Sentyabrın
26-da təhsil naziri Misir Mərdanov İspaniya
Krallığı Sahibkarlıq İnstitutunun (İnstituto de
Empresa) Biznes Məktəbinin maliyyə yardımı üzrə
direktoru Coel MakKonnell, Avropa və MDB
ölkələri üzrə əlaqələrin inkişafı
departamentinin direktoru Lyudmila İşçenko ilə
görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi
salamlayaraq Azərbaycan-İspaniya əlaqələrindən
danışıb, təhsil sahəsində əməkdaşlığın daha da
inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Son illər ölkəmizdə aparılan davamlı islahatlar,
təhsilə göstərilən dövlət qayğısından söz açan
nazir dövlət başçısının "2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli
Strategiya"nın hazırlanması haqqında" sərəncam
imzaladığını vurğulayıb.
Nazir Sahibkarlıq İnstitutunun Biznes Məktəbinin
dünyanın ən yaxşı ali təhsil müəssisələrindən
biri olduğunu diqqətə çatdırıb. Hazırda 2
azərbaycanlı gəncin bu təhsil müəssisəsində
biznesin idarə edilməsi ixtisası üzrə
magistratura səviyyəsində təhsil aldığını
bildirən Misir Mərdanov daha 2 nəfərin isə
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində məzun olduğunu diqqətə çatdırıb.
Təhsil naziri bu təhsil ocağının dünya
miqyasında biznes sahəsində mütəxəssislər
yetişdirdiyini vurğulayıb və Sahibkarlıq
İnstitutunun Biznes Məktəbi ilə əlaqələrin
yaradılmasına önəm verdiyini açıqlayıb.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova
təşəkkürünü bildirən Sahibkarlıq İnstitutunun
Biznes Məktəbinin maliyyə yardımı üzrə direktoru
Coel MakKonnell öncə təmsil etdiyi təhsil
müəssisəsi barədə məlumat verib. Qeyd olunan ali
məktəbin dünyanın ilk 10 Biznes Məktəbi
siyahısına daxil edildiyini vurğulayan qonaq
burada 80-dən artıq ölkədən tələbələrin təhsil
aldığını açıqlayıb. Qonaq bildirib ki, görüşün
əsas məqsədi azərbaycanlı gənclərin
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində, eləcə də təmsil olunduğu ali
məktəbin ayırdığı təqaüdlər hesabına müxtəlif
təhsil proqramları üzrə təhsil almasını təmin
etməkdir. Coel MakKonnell bu məqsədlə ölkəmizdə
müvafiq istiqamətlər üzrə kadr hazırlayan ali
təhsil müəssisələrində və bir sıra dövlət
qurumlarında görüşlər keçirmək niyyətində
olduqlarını vurğulayıb.
Təhsil naziri Misir Mərdanov, öz növbəsində,
qeyd edilən təklifi yüksək dəyərləndirib və
əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində
lazımi dəstək göstərməyə hazır olduğunu
bildirib.
Görüşdə qonaqların Azərbaycan Dövlət İqtisad
Universitetində, Azərbaycan Dövlət Neft
Akademiyasında və Qafqaz Universitetində olması
məqsədəuyğun hesab edilib. |