bağlı müxtəlif kurs və treninqlər, layihələr həyata keçirilir, keyfiyyətli tədris mexanizmlərinin işlənməsi, informatikanın prioritet sahə kimi vüsət alması, bu sahədə mövcud problemlərlə bağlı silsilə tədbirlər təşkil edilir.

Yeni dərs ili ərəfəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bakı və Sumqayıt şəhərləri orta ümumtəhsil məktəblərinin informatika fənni üzrə metodist və qabaqcıl müəllimlərinin iştirakı ilə keçirilən seminar da bu qəbil tədbirlərdən idi. İnformatikanın tədrisinin elmi əsasları, təhsil sistemində müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinə həsr olunmuş tədbirdə bu sahədə mövcud problemlər, qabaqcıl informasiya texnologiyalarının inkişaf perspektivləri, yeni informatika dərslikləri və orta məktəblərdə informatikanın tədrisi, dünyaya inteqrasiya edən ölkəmizdə informatika elminin inkişafı istiqamətində görülən işlər əsas müzakirə mövzularından idi.

Öncə tədbir iştirakçıları institutun Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, AzScienceNet monitorinq və təhlükəsizlik xidməti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar, interaktiv lövhələrin üstünlükləri və digər informasiya texnologiyaları ilə yaxından tanış oldular. İştirakçılara həmçinin institutun elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri, İT və informasiya cəmiyyətinin aktual problemləri, İnternetin dinamik inkişafı, yeni şəbəkə xidmətlərinin yaradılması ilə bağlı aparılan işlər haqqında ətraflı məlumat verildi. 

Tədbiri giriş sözü ilə açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təhsildə informatikanın elmi-innovativ problemlərinin müzakirəsinin seminarın əsas məqsədlərindən olduğunu bildirdi. İKT biliklərinin cəmiyyətə inteqrasiyasının günün tələbi olduğunu vurğulayan alim bu kimi tədbirlərin informatika müəllimlərinin innovativ biliklər əldə etməsinə xidmət etdiyini dedi. AMEA İnformasiya Texnologiyaları İnstitutunda milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparıldığını bildirən R.Əliquliyev bu işdə İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin fəaliyyətini xüsusi qeyd etdi. Professor R.Əliquliyev institutda innovativ xarakterli layihələrə böyük dəstək verildiyini bildirərək İTİ-nin beynəlxalq əməkdaşlıq əlaqələrindən də danışdı. Cənubi Koreyadan İTİ-yə ezam olunmuş mütəxəssislərlə birgə həyata keçirilən layihələrdən söhbət açdı, tədrisin idarə olunması sistemlərinə dair texnologiyalar haqda təqdimatların keçirildiyini bildirdi. 

İnformatika müəllimləri üçün yeni İKT bilikləri, proqramlaşdırma, proqramlaşdırma dilləri ilə bağlı tədrisin aparılmasının əhəmiyyətindən də söhbət açan alim ölkədə proqram istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi məsələlərinə də toxundu. Bu sahədə görülən işlərin, ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsinin vacibliyini bildirdi. R.Əliquliyev institutun Tədris-İnnovasiya Mərkəzində bu sahənin inkişafı məqsədlərinə xidmət edən "Gənc proqramçılar məktəbi"nin təşkilinə dair layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu söylədi.

İnstitut direktoru İTİ-nin Tədris-İnnovasiya Mərkəzində informatikanın aktual problemlərinin müzakirəsi, innovativ mühitin yaradılması və digər məqsədlərə xidmət edəcək Elmi-Pedaqoji Şuraya ehtiyac olduğunu da qeyd etdi. Natiq informasiya texnologiyalarının dinamik inkişafı ilə əlaqədar olaraq müxtəlif elmi-texniki ədəbiyyat və lüğətlərdə bu sahə üzrə terminlərin dəqiq izahının verilməsinin də aktual problemlərdən saydı. Bu və digər problemlərin həllində daha səmərəli nəticələrin əldə olunması baxımından Təhsil Nazirliyi və AMEA-nın birgə tədbirlərinin keçirilməsinin labüdlüyünü qeyd etdi.

Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi, tədris prosesində yeni pedaqoji texnologiyaların və elmi-metodiki nailiyyətlərin tətbiqi, Azərbaycanın təhsil sisteminin dünyanın təhsil sisteminə inteqrasiyası məqsədlərinin bu gün təhsil sferasında qarşıya qoyulan ən başlıca vəzifələrdən olduğunu söylədi. İ.Sadıqov 2011-ci ildə IV və VII siniflər üçün Azərbaycan və rus dillərində nəşr olunmuş informatika dərslikləri haqda məlumat verdi. Dərsliklərdə əksini tapmış informasiya texnologiyaları, modelləşdirmə, masaüstü nəşriyyat, alqoritmləşdirmə və proqramlaşdırma bölmələrindən geniş bəhs etdi. Dünyanın təhsil sisteminə inteqrasiya edən Azərbaycanda yüksək biliklərə malik kadrların yetişdirilməsi üçün peşəkar informatika müəllimlərinin hazırlanmasının müasir dövrün tələblərindən olduğunu bildirdi.

İ.Sadıqov qeyd etdi ki, bəziləri, o cümlədən bəzi  informatika müəllimləri  informatikanın əsasını təşkil edən alqoritmləşdirmə və proqramlaşdırmanı orta məktəbdə o qədər də vacib hesab etmir, "informatika"nı "informasiya texnologiyaları" ilə eyniləşdirirlər: "Təsadüfi deyil ki, bu fənn bir çox ölkələrdə, məsələn, Rusiyada "İnformatika və informasiya texnologiyaları" adlanır".

Gənclərin olimpiadalara hazırlığı sahəsində görülən işlərdən də danışan İ.Sadıqov "Beynəlxalq İnformatika Olimpiadaları" kitabının hazırlandığını bildirdi: "Kitabda Beynəlxalq İnformatika Olimpiadalarının tarixi, Azərbaycan komandasının bu olimpiadalarda iştirakı, olimpiadaların keçirilmə qaydaları və s. haqqında materiallar öz əksini tapıb. Kitabda 2 olimpiadanın bütün məsələlərinin şərtləri ilə yanaşı onların həlli variantları da verilir ki, bu da gənclərin yüksək səviyyədə hazırlığı üçün dəyərli mənbədir".

İ.Sadıqov orta məktəbdə informatikanın tədrisi zamanı əsas problemlərdən birini bu fənn üzrə nə buraxılış, nə də qəbul imtahanlarının olmamasında gördüyünü bildirdi. O qeyd etdi ki, ötən dərs ilində Təhsil Nazirliyində bu istiqamətdə işlərə başlanıb, pilot olaraq seçilmiş məktəblərin 9-cu siniflərində informatikadan milli qiymətləndirmə aparılıb və bu işlər bu dərs ilində də davam etdiriləcək. Ali məktəblərə, xüsusən də I ixtisas qrupu üzrə qəbul imtahanlarında informatika fənninin daxil edilməsi çox vacibdir: "Riyaziyyat, yaxud kompüter elmləri ixtisasları üzrə təhsil alacaq tələbələr nə üçün qəbul zamanı informatikadan deyil, kimyadan imtahan verirlər? Əgər kimya onların gələcək ixtisası üçün belə vacibdirsə, niyə ali məktəbdə onlara kimya heç bir semestrdə tədris olunmur?". Natiq bu vəziyyətdən çıxış yolunu yeni ixtisas qrupunun yaradılmasında və həmin qrupda informatikadan imtahanın zəruri olmasında gördüyünü bildirdi.

Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə proqramlaşdırma sahəsində yeni biliklərin əldə edilməsi sahəsində mövcud problemlərə toxunaraq informatika müəllimləri üçün bu sahədə kursların təşkilinin vacibliyini qeyd etdi. O, xüsusən də Lazarus, Delphi, Turbo Pascal, Java proqramlaşdırma dillərinin əhəmiyyətini qeyd edərək, onlardan istifadəyə görə statistik göstəricilər və s. haqda geniş təqdimatla çıxış etdi.

R.Mahmudzadə orta məktəblərdə proqram təminatlarının tətbiqi məsələlərindən də söhbət açaraq sərbəst (havayı) yayılan proqramların tətbiqinin məqsədəuyğunluğunu bildirdi: "İnformatika üzrə yeni mövzular, yeni proqramların tətbiqinə qərar verilirsə, müəllimlər də bu sahədə ixtisaslaşmalıdırlar, yeni biliklər əldə etməlidirlər". O, bu sahədə biliklərin əldə edilməsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin xidmətlərindən yararlanmağın məqsədəuyğunluğunu ifadə etdi. R.Mahmudzadə ayda bir dəfə İTİ-də informatikanın tədrisinin aktual problemlərinə dair seminarların keçirilməsinin çox gözəl nəticələr verə biləcəyini vurğuladı.

BDU-nun dosenti may ayında Los-Ancelesdə məktəblilərin elmi işlərinin müsabiqəsinin keçirilməsi və Azərbaycanın həmin müsabiqədə müşahidəçi kimi iştirak etməsi haqqında məlumat verdi. Gələn il məktəblilərimizin müsabiqədə 3 layihə ilə iştirak edə biləcəyini bildirdi.

R.Mahmudzadə müxtəlif proqramlar haqda maarifləndirmə məqsədi daşıyan videodərsliklərin Azərbaycan dilində hazırlanması sahəsindəki problemlərə də toxundu. O,  əsasən də Lazarus, Google SketchUp, Pascal və Logo üzrə "Ən yaxşı videodərslik" müsabiqəsinin planlaşdırıldığını dedi.

"Bakı" nəşriyyatının baş direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Zaur İsayev cəmiyyətin intellektual potensialının formalaşmasında, maariflənməsində, bilik mübadiləsi və təbliğində mühüm rol oynayan müxtəlif dərs vəsaitlərinin, kitab və jurnalların, elektron nəşrlərin əhəmiyyətindən söhbət açdı. Elmlə təhsilin vəhdətinin vacibliyini qeyd edərək yüksək səviyyədə keyfiyətli dərsliklərin hazırlanmasının da az əhəmiyyət kəsb edən məsələlərdən olmadığını bildirdi.

Bakı şəhəri 283 nömrəli orta məktəbin müəllimi Naidə İsayeva informatika müəllimlərinə metodiki dəstək məqsədilə hazırlanmış www.informatik.az saytı haqqında məlumat verdi. İnformatika dərslikləri, test tapşırıqları, proqramlaşdırma, proqram təminatı, yeni texnologiyalar və s. ilə bağlı resursda əksini tapmış məlumatların müəllim və şagirdlər üçün faydalı informasiya mənbəyi olduğunu bildirdi.

Sonra mövzu ətrafında fikir mübadiləsi, müzakirələr aparıldı. İnformatika müəllimləri ölkədə bu fənnin vüsət alması, informasiya texnologiyaları üzrə milli kadrların hazırlanması, orta məktəblərdə təkcə ofis deyil, digər proqramların, o cümlədən proqramlaşdırmanın da tədris edilməsi və s. məsələlərlə bağlı təklif və tövsiyələrini bildirdilər.

225 nömrəli orta məktəbin müəllimi Roza Qasımova praktiki və nəzəri biliklərin tədrisi, verilən tapşırıqların həlli, effektiv nəticələrin əldə edilməsi baxımından yuxarı siniflərdə informatika dərslərinin saatının artırılmasının zəruri olduğunu bildirdi.

249 nömrəli məktəbin müəllimi Sevgüladə Əzizova informatikanın daim inkişaf edən elmlərdən olduğunu bildirdi: "Bu baxımdan hər bir müəllim daim biliklərinin təkmilləşdirilməsi üzərində çalışmalıdır". S.Əzizova xüsusən də riyaziyyat təmayüllü siniflərdə proqramlaşdırmanın ayrıca bir istiqamət kimi keçilməsini təklif etdi.

23 nömrəli orta məktəbin müəllimi Abdulla Qəhrəmanov istedadlı şagirdlərin seçilərək olimpiadalara cəlb edilməsi məsələlərinə toxundu. Olimpiadalara peşəkar kadrların hazırlanması üçün proqramlaşdırma üzrə dərnəklərin yaradılması təklifini irəli sürdü.

264 nömrəli orta məktəbin müəllimi Mətanət Əhmədova olimpiadalara rəqabətə davamlı kadrların hazırlanmasının müəllimlərin gücü xaricində olduğunu, buna görə də olimpiadaya hazırlıqların yüksək səviyyədə aparılması və mühüm nəticələrin əldə edilməsi üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin bilik və təcrübəsindən də yararlanmaq lazım gəldiyini bildirdi.

7 nömrəli məktəbin müəllimi Gülnarə Səlimova rayon məktəblərində kadr hazırlığının möhkəmləndirilməsi məsələlərinə toxunaraq, informatika müəllimlərinin şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. İT profilli universitet, elmi-tədqiqat institutları ilə orta məktəblər arasında videokonfransların, onlayn seminarların keçirilməsinin üstünlüklərindən söhbət açdı.

Fizika-riyaziyyat və informatika təmayüllü liseyin müəllimi Valid Məhərrəmov olimpiadaya dair müxtəlif səpgili materialların, sual, məsələ və tapşırıqların yerləşdirilməsi məqsədilə müvafiq veb-saytın yaradılması təklifini irəli sürdü.

26 nömrəli məktəbin müəllimi Kəbirə Mirzəyeva orta məktəblərdə müxtəlif qrafik proqramlarda işləmək üçün yüksək yaddaşa malik  kompüterlər ilə təchizat məsələlərinin vacibliyini qeyd etdi.

Tədbirdə həmçinin orta məktəblərin şəbəkə ilə yüksək səviyyədə təmini, şəbəkəyə çıxış imkanlarının artırılması, informatika üzrə test tapşırıqlarında sualların yüksək səviyyədə hazırlanması, olimpiadaya hazırlıq üçün tapşırıqların Azərbaycan dilinə tərcüməsi istiqamətində mövcud problemlər və s. məsələlər də müzakirə edildi.  

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov